Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2029/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-4485/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 24-27 avqust 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən, yəni 09 avqust 2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 09 avqust 1962-ci ildə Salyan rayonunun Atbulaq kəndində anadan olmuşdur. 26 sentyabr 1990-cı il tarixdə soyadını Mustafayevdən Mustafazadəyə dəyişdirmişdir. O, 05 iyun 1978-ci il tarixdə Atbulaq daş karxanasında mişar daşlarının kənarlaşdırıcısı işində əmək fəaliyyətinə başlamışdır. 07 sentyabr 1978-ci il tarixdə işdən azad edilmişdir. Daha sonra 01 iyun 1979-cu il tarixdən 03 noyabr 1980-cı il tarixinədək Atbulaq daş karxanasında yükləyici mişar daşlarının kənarlaşdırıcısı və maşinist vəzifələrində çalışmışdır. 26 noyabr 1980-cı il tarixdən 07 dekabr 1982-ci il tarixinədək hərbi xidmətdə olmuşdur. 28 yanvar 1983-cü il tarixdən 02 noyabr 1984-cü il tarixinədək "Xəzər dənizneftqaz” İdarəsinin XXİ Partiya qurultayı adına Gəmi Təmiri Zavodunda gövdə qaynaq sexinin ağac emalı sahəsində fəhlə, gəmi dülgəri, 806 nömrəli üzən tərsanədə 1-ci dərəcəli fəhlə, 2-ci dərəcəli matros vəzifələrində işləmişdir. 21 noyabr 1984-cü il tarixdən 23 sentyabr 1985-cı il tarixinədək "Xəzərdənızneftdonanma" İdarəsinin x/t A.Kortunov gəmisində 2-ci dərəcəli matros peşəsində çalışmışdır. 26 sentyabr 1985-cı ildə Cənub Rayon Dəniz Neft Donanma İdarəsində “PSK-43" gəmisinə 2-ci dərəcəli matros peşəsinə işə qəbul edilmişdir. 27 aprel 1987-ci ildə “Zərdab-3” gəmisində 1-ci dərəcəli matros, 01 iyun 1989-cu ildə t/x “İzıskatel2” gəmisində 1-ci dərəcəli matros, 12 noyabr 1991-ci ildə t/x “PS- 158” gəmisində 1-cı dərəcəli matros, 03 yanvar 1992-ci ildə “M.Süleymanov" gəmisində 1-cı dərəcəli matros vəzifələrində çalışmışdır. 12 iyul 1999-cu ildə başqa işə keçməyi ilə əlaqədar olaraq işdən azad edilmişdir. 11 iyul 2000-ci ildə "M.Süleymanov" gəmisinə kapitanın 3-cu köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. 25 oktyabr 2004-cü ildə “Qaradağ- 5" gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə keçirilmişdir. 24 iyul 2006-cı ildə işdən azad edilmişdir. 09 avqust 2019-cu il tarixdə onun 57 yaşı tamam olmuşdur. Həmin tarixdən də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. O, 23 dekabr 2020-cı il tarixdə ərizə ilə cavabdeh orqana müraciət edərək ona 57 yaşdan əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapıtalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi üçün ona pensiya təyin edilməsindən imtina etmişdir. O, cavabdehin imtinasını aşağı səbəblərdən qanunsuz və əsassız hesab etmişdir. Göründüyü ona 57 yaşdan pensiya təyin olunması üçün əsas şərt 1 yanvar 2006-cı il tarixinədək 25 il sosial sığorta stajına malik olmağı və bu müddətin azı 12 il 6 ayını güzəştli işlərdə çalışmağıdır. Təqdim etdiyi əmək kitabçasında və digər sənədlərdən görünmüşdür ki, 1 yanvar 2006-cı il tarixinədək onun 25 ildən çox ümumi iş stajı vardır və bu müddətin 12 il 6 aydan artıq hissəsi güzəştli iş stajı təşkil edir. Onun çalışdığı matros, gəmi kapitanının 3-cü dərəcəli köməkçisi və kapitanın böyük köməkçisi vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 may 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının Nəqliyyat bölməsin (XXVİİİ) dəniz və çay donanması yarımbəndinə (kod: ********) əsasən güzəştli şərtlərlə yasa görə əmək pensiyası hüququ verən peşələrdir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-4485/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. (hakim: Ş.Həsənova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının 57 yaşı 02.10.2019-cu il tarixində, yəni 01,07.2019-cu il tarixindən sonra tamam olmuşdur. Həmin tarixdən etibarən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsi aşağıdakı redaksiyadadır: “Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır”. Qanunun 9.8-ci maddəsinə görə, Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Yəni qeyd olunan maddə yalnız yaş və staj məsələlərində əvvəlki qanunvericiliyin tələblərinin tətbiqinə imkan yaradır, digər məsələlərdə isə sığorta hadisəsinin baş verdiyi andakı qanunvericiliyin tələblərinə riayət olunur. Yəni iddiaçıya münasibətdə yaş və staj tələbləri 01.01.2006-cı ilə qədərki qanunvericiliklə, digər tələblər isə pensiya hüququ qazandığı dövrün qanunvericiliyi ilə tənzimlənir və həmin tələblər sırasına fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi də daxildir. İddiaçı isə qeyd olunan tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22629.80 manat təşkil edir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi-vəkili X6 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 57 yaşının tamam olduğu tarixdən, yəni 09 avqust 2019cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və cavabdeh inzibati orqanın iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili ilə bağlı qeyd etmişdir ki, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının tələb olunması nəzərdə tutulmamışdır. Yaş, ümumi iş stajı və güzəştli iş stajı iddiaçıya münasibətdə mövcud olduğundan, pensiya kapitalı tələb olunmadığından cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olan 9.1-ci maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 09.08.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının AZE ******** №li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri, 26 Bakı Komissarı adına VVAQ Şöbəsi tərəfindən verilmiş 26.09.1990-cı il tarixli, 257328 №-li familiyanın, adın, ata adının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci ildə doğulmuş X1 familiyasını Mustafazadə familiyasına dəyişmiş, bu barədə akt qeydləri kitabında 26.09.1990-cı il tarixdə, 63 № ilə qeyd edilmişdir. İş materiallarında olan İddiaçı məxsus NЭ ******* №-li hərbi biletin surətindən görünür ki, iddiaçı 26.11.1980-cı ildən 07.12.1982-cı ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon İdarəsinin 60 №-li, 06.02.2020-ci il tarixli arayışından görünür ki, X2 həqiqətən 26.11.1980-cı il tarixdən 07.12.1982-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. 07.12.1982-ci il tarixdə SSRİ MNnin 242 nömrəli, 27.09.1982-ci il tarixli Əmrinə əsasən SSRİ Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 18.11.1993-cü il tarixdən 21.09.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. 21.09.1995-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 0127 nömrəli 14.09.1995-ci il tarixli Əmrinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Əsas: NZ- 4393563 №-li hərbi bilet. İş materiallarında olan "xxxx" QSC-nin X10 tərəfindən verilmiş EN 01/02-23 №-li, 21.01.2020-ci il tarixli arxiv arayışından görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən 21.11.1984-cü ildə "Xəzərdənizneftdonanma idarəsinin t/x "A.Kortunov” gəmisinə 2-ci dərəcəli matros peşəsinə (21.11.1984-ci il tarixli, 257-k nömrəli əmr) işə qəbul edilmişdir. 23.09.1985-ci ildə işdən azad edilmişdir (23.09.1985-ci il tarixli, 222-k nömrəli əmr). 26.09.1985-ci ildə Cənub Rayon Dəniz Neft Donanma İdarəsinə "PSK-43” gəmisinə 2-ci dərəcəli matros peşəsinə (köçürmə yolu ilə) (26.09.1985-ci il tarixli, 197-k nömrəli əmr) işə qəbul edilmişdir. 27.04.1987-ci ildə “Zərdab-3" gəmisində 1-ci dərəcəli matros (27.04.1987-ci il tarixli, 92-k nömrəli əmr), 01.06.1989-cu ildə t/x “İzıskatel-2” gəmisində 1-ci dərəcəli matros (01.06.1989-cu il tarixli, 117-k nömrəli əmr), 12.11.1991-ci ildə t/x "PS-158" gəmisində 1-ci dərəcəli matros (12.11.1991-ci il tarixli, 201-k nömrəli əmr), 03.01,1992-ci ildə t/x "M.Süleymanov" gəmisində 1-ci dərəcəli matros peşəsində (03.01.1992-ci il tarixli, 238-k nömrəli əmr) çalışmışdır. 12.07.1999-cu ildə başqa işə keçməsi ilə əlaqədar işdən azad edilmişdir (12.07.1999-cu il tarixli, 74-k nömrəli əmr). 11.07.2000-ci ildə "M.Süleymanov" gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə (11.07.2000-ci il tarixli, 84-k nömrəli əmr) işə qəbul edilmişdir. 25.10.2004-cü ildə “Qaradağ-5” gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (25.10.2004-cü il tarixli, 121-k nömrəli əmr) keçirilmişdir. 24.07.2006-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir (24.07.2006-cı il tarixli, 96-k nömrəli əmr). Onun tutduğu vəzifələr (peşələr) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) ''Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsəsən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Əsas: kadr əmrləri, şəxsi iş, ştat cədvəli, “Azərbaycan Respublikasının Dəniz Nəqliyyatı Gəmilərində xidmət” Nizamnaməsi. Azərbaycan Respublikası Prezidentinin 07.03.2007-ci il tarixli, 539 nömrəli Fərmanına əsasən "Xəzərdənizneftdonanma” idarəsi 07.03.2007-ci ildən X12 Donanması adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 22.10.2013-cü il tarixli, 6 nömrəli və 10.01.2014-cü il tarixli, 213 nömrəli Sərəncamlarına əsasən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin və X12 Donanmasının yenidən təşkili yolu ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İş materiallarında olan "xxxx" QSC-nin X10 tərəfindən verilmiş 15 №-li, 06.02.2020-ci il tarixli arxiv arayışından görünür ki, “Xəzərdənizneftqaz” X3 Birliyinin 11.05.1988-ci il tarixli, 148 saylı əmrinə əsasən ‘‘Xəzərdənizneftdonanma’’ idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu ‘‘Xəzərdənizneftdonanma" idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu adlandırılmışdır. “Xəzərdənizneftqaz” X3 Birliyinin 19.12.1991-ci il tarixli, 299 saylı əmrinə əsasən “Xəzərneftdonanma” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodu “Xəzərneftdonanma" idarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. “Dənizdə neft və qazçıxarma” İstehsalat Birliyinin “Xəzərdənizneftdonanma” idarəsinin 60 saylı əmrinə əsasən zavod “Xəzərdənizneftdonanma” idarəsinin Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 12.03.2007-ci il tarixli, 51 saylı əmrinə əsasən zavod X12 Donanması Gəmi təmiri zavodu adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli, 6 nömrəli və 10 yanvar 2014-cü il tarixli, 213 nömrəli sərəncamlarına əsasən Azərbaycan Dəniz Gəmiçiliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X10nın yenidən təşkili yolu ilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi “Qapalı Səhmdar Cəmiyyəti yaradılmış, X12 Donanması idarəsinin Gəmi təmiri zavodu “Bibiheybət” Gəmi təmiri zavodu adlandırılmışdır. İş materiallarında olan "xxxx" QSC-nin X10 tərəfindən verilmiş 16 №-li, 06.02.2020-ci il tarixli arxiv arayışından görünür ki, X5 28.01.1983-cü ildən 02.11.1984-cü ilə kimi “Xəzərdənizneftqaz” idarəsinin XXİ Partiya qurultayı adına Gəmi təmiri zavodunda işləyib. 28.01.1983-cü ildə gövdə qaynaq sexinin ağac emalı sahəsinə birinci dərəcəli fəhlə qəbul edilib (əmr № 20, 28.01.1983-cü il), 17.06.1983-cü ildə gəmi dülgəri peşəsi verilib və gövdə qaynaq sexinin ağac emalı sahəsinə gəmi dülgəri vəzifəsinə keçirilib (əmr № 102, 17.06.1983-cü il), 05.09.1983-cü ildə 806 nömrəli üzən tərsanəyə birinci dərəcəli fəhlə keçirilib (əmr № 160, 05.09.1983-cü il), 01.11.1983-cü ildə ikinci dərəcəli matros verilib və 806 nömrəli üzən tərsanəyə ikinci dərəcəli matros vəzifəsinə keçirilib (əmr №201, 02.11.1983-cü il), 02.11.1984-cü ildə Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilib (əmr № 195, 02.11.1984-cü il). Əsas əmrlər kitabı, T-2 şəxsi vərəqə. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı 05.06.1978-ci ildən 07.09.1978-ci ilə qədər Atbulaq rayon daş karxanasında 3-cü dərəcəli kənarlaşdırıcı, 01.06.1979-cu ildən 03.11.1980-ci ilə qədər Atbulaq rayon daş karxanasında yükləyici, 3-cü dərəcəli kənarlaşdırıcı və maşinist, 28.01.1983-cü ildən 02.11.1984-cü ilə qədər “Xəzərdənizneftqaz” Bakı-3 Gəmisində ("xxxx" QSC-nin X10) fəhlə, gəmi dülgəri, 1-ci dərəcəli fəhlə, 21.11.1984-cü ildən 23.09.1985-ci ilə qədər "Xəzərdənızneftdonanma" İdarəsinin x/t A.Kortunov gəmisində 2-ci dərəcəli matros, 26.09.1985-ci ildən 12.07.1999-cu ilə qədər “Zərdab-3” gəmisində 1-ci dərəcəli matros, “İzıskatel-2” gəmisində 1-ci dərəcəli matros, “PS-158” gəmisində 1-cı dərəcəli matros, “M.Süleymanov" gəmisində 1-cı dərəcəli matros, 11.07.2000-ci ildən 24.07.2006-cı ilə qədər "M.Süleymanov" gəmisinə kapitanın 3-cu köməkçisi “Qaradağ-5" gəmisinə kapitanın böyük köməkçisi vəzifələrində işləmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 01.02.2021-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 22629,80 manat təşkil etdiyi, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 09.08.2019-cu il tarixdə tamam olmuşdur və o, 26.11.1980-cı ildən 07.12.1982-cı il tarixə kimi hərbi xidmət keçmiş (2 il 0 ay 12 gün), əmək kitabçasına əsasən iddiaçı 05.06.1978-ci ildən 07.09.1978ci ilə qədər Atbulaq rayon daş karxanasında 3-cü dərəcəli kənarlaşdırıcı (03 ay 03 gün), 01.06.1979-cu ildən 03.11.1980-ci ilə qədər Atbulaq rayon daş karxanasında yükləyici, 3-cü dərəcəli kənarlaşdırıcı və maşinist (1 il 5 ay 3 gün), 28.01.1983-cü ildən 02.11.1984-cü ilə qədər “Xəzərdənizneftqaz” Bakı-3 Gəmisində ("xxxx" QSC-nin X10) fəhlə, gəmi dülgəri, 1-ci dərəcəli fəhlə (1 il 09 ay 5 gün), 21.11.1984-cü ildən 23.09.1985-ci ilə qədər "Xəzərdənızneftdonanma" İdarəsinin x/t A.Kortunov gəmisində 2-ci dərəcəli matros (10 ay 03 gün), 26.09.1985-ci ildən 12.07.1999-cu ilə qədər “Zərdab-3” gəmisində 1-ci dərəcəli matros, “İzıskatel-2” gəmisində 1-ci dərəcəli matros, “PS-158” gəmisində 1-cı dərəcəli matros, “M.Süleymanov" gəmisində 1-cı dərəcəli matros (13 il 09 ay 17 gün), 11.07.2000-ci ildən 24.07.2006-cı ilə qədər "M.Süleymanov" gəmisinə kapitanın 3-cu köməkçisi “Qaradağ- 5" gəmisinə kapitanın böyük köməkçisi (06 il 14 gün) vəzifələrində işləmişdir. Göründüyü kimi iddiaçının hərbi xidmət dövrü nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 26 il 1 ay 27 ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının 21.11.1984-cü ildən 23.09.1985-ci il tarixədək "Xəzərdənizneftdonanma idarəsinin t/x "A.Kortunov” gəmisində işlədiyi matros peşəsi (10 il 3 ay), 26.09.1985-ci ildən 12.07.1999-cu il tarixədək Cənub Rayon Dəniz Neft Donanma İdarəsinə "PSK-43” gəmisində işlədiyi 2-ci dərəcəli matros,“Zərdab-3" gəmisində işlədiyi 1-ci dərəcəli matros, “İzıskatel-2” gəmisində işlədiyi 1ci dərəcəli matros, "PS-158" gəmisində işlədiyi 1-ci dərəcəli matros, "M.Süleymanov" gəmisində işlədiyi 1-ci dərəcəli matros peşəsi (13 il 9 ay 17 gün), 11.07.2000-ci ildən 24.07.2006-cı il tarixədək "M.Süleymanov" gəmisində işlədiyi kapitanın 3-cü köməkçisi vəzifəsi, “Qaradağ-5” gəmisində işlədiyi kapitanın böyük köməkçisi vəzifələri (peşələr) (5 il 5 ay 21 gün) üzən heyətə və işlədiyi gəmilər XDND-nin gəmilərinə aiddir. Bu gəmilər liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmilərinə aid deyildir. Bu vəzifələr (peşələr) ''Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli, 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21-ci bəndinin (Nəqliyyat) 21.2 “b" yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsəsən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışlardan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 20 il 1 ay 11 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-4485/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2029/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2029/2021
27.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver