Məhkəmə qərarları › İş №2-1(103)-2031/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2031/2021

05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2031/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-2029/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun 16.02.1977-ci ildən 25.07.1984-cü ilə kimi Lənkəran çay sovxozunda fəhlə peşəsində, 31.08.1987-ci ildən 01.02.1994-cü ilə qədər “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunda plastik-kütlə sexində presləyici peşəsində işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək onun 16.02.1977-ci ildən 25.07.1984-cü ilə kimi Lənkəran çay sovxozunda fəhlə peşəsində, 31.08.1987-ci ildən 01.02.1994-cü ilə qədər “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunda plastikkütlə sexində presləyici peşəsində işlədiyi illərin onun sosial sığorta stajına daxil olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, O, xx.xx.1959-cu il təvəllüdlüdür. 16.02.1977-ci ildən 25.07.1984-cü ilə kimi Lənkəran çay sovxozunda fəhlə peşəsində çalışmış, ilk dəfə ona əmək kitabçası 03.09.1987-ci il tarixdə açılmış və bu səbəbdən də, əmək kitabçasında 16.02.1977-ci ildən 25.07.1984-cü ilə kimi Lənkəran çay sovxozunda fəhlə peşəsində işlədiyi qeyd edilməmişdir. Nikaha daxil olduğu üçün 1984-cü ildə işlədiyi Lənkəran çay sovxozundan işdən azad olunmuşdur. 31.08.1987-ci il tarixdən 01.02.1994cü ilə qədər “Üfüq” İstehsalat Birliyinin “Radioquraşdırma” zavodunda birləşdirici peşəsində işləmişdir. 23.10.2007-ci il tarixdən hazırki vaxtadək “Radioquraşdırma” zavodunda plastikkütlə sexində presləyici peşəsində işləmişdir, halhazırda 61 yaşı var. 06.08.2020-ci il tarixdə o, 2 saylı “ASAN xidmət” mərkəzinə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün sənədlər təqdim etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-2029/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-2029/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-2029/2021 saylı qərarının ləğv olunması, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-2029/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan; -iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu ildə Lerik rayonu, Monidigah kəndində doğulmuş İddiaçı Bakı şəhəri, X10 küçəsi, yataqxana, ev 4A ünvanda qeydiyyatdadır. -İİİ-ЖГ seriyalı 296758 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X4 18.05.1984-cü ildə X5 ilə nikaha daxil olmuş və nikahdan sonra ona Qənbərova soyadı verilmişdir. -Azərbaycan Respublikasının Dövlət Arxivinin Lənkəran filialının 22.09.2020-ci il tarixli A/449 saylı arayışından görünür ki, X1 rayonu çayçılıq sovxozunun 16.02.1977-ci il tarixli 24 saylı əmri ilə sovxoza fəhlə qəbul edilmiş və 25 iyul 1984-cü il tarixdə başqa yerə köçdüyü üçün sovxoz fəhləliyindən azad edilmişdir. -“Radiolaşdırma” zavodu tərəfindən verilmiş ИT-İ seriyalı ******* nömrəli əmək kitabçasına dair arayışdan, həmin əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə edilmiş surətindən müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 31.08.1987-ci ildə “Radiotikinti” EİB Bakı Radiozavodu 9-cu instrumental sexinə 3-cü dərəcəli transportyor vəzifəsinə qəbul edilmiş, 01.03.1989-cu ildə SPTU-31 gözətçi vəzifəsinə keçirilmiş, 12.11.1992-ci ildə 18 saylı Quraşdırma-montaj sexinə 1-ci dərəcəli radioaparatların və naqillərin montajçısı vəzifəsinə keçirilmiş, 01.02.1994-cü ildə radioaparatların və naqillərin montajçısı üzrə 2-ci dərəcə verilmiş, 01.09.1994-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz istəyi ilə) işdən azad edilmiş, 23.10.2007-ci ildə “Radioquraşdırma” zavodunda plastik kütlə sexinə presleyici şagirdi qəbul edilmiş, 01.02.2008-ci ildə ona həmin sexdə 1-ci dərəcəli presləyici peşəsi verilmiş, 01.02.2010-cu ildə presləyici peşəsinin 2-ci dərəcəsi verilmiş və 07.03.2011-ci ildə presləyici peşəsinin 3cü dərəcəsi verilmişdir və hal-hazırda orada işləyir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” zavodunun 23.10.2018-ci il tarixli 09/02k saylı arayışından müəyyən edilir ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı 23.10.2007-ci ildən bugünə qədər “Üfüq” İB-nin Radioquraşdırma” zavodunda 3-cü dərəcəli presləyici işləyir və cəmi imtiyazlı iş stajı 10 il 07 ay 07 gün təşkil edir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətinə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz filialı tərəfindən verilmiş 08.09.2020-ci il tarixli imtina məktubuda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin birinci bəndinə əsasən iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 3 sentyabr 1987-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun ümumi iş stajı 20 ildən az təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 31.400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.932,64 manat təşkil edir. Bu səbəblərdən də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 29, 87-ci maddələrini, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67 və 69-cu maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1 və 3-cü bəndlərini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş arxiv arayışları da nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 10 il zərərli iş stajı 23.10.2017-ci il tarixdə tamam olmuşdur. Lakin iş materiallarından müəyyən olunduğu kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 31.400,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16.932,64 manat təşkil edir. Bu səbəblərdən də, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla (2017-ci ilin iyul ayında qüvvəyə minib) “Əmək pensiyaları haqqında” Qanunun 9.1 -ci maddəsinə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir. Hazırki halda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün cavabdehin imtinası əsaslı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-2029/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar