Məhkəmə qərarları › İş №2-1(103)-2031/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2031/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2031/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “müavinətin gəlir vergisinə cəlb olunmasının qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli e-2-1(112)- 3138/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Milli Gəlirlər Baş İdarəsi) və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra mətndə Dövlət Sosial Müdafiə Fondu) qarşı “müavinətin gəlir vergisinə cəlb olunmasının qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi SOCAR-ın “Azneft” İstehsalat Birliyi 28 may Neft və Qazçıxarma İdarəsi tərəfindən xx.xx.2023-xx.xx.2023-cü illər üzrə ödənilən birdəfəlik 16429,29 manat müavinətdən çıxılan 4304 manat məbləğində müavinətin tutularaq gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab olunması və 4304 (dörd min üç yüz dörd) manat müavinətin iddiaçıya Milli Gəlirlər Baş İdarəsi və Dövlət Sosial Müdafiə Fondu tərəfindən qaytarılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə təqaüdə çıxmaqla əlaqədar olaraq işdən azad edilməsi və SOCAR və ANNQSİHİRK arasında 2020 - 2023cü illər üçün sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta Aylıq əmək haqqının beş misli məbləğində müavinətin verilməsi barədə 28 May NQÇT-nin rəisi Şahəddin İsmayılova ünvanlanmış ərizənin cavabı olaraq, iddiaçıya birdəfəlik müavinət olaraq 16429 (on altı min dörd yüz iyirmi doqquz) manat məbləğində pul ayrılmış və həmin məbləğdən aşağıda qeyd olunan vergilər tutulmuşdur. İşsizlik ödənişi – işçidən 82,15 AZN, 3% ə/hdan DSMF-ə tutulma, Həmkarlar İttifaqından 164,29, gəlir vergisi olaraq 3.355,12 manat icbari tibbi sığorta olaraq 229,31 manat olmaqla vergilər tutulmuş və ona 12105,54 manat məbləğində pul ödənilmişdir. Bu məbləğ ona müavinət olaraq ödənildiyi üçün 12105.54 manat məbləğ ondan tutulmamalı və məbləğ tam şəkildə ona ödənilməli idi. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən yaşa görə əmək pensiya hüququ yarandığı üçün işdən azad edilməsi və işdən azad edilən zaman ona orta əmək haqqının beş misli həcmində ödənilən müavinətdən gəlir vergisi tutulması və bu haldan şikayətçidir və araşdırılmasını xahiş etmişdir. Bundan başqa Milli Gəlirlər Baş İdarəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhəri İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-17-5/2- 23721/2023 nömrəli məktubu ilə göndərilən onun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi (VÖEN: **********) tərəfindən yaşa görə pensiya çıxma ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətdən tutulan gəlir vergisi barədə xx.xx.2023-cü il tarixli müraciətinə baxıldığı, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinə əsasən əmək müqaviləsinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxslərin həmin filialı və ya nümayəndəliyinin habelə fərdi sahibkarların fəaliyyətinin ləğvi və işçilərin sayının və stajlarının ixtisar edilməsi ilə əlaqəqar olaraq əmək müqaviəsinə xitam verildikdə işçilərə habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə və vəfat edənin vərəsələrinə AR ƏM-nin müvafiq icra hakimiyyəti orqanlarının qərarları AR Qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar fiziki şəxslərin gəlir vergisindən azad olduğu bildirilmişdir. Buna əsasən müraciətdə göstərilən halda işçinin pensiya yaşına çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə ona ödənilən müavinətlər Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulan güzəşt tətbiq edilən gəlirlərə aid olmadığından həmin gəlirlər ümumi qaydada gəlir vergisinə cəlb olunurlar. Haqq hesab vəsiqəsindən göründüyü kimi xx.xx.2023-xx.xx.2023-cü il ərzində əmək haqqı dövründə iddiaçıya 16.429,29 manat məbləğində pul hesablanmışdır. Həmin məbləğə son haqq hesab və müraciət əsasında hesablanan müavinət daxildir. Hesablanma qaydası aparılarkən, ona ümumi məbləğindən vergi borcu tutulmaqla büdcəsinə 4000 (dörd min) manat əlavə məbləğ ödənilmişdir. Belə ki, müavinətdən rüsum tutulmamalı idi. Ondan 4304 manat məbləğində pulun İddiaçı geri qaytarımasına köməklik etməsinə dair xx.xx.2023-cü il tarixdə ərizə ilə DSMF-yə müraciət etmiş və alacağı cavab bəllidir. Bundan başqa cavabdeh SOCAR-ın “Azneft” İstehsalat Birliyi 28 may Neft və Qazçıxarma İdarəsindən daxil olmuş xx.xx.2023- cü il tarixli, 764/23 nömrəli sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçının təqaüdə çıxaması ilə əlaqədar SOCAR və ANQSİHİRK arasında bağlanmış 2020-2023-cü illər üçün sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə (Pensiya yaşına çatdıqda AR ƏM-nin 70-ci maddəsinin “a” və “b” bəndinə əsasən işçilər sərbəstlikdə onlara orta əmək haqqının 5 misli həcmində birdəfəlik və ya social dayanıqlığın təmin edilməsi məqsədilə qüvvədə olab Proqram üzrə müavinət vermək) əsasən orta əmək haqqının 5 msli məbləğində müavinət verilmişdir. Pensiya yaşına çatdığı üçün işçiyə verilmiş müavinətlərin gəlir vergisindən azad olunması Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulmadığı üçün həmin müavinət gəlir vergisinə cəlb edilməsi qeyd olunmuşdur. Hesab edir ki, Milli Gəlirlər Baş İdarəsi iddiaçıya ünvalanan cavab məktubunda müavinətin gəlir vergisindən azad olmasını tam açıq şəkildə bildirdiyi halda 4304 manat məbləğində iddiaçının pulunun vergiyə cəlb olunması qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli e-2-1(112)- 3138/2024 nömrəli qərardadı (hakim N.Abıyev) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin məhkəmə baxışına çıxarılmaqla rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iddia tələbini mümkünsüz hesab etməklə iddiaçının məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışdır. Məhkəmə iddiaçının iştirakını təmin etməli və onun hüquq və vəzifələrini izah etdiyi halda tərəfin ərizəsi alındığı tədqirdə bu məsələyə münasibət bildirməli olduğu halda iddiaçını bu hüquqdan məhrum etmiş və onun məhkəməyə müraciət etmək hüququnu pozmuşdur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndələri apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə iddiaçının tələbi təqaüdə çıxması ilə əlaqədar işdən azad edilməsi ilə bağlı ona birdəfəlik müavinət olaraq ayrılmış 16429 manat məbləğində puldan 4304 manat məbləğinin gəlir vergisinə cəlb edilməsinin qanunsuz hesab edilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 77-ci maddəsinin: -1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir. ... -3-cü hissəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: -6-cı maddəsinə əsasən dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; ... -150.1-ci maddəsinə əsasən vergi orqanında uçotda olan aşağıdakı şəxslər (vergi agentləri) ödəmə mənbəyində vergini tutmağa borcludurlar: 150.1.1. muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər; ... 150.3-cü maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər, fərdi sahibkarlar və xüsusi notariuslar: 150.3.1. bu Məcəllənin 150.1.1, 150.1.2, 150.1.8 və 150.1.17-ci maddələrinə uyğun olaraq fiziki şəxslərin hesablanmış aylıq gəlirinə gəlir vergisini hesablamağa və hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürməyə borcludurlar. Qanunvericilik normalarından aydın olduğu kimi fiziki şəxslərin gəlir vergisi onlara ödəmələri verən hüquqi şəxslər tərəfindən hesablanaraq, dövlət büdcəsinə ödənilir. İddiaçının hazırki cavabdeh inzibati orqanlara qarşı yönəlmiş olan tələbi həmin inzibati orqanlarla publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı olmayıb, işəgötürənlə onun arasında əmək münasibətlərinə xitam verilərkən yaranmaqla, əmək və vergi qanunvericiliyi ilə tənzimlənən bir mübahisədir ki, qanunvericiliyin tələblərinə görə bu cür iddialara inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 5.1-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli e-2- 1(112)- 3138/2024 nömrəli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli e-2-1(112)- 3138/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar