Məhkəmə qərarları › İş №2-1(103)-2027/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2027/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2027/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və X1 ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X3 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi”İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-746/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,50 ha torpaq sahəsi üzərində hüquqların X6 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum X7 iddiaçının babasıdır. O, 1983cü ildə ölmüşdür. Bakı Şəhər Xalq Deputatları Soveti İK-nin 30 mart 1956-cı il tarixli qərarına əsasən, müharibə iştirakçısı olmuş mərhum babasıX6 Bakı şəhəri, Maştağa rayonu (indiki Xəzər rayonu) ərazisində 0,50 hektar toraq sahəsinin ayrılması qərara alınmışdır. O, Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoruna müraciət edərək, X4 miras qalmış ünvan 1 ünvanda yerləşən torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadatnamənin verilməsini xahiş etmiş və vərəsə kimi tanınmışdır. Bundan sonra Bakı şəhəri 7 saylı Xüsusi Notariat Kontoru və o, sözügedən torpaq sahəsinə dair hüquqların X6 məxsus olması barədə arayış verilməsi üçün cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. Cavabdeh sözügedən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Sözügedən ünvan 1 ünvanda yerləşən torpaq sahəsinin yerləşdiyi Xəzər rayonu əvvəllər “Maştağa” rayonu adlandığına görə Bakı Şəhər Xalq Deputatları Soveti İK-nin 30 mart 1956-cı il tarixli sənədində torpaq sahəsinin yerləşdiyi ərazi “Maştağa” kimi qeyd olunmuşdur. Bu fakt Xəzər rayonu İHB-nin Buzovna qəsəbəsi üzrə Nümayəndəliyinin arayışı və Azərbaycan SSRİ X8 heyətinin 07 yanvar 1960-cı il tarixli, 11/7 nömrəli fərmanı ilə də təsdiq olunur. Həmin Fərmanla qərara alınır ki, “Maştağa” və “Əzizbəyov” rayonları bir rayona - Əzizbəyov rayonuna birləşdirilsin. Bakı şəhər XDS İK tərəfindən verilmiş qərarda torpaq sahəsinin üzümçülük bağlarının salınması üçün ayrılması cavabdehə əsas vermir ki, sözügedən torpaq sahəsinə dair hüquqların X6 məxsus olmasından imtina etsin. Həmin sənəddə açıq aydın qeyd olunur ki, torpaq sahəsi müharibə iştirakçısı olmuş X7 üçün ayrılır. Sözügedən torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinanın digər səbəbi isə torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşməsi kimi qeyd olunmuşdur. Bu faktla bağlı o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət etmiş, aldığı cavab məktubunda ona bildirilmişdir ki, qeyd etdiyi torpaq sahəsi SOCAR-ın istismarında olan qaz boru kəmərlərinin mühafizə zonası xaricindədir. Torpaq sahəsinin yaxından keçən qaz xətti yüksək təzyiqli qaz xətti deyil. Bundan əlavə cavabdeh orqanın imtina məktubunda istinad etdiyi AR Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonalarının və təhlükəsizlik tədbirləri qaydalarının 2.11-ci bəndinə əsasən Dövlət Neft Şirkəti və onun yerli orqanlarından yazılı razılıq almadan qadağan olan işlərin siyahısı göstərilmiş və həmin siyahıda torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyd olunmamışdır. Buradan da belə nəticəyə gəmək olar ki, torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Dövlət Neft Şirkətinin yazılı razılığı tələb olunmur. Cavabdeh işin birinci instansiya icraatı zamanı iddiaya dair yazılı etiraz təqdim edərək. iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-746/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini etiraz edərək, onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-746/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazirkı iş üzrə birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə qərarında qeyd etmişdir ki, “iddiaçının vərəsəsi olduğu şəxsin qərar əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədləri mövcud olmadığından (iddiaçı həmin sənədlərin mövcudluğuna istinad etməmişdir) onun naturada harada yerləşməsi müəyyən olunmur və belə olan halda, iddiaçının hazırda iddia etdiyi sahənin sərəncam ilə onun vərəsəsi olduğu şəxsin qanuni istifadəsinə ayrılmış sahə olması qənaətinə gəlmək mümkün deyildir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər; Həmin Qanunun : - 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. - 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... - 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 7.3. Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada elektron çıxarış verildikdə, notariat ofisində vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ... 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir Həmin Məcəllənin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Hazırkı işin hallarından görünür ki, İddiaçı, mərhum X5 ünvan 1 ünvanda yerləşən 0,50 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin cavabdeh **********88 saylı, xx.xx.2021- ci il tarixli cavab məktubunda bildirmişdir ki, elektron kadastr məlumatlarına əsasən təqdim edilən sərəncamda torpaq sahəsinin yerləşməsi Maştağa qəsəbəsi qeyd olunsa da, torpaq sahəsinin Buzovna qəsəbəsində yerləşdiyi müəyyən olunmuşdur. Həmçinin torpaq sahəsi qaz xəttinin mühafizə zolağında yerləşir. Göründüyü kimi cavabdehin imtinasının əsasını dörd hal təşkil edir: 1) torpaq sahəsinə dair təsdiq edilmiş yerləşmə cizgisinin təqdim edilməməsi; 2) istinad olunan qərarda torpaq sahəsinin üzümçülük bağlarının salınması üçün ayrılmış olması, 3) istinad olunan qərarda torpaq sahəsinin Maştağa qəsəbəsi ərazisində yerləşdiyi qeyd olunsa da, torpaq sahəsinin Buzovna qəsəbəsində yerləşməsi; 4) torpaq sahəsinin qaz xəttinin mühafizə zolağında yerləşməsi. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəd, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.8-ci maddəsində göstərilən Azərbaycan Respublikası Prezidentinin 439 saylı, 2015-ci il 13 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ki, həmin siyahının 1.4-cü bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən yaşayış və bağ evlərinin tikintisi üçün xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar qeyd olunmuşdur. İddiaçının vərəsəsi olduğu şəxsə isə mübahisə predmeti torpaq sahəsi üzümçülük bağlarının salınması üçün ayrılmışdır. Bu məqsədlə ayrılmış torpaq sahələrinə dair qərarlar isə hüquqların dövlət qeydiyyatı üçün əsas qismində qanunvericilikdə nəzərdə tutulmamışdır. Siyahıda hüquqmüəyyənedici sənədlər konkret olaraq sadalandığından geniş təfsir edilməsi yolverilməzdir. Həmçinin iddiaçının vərəsəsi olduğu şəxsin qərar əsasında istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçüsü və digər sənədləri mövcud olmadığından (iddiaçı həmin sənədlərin mövcudluğuna istinad etməmişdir) onun naturada harada yerləşməsi müəyyən olunmur və belə olan halda, iddiaçının hazırda iddia etdiyi sahənin sərəncam ilə onun vərəsəsi olduğu şəxsin qanuni istifadəsinə ayrılmış sahə olması qənaətinə gəlmək mümkün deyildir. Qeyd edilən qərarda torpaq sahəsinin Maştağa qəsəbəsi ərazisində yerləşdiyi qeyd olunsa da, hazırda iddia olunan torpaq sahəsi Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşir. Buzovna qəsəbəsinin və ya Xəzər rayonunun 1956-cı ildə Maştağa qəsəbəsi və ya rayonu adlanıbadlanmaması istiqamətində aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, indiki Xəzər rayonunun yaşayış məntəqələri 1921-1936-cı illər ərzində mövcud olan və o zaman daha geniş ərazini, həmçinin bir neçə digər kəndləri də əhatə edən “Qala-Maştağa inzibati rayonu”nun ərazisinə aid edilmişdir. Sonralar inzibati rayonlaşmanın yeni bölgüsünə uyğun olaraq hazırkı Xəzər rayonunun yaşayış məntəqələri 1936-cı ildə yaradılan və 1966-cı ilədək fəaliyyətdə olmuş S.Artyom (F.S.Sergeyev) rayonu inzibati vahidliyinə qatılmışdır. 1966-cı ildə “M.Əzizbəyov adına rayon” inzibati ərazi vahidliyi təsis olunmuş və 2011-ci il may ayının 24-də isə rayonun adı yenidən dəyişdirilərək “Xəzər” adlandırılmışdır. Göründüyü kimi, iddiaçının vərəsəsi olduğu şəxsə torpaq sahəsi ayırlan dövrdə hazırkı Xəzər rayonunun yaşayış məntəqələri, o cümlədən Buzovna qəsəbəsi S.Artyom (F.S.Sergeyev) rayonu inzibati vahidliyində olmuşdur. Belə olan halda, hazırda Xəzər rayonunun Buzovna qəsəbəsində iddia olunan torpaq sahəsinin yerləşdiyi yer 1956- cı ildə Maştağa qəsəbəsi kimi göstərilə bilməzdi. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 746/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-746/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar