Məhkəmə qərarları › İş №2-1(103)-2029/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2029/2024

11.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2029/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil Nümayəndə və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “qərarın ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3211/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əmək pensiyasıyanın yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi, iddiaçıya təyin edilmiş pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə M ərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM, m 32.1) İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...Dövlət Sosial Müdafiə Fondununun Yasamal rayon şöbəsi tərəfindən 12 iyul 2005-ci tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Sentyabr ayının əmək pensiyasını alanda görmüşür ki, pensiyası azaldılıb. X6 rayon şöbəsiə müraciət etmiş, sonra isə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etdikdə ona aşağıdakı məzmunda imtina verilmişdir: “ Müraciət əsasında aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki. dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 01 dekabr 2013-cü il tarixində vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 874, 00 manat və qulluq stajı görə əlavəsi 147,09 manat, ixtisas dərəcənizə görə əlavəniz 100.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 146,07 manat olmaqla orta aylıq əmək haqqınız 1267,16 manat təşkil edib. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 23 il 1 ay 14 gün qulluq stajı uyğun olaraq orta aylıq əmək haqqınızın (1267.16 manat) 80 faizi - 1013,73 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 962.00 manat və qulluq stajına görə əlavəniz 161.90 manat,ixtisas dərəcənizə görə əlavəniz 100.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 146.07 manat olmaqla orta aylıq əmək haqqınız 1384,57 manat təşkil edib.manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (1267,16 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1384.57 manat) arasındakı fərq məbləğinin (117.41 manat) 74,25 faizi-87.18 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (1013,73 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 1100.91 manat müəyyən edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılması ilə əlaqədar 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği 1443,33 manat və qulluq stajına görə əlavəniz 242.91 manat, ixtisas dərəcənizə görə əlavəniz 100.00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 242,16 manat olmaqla orta aylıq əmək haqqınız 2027,40 manat təşkil edib. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifələr üzrə vəzifələr üzrə ümumilikdə vəzifə maaşınızın orta aylıq məbləği (1387,57 manat) ilə 01 sentyabr 2019-cu il tarixədən sonrakı orta aylıq əmək haqqınızın (2027.40 manat) arasındakı fərq məbləğinin (642, 83 manat) 74,25 faizi-477,30 manat 1 sentyabr 2019-cu il tarixədək hesablanmış pensiyanızın (1100,91 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 1578,21 manat məbləğində hesablanmalı olduğu halda. xx.xx.2020xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində hər ay 1795.34 manat köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 6135, 68 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023 -cü il tarixindən əmək pensiyanız 1991.23 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 2265,18 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 2191,60 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanaları nəzərə alaraq, son üç il üzrə ümumilikdə 8327,28 manat pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 8327,28 manat pul vəsasitinin büdcəyə bərpa edəlməsi məqsədi ilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəz Filialına təqdim etməyiniz tələb olunur.” 12 iyul 2005-ci il tarixdən etibarən mənə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyamın məbləği “əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 23 il 1 ay 14 gün qulluq stajı uyğun olaraq orta aylıq əmək haqqımın (1267.16 manat) 80 faizi - 1013.73 manat məbləğində hesablanıb, 01 mart 2018-ci il tarixdən mənə hər hansı bildirş göndərilmədən, heç bir məlumat verilmədən pensiyamın məbləği olaraq orta aylıq əmək haqqımın 74, 25 faizi məbləğinə endirilmişdir. Və sonralar artımlar nəzərə alınaraq məbləğ 2265,18 manata çatdırılmışdır. İddiaçı təyin edilən pensiya məbləğini mütəmadi olaraq maneəsiz surətdə almış, məbləğin düzgün təyin edilib-edilməməsi barədə həmin müddət ərzində heç bir xəbərdarlıq almamışdır. Bu barədə iddiaçıya qarşı heç bir pretenziya irəli sürülməmişdir. Bu ilin sentyabr ayında bankomatdan pensiyasını alarkən məbləğin az olduğunu öyrənmişdir. Dərhal cavabdeh təşkilatın müvafiq vəzifəli şəxslərinə müraciət etdikdə, onlar izah verə bilmədiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, ona təyin edilmiş əvvəlki pensiya məbləği düzgün və müvafiq dövrlər üzrə qanunvericiliyin tələblərinə uyğun və əsaslı hesablanmışdır. Həmin məbləğ bərpa edilməli və qanunsuzluğa yol vermiş şəxslər barədə tədbir görülməlidir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, imtina məktubuna uyğun əsaslarla rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3211/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi X1 barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli **********0 nömrəli qərarı ləğv ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti də həmçinin, iddiaçıya ünvanlanmış imtina məktubunda göstərilənlərə uyğun əsaslandırılaraq aşağıdakılar qeyd olunmuşdur: “...12 iyul 2005-ci il tarixdən iddiaçıya dövlət qüllüqçusu kimi təyin olunmuş 2265,18 manat məbləğində əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanaraq son üç il üzrə iddiaçıya ümumilikdə 8327,28 (6135,68+2191,60) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı tərəfimizdən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-193804/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. Sonradan, əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17- 1/3-3-17922/2023 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar qəbul edilən zaman Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasfna istinad edilməsi qanuni və əsaslı olmuşdur...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Əlvəndov apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi vəkil Nümayəndə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materialları üzrə iddiaçının pensiya işinə dair sənədlərə əsasən müəyyən edilir ki, xx.xx.2005-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonudunun Yasamal rayon şöbəsi tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə 2265,18 manat məbləğində əmək pensiyası təyin edilmişdir. Cavabdehin apellyasiya şikayətindən göründüyü kimi, iddiaçıya təyin edilən həmin əmək pensiyasının yenidən araşıdırılması nəticəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə istinadən, son üç il üzrə ona 8327,28 (6135,68+2191,60) manat artıq pul vəsaitinin ödənildiyini müəyyən edərək bununla əlaqədar inzibati icraata başlanılmış və həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Qanununun tələblərinə uyğun ona xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuş, sonradan əmək pensiyasının yenidən hesablanmasına dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-17922/2023 nömrəli qərar qəbul edilmişdir. İşin 84-cü vərəqinədə olan həmin qərardan isə görünür ki, bu yenidən hesablama nəticəsində iddiaçının əmək pensiyası xx.xx.2020-ci il tarixdən 1578,21 manat, xx.xx.1991-ci il tarixdən 1991 manat məbləğində müəyyyən edilərək, ona 2020- 2022-ci illər (yəni, son üç ül üzrə) sözügedən artıq ödəmə məbləği hesablanıb onun pensiyası azaldılarkən, əslində faktiki olaraq tutulmasına başlanılarkən, cavabdeh faktiki olaraq özünün də istinad etdiyi “Əmək pensiyaları haqqında” Qanunun sözügedən normasının tələblərini pozmuşdur. Belə ki, Qanunun istinad olunan 39.1-ci maddəsi nəzərədə tutur ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur Qanunun sözügedən normasnın tələbi baxımından, son üç il üzrə artıq ödənilmiş əmək pensiyası vəsaiti yalınız, iddiaçının razılığı əsassında qəbul oolunmuş qərar əsasında ondan tutula bilərdi. Əks halda pensiya təyinedicisi həmin vəsaiti məhkəmə qaydasında tutmalıdır. İş materiallarına əsasən isə iddiaçının belə razılığının mövcudluğu müəyyyən edilmir. Müəyyən edilən isə odur ki, cavabdeh həmin vəsaiti məhkəmədən kənar qaydada, əmək pensiyasının yenidn hesablanması barədə xx.xx.2023-cü il tarixli mübahisələndirilən qərar qəbul etməyi üstün tutmuşdur. Başqa sözlə, qanunun tələblərinə məhəl qoymamış, özbaşıalıq nümayiş etdirmişdir. Halbuki, «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri onu demyə əsas verir ki, konkret halda da, məhz, cavabdeh iddiaçının etimad göstərdiyi DSMF-nin Yasmal rayon şöbəsinin qərarı əsasında illər ərzində hər ay ona pensiya ödənildiyi, hazırda isə aşkar ahıl dövründə aldığı həmin pensiyanı kəsib pazaltması qanunsuzdur. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsinin tələbindən görünür ki, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən isə Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmişdir. Ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş digər sənədlərə əsasən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə pensiyaçı tərəfindən yol verilməsi ilə bağlı heç bir əsaslandırma da mövcud deyil və bununla əlaqədar dəlil-sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki: «… Etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)…» Beləliklə də, cavabdehin mübahisələndirilən qərarının maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun olmadığı və iddiaçının qanunla qorunan hüquqlarını pozduğu sübuta yetirilir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunaraq cavabdehin mübahisələndirilən iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 17922/2023 nömrəli qərarının ləğv edilməsi maddi və inzibati icraat haqqında hüquq normalarının tələblərinə uyğundur. Ona görə də, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanuni və əsaslı olduğunu vurğulamaqla, dolayısı ilə birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3211/2024 saylı xx.xx.2024-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3211/2024 saylı xx.xx.2024-cü tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəh., Yusif Səfərov küç., 14, 1193cü məhəllə) Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar