Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-203/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, İddiaçı vəkili və nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-3775/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.1977-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Baza Energetika Texnikumunda təhsil aldığı dövrü nəzərə almaqla 57 yaşdan, yəni xx.xx.2019cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx xxxxxx 1962-ci il tarixdə doğulmuş, xx xxxxxxxx 1977-ci il tarixdən xx xxxxxx 1981-ci il tarixədək Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin Bakı Baza Energetika Texnikumunda təhsil almışdır. xx xxxxx 1981-ci il tarixdən xx xxxx 1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxxxx 1984-cü il tarixinə kimi “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun 5 saylı İstehsalatın kalium qələvisinin buxarlanması sexində kompressor qurğu maşinisti vəzifəsində işləmişdir. xx xxxxxxx 1984cü il tarixdən xx xxxxxx 1989-cu il tarixədək X1 Diyarında Ümumittifaq komsomol tikintisində işləmiş, xx xxxxxx 1989-cu il tarixdən xx xxxxxx 1993-cü il tarixinə kimi “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun su təchizatı sexində nasos stansiyasında maşinist vəzifəsində işləmişdir. xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxxxx 1999-cu il tarixinə kimi “Üzvi Sintez” zavodunun propilen oksidi sexinə təmirçi çilingər vəzifəsində işləmişdir. xx xxxxxxx 1999-cu il tarixdən xx xxxxxxxx 2003-cü il tarixinə kimi “Üzvi Sintez” Zavodunun propilen oksidi və lak-boyaq sexində təmirçi çilingər vəzifəsində işləmişdir. xx xxxxxxxx 2003-cü il tarixdə “Üzvi Sintez” zavodunun propilen oksidi və lak-boyaq sexində sahə rəisi vəzifəsində işləmişdir. xx xxxxx 2004-cü il tarixdən xx xxxx 2010-cu il tarixinə kimi “Üzvi Sintez” Zavodunun propilen oksidi sexində sahə rəisi vəzifəsində işləmişdir. xx xxxx 2010-cu il tarixdən xx xxxxxxxx 2012-ci il tarixinə kimi “Üzvi Sintez” zavodunun propilen oksidi sexində mühəndis vəzifəsində işləmişdir. xx xxxxxx 2012-ci il tarixdən “Üzvi Sintez” zavodundan işdən azad edilmişdir. xx xxxxxx 2012-ci il tarixdən bu günə kimi “Azərkimya İB” təmir-tikinti idarəsində iş icraçısı vəzifəsində işləyir. xx xxxxxxxx 1977-ci il tarixdən xx xxxxxx 2006-cı il tarixədək 26 il 8 ay 29 gün ümumi iş stajına malikdir. xx xxxx 2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona 57 yaşdan, yəni xx xxxxxx 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin, cavabdeh cavab məktubu ilə müraciətini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, nə əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununa, nə də qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun əvvəlki və yeni redaksiyalarına əsasən, iddiaçının pensiya hüququ yaranmamışdır: “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüququ isə iddiaçının pensiya yaşına çatması və zəruri staja sahib olması ilə yaranmış hesab olunur. Lakin iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün zəruri stajı yoxdur. Çünki iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin təhlili zamanı müəyyən olunmuşdur ki, bu iddia yanlışdır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ verdiyini iddia etdiyi “NÖC və A təmiri üzrə çilinqər” və “NÖC və A üzrə sahə rəisi” peşələrinin heç birinə NK-nin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahılarda rast gəlmək mümkün deyildir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunan 72 və 73 nömrəli arayışlarda qeyd olunur ki, iddiaçının çalışdığı peşələr həmin qərarın 10-cu bölməsinin 3-cü bəndinin 2110A030- 17531 şifrinə əsasən 2 saylı siyahıda göstərilmişdir. Lakin həmin bəndin mətnini olduğu kimi təqdim etdikdə görürük ki, bu maddədə göstərilən əmək fəaliyyəti növünün xüsusiyyəti ilə iddiaçının əmək kitabçasında adı göstərilən peşə növü fərqlidir: “2 №-li siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının ... təmiri ilə məşğul olan fəhlələr.” Başqa sözlə, iddiaçının təqdim etdiyi arayışda siyahıya istinad edilib, şifr nömrəsi göstərilsə də, siyahıda bu şifr heç də iddiaçının çalışdığı peşə-fəaliyyət növünü əks etdirmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. İddiaçının məhkəməyə təqdim etdiyi 71 saylı arayışda göstərildiyi kimi, onun 1983- 1984-cü illərdə çalışdığı “kompressor qurğu maşınisti” fəaliyyət növü NK-nın xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda göstərilmişdir, buna görə də yalnız bu 1 illik müddət iddiaçının xüsusi staj müddəti hesablanarkən nəzərə alına bilər. İddiaçının çalışdığı digər peşələr üzrə isə xüsusi stajı yoxdur, bu isə o deməkdir ki, nə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, nə də hal-hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanuna əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-448/2020 nömrəli iş üzrə xx.xx.2020ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərarla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1584/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayətə uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə əsaslıdır. İlk olaraq, Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “İşə baxmış məhkəmələr iddiaçının orta-ixtisas təhsili aldığı dövrü də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən onun sosial sığorta stajına daxil etməklə, xx.xx.2006-cı il tarixədək onun 25 il ümumi stajının olduğu barədə düzgün nəticəyə gəlmişlər. Lakin apelyasiya instansiyası məhkəməsi iddiaçının xüsusi stajı ilə bağlı apelyasiya şikayətində irəli sürülmüş dəlilləri araşdırmamışdır. Belə ki, apelyasiya şikayətində iddiaçının işlədiyi "NÖC" və A üzrə sahə rəisi peşələrinin heç birinə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 nömrəli Siyahılarında rast gəlmək mümkün olmadığı və təqdim olunmuş 72 və 73 nömrəli arayışların məzmunu ilə razılaşmadığı bildirilir. Siyahının 2110A03017531 şifrində göstərilən peşə ilə iddiaçının əmək kitabçasında adı göstərilən peşə növünün fərqli olduğu göstərilir və Siyahılarda göstərilmiş nəzarət-ölçü cihazlarının təmiri ilə məşğul olan fəhlələr peşəsinin iddiaçının işlədiyi peşə ilə uyğun olmadığı bildirilir. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətində göstərdiyi dəlilləri hələ işə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə təqdim etdiyi yazılı etirazında da irəli sürmüşdür. Lakin birinci instansiya məhkəməsi həmin dəlilləri araşdırmamış, yalnız iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara istinad etməklə iddiaçının xx.xx.1983-xx.xx.1984-cü illərdə kalium qəlitəsi sexində işlədiyi komressor qurğu maşinisti (soyutma aparatı) peşəsini 1 nömrəli Siyahının 1080A010 şifrinə, xx.xx.1993-xx.xx.1999-cu illərdə propilen oksidi sexində işlədiyi NÖC və A üzrə çilingər peşəsini 2 nömrəli Siyahının 2110A030-17531 şifrinə, xx.xx.1999-xx.xx.2005-ci illərdə propilen oksidi və lak-boyaq bərkidicilər sexində işlədiyi NÖC və A təmiri üzrə çilingər, NÖC və A üzrə sahə rəisi peşələrinin 2 nömrəli Siyahının 2110A030-17531 şifrinə aid olduğu barədə nəticəyə gəlmişdir. Doğrudur ki, iş yerindən verilmiş arayış şəxsin xüsusi şərtlərlə pensiya təyin olunmasına imkan verən işlərdə işləməsini müəyyən etmək üçün sübut kimi qəbul oluna bilər. Çünki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na, “Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı” adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri arayışlar bu tələblərə cavab vermir.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin qərarlarında şərh edilən göstərişlərin icrası ilə bağlı iddiaçıdan iş yerindən verilmiş yeni güzəştli arayış tələb edilmiş və bu arayışlar təqdim edilmişdir. Doğrudur, bu arayışlar işdə olan arayışlarla eyniməzmunludurlar, lakin həm işdə olan, həm də sonradan təqdim olunan güzəştli arayışlarda əks olunan məlumatlar iddianın əsassızlığını təsdiq edir. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşagörə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları xx.xx.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Ali Məhkəmənin iş üzrə qərarında göstərilmişdir ki, “İşə baxmış məhkəmələr iddiaçının orta-ixtisas təhsili aldığı dövrü də "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 67-ci maddəsinin ğ) bəndinə əsasən onun sosial sığorta stajına daxil etməklə, xx.xx.2006-cı il tarixədək onun 25 il ümumi stajının olduğu barədə düzgün nəticəyə gəlmişlər.” Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mötəbər sübutlarla da təsdiq olunan işin bu halı mübahisəsizdir. Lakin iddiaçının 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay təşkil etməsi sübuta yetmir. Belə ki, onun məhkəmə kollegiyasına təqdim etdiyi SOCAR “Etilen-Polietilen” Zavodunun xx.xx.2020-ci il tarixli 201 və 202 nömrəli arayışlarında iddiaçının xx xxxxxx 1993-cü il tarixdən xx xxxxxxxx 1999-cu il tarixə kimi “Üzvi Sintez” zavodunun propilen oksidi sexində NÖC və A üzrə çilingər, xx xxxxxxx 1999cu il tarixdən xx xxxxxxxx 2003-cü il tarixə kimi “Üzvi Sintez” Zavodunun propilen oksidi və lak-boyaq bərkidicilər sexində NÖC və A təmiri üzrə çilingər, NÖC və A üzrə sahə rəisi vəzifəsində işlədiyi göstərilmiş və 2 nömrəli Siyahının 2110A030-17531 şifrinə və oksidlərin istehsalına istinad olunmuşdur. Halbuki, arayışlarda qeyd olunan şifr altında - “3. 2 №-li Siyahıda sadalanmış istehsalatlarda texnoloji və elektrik avadanlığının təmirində, profilaktikasında, xidmətində 1 №-li və 2 №-li Siyahıda sadalanmış nəzarət-ölçü cihazlarının və ventilyasiyanın kimya istehsalatlarında məşğul olan fəhlələr, ustalar, böyük ustalar, energetiklər və mexaniklər;” – təsbit olunmuşdur. Başqa sözlə, həmin şifrlə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün şəxs kimya istehsalatında bilavasitə iştirak etməlidir ki, iddiaçıya münasibətdə bu şərtə iş üzrə əməl olunmur. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını sübut etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Göründüyü kimi, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddən az olmaması şərti onun tərəfindən yerinə yetirilmir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetirməsi ayrıca hüquqi əhəmiyyət kəsb etmir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin xx.xx.2019-cu il tarixli **********1 nömrəli imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsassız, maddi hüquq normalarının tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliklə təsdiq olunur, dəlillər qərarın ləğvinə əsas verir. Bununla bağlı olaraq, birinci instansiya məhkəməsinin qərarı ləğv edlməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia rədd edilməli, apellyasiya şikayəti təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3775/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona 57 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Xəyalə Cəmilova
Məhkəmə qərarları › İş №2-1(103)-203/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-203/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver