Məhkəmə qərarları › İş №2-1(103)-2033/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2033/2021

23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2033/2021 23.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Xəyalə Cəmilova Adil qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Bakı şəhəri Cavabdeh1ə, Cavabdeh2 İB-yə, "xxxx" ASC-yə qarşı AR FHN Tikintidə X3 Agentliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla zərərin ödənilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3872/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərardadından İddiaçı4 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X1, İddiaçı4 və X5 cavabdehlər Bakı şəhər Cavabdeh1ə, Cavabdeh2nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlərdən ödənilən gün qüvvədə olan -məzənnəyə uyğun olaraq, 3.334.338 ABŞ dolların (bu məbləğin 5.970 ABŞ dollarının müştərək qaydada Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmaqla), yəni 5.668.374 manatın (bu məbləğin 10.150 manatının Cavabdeh2 və "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutulmaqla) tutulması və həmin məbləğin 2/5-nin, bərabər paylarla olmaqla, İddiaçı1 və İddiaçı2, 1/5nin, bərabər paylarla olmaqla, X4 və İddiaçı4, 1/5-inin İddiaçı3, 1/5-i X5na ödənilməsi, məhkəmə xərclərinin (vəkillərin əmək haqqı (510 manat və bundan sonra da çəkiləcək xərclər) cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İş birinci instansiya məhkəməsində olarkən cavabdeh Bakı şəhər Cavabdeh1 vəsatət verərək hal-hazırda iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı4 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın və s. ləğv edilməsinə dair” iddia tələbi Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin hakimi G.Əsədovanın icraatında olduğunu bildirmiş və mülki iş üzrə mübahisə predmetinə dair qəbul edilənədək məhkəmə aktının hüquqi nəticəsinin hazırkı iddia tələbinə təsirini nəzərə alaraq iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3872/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı4 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın və s. ləğv edilməsinə dair” iddia tələbinə dair iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmışdır. Qərardaddan narazı qalan İddiaçı4 apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardadını əsaslandırarkən, qərardadın əsaslandırma hissəsində göstərməliydi ki, Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı4 və qeyrilərinə qarşı “Alqı-satqı müqaviləsinin, çıxarışın və s. ləğv edilməsi” tələbinə dair iş, indiki işə, yəni, “İddiaçı3, İddiaçı5, İddiaçı4 və X2 cavabdehlər Bakı şəhər Cavabdeh1ə, Cavabdeh2nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb olunmaqla “zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə icraat”a necə təsir edə bilər? Bu təsirin nədən ibarət olduğu izah edilməli və işlərin bir-birindən qarşılıqlı asılılığı, Nərimanov Rayon Məhkəməsininin icraatında olan işin indiki işin obyektiv araşdırılmasına mane ola biləcək halları izah edilməli idi. Hakim isə bunu etməmiş, sadəcə, məlumat xarakterli bir cümlə yazmaqla və qanundan iqtibas gətirməklə işini bitmiş hesab etmişdir. Ancaq “o iş bu işə necə təsir edə bilər?” sualına aydınlıq gətirməmiş. Bəli, hər iki iş arasında tərəflər, mübahisə predmeti və tələblər baxımından müəyyən zahiri oxşarlıqlar və əlaqələr var. Ancaq bu zahiri oxşarlıqlar və əlaqələr işlərin müstəqil baxılmasına qətiyyən mane olmur və ola da bilməz. Çünki işlərin hüquqi və faktiki əsasları tamamilə fərqlidir. Yuxarıda qeyd etdiyim kimi, hər iki iş arasında tərəflər, mübahisə predmeti və tələblər baxımından müəyyən zahiri oxşarlıqlar və əlaqələr olsa da, onların bir-birinə təsir etməsi və ya bir-birindən asılı olması barədə məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin və üçüncü şəxsin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. İddiaçı1 və qeyrilərinin iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçılar mülkiyyətlərində olan yaşayış və qeyri-yaşayış sahələrindən ibarət olan daşınmaz əmlaklara dəymiş zərərin əvəzi kimi 3.334.338 ABŞ dolları ödənilməsini tələb edirlər. İddia ərizəsinin 5-ci bəndindən (dəymiş zərərin ümumi məbləği barədə) müəyyən olunur ki, tələb olunan 3.334.338 ABŞ dolllarının 2.235.897 ABŞ dollarını mülklərin ümumi dəyəri təşkil edir. İş materiallarından müəyyən olunur ki, Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə isə iddiaçı "xxxx" MMC cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı, “alqısatqı müqaviləsi, çıxarışlar və sair ləğv edilməsinə dair “iddia tələbi ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə iddiacıların mülkiyyət hüququnu mübahisələndirirlər. Göründüyü kimi iddiaçılar ümumi zərərin tərkib hissəsi olan 2.235.897 ABŞ dollarını mülkiyyət hüququna əsaslanaraq tələb edirlər ki, bu hüquq da diğər bir məhkəmə icraatında mübahisələndirilir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə məhkəmənin qərarı iddiaçı "xxxx" MMC-nin iddiaçılara qarşı irəli sürdüyü iddia tələbi üzrə işin nəticəsindən birbaşa əlaqəli olduğundan iş üzrə icraat dayandırılmalıdır. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası bu mənada apelyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Beləliklə, işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2, 7.2 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı4 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3872/2021 saylı, 21 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakim: Xəyalə Cəmilova Hakim: Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar