Məhkəmə qərarları › İş №2-1(103)-2026/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2026/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2026/2024 18.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi və iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması tələbinə dair” iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2879/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş **********221900 saylı 15 avqust 2023-cü il tarixli qərarın ləğv olunması və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2879/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilərək iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Məhkəmə inzibati iş üzrə çıxardığı qərardadda məhkəmə iclaslarında iştirak etməməklə iddiaçının üzrsüz səbəblərdən məhkəmə icraatından yayınmış olduğunu qeyd etsə də, bu həqiqətə uyğun deyildir. Belə ki, prosesdə iştirak etmək üçün iddiaçı tərəfə heç bir xəbərdarlıq edilməmişdir. Qərardadda SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildiriş göndərildiyi yazılsa belə, məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, iş materiallarında faktiki istifadə etdiyi əlaqə nömrəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəmə prosesindən məlumatsız olmuşdur. Digər yandan iddiaçının işdə maraqlı olduğunu qiymətləndirər, işin geri götürülməsi onun hüquqlarıının pozulmasına və məhrum olmağına gətirib çıxarır…». Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş İPM-in 62-ci maddəsinə əsasən məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Seyidov, birinci instansiya məhkəməsinin qərardadının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə xx.xx.2023-cü il tarixə saat 10:25-ə işin hazırlıq icraatı üzrə məhkəmə iclası təyin olumuş, lakin bu barədə məhkəmə bildirişinin iddiaçıya çatdırılmasına dair sənədin mövcudluğu müəyyən olunmur. Eyni zamanda, işdən görünür ki, məhkəmənin hazırlıq icraatı ilə əlaqədar təxirə salınmış iclası xx.xx.2024-cü il tarixinə təyin olunaraq, bu barədə iddiaçıya məhkəmə bildirişi göndərilmiş, lakin həmin bildirişin də iddiaçıya rəsmi qaydada verildiyini təsdiq edə bilən sənəd işdə mövcud deyildir. İPM-in 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışı ilə bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 9-1.9-cu maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda inzibati məhkəmə icraatı iştirakçılarının adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. İş materialları üzrə müəyyən edilən hallardan isə göründüyü kimi, iddiaçı tərəfindən hər iki məhkəmə iclası barədə məhkəmə bildirişinin alındığını təsdiq edə bilən mötəbər sənəd-sübut işə baxan birinci instansiya məhkəməsi tərəfindən işə əlavə olunmamış və məhkəmə tərəfindən iddiaçı müəssisənin elektron poçtu və ya mobil telefonu vasitəsilə məhkəmə iclasları barədə ona məlumat vermək imkanları da aranmamışdır. Odur ki, qeyd olunanlar baxımından, birinci instansiya məhkəməsi tərəfindən iddianın geri götürülmüş hesab edilməsini prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından əsaslı hesab oluna bilməz. Ona görə də, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin iddia ərizəsinin geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsinin əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2879/2024 saylı xx.xx.2024cü il tarixli qərardadı ləğv edilməli və iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2879/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar