Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2026/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə Ali qızının iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(112)-4751/2025 saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 2/261 saylı sahədə 600 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon XDS İK-nin xx.xx.1989-cu il tarixli qərarı ilə fərdi yaşayış evi tikilməsi üçün Binə qəsəbəsində 2/261 saylı sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sənədin arxiv arayışı və torpaq sahəsinin yerləşmə sxemi ərizəyə əlavə edilmişdir. İddiaçı həmin torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sonuncu ona imtina məktubu verərək bildirmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun məlumatı mövcuddur. Azərbaycan Respublikasının Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd bağlamaq imkanı verir. Mülki qanunvericilik əqdin təmsilçi vasitəsilə bağlanmasını istisna etmir. Lakin qanunverici bunun üçün müvafiq qaydalar müəyyən etmişdir. Cavabdehin iddia tələbinə yazılı etirazında qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən torpaq sahəsinin yaxınlığında ləğv edilmiş neft quyusunun məlumatı mövcuddur. Odur ki, ********** nömrəli, xx.xx.2024-cü il tarixli ərizənizin icrası zamanı yaranmış zərurətlə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) göndərilmiş sorğuya 14-2/2-4979/2024 saylı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, müvafiq torpaq sahəsinin hüdudları daxilində 176 saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Qeyd olunanlara əsasən təhlükəsizliyin təmin olunması məqsədilə quyuların mühafizə zonası göstərilməli və həmin torpaq sahəsi ilə bağlı aparılacaq bütün əməliyyatlar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın təsdiq edilməsi xx.xx.2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə quyulardan şəxsi tikililərə 75 metrlik mühafizə zonası müəyyən olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(112)-4751/2025 saylı qərarı ilə (hakim L.Musayeva) iddianın təmin edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 2/261 saylı sahədə yerləşən 600 kv.metr torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti həmin qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsininiş 2-1(112)-4751/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə Ali qızı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, üçüncü şəxsin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üçüncü şəxs statusu ləğv edilməli, Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(112)-4751/2025 saylı qərarından verdiyi apellyasiya mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərarla üçüncü şəxsin üzərinə hər hansı öhdəlik qoyulmamışdır, bu halda birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərar üçüncü şəxsin qanunla qorunan maraqlarına toxunmur, habelə üçüncü şəxsin tələbinin təmin olunmama halı mövcud deyildir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 01/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, “...Cəlbetmə üçün həlledici olan məsələlərdən biri də qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının mübahisə tərəfləri olmayan digər şəxslərin qanunla qorunan maraqlarına toxunma halını yaratmasıdır. Belə olan halda, qanunla qorunan maraqlara nəyin aid edilə biləcəyinə aydınlıq gətirilməlidir. Maraqların maddi hüquqla müəyyən olunduğu nəzərə alındıqda qanunla qorunan maraq kimi maddi hüquq norması əsasında tanınmış maraqlar çıxış edirlər. Başqa sözlə, diqqət yetirilməli olan hal ondan ibarətdir ki, konkret baxılan iş üzrə mübahisənin həlli ilə bağlı tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri üçüncü şəxsin mənafeyini bu və ya digər dərəcədə müdafiə edirmi? Bu mənada, mütləq nəzərə almaq lazımdır ki, üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi-hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılmasından sonra yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir.” Məhkəmə kollegiyası yuxarıda əks edilmiş mövqeyə istinad edərək bildirir ki, məhkəmə Dövlət Neft Şirkətini zəruri qaydada cəlb edərkən icraatın nəticəsində qəbul ediləcək qərarın üçüncü şəxsin maraqlarına toxunma halını müəyyən etməmiş, bu məqsədlə mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxsə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verməmişdir. Yuxarıda qeyd edilən məsələlərin təhlilinin məqsədi Dövlət Neft Şirkətinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmənin əsaslı olub-olmadığını müəyyən etməkdən ibarətdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin üçüncü şəxs statusu ləğv edilməlidır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin apellyasiya şikayətinin mümkün sayılması barədə Bakı Apellyasiya Məhkəməsinin 01 aprel 2025-ci il tarixli, 2- 1(103)-2026/2025 saylı qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hazırki iş üzrə üçüncü şəxs statusu ləğv edilsin. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(112)-4751/2025 saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2026/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2026/2025
27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver