Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2028/2022 17.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və s. ” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2108/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati mübahisə üzrə işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “«Neftqaztikinti» trestinin idarələrində xx.xx.1983-cü ildən halhazıradək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nörəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 03 may 2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai Rayon Şöbəsinin üzərinə qoyulması barədə Azərbaycan Respublikası 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2-1(82)- 344/2017 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2- l(103)-2326/2017 saylı 12 oktyabr 2017-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 fevral 2018-ci il tarixli 2l(102)-273/2018 saylı qərarı ilə 14 fevral 2018-ci il tarixdə qüvvəyə minmiş və 04 fevral 2020-ci il tarixdən ödənişi dayandırılmış pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2108/2022 saylı, 10 fevral 2022-ci il qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, şikayətin təmin edilərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı yazılı müraciəti və Qanunun 37-ci maddəsinin şərtlərinə görə 6 illik pensiya kapitalı əsasında onun pensiyası xx.xx.2021-ci il tarixdən yenidən hesablana bilər. Əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 illik pensiya kapitalı əsasında İddiaçı adından kompüterdə yazılmaqla və saxtalaşdırılması ehtimal olunan imza edilməklə eyni gündə şöbədə qeydiyyata alınmış ərizəsinə əsasən xx.xx.2018-ci il tarixdən pensiyasının məbləği yenidən hesablanaraq 1012,10 manat məbləğində müəyyən edilmiş, xx.xx.2018ci il tarixdən ödənişə başlanılmış, 01.01,2019-cu il tarixdən aylıq məbləğ indeksləşdirmə nəticəsində 1042,46 manata çatdırılmış və xx.xx.2020-ci il tarixədək ödənişi aparılmış, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. Qüvvədə olan qanunvericiliyə əsasən vətəndaşın pensiyası 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablana bilməz və İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyə müvafiq olaraq xx.xx.2015-ci il tarixdən düzgün təyin olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız hesab edərək qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan: - AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 29 dekabr 2020-ci il tarixli, **********9 nömrəli “Güzəştli şərtlərlə əmək pensiyasının dayandırılması haqqında” məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Bununla əlaqədar, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 30 sentyabr 2021-ci il tarixli, **********1 nömrəli məktubuna əsasən bildirilmişdir ki, İddiaçı əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən araşdırılır. Həmin araşdırma ilə əlaqədar Nazirlik tərəfindən 15 yanvar 2021-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorunun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilmiş, adıçəkilən şəxsin pensiya işinə dair materiallar sözügedən idarəyə təqdim edilmişdir. Bu səbəbdən də İddiaçı pensiya işinə dair materialların təsdiq edilmiş surətlərinin təqdim edilməsi mümkün deyil. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın təmin edilməsilə yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyilə razılaşmır, hesab edir ki, məhkəmənin mübahisələndirilən qərarı ləğv edilərək, iddia tələbi qeyri-mümkün sayılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından aydındır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 273/2018 saylı, 14 fevral 2018-ci il tarixli qərarında göstərilmişdir ki, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)-3441/2017 saylı, 28 iyul 2017-ci il tarixli qərarı ilə, iddia tələbi təmin edilmiş, İddiaçı “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1983-cü il tarixdən hal-hazıradək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş Güzəştli pensiya hüququ olan vəzifələrin 1 nömrəli siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, xx.xx.2008-ci il tarixdən (50 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə həvalə edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3441/2017 saylı, 28 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2326/2017 saylı iş üzrə 12 oktyabr 2017-ci il tarixli qərarının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsində qaytarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)- 2326/2017 saylı iş üzrə 12 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırki iş üzrə mübahisəli məsələyə digər məhkəmə icraatında baxılmış, eyni tərəflər arasında eyni iddia tələbinə dair eyni predmet barədə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. AR İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kollegiya bildirir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı qanuni qüvvəyə minmiş və hələ də qüvvədə olan məhkəmə qərarı əsasında icra edilmişdir. Buna görə də, cavabdehin iddiaçının pensiya ödənişini dayandırması qanunsuz olmaqla onun hüquqlarını pozmuşdur. Belə ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı məcburi olaraq hökmən icra olunmalı olduğundan, cavabdeh orqanın iddiaçıya məhkəmə qərarı əsasında təyin edilmiş pensiya ödənişini məhkəmə qərarının icrasının əksinə olaraq dayandırması, AR Konstitusiyası və digər sadalanan qanunvericiliklə müəyyən edilmiş məhkəmə qərarlarının qanuni qüvvəsini müəyyən edən normaların tələblərinə ziddir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mübahisə üzrə iddiaçıya pensiya təyin edilməsi icrası məcburi olan qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası qaydasında həyata keçirildiyindən, həmin pensiya təyinatının qanunauyğunluğunun mübahisələndirilməsi, dayandırılması və ya ləğv edilməsinə dair mübahisələr yalnız həmin məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. “İcra haqqında” AR Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 19 noyabr 2021-ci il tarixli, 10 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilir ki, “...İnzibati məhkəmələrdə birinci instansiya məhkəməsi qismində baxılmış işlər üzrə isə inzibati məhkəmənin hakimi icra orqanı sayılır və məhkəmə qərarının icrasını təmin etməyə dair hərəkətlər də onun tərəfindən yerinə yetirilməlidir. ... Birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmənin qərarının daha sonra yuxarı instansiya (apelyasiya və ya kassasiya) məhkəmələri tərəfindən dəyişdirilməsinə və ya ləğv edilərək yeni qərar çıxarılmasına baxmayaraq, hər bir halda məhkəmənin yekun aktının icrası ilə bağlı hərəkətlər birinci instansiya məhkəməsi qismində işə baxmış məhkəmə tərəfindən həyata keçirilməlidir.” Beləliklə işin sadalanan hallarını və qanunvericilik normalarının tələblərini nəzərə alan kollegiya bu nəticəyə gəlir ki, hazırki iddia tələbi üzrə iddiaçıya pensiya təyin edilməsinə dair qanuni qüvvəsini almış yekun məhkəmə aktı olduğundan və pensiya ödənişinin dayandırılmasına dair cavabdehin mübahisələndirilən hərəkətləri həmin məhkəmə aktının icrasının əksinə olaraq həyata keçirildiyindən, iddiaçı yenidən eyni predmetli müstəqil iddia tələbi irəli sürmək əvəzinə, məhkəmə qərarının icra edilməməsi barədə şikayətlə müvafiq inzibati məhkəməyə müraciət etməklə cavabdehin hərəkətlərindən hüquqi müdafiəsini tələb edə bilər. İPM-nin 45.5.-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. Həmin Məcəllənin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Beləliklə, yuxarıda sadalanan halları nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almadan iddianı təmin edilməsi nəticəsinə gəlmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti isə iddiaçıya pensiya təyinatına dair şübhəli hesab edilən hallar sadalanmaqla mülahizə xarakterlidir. Apelyasiya şikayəti mübahisələndirilən qərarın ləğv edilməsi hissəsində əsaslı olduğundan, qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi isə mümkünsüz sayılmalıdır. AR İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2108/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “«Neftqaztikinti» trestinin idarələrində xx.xx.1983-cü ildən halhazıradək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nörəli 21 iyun 1993-cü il tarixli Qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla 03 may 2008-ci il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq, 2004- 2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai Rayon Şöbəsinin üzərinə qoyulması barədə Azərbaycan Respublikası 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 28 iyul 2017-ci il tarixli, 2-1(82)- 344/2017 saylı qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2- l(103)-2326/2017 saylı 12 oktyabr 2017-ci il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 14 fevral 2018-ci il tarixli 2l(102)-273/2018 saylı qərarı ilə 14 fevral 2018-ci il tarixdə qüvvəyə minmiş və 04 fevral 2020-ci il tarixdən ödənişi dayandırılmış pensiyanın bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2028/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2028/2022
17.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver