Məhkəmə qərarları › İş №2-1(103)-2032/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2032/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2032/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına qarşı “müraciətə cavab verilməsi” barədə iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6525/2021 saylı 04 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə ünvanlanmış müraciətə qanunamüvafiq cavab verilməsi və lazımi hərəkətlərin edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin 2(003)- 7780/2020 saylı 16.10.2020-ci il tarixli qərardadından verilən kassasiya şikayətinin baxılması ilə bağlı Bakı Apelyasiya Məhkəməsi tərəfindən edilən qanunsuz süründürməçiliyə son qoyulması və bunda təqsirkar olan şəxslərə qarşı qanunamüvafiq tədbirlərin görülməsi üçün hərəkətlər edilməsini cavabdehə təqdim olunmuş şikayətində xahiş etmişdir. Cavabdehin aparatının blankında tərtib olunmuş və onun bu bölməsinin vəzifəli şəxs olmayan əməkdaşı tərəfindən imzalanmış cavab məktubunda, onun şikayətinin araşdırılması üçün məhz şikayət verdiyi quruma göndərilməsi barədə 16.04.2021-ci il tarixli məktubun surəti ilə ona məlumat verilmişdir. Halbuki, cavabdehin bu məktubu həm formasına görə, həm mətninə görə qanunun tələblərinə uyğun deyil. Məktubun blankı cavabdehin adından deyil, hüquqi şəxs olmayan onun bölməsinin (aparatın) adından hazırlanılıb. Halbuki, Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın 11.3-cü bəndinə əsasən, blankda ancaq təşkilatın adı göstərilir - onun hüquqi şəxs olmayan bölmələrinin öz adından blankların tərtib edilməsi yolverilməzdir. Bununla yanası, məktub buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanılıb (vəzifəli şəxs olmayan məsləhətçi tərəfindən). Halbuki, “Vətəndaşların müraciətləri haqqında” AR-sı Qanunun 3.0.8-ci maddəsinə əsasən, “Müraciətə baxan subyektin vəzifəli şəxsi - müraciətə baxan subyektin rəhbəri, dövlət orqanında inzibati vəzifə tutan və hakimiyyət səlahiyyatləri olan şəxs, digər müraciətə baxan subyektlərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslərdir.” Müraciətinin araşdırılması üçün onu məhz şikayət verdiyi quruma göndərilməsi qanunvericiliyin tələblərinə əsasən qadağandır. Beləliklə qanunvericiliyin tələblərinə əsasən onun müraciətinə cavab olaraq intizam işinin bilavasitə özü tərəfindən başlanmasının mümkün hesab edilmədiyi halda, cavabdeh onu Ədliyyə Nazirliyinə göndərməlidir. Eyni zamanda bu barədə məlumat hakimin qiymətləndirilmə rəyinə daxil olunmalıdır. Bunun əvəzinə isə cavabdehin bölməsinin (aparatın) adından hüquqi qüvvəsi olmayan blankda, vəzifəli şəxs olmayan səlahiyyətsiz əməkdaş (məsləhətçi) tərəfindən məsələnin həllini məhz şikayət etdiyim quruma göndərir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6525/2021 saylı 04 iyun 2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: E.Əliyev) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və onun işi üzrə icraatın davam etdirilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, qərardadda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin məlum qərarında iş üzrə cavabdeh Məhkəmə-Hüquq Şurası inzibati orqan kimi müəyyən olunmamışdır. Halbuki, qərardadda istinad edilən Azərbaycan Respublikası NK-nin həmin qərarının V-ci bəndinə əsasən, burada sadalanmayan və qanunvericiliyə uyğun olaraq, inzibati akt qəbul etmək səlahiyyəti verilmiş bütün hüquqi şəxslər inzibati orqanlar kimi təsnif olunurlar və bu hal iddia ərizəsində və hakimə təqdim olunmuş müvafiq ərizəsində də öz əksini tapıb. Eyni zamanda, cavabdehin inzibati orqan olması və inzibati aktın qəbul etmək səlahiyyətin onda olması halı da iddia ərizəsində istinad edilən “Normativ hüquqi aktlar haqqında” AR Konstitusiya Qanunun və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanunun müddəaları ilə müəyyən edilir. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, İddiaçı cavabdehə ünvanlanmış müraciətə qanunamüvafiq cavab verilməsi və lazımi hərəkətlərin edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və qeyd etmişdir ki, iddia ərizəsində cavabdeh kimi göstərilmiş Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası inzibati orqan deyildir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası inzibati orqan kimi müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla nəticə etibarilə düzgün hüquqi nəticəyə gəlsə də, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Məhkəmə-Hüquq Şurası haqqında Azərbaycan Respublikası Qanununa əsasən Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin, hakimlərin və məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır. Məhkəmə- Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu qanun, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 4.1-ci maddəsinə əsasən, Məhkəmə-Hüquq Şurasının qərarları Azərbaycan Respublikasının normativ xarakterli aktları kimi hesab olunur. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Məhkəmə-Hüquq Şurası inzibati orqan kimi siyahıda qeyd olunmasa da, həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə siyahıda adı çəkilməyən digər orqanlar inzibati hüquq müstəvisində fəaliyyətini həyata keçirdiyi zaman inzibati orqan kimi çıxış etməsinə əsas yaradır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə müraciət edərək Bakı Apelyasiya Məhkəməsinin 2(003)-7780/2020 saylı 16.10.2020-ci il tarixli qərardadından verilən kassasiya şikayətinin baxılması ilə bağlı Bakı Apelyasiya Məhkəməsi tərəfindən edilən qanunsuz süründürməçiliyə son qoyulması və bunda təqsirkar olan şəxslərə qarşı qanunamüvafiq tədbirlərin görülməsi üçün hərəkətlər edilməsini xahiş etmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə-X1 16.04.2021ci il tarixli 1/R-45 nömrəli məktubundan müəyyən olunur ki, iddiaçının müraciəti cavablandırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş və bu barədə iddiaçıya məlumat verilmişdir. İddiaçının müraciəti kassasiya şikayətinin baxılması ilə əlaqədar olduğundan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə həmin Məcəlləsinin 405-ci maddəsində göstərilən kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilir. Həmin Məcəllənin 421-2.1ci maddəsinə əsasən işə kassasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4-cü və 265.5-ci maddələrində nəzərdə tutulmuş hallarda, habelə işə birinci və apelyasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. Həmin Məcəllənin 421-2.2-ci maddəsinə əsasən hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir. Göründüyü ki, iddiaçının verdiyi kassasiya şikayətinə Ali Məhkəmədə baxılarkən müraciətində göstərdiyi hallar öz təsdiqini taparsa intizam icraatı başlanılır və qanunamüvafiq tədbirlər görülür. Hazırki halda cavabdeh tərəfindən iddiaçının müraciətinə müvafiq cavab verilmiş və iddiaçının hər hansı hüququnun pozulması müəyyən olunmamışdır. İddiaçı isə qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilməmişdir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6525/2021 saylı 04 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar