Məhkəmə qərarları › İş №2-1(103)-2028/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2028/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2028/2023 24.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2269/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ən e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladına doğum haqqında şəhadətnamənin verilməsi və doğum şəhadətnaməsinin ata adı qeyd olunan qrafasında onun öz atası Arif Qasımovun adının qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılmış və iş üzrə icraata xitam verilmişdir. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddiaçının guya məhkəmə iclaslarından yayınmağı barədə qənaətə gəlməsi əsassızdır. İddiaçı məhkəmədə iştirak edə bilməyəcəyi ilə əlaqədar məlumat vermişdir. Lakin buna baxmayaraq, məhkəmə səhv nəticəyə gələrək iddianın geri qaytarılması qənaətinə gəlmiş, icraata əsassız olaraq xitam verilməsi barədə qərardad qəbul etmişdir. Məhkəməyə iddiasına münasibət bildirməsi barədə məlumat versə də və məhkəmə prosesinin təxirə salınmasını xahiş etsə də, məhkəmə prosessual hüquq normalarını pozaraq onun məhkəmədə iştirakını təmin etmədən bu qənaətə gəlmişdir ki, guya o, məhkəmə proseslərində iştirak etməkdən yayınmışdır. Bakı İnzibati Məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iş üzə sonuncu məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin olunmuşdur. İddiaçıya guya lazımı qaydada məlumat verilsə də, o, məhkəmədə iştirak etməmiş və iştirak etməməsi barədə məhkəməyə məlumat verməmişdir. O, məhkəmənin keçirilməsində, iddia tələbinin təmin olunmasında maraqlıdır və bu səbəbdən də məhkəmədən yayına bilməzdi. Belə ki, övladına doğum şəhadətnaməsi verilməsində, ata adı qrafasında öz atasının adının yazılmasında israrlıdı. Ən azından iddiaya marağının olmaması əsassızdır. İddiaçı məhkəməyə uşağının səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyi barədə məlumat versə də, məhkəmə səhv nəticəyə gəlmişdir. Məhkəmə bu faktları aydınlaşdırmadan, heç bir araşdırma aparmadan guya onun məhkəmə proseslərindən yayınmağını əsas gətirərək qanunsuz qərardad qəbul etmişdir. Məhkəmə uzun müddətə məhkəmə baxışı təyin etdikdən sonra xx.xx.2023-cü il tarixdə iddiaçı məhkəmənin iclas katibinin qəbulunda olmuş və uşağına doğum şəhadətnaməsi alınmasının təcili olmasını, onun bağçaya qoyulması üçün doğum şəhadətnaməsinin olmaması səbəbindən bağçaya uşağın qəbul edilməməsini bildirmişdir. Sonuncu məhkəmə baxışı zamanı isə uşaq xəstə olduğundan məhkəmə iclasında iştirak etməmişdir. Lakin məhkəməyə bu barədə məlumat vermişdir. Məhkəmə qərardadında qeyd edir ki, cavabdehə inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət bildirilməsi barədə məlumat verilsə də məhkəməyə etirazını göndərməmişdir. Halbuki, qanunvericiliyin tələbinə görə bu fakt da icraata xitam verilməsi üçün əsas ola bilməzdi. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsi, inzibati işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçı məhkəməyə teleqram göndərərək körpə uşağının xəstə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə sonuncu məhkəmə iclası xx.xx.2023-cü il tarixə təxirə salınmış, iddiaçıya sonuncunun iddia ərizəsində qeyd olunmuş ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən göstərilən hallar düzgün araşdırılmamış, prosessual hüquq normaları düzgün tətbiq edilməyərək, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilmişdir. Belə ki, həmin normanın mənasına görə iddiaçı nəzərdə tutulan müddət ərzində ardıcıl olaraq üzürsüz səbəbdən məhkəmə icraatından yayındıqda iddia geri götürülmüş sayılır. Həmçinin məhkəmə iddianın geri götürülmüş sayılması nəticəsinə o halda da gələ bilər ki, iddiaçının icraatdan yayınmasına dair passiv davranışı onun icraatın davam etdirilməsinə marağının olmamasından irəli gəlsin. Lakin hazırki iş üzrə məhkəmənin bu qənaətə gəlməsinə əsas olan hal mövcud deyil. İşin araşdırılmış hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq hazırda xəstə olduğundan stasionar şəraitdə müalicə aldığı üçün xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmiş və məhkəmə iclasının 20 gün müddətinə təxirə salınmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixə təxirə salınmış məhkəmə iclasından əvvəl isə iddiaçı məhkəməyə həm müvafiq sorğuların göndərilməsi, həm də üçüncü şəxsin cəlb edilməsi barədə ayrı-ayrı vəsatətlərlə müraciət etmiş, lakin həmin tarixdə də birinci instansiya məhkəməsi tərəfindən iddia geri götürülmş sayılmışdır. Göründüyü kimi, iddiaçının hazırki iddia tələbinin məhkəmə tərəfindən araşdırılmasına hüquqi marağı olmuş, iddianın geri götürülmüş sayılması üçün əsaslar mövcud olmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2269/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar