Məhkəmə qərarları › İş №2-1(103)-2030/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2030/2024

01.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2030/2024 01.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarların ləğv olunması) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X1 ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2212/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli 01 nömrəli Xidmət Müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (sifarişçi) İddiaçı (icraşı) arasında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymət razılaşma protokolunda qeyd edilən işlərin yerinə yetirilməsinə dair müqavilə bağlanılmışdır.

2. 01 nömrəli Qiymət razılaşma protokolunun surətindən görünür ki, müqavilənin tərəfləri aşağıdakılar barədə razılığa gəldilər: 1. Monolit beton bünövrə - ölçü: kv.m; miqdarı: 1500; qiyməti manatla: 18; məbləğ manatla 27000 2. Beton döşəmə - ölçü: kv.m; miqdarı: 230; qiyməti manatla: 20; məbləğ manatla 4600.

3. xx.xx.2022-ci il tarixli 02/T/21 nömrəli Xidmət Müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC (sifarişçi) İddiaçı (icraşı) arasında “qaya daşından istinad divarların tikilməsi kub metr 20 azn” barədə müqavilə bağlanılmışdır.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X3 üzrə İdarəsinin "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 saylı qərarına əsasən vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 saylı qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2022-ci il gəlir vergisi üzrə 19.840,34 manat vergi hesablanmışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla vergi ödəyicisi İddiaçı barəsində sorğuda qeyd olunan (**********271200 saylı xx.xx.2023-cü il tarixli və **********8601100 saylı xx.xx.2023 cü il tarixli qərarların və həmin qərarların qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri) məlumatlar məhkəməyə təqdim edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının hüquqlarını pozan və əlavə pul vəsati tələb edilməsinə əsas olan 19 840.34 manat əlavə gəlir vergisinin hesablanmasının əsas olmuş və riskli vergi ödəyicisi hesab edilməyimizlə nəticələnmiş cavabdeh tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli **********860100 saylı "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar və 01 may 2023-cü il tarixli **********271200 saylı "vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" Qərarın, eləcə də 18 iyul 2023- cü il tarixli **********717000 saylı imtina məktubu üzrə inzibati aktların ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 01 may 2023-cü il tarixli **********271200 saylı “vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" Qərarı ilə iddiaçı riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. elə ki, AR NK-nin 28 iyul 2020-ci il tarixli “265" nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.1.. 3.1.1. yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarlar) müəyyən edilmişdir: ”2.1.1 bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda. 3.1.1. vergi ödəyicisilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə" Bundan sonra, cavabdeh 02 iyun 2023-cü il tarixli **********860100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarla kameral yoxlama ilə 2022-ci il üzrə 19 840.34 manat əlavə gəlir vergisi hesablanmışdır. Həmin inzibati aktlardan narazı qalaraq, iddiaçı xx.xx.2023-cü il tarixdə **********789500 saylı məktubla cavabdehə müraciət etmiş, riskli vergi ödəyicisi kimi siyahıdan çıxarılmağı xahiş etmişdir. Lakin 18 iyul 2023-cü il tarixli **********717000 saylı məktubla cavabdeh riskli vergi ödəyicisi kimi qeydiyyatdan çıxarmaqdan imtina etmişdir. Eləcə də xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək 2022-ci ilin gəlir vergisi hesabatını təqdim edərək və izahlı məlumatı təqdim edərək heç bir materialdan istifadə etməyərək tikinti qəlib və beton işləri üzrə sadəcə olaraq xidmət göstərilməsini qeyd etmişdir. Lakin cavabdeh hesabatları qəbul etsə də, azalma verməmiş və nəticə etibarilə qanunsuz inzibati aktlarla hüquqlarını pozmuşdur. Nəzərə alaraq ki, cavabdehin onu riskli vergi ödəyicisi hesab etməsi və 2022- ci il üzrə 19 840.34 manat əlavə gəlir vergisi hesablanması əsası guya onun təqdim etdiyi elektron-qaimə faktura üzrə satışda mal satışı olmasına baxmayaraq alış və idxal əməliyyatları olmaması müəyyən edilməsidir. Halbuki, onun göstərdiyi xidmətdir və xidmətlərin də alışı mövcud olmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» xx.xx.2003-cü il tarixli 5 nömrəli Qərarı ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətli və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktm qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin cavabdeh kameral vergi yoxlaması aktları əsasında qəbul olunmuş vergilərin hesablanması barədə qərarlarda qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən mübahisələndirilən qərarların hazırki iş üzrə mübahisələndirilən hissələrdə əsassız olduğu müəyyən edilir ki, bu da öz növbəsində həmin aktın və qərarın həmin hissələrdə ləğv edilməli olması qənaətinə gəlmək üçün məhkəməyə kifayət qədər əsas verir.

9. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilmişdir. Etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı (VÖEN: **********) Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 nömrəli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********860100 nömrəli qərarların və xx.xx.2023-cü il tarixli **********717000 saylı imtina məktubunun ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” . xx.xx.2023-cü il tarixli **********271200 nömrəli və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsi icraatınızda olan 2-1(112)- 2212/2024 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələbinə qarşı aşağıda qeyd olunan faktlara və hüquq normalarına əsaslanaraq etiraz edir: Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 51,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “monolit beton bünövrə, monolit beton, subasman betonu və s.” qeyd olunmasına baxmayaraq qeyd olunan mallar (iş, xidmət) qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuş və bununla əlaqədar barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 nömrəli Qərar qəbul edilmişdir. Kameral vergi yoxlamasına münasibətdə isə bildirmək istəyirlər ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi siyahısına daxil edilməsi, 2022-ci il ərzində e-qaimələr vasitəsilə 99351,72 manat dəyərində xidmətlərin göstərilməsinə baxmayaraq, təqdim edilmiş müvafiq ilin gəlir vergisi bəyannaməsinin gəlirlər sətrinin göstəricisiz əks etdirilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi" haqqında xx.xx.2023-cü il tarixli **********668100 nömrəli məktub göndərilmiş, müvafiq təsdiqedici sənədləri, ətraflı izahat məktubunu vergi orqanına təqdim etməklə yaranmış kənarlaşmanın aradan qaldırılması tələb olunmuşdur. Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubu və vergi bəyannaməsi təqdim edilmədiyindən, 2022-ci ilin gəlir vergisi üzrə 19840,34 manat ((99351,72- 150,00)*20%) vergi məbləği hesablanmışdır. Aparılmış hesablama ilə bağlı vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********860100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarı göndərilmişdir. Sonradan iddiaçı tərəfindən 2022-ci il üzrə dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim etmiş, həmin bəyannaməyə kameral qaydada münasibət bildirilmiş, nəticədə xx.xx.2023-cü il tarixli **********860100 nömrəli Qərar ləğv edilərək, eyni əsaslar üzrə xx.xx.2023-cü il tarixli **********458400 nömrəli Qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Vergi Məcəlləsinin: 13.2.69- cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 13.2.70- ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.71- ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri. 13.2.82- ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3- cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3- 1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1- ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2- ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 130.1ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 163.1.4-cü maddəsinə əsasən vergi ödəyicisi elektron vergi hesab-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi aparılır. İnzibati Prosessual Məcəlləsinin 32.1 -ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1 -ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2212/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əməliyyat o halda riskli hesab edilir ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi, yaxud da aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə malların təqdim edilməsi halı aşkar olunsun. Hazırki işdə isə bu halların heç biri müəyyən olunmur. Məhkəmə iş materiallarında olan sənədlərə əsasən qeyd edir ki, iddiaçı riskli əməliyyat aparmamışdır.

b)Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2212/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının fəaliyyəti, mal satış/ deyil, özünün cavabdeh inzibati orqana təqdim etdiyi izah məktubunda da qeyd etdiyi kimi, heç bir materialdan istifadə etməyərək tikinti qəlib və beton işləri üzrə sadəcə xidmət göstərilməsindən (məsləhət və göstərişlər) ibarət olmuşdur. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilə bilməsi üçün vergi ödəyicisi tərəfindən riskli və əmtəəsiz əməliyyatların əlamətləri olan əməliyyatlar rəsmiləşdirilməlidir və yalnız bundan sonra vergi orqanı tərəfindən həmin əməliyyatlar araşdırılaraq vergi ödəyicisinin riskli vergi ödəyicisi olması barədə qərar qəbul edilə bilər. Bununla əlaqədar bildirmək istəyirlər ki, aparılmış təhlillər zamanı vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə cəmi 51,2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda “monolit beton bünövrə, monolit beton, subasman betonu və s.” qeyd olunmasına baxmayaraq qeyd olunan mallar (iş, xidmət) qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir. Belə ki, qeyd olunan “monolit beton bünövrə, monolit beton, subasman betonu və s.” iddiaçı tərəfindən görülən xidmətlər kimi deyil, satılmış mallar kimi göstərilmiş, yəni “xidmət” əvəzinə “malın adı” qeyd edilmiş və qeyd olunan mallar qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında müəyyən edilməmişdir.Həmçinin bildirmək istəyirlər ki, araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş riskli elektron qaimə-fakturaların adında hər hansı dəyişiklik edilmədiyi, ləğv edilmədiyi və təqdim edilmiş elektron qaimə-fakturalara görə əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı müəyyən edilmişdir. Odur ki, araşdırmanın nəticəsi olaraq, riskli əməliyyatlar üzrə kənarlaşmalar tam aradan qaldırılmadığı üçün iddiaçının riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır.Məhkəmə qərarında qeyd etmişdir ki mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Bununla əlaqədar bildirmək istəyirlər ki, iddiaçı riskli vergi ödəyicisi olmasına baxmayaraq təqdim etdiyi bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Halbuki vergi qanunvericiliyində qeyd olunan güzəşt gəlir və xərclərinin uçotunu düzgün aparan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur və riskli vergi ödəyiciləri həmin güzəştdən istifadə hüququnu itirmiş sayılırlar. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

15. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

16. Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

18. Vergi Məcəlləsinin: 13.2.69- cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma. 13.2.70- ci maddəsinə əsasən vergidən yayınma sxemi - vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat. 13.2.71- ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri 13.2.82- ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 16.1.3- cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3- 1-ci maddəsinə əsasən “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 23.1.1- ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2- ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.1.1-ci və 24.1.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. 36.2-ci maddəsinə əsasən, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 67.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. 71.2-ci maddəsinə əsasən vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində (vergi öhdəliklərinin yaranmasına səbəb olan) göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlıvaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. 108-ci maddəsinə əsasən bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. 130.1-1-ci maddəsinə əsasən iqtisadi fəaliyyət sahələri üzrə vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 163.1.4-cü maddəsinə əsasən vergi ödəyicisi elektron vergi hesab-faktura verdikdən sonra vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar üzə çıxdıqda və bu cür dəqiqləşdirmə qanunvericiliyə müvafiq olaraq aparıldıqda vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi aparılır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1 inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.

23. Belə ki, Vergi Məcəlləsinin 70.1-ci və 70.2-ci maddələrinə əsasən vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.

24. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15)

25. Həmin Qanunun 27-ci maddəsinə əsasən alan aşağıdakı hallarda elektron sənədi göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.), elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır.

26. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda istinad olunan hüquq normalarına əsasən vergi orqanı tərəfindən elektron üsulla vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş qərar elektron imza ilə təsdiq edilməli və elektron sənədin həqiqiliyinin iddiaçı tərəfindən yoxlanılması imkanı mövcud olmalıdır. Əks halda həmin qərar, yəni vergi ödəyicisinin elektron kabinetinə elektron üsulla göndərilmiş elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar vergi ödəyicisinə çatdırılmamış hesab edilməlidir.

27. İş materiallarına əlavə edilmiş mübahisələndirilən qərar elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından, həmin qərar iddiaçıya çatdırılmış sayıla bilməz.Bu zaman həm də nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən mübahisələndirilən qərarın iddiaçıya sifarişli məktubla göndərilmədiyi işin təkzib olunmaz faktıdır.

28. İddia müddətinin axımı inzibati aktın, konkret mübahisəyə münasibətdə mübahisələndirilən qərarın iddiaçıya təqdim olunduğu vaxtdan başlayır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh tərəfindən inzibati aktın iddiaçıya qanunla müəyyən olunmuş qaydada təqdim olunduğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada təqdimetmənin mövcud olmadığı halda, müddətin ötürülməsi iddia oluna və bunun neqativ nəticələri iddiaçıya aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir.

29. İddia tələbinin mahiyyəti və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir:

30. İşin hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub ünvanlayaraq, 2022-ci il hesabat dövrü üçün gəlir vergisinin hesablanılmaı ilə bağlı olaraq həmin dövr üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin iddiaçı tərəfindən təqdim edilməsi tələb edilmişdir.

31. İş materiallarından görünür ki, vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər təqdim edilmədiyindən cavabdeh vergi orqanı tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 saylı qərarına əsasən vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.

32. Həmin qərarda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022- xx.xx.2022-ci il tarixdə cəmi 51.2 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "monolit beton bünövrə, monolit beton, subasman betonu və.s" satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunur.

33. İş materiallarında olan sənədlərdən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X3 üzrə İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********860100 nömrəli Qərarı ilə İddiaçı Abazalı oğluna 2022-ci ilin Bəyannamə və hesabat dövrü üçün vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 19.840,34 manat vergi məbləği hesablanmışdır. Həmin qərara əsasən qeyd edilmişdir ki, tərəfinizdən hesablama metodu ilə təqdim edilmiş “Gəlir vergisinin bəyannaməsi”nin 1200.1-ci (Malların təqdim edilməsindən gəlir) və 1200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 0 manat gəlir məbləği hesabat dövrü ərzində tərəfinizdən təqdim edilmiş online kassa aparatı ilə müəyyən edilən (0.00 manat), tərəfinizdən ixrac edilmiş (0.00 manat) və elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) ( 99351.72 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 99351.72 manat məbləğdən 99351.72 manat az əks etdirilmişdir. Nazirlər Kabinetinin 265 saylı Qərarının 2.1.1., 3.1.1-ci yanmbəndlərinə əsasən riskli vergi ödəyicisi siyahısına daxil edildiyiniz məlum olmuşdur ki, bu da kənarlaşmaların yaranmasına səbəb olmuşdur.

34. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli məktub ilə cavabdeh vergi orqanına müraciət edərək bildirmişdir ki, əlavədə qeyd olunan xidmət müqavilələrinə uyğun olaraq tikintinin qəlibi və beton konstruksiya işləri görülmüşdür. (heç bir materialdan istifadə edilməmişdir) Sadəcə xidmət göstərilmişdir. 2022-ci il gəlir vergisi hesabatında bunları nəzərə alınmasını xahiş etmişdir.

35. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh vergi orqanı tərəfindən xx.xx.2023-cü il tarixli **********860100 nömrəli Qərar ləğv edilərək, eyni əsaslar üzrə xx.xx.2023-cü il tarixli **********458400 nömrəli Qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli Qərarı ilə İddiaçı Abazalı oğluna 2022-ci ilin Bəyannamə və hesabat dövrü üçün kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı olaraq 19840,34 manat vergi məbləği hesablanmışdır. Həmin qərarın altıncı bəndində isə bu qərarla vergi orqanı tərəfindən qəbul edilmiş **********860100 nömrəli qərarın ləğv edildiyi qeyd edilmişdir.

36. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, "xxxx" MMC fiziki şəxs olaraq sahibkar İddiaçı 01 saylı xx.xx.2021 -ci il tarixdə “Xidməti müqavilə” bağlamış və İddiaçı Qarabağ bölgəsində beton tökmə işləri üzrə mütəxəssis olaraq məsləhət xidməti göstərmiş, tikintidə işləri üzrə texniki cəhətdən işin düzgün qurulması və həyata keçirilməsi üçün məsləhət və göstərişlər vermişdir. xx.xx.2023-cü il tarixli məktubla beton aldıqları şirkətlə əməliyyata dair sənədlər və İddiaçı ilə aparılmış əməliyyatlara dair sənədlər məhkəməyə təqdim edilmişdir.

37. Həmçinin İddiaçı şirkət tərəfindən beton almadığı qeyd edilmişdir.

38. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli məktubla cavab verərək bildirmişdir ki, "xxxx" MMC-nin fiziki şəxs İddiaçı ilə bağladığı 02/T/21 saylı xx.xx.2022-ci il tarixli “Xidməti müqavilə”yə əsasən İddiaçı qaya daşından istinad divarının tikilməsi üçün dəmir, beton və qəlib işləri üzrə xidmət göstərmişdir. xx.xx.2022-ci il tarixli “Xidməti müqavilə” üzrə tam olaraq ona tərəfimizdən ödəniş edilmişdir. Həmçinin bildirilmişdir ki, bu işlərin görülməsində lazımi mal-materiallar şirkət tərəfindən təmin edilmiş və bu barədə zəruri sənədləri xx.xx.2023-cü il tarixli məktuba əlavə etmişdirlər.

39. 02/T/21 saylı xx.xx.2022-ci il tarixli “Xidməti müqaviləsi” üzrə İddiaçı onlar tərəfindən monolit beton ümumiyyətlə alınmadığı qeyd edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının fəaliyyəti, mal satışı deyil, özünün cavabdeh inzibati orqana təqdim etdiyi izah məktubunda da qeyd etdiyi kimi, heç bir materialdan istifadə etməyərək tikinti qəlib və beton işləri üzrə sadəcə xidmət göstərilməsindən (məsləhət və göstərişlər) ibarət olmuşdur.

40. Apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə araşdırması nəticəsində də müəyyən olunmuşdur ki, iddiaçı hüquqi şəxslər üçün yalnız xidmət göstərmiş və hər hansı mal satışı həyata keçirilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura” sənədlərində də satılmış malların dəyəri deyil, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri göstərilmişdir.

41. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh inzibati orqan öz etiraz məktubunda qeyd etmişdir ki, “2022-ci il ərzində e-qaimələr vasitəsilə 99351,72 manat dəyərində xidmətlərin göstərilməsinə baxmayaraq, təqdim edilmiş müvafiq ilin gəlir vergisi bəyannaməsinin gəlirlər sətrinin göstəricisiz əks etdirilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur”.

42. Bununla bağlı məhkəmə qeyd edir ki, cavabdehin məhkəməyə təqdim etdiyi etiraz məktubunun məzmunundan da iddiaçı tərəfindən mal satışının həyata keçirilmədiyi və onun xidmətlər göstərdiyi müəyyən olunur.

43. Tətbiq olunan qanunvericiliyin tələblərinə görə hazırkı iş üzrə yalnız iki halda aparılmış əməliyyat riskli əməliyyat hesab oluna bilərdi: 1) elektron qaimə-fakturalar üzrə iddiaçının aldığı mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi; 2) iddiaçının aldığı malların həcmindən artıq həcmdə mallar təqdim etməsinin aşkar edilməsi.

44. Göründüyü kimi, əməliyyat o halda riskli hesab edilir ki, vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərilməsi, yaxud da aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə malların təqdim edilməsi halı aşkar olunsun. Hazırki işdə isə bu halların heç biri müəyyən olunmur.

45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

46. Göründüyü inzibati orqan müvafiq inzibati aktın qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi eləcə də, həmin inzibati orqanın (cavabdehin) üzərinə düşür. Göründüyü kimi, iddiaçının riskli vergi ödəyicisi olması bağlı müvafiq inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdeh inzibati orqan olan X3 üzrə Baş İdarənin üzərində olduğundan onun riskli vergi ödəyicisi olması üçün müvafiq əsasları sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Məhkəmə araşdırması ilə də müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan inzibati icraat zamanı həmin əsasların mövcudluğunu tam sübuta yetirmədən iddiaçının riskli vergi ödəyicisi olması barədə müvafiq qərarı qəbul etmişdir.

47. Məhkəmə Kollegiyası hesab edir ki, vergi orqanının mübahisələndirilən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********271200 nömrəli qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi, qərarın ləğvi üçün əsas olan qanun pozuntusuna yol verilmişdir.

48. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********458400 nömrəli qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir.

49. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı mübahisələndirilən inzibatı aktların qəbul edilməsinin hüquqi əsasını və mübahisələndirilən qərarların qanuniliyini də sübut edə bilməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının riskli əməliyyatlar aparan şəxs olmasını təsdiq edən dəlil və sübutları vergi qanunvericiliyinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun şəkildə məhkəməyə təqdim edə bilməmişdir. Nəticədə cavabdeh inzibati orqan tərəfindən qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir.

50. Məhkəmə Kollegiyası qeyd edir ki, inzibati akt ləğv edildikdə onun yaratdığı bütün hüquqi nəticələr də aradan qalxmış olur. Beləliklə də, iddiaçının riskli vergi ödəyiciləri siyahısına əlavə edilməni müəyyən edən qərar ləğv edildikdə, onun həmin siyahıdan çıxarılması da inzibati orqan tərəfindən icra edilməlidir.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

52. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

53. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2212/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2212/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar