Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2028/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-4293/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona 57 yaşı tamam olduğu, yəni 20.11.2019-cu il tarixdən güzəştli yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-4293/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-4293/2021 saylı qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 06 ay 00 gün) təşkil edir. Bundan əlavə iddiaçının işlədiyi vəzifə güzəştli şərtlərlə pensiya hüququna imkan vermir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu müddətdə doker mexanizator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Buna görə də həmin vəzifə güzəştli şərtlərlə əmək pensiyası hüquq verən əmək şəraiti zərərli və ağır olan vəzifə hesab edilməmişdir. Sözügedən Qərar Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 2-ci bəndinə əsasən qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “c” yarımbəndinə Nazirlər Kabinetinin 06 oktyabr 2008-ci il tarixli 236 nömrəli Qərarı ilə aşağıdakı məzmunda beşinci abzas əlavə edilmişdir: "Limanlarda yükvurma-yükboşaltma işlərində çalışma kompleks mexanizatorları (doker- mexanizatorlar)”.İddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və "xxxx" MMC-nin iddiaçıya dair 25 avqust 2020ci il tarixli TCS-M-016/20 nömrəli arayışında 06.10.1983-cü il tarixindən bugünədək dokermexanizator vəzifəsində işlədiyi qeyd edilmişdir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq sizin hazırda 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatına baxılarkən yuxarda qeyd olunanlara əsasən müəyyən edilir ki, 01.01.2006-cı il tarixindən əvvəlki qanunvericiliyə görə doker mexanizator vəzifəsi güzəştli şərtlərlə təminat verən vəzifələr sırasına daxil edilmədiyi üçün həmin tarixədək iddiaçının güzəştli iş stajı tamamlanmayıb. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 05.05.2021ci il tarixli, 2-1(112)-4293/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-4293/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərini izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş: - AZE № 0******* seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. - "xxxx" MMC tərəfindən tərtib edilmiş 25.08.2020-ci il tarixli, TCS-M-016/20 №li arayışdan görünür ki, İddiaçı 06.10.1983-cü il tarixindən bu günədək doker-mexanizator vəzifəsində işləmişdir. Hal-hazırda da bu vəzifədə işləyir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “C” yarımbəndinə əlavə edilən “yükvurma-yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (doker-mexanizatorları)” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 18 sentyabr 2020-ci il tarixli, **********8 saylı imtina məktubundan görünür ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az təşkil etdiyi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd edilmişdir. İşdə olan iddiaçının nömrəli İT-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki: - İddiaçı 01.09.1980-ci ildən 28.04.1981-ci ilə qədər Bakı şəhəri, 14 №-li Texniki peşə məktəbində qaynaqçı ixtisası üzrə təhsil almışdır. 04.10.1981-ci ildən 26.04.1983-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. 26.05.1983-cü ildən 09.09.1983-cü ilə qədər Bakı Gəmi təmiri zavodunda mexaniki sexdə 2-ci dərəcəli qaz qaynaqçısı, 06.10.1983-cü ildən 11.11.1983-cü ilə qədər Bakı Dəniz Ticarəti Limanında yük rayonunda doker mexanizator şagirdi, 11.11.1983-cü ildən 05.12.1983-cü ilə qədər sahildə yük rayonunda doker mexanizator şagirdi, 05.12.1983-cü ildən 16.12.1983-cü ilə qədər yük rayonunda doker mexanizator şagirdi, 16.12.1983-cü ildən 25.01.2016-cı ilə qədər doker mexanizator, 25.01.2016-cı ildən hazırki vaxta qədər isə "STEVEDORİNG” MMC-də doker-mexanizator vəzifəsində işləyir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X3 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş 05.11.2020-ci il tarixli 305/20 saylı arxiv arayışınnan görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 01.09.1980-ci il tarixində keçmiş 14 №-li Texniki Peşə Məktəbinə “Qaynaqçı” ixtisasına qəbul olmuşdur. Həmin ixtisasın 28.04.1981-cü il tarixdə tam kursunu bitirmiş və ona ixtisası üzrə 8712 №li attestat verilmişdir. Keçmiş 14 №-li Texniki Peşə Məktəbi 1 №-li Bakı Peşə Liseyi adlandırılıb. - НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 04.05.1981-ci il tarixində Sovet ordu sıralarına qoşulmuş, 06.05.1983-cü ildə hərbi xidmətini başa vurmuşdur. Birinci instansiya məhkəməsi işin hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrini, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1ci abzasının “b” yarımbəndini, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyi, “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddiaçının 01.01.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 il 1 ay 27 gün ümumi iş stajı movcuddur. Eyni zamanda iddiaçının 01.01.2006-cı ilə qədər 22 il 6 ay 8 gün güzəştli iş stajı mövcuddur. Belə olan halda İddiaçı iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 20.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, iddiaçının əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan iş stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçı 01.09.1980-ci il tarixdən 28.04.1981-ci ilə qədər (orduya xidmətə çağırıldığından əvvəl) 14 nömrəli Texniki Peşə Məktəbində “qaynaqçı”ixtisası üzrə peşə təhsili almışdır. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Həmçinin, iddiaçıya əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də iş stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2- ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Beləliklə, iddiaçının 01.01.2006-cı il tarixədək təhsil dövrü, hərbi xidmət dövrü də nəzərə alınmaqla 25 il 1 ay 27 gün ümumi iş stajı movcuddur. Eyni zamanda, iddiaçı 26.05.1983-cü ildən 09.09.1983-cü ilədək 2-ci dərəcəli qaz qaynaqçısı vəzifəsində işləyib. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısının 33-cü bölməsindən («Ümumi peşələr») görünür ki, qaz qaynaqçısı (23200000—11620) güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Əmək kitabçasından görünür ki, iddiaçı 06.10.1983-cü ildən 16.12.1983-cü ilədək doker mexanizator şagirdi, 16.12.1983-cü ildən-01.01.2006-cı ilədək doker mexanizator vəzifələrində işləmişdir. İddiaçının işlədiyi “doker mexanizator”vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2 nömrəli Siyahısı»da qeyd olunmasa da, AR Nazirlər Kabinetinin 06.10.2008-ci il tarixli 236 №-li qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «C» yarımbəndinə əlavə edilmişdir. Məhkəmə hesab edir ki, həmin hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, Ali Məhkəmənin yaratdığı praktika da məsələnin bu tərzdə həll olunmasına yönəlmişdir. Belə ki, işin materiallarında olan Ali Məhkəmənin eyni mövzulu bir neçə qərarında Azərbaycan Respublikası Konstitusiyasına və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa istinadən hazırki məsələnin həlli zamanı fiziki və hüquqi şəxslərin vəziyyətini yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin həmin normativ hüquqi aktlarda birbaşa göstərilib-göstərilməsindən asılı olmayraq onların qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilməsinin nəzərə alınması xüsusi olaraq vurğulanmışdır. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Məhkəmə həmçinin hesab edir ki, “doker-mexanizator” şagirdi ilə “dokermexanizator” vəzifələri faktiki olaraq eyni funksiyaları yerinə yetirdiyindən “dokermexanizator” şagirdi kimi iddiaçının işlədiyi dövr də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına əlavə edilməlidir. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər 22 il 6 ay 8 gün güzəştli iş stajı mövcuddur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı iddiasını təmin edərək, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu 20.11.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsini cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2-1(112)-4293/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(103)-2028/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2028/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver