Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-203/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: çıxarışın verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(112)-462/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakının Dövlət Kadastrı Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 1754 saylı bağ sahəsinə dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Sonradan iddiaçının nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, “Ləhiş” bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 1754A saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarış verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 1 saylı protokolu və 3/78 saylı qərarı ilə, “Ləhiş” bağlar massivində 177 saylı bağ tikinti kooperativi yaradılmışdır. Həmin massivdə yerləşən ümumi sahəsi 0,12 ha olan 1754 saylı bağ sahəsi 17 avqust 1990-cı il tarixli 1 saylı orderlə iddiaçıya verilmişdir. Qeyd olunan fakt, xx.xx.2021-ci il tarixli BA-04-200-2021 saylı arxiv arayışı ilə təsdiq olunur. Qeyd olunan bağ sahəsinə dair çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, **********05 saylı məktubu ilə ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan, imtinanın əsası kimi, orderin idarənin arxivində aşkar edilmədiyini, torpaq sahəsinin ümumi ərazidə yerləşməsini, ara sərhədlərinin mövcud olmamasını, hasarlama və mərzçəkmə işlərinin aparılmadığı göstərilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi ümumi ərazidə yerləşir, ara sərhədləri mövcud deyildir, mərzçəkmə və hasarlanma işləri aparılmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(112)-462/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Ləhiş bağ massivində yerləşən ümumi sahəsi 0,12 ha olan 1754A saylı bağ sahəsinə İddiaçı mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri publik şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
6. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi ümumi ərazidə yerləşir, ara sərhədləri mövcud deyildir, mərzçəkmə və hasarlanma işləri aparılmamışdır. Daha sonra xx.xx.2023-cü il tarixdə yenidən yerli baxış keçirilmiş və iddiaçı iddia etdiyi yeri şərti olaraq göstərmişdir. Elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından bağ sahəsinin yerləşməsini dəqiq müəyyən etmək mümkün olmamışdır. İddiaçı əvvəlki müraciəti zamanı hazırki göstərilən torpaq sahəsinin cənub-qərb hissəsində yerləşən və 39 metr aralı fərqli ərazi göstərmişdir. Faktiki torpaq sahəsinin ölçüsü 0.1124 ha təşkil edir.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. 12 avqust 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
9. 12 avqust 2025-ci il tarixində keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxvinin Bakı Filialının iddiaçının nümayəndəsinə ünvanaldığı 14 sentyabr 2021-ci il tarixli, BA-04200-2021 saylı məktubu ilə, keçmiş Bakı şəhər XDS İK (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1990cı il tarixli, 3/78 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı təqdim edilmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********05 nömrəli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” Bildirişinə əsasən bildirilmişdir ki, təqdim edilən X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Bundan başqa, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq sahəsi ümumi ərazidə yerləşir, ara sərhədləri mövcud deyildir, mərzçəkmə və hasarlanma işləri aparılmamışdır. Odur ki, torpaq sahəsində mərzçəkmə və hasarlanma işlər arxiv cizgisinə və bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparıldıqdan sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır.
12. Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin X2 və istismarı birliyi “Ləhiş” bağlar sahəsindəki 177 nömrəli kooperativ 17 avqust 1990-cı il tarixli, 1 nömrəli orderinə əsasən, İddiaçı Bakı şəhər icraiyyə komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 177 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 1754A nömrəli bağ ayrılmışdır.
13. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- 8407/2023 **********07 nömrəli “Sənəd surətlərinin təqdim olunması barədə” cavab məktubuna əsasən iddiaçının müraciəti əsasında aparılmış inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir.
14. Təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda göstərilmişdir ki, yerli baxış zamanı məlum oldu ki, bağ sahəsinin hasarı və ya çəpəri yoxdur, heç bir mərzçəkmə işləri aparılmayıb. Nümayəndə bağ sahəsinin döngə nöqtələrinin yerini dəqiq bilmir, boşluq bir ümumi ərazini göstərir.
15. Məhkəmə sorğusu əsasında cavabdeh inzibati orqanın nümayəndəsi tərəfindən məhkəməyə Ləhiş bağ massivində yerləşən 177 saylı bağ tikinti kooperativinə dair arxiv qovluğu məhkəməyə təqdim edilmişdir.
16. Məhkəmə sorğusu əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2- 29566/2023 **********66 nömrəli “Müvafiq məlumat və sənəd surətinin təqdim edilməsi barədə” cavab məktubuna əsasən bildirilmişdir ki, 177 saylı bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 1753, 1754, 1754A, 1755 saylı bağ sahələrinin dövlət qeydiyyata alınmasına dair məlumatın aşkar edilməmişdir.
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)-2888/2024 saylı qərardaı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2025-ci il tarixli, 10/1582/2025 №-li ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Qəradadın birinci və ikinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 10.02.25 tarixli 3-21-3-30/2-5161/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakıların müəyyən edilmişdir: Göstərilən torpaq sahəsi (bağ sahəsi) sənəd üzrə 0.12 ha olsa da, faktiki olaraq 0.1197 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Bağ sahəsi ümumi bağlarla bir hasar daxilindədir, ara sərhədi şərtidir. İddiaçı iddia etdiyi torpaq sahəsi şərti olaraq göstərdi. Sahənin faktiki olaraq yola çıxışı yoxdur. Bundan əlavə bağ sahəsinin naturada yerləşməsi bağların bölgüsünə dair sxematik xəritəyə uyğun gəlmir. Faktiki olaraq göstərilən 0.1197 ha torpaq sahəsinin koordinatlarını əks etdirən sxem mütəxəssis rəyinə əlavə olunmuşdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsinin (bağ sahəsinin) bir hissəsinin 1755a saylı bağ sahəsinin yerinə düşdüyü müəyyən edilmişdir. Arxiv məlumatlarına əsasən Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 3/78 nömrəli qərarına əsasən 177 nömrəli BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi, 0.12 hektar torpaq sahəsi olan 1754A saylı bağ sahəsinin ayrılmasına dair İddiaçı adına olan order İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin 177 nömrəli BTK üzvlərinin arxiv qovluğunda mövcud olan siyahısında İddiaçı (siyahıda olduğu kimi) adı göstərilmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 iyul 2025-ci il tarixli, 3-21-3-30/2-33051/2025 nömrəli məktubu ilə bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarında qeyd olunan əraziyə hər hansı digər fiziki şəxsin müraciəti barədə məlumat aşkar edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
19. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
20. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
21. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.
23. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
24. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1–ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddələrində müəyyən olunmuşdur.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
27. İddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılması faktı Bakı şəhər X5 İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli, 3/78 nömrəli qərarında göstərilənlərlə təsdiqlənir, belə ki, X2 və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 177 №-li kooperativ tərəfindən verilmiş 17 avqust 1990-cı il tarixli, 1 №- li orderdən görünür Bakı şəhər icraiyyə komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 nömrəli qərarına qərarına əsasən İddiaçı 177 №li BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 1754 A №-li bağ ayrılmışdır.
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuşdur.
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). Hazırda qeyd edilən hallar iddiaçıya münasibətdə müəyyən edilməmişdir.
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
31. Lakin cavabdeh sözügedən bağ sahəsinin sənədinin cavabdehin arxivində aşkar olmaması əsası ilə bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina etmişdir.
32. Məhkəmə cavabdehin imtina əsası kimi qeyd etdiyi digər əsası (“torpaq sahəsi ümumi ərazidə yerləşməsi, ara sərhədlərin mövcud olmaması, mərzçəkmə və hasarlanma işləri aparılmaması”) əsasını iddiaçının ziyanına şərh edilməməsi kimi qiymətləndirir.
33. Belə ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi.
34. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;”
35. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
36. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
37. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
38. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 28 fevral 2024-cü il tarixli, 2-1(112)-462/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev