Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2032/2023 12.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 oğlunun və digərlərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi və sair” iddia tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı14, İddiaçı5 İbrahi, İddiaçı6, İddiaçı15, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12 və İddiaçı13 (bundan sonra – iddiaçılar) cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli, 1-706/2- 003/2 saylı məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq hər iddiaçıya 10.000 manat pul tutulması və Bakı şəhər Yasamal Rayon Polis İdarəsinin piketin keçirilməsinə dair müdaxiləsinin qanunsuz hesab edilməsini xahiş etmişlər. İddia tələbi bununla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində yerləşən “Uğur” market adlı ticarət obyektinin sahibi X1 tərəfindən ticarət obyektinə dair satılan mallara kassa aparatlarının olmasına baxmayaraq hər hansı bir kassa çeki verilmir, bununla da dövlət büdcəsinə ödənilməli olan vəsaitlərdən açıq aşkar yayınmalar baş verir. Dəfələrlə rəsmi qurumlara müraciət etsələr də, müraciətlərə vergi orqanlarının biganəliyi onları məyus edir. Həmin orqanın VÖEN-i **********-13001-dir. Məcburiyyət qarşısında qalıb piket keçirmək qərarına gəlmişlər. Bakı şəhər İcra Hakimiyyəti 08 dekabr 2022-ci il tarixli məktubla bildirmişdir ki, onların Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş, piket keçirilməsi haqqında müraciətlərinə baxılmış, planlaşdırdıqları piketin keçirilməsini məqsədəuyğun hesab etməmişlər. Eyni zamanda Bakı şəhər Yasamal rayon Polis İdarəsi şifahi olaraq telefonla icazəsiz aksiya keçirəcəkləri təqdirdə məsuliyyət barədə xəbərdar etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş edilmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin məktubunun hüquqi əsası yoxdur və bu faktiki olaraq sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması deyilqadağan edilməsidir. 2-ci cavabdehin hərəkətləri həmçinin əsassızdır və sərbəst toplaşmaq azadlığına müdaxiləsi həmçinin Konstitusiyanın 49, 71-ci maddəsinə ziddir. Digər tərəfdən isə cavabdeh Bakı şəhər İcra Hakimiyyəti qətnaməni icra edən qurum deyil və vəzifəsi sərbəst toplaşmaq haqqında aksiyanı razılaşdırmaqdır. Həmin iddianın baxılmasından imtina edilməsi (iddianın mümkün sayılmaması) yuxarıda göstərilən əsasla idiaçının Konstitusiya və Azərbaycan Respublikası Konstitusiyasının tərəfdar çıxdığı beynəlxaq Konvensiyalara ziddir. Vurulmuş mənəvi zərərlə bağlı cavabdehə müraciət olunma əsası ilə iddianın mümkün hesab edilməməsi ümumiyyətlə heç bir qanunla əsaslandırılmamışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, aşağıdakı əsaslara görə apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar İşin hallarından görünür ki, iddiaçılar piket keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıların bu tələbini məqsədəuyğun hesab etməyək, müraciətin təmin edilməsindən imtina etmişdir. İş materiallarından aydın olur ki, iddiaçılar piket keçirməklə bağlı tələblərinin əsası kimi “Uğur” marketin sahibinin satılların malların kassaya vurulmamasını və bununlada vergidən yayınmasını göstərirlər. Göründüyü kimi, iddiaçılar fəaliyyət göstərən vergi ödəyicisi tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarını pozulmasından narazıdırlar. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata kecirilməsi ücün əsaslar aşağıdakılardır: 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; Qeyd edilən normalardan görünür ki, iddiaçıların arzuladıqları məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi piket keçirmək deyil, müvafiq yoxlama tədbirlərinin həyata keçirilməsi üçün bu sahədə nəzarəti həyata keçirən inzibati orqana müraciət edilməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmin qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Odur ki, birinci instansiya məhkəməsinin haqlı mövqeyi ilə razılaşan Kollegiya apellyasiya şikayətinin bu hissədə əsassız olduğunu hesab edir. Bundan başqa iddiaçılar apellyasiya şikayətində mənəvi zərərlə və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin piketin keçirilməsinə dair müdaxiləsinin qanunsuz hesab edilməsi ilə əlaqədar iddia tələblərinin mümkünsüz hesab edilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadıqlarını, məhkəmə qərardadının əsassız olduğundan ləğv edilməsini xahiş etmişlər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi, digər mümkünlük şərtləri ilə yanaşı inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün tələb olunan mümkünlük şərtlərindən biri zərərçəkmiş şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməsidir İş materiallarından və məhkəmə araşdırmalarından iddiaçıların mənəvi zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməsi müəyyən olunmamışdır. İddiaçıların Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin piketin keçirilməsinə dair müdaxiləsinin qanunsuz hesab edilməsi ilə bağlı tələblərinə gəldikdə isə birinci instansiya məhkəməsi haqlı olaraq iddianı bu hissədə də mümkünsüz sayaraq qərarında qeyd etmişdir ki, ......“iddia ərizəsindən görünür ki, iddiaçının üçüncü tələbi, yəni piketin keçirilməsinə dair müdaxilənin qanunsuz hesab edilməsi Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə yönəlmiş iddia olsa da, iddia ərizəsində cavabdeh qismində həmin orqan deyil, yalnız Bakı Şəhər İcra Hakimiyyəti göstərilmişdir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarının 2.3-cü bəndində qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçıların apellyasiya şikayəti formal mülahizlərdən ibarət olduğundan və apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və ya əsassız olmasına dair hər hansı sübut və ya hal aşkar edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçıların apellyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6175/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən : Mirzə Tağızadə Hakimlər : Kamran Əkbərov Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-2032/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2032/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver