Məhkəmə qərarları › İş №2-1(103)-2033/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2033/2023

04.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2033/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10192/2022 saylı 13 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçının PT-İ ******* nömrəli əmək kitabçasına əsasən o, Ermənistan SSR Amasiya rayon İcraiyyə Komitəsinin RXTŞ-də xx.xx.1979-cu ildən ümumtəhsil məktəblilərinin filmoteka texniki təlimatçısı, xx.xx.1981-ci ildən filmotekanın direktoru, xx.xx.1983-cü ildən xx.xx.1988-ci ilə qədər pionerlər evinin müdiri vəzifəsində, RSFSR Krasnador diy. Vıselkovsk rayonu “Rusiya” kolxozunda xx.xx.1988-xx.xx.1988-ci illərdə fəhlə, “Mejkolxozsovxozsad” Vıselkovsk birliyində xx.xx.1988-xx.xx.1990-cı illərdə tikiti briqadasında fəhlə, Bakı kondisoner zavodunda xx.xx.1990-cı ildən ştamplama sexində kontakt qaynaq maşınlarında 2-ci dərəcəli qaynaqçı, xx.xx.1990-xx.xx.1990-cı illərdə həmin sexdə kontakt qaynaq maşınlarında 3-cü dərəcəli qaynaqçı, MNU Bakı təsərrüfat müəssisəsində xx.xx.1990-cı ildən usta, xx.xx.1991-cı ildən BTM baş iş icraçısı kimi, Mənzil-Kommunal Təsərrüfat Komitəsi XİTQİ-də xx.xx.1992-xx.xx.1997-ci illərdə idarənin adının və strukturunun dəyişməsi ilə əlaqədar olaraq baş mühəndis vəzifəsində, Bakı su kəməri İstehsalat İdarəsində xx.xx.1998-ci ildən texniki nəzarət qrupunda mühəndis, xx.xx.2002-ci ildən əsaslı tikinti idarəsində aparıcı mühəndis vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 252 nömrəli sərəncamına əsasən X5 Su Cəmiyyəti "xxxx" Səhmdar Cəmiyyət adlandırılmışdır. xx.xx.2011-ci ildən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İdarə aparatının Tikinti departtamentinin Tikinti və təmirə texniki nəzarət şöbəsində 11-ci dərəcə ilə aparıcı mühəndis, xx.xx.2011-ci ildən Tikinti departamentinin Əsaslı tikinti şöbəsində 11-ci dərəcə ilə mühəndis, xx.xx.2011-ci ildən əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi ilə əlaqədar təsdiq edilmiş ştat cədvəlinə uyğun olaraq Tikinti departamentinin əsaslı tikinti şöbəsində 12-ci dərəcə ilə mühəndis, xx.xx.2013-cü ildən 12-ci dərəcə ilə Təmir-tikinti şöbəsində mühəndis, xx.xx.2015-ci ildən 13-cü dərəcə ilə Təmir-tikinti şöbəsində mühəndis, xx.xx.2017-ci ildən 14-cü dərəcə ilə Təmir-tikinti şöbəsində mühəndis vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixli qeydə əsasən hal-hazırda həmin vəzifədə əmək fəaliyyətini davam etdirir. Cavabdehin iddiaçıya ünvanladığı 10 iyun 2022-ci il tarixli **********2 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı xx.xx.2022-ci il tarixindən avtomatlaşdırılmış qaydada 443,10 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilən sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 20 il 1 ay sığorta stajı və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 44748,47 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixindən 451,75 manata çatdırılmışdır. Onun adına tərtib olunmuş əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialının xx.xx.2022-ci il tarixli arayışına əsasən Mənzil-Kommunal Təsərrüfat Komitəsi XİTQİ-nin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Qeyd olunanlara əsasən sözügedən dövrlərin sığorta stajına əlavə edilməsi mümkün hesab edilmir. Ötən dövr üzrə yaranmış (xx.xx.2022-ci il tarixindən) fərq məbləği cari pensiyanın üzərinə əlavə edilməklə ona ödəniləcəkdir. VC 063198 nömrəli hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olmuşdur. İV 046553 nömrəli diplomun surətinə əsasən iddiaçı 1975-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsində təhsil almışdır. Cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********9 nömrəli qərarına əsasən xx.xx.2022-ci il tarixdə yaşa görə pensiya təyin olunmuş İddiaçı xx.xx.2022-ci il tarixdə pensiya məbləği yenidən hesablanaraq (təyinatdan əvvəlki 443,10 manat) 451,75 manat olmuşdur. Qeyd: xx.xx.1990-xx.xx.1997-ci illər sığorta stajına daxil edilməmişdir (sənədlər dövlət arxivinə təhvil verilməmişdir). Qeyd olunan hesablamalar ilə razılaşmayan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək xx.xx.1975-ci il - 4 ay, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər və xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilədək 7 il 4 ay müddətində MKTK-nin nəzdində XİTQİ-də işlədiyi müddətlər nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının yenidən hesablanıb ona verilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə Ermənistan Respublikası, Amasya rayonu, Əzizbəyov kəndində anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika riyaziyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 4 ay Universitetdə oxuduqdan sonra xx.xx.1975-ci il tarixdə hərbi xidmətə getmişdir. 1977-ci ilin dekabr ayında hərbi xidməti başa vuraraq 1978-ci ilin yanvar ayından təhsilini davam etdirmişdir. 1979-cu ilin sentyabr ayından həmin Universitetdə qiyabi təhsil almağa başlamışdır. Əmək fəaliyyətinə xx.xx.1979-ci il tarixində Ermənistan Respublikası, Amasya rayonunun Təhsil şöbəsində başlamış, 1990-ci il tarixədək müxtəlif yerlərdə fərqli vəzifələrdə işləmiş, xx.xx.1990-cı ildən xx.xx.1997-ci il tarixədək Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində Xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində baş mühəndis işləmişdir (7 il 4 ay). 1998-ci ilidən "xxxx" ASC-də işləyir. xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasına çıxmışdır. Lakin ona verilən pensiya əmək stajına uyğun olaraq hesablanmamışdır. Belə ki, Fond onun 9 il 4 ay əmək stajını hesablamamışdır (2 il 4 ay əyani təhsili və 7 il 4 ay Azərbaycan Respublikası Mənzil Kommunal Təsərrüfat Nazirliyinin nəzdində xüsusi İxtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində işləməyi). Bu barədə AR ƏƏSMN-nin DSMF-na müraciət etməyinə baxmayaraq Fonddan ona əsassız olaraq pensiyası ilə bağlı düzəliş edilməmişdir. Bununla bağlı Fonddan ona xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Belə ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Mənzil-Kommunal Təsərrüfat Komitəsi XİTQİ-də işlədiyi müddət mübahisələndirilən sosial sığorta stajıdır. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 443.10 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu illər də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 20 il 1 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 44748.47 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 451.75 manata çatdırılmışdır. Belə ki, iş üzrə Fondun Arxiv və Sosial ödəniş işlərinin inventarlaşdırılması üzrə mərkəzi filialın xx.xx.2022-ci il tarixli ********** nömrəli məktubunda “Mənzil-Kommunal Təsərrüfat Komitəsinin Xüsusi ixtisaslı Tikinti Quraşdırma İdarəsi”-nin iş qovluğunun içərisində 1992ci il tarixdən xx.xx.1897-ci il tarixədək hesabat məlumatlarının aşkarlanmadığı qeyd olunmuşdur. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də, mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırki işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli **********26 nömrəli cavab məktubunda Mənzil-Kommunal Təsərrüfat Komitəsinin Xüsusi İxtisaslı Tikinti Quraşdırma İdarəsi barədə hər hansı məlumatın olmadığı qeyd olunmuşdur. Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********041200 nömrəli məktubunda qeyd olunan müəssisənin qeydiyyatdan keçməsi barədə məlumatın mövcud olmadığı göstərilmişdir. İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Mənzil-Kommunal Təsərrüfat Komitəsi XİTQİ-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək pensiyanın yenidən hesablanması qanunamüvafiq hesab olunmur. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10192/2022 saylı 13 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.1975-xx.xx.1975-ci il və xx.xx.1978-xx.xx.1979cu illərdə təhsil aldığı dövrlər və xx.xx.1990-xx.xx.1997-ci illərdə Mənzil Kommunal Təsərrüfat Komitəsinin Xüsusi ixtisaslaşdırılmış Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cavabdehin etirazdakı dəlillərə uyğun əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 say qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətinii müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericililikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericilidə müəyyən olunmuş hallar istisna olmaqla sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respıblikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.1-cüü maddələrinin şərh edilməsinə dair 15 nay 2020 -ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında razlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələr əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Göründüyü kimi, səxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiy həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. “Ali təhsil pilləsinin dövlət standartı və proqamı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli 79 nömrəli Qərarının 5.4-cü maddəsinə əsasən ali təhsil pilləsində əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternt) təhsilalma formaları müəyyən edilir. 2006-cı ilin 1 yanvar tarixədək bitmiş əyani təhsil müddəti həmin tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə uyğun olaraq sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Azərbaусап Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarınır 8-ci bəndinə əsasən ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddəti göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı təhsil aldığı dövrlərin onun stajına daxil edilməsi mümkünsüzdür, lakin xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Mənzil-Kommunal Təsərrüfat Komitəsini Xüsusi İxtisaslı Tikinti Quraşdırma İdarəsində işlədiyi müddət sonradan qəbul edilən xx.xx.2023-cü il tarixli qərarda nəzərə alınaraq, iddiaçıya artıq müvafiq pensiya təyinatı aparılaraq ödənilir, bu tələblə bağlı tərəflər arasında mübahisə yoxdur. Bununla bağlı cavabdehin nümayəndəsi iddiaçının 1990-1997ci illərin onun stajına daxil edilməklə pensiyasının yenidən hesablanması barədə tələbinin təmin olunduğunu nəzərə alaraq həmin tələb üzrə icraata xitam verilməsini, lakin birinci instansiya məhkəməsinin qərarının “iddiaçının təhsil aldığı dövrün onun stajına daxil edilməsi və pensiyasının həmin müddət nəzərə alınmaqla yenidən hesablanması” tələbinin təmin edildiyi hissədə ləğv edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq, hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 21 iyun 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək onun təmin olunmamasını və birinci instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin faktiki hallarına görə, iddiaçıya xx.xx.2006-cı il tarixədək 20 il 1 ay sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmaqla, xx.xx.2022-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, xx.xx.2022-ci il tarixdə isə pensiyası yenidən hesablanmışdır. Hazırda iddiaçı onun pensiyasının yenidən hesablanması ilə narazıdır və hesab edir ki, cavabdeh qurum onun pensiyasını hesablayarkən xx.xx.1975-xx.xx.1975-ci il, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər təhsil aldığı dövr və xx.xx.1990-cı ildən xx.xx.1997-ci ilədək 7 il 4 ay müddətində MKTK-nin nəzdində XİTQİ-də işlədiyi müddətləri də nəzərə almalı idi. Apellyasiya baxışı zamanı cavabdeh orqan məhkəmə kollegiyasına 21 iyun 2023-cü il tarixli 3-17-1/2-141353/2023 nömrəli məktub ünvanlayaraq bildirmişdir ki, iddiaçının pensiya məbləği yenidən hesablanaraq, xx.xx.2023-cü il tarixdən 518,35 manata çatdırılmış, iddiaçının əmək stajı barədə sənədlərinə yenidən baxılaraq, hərbi xidmət dövrü və əmək kitabçasında qeyd olunan bütün illər sığorta stajına daxil edilmiş, yenidən əmək pensiyasının məbləği hesablanmış və iddiaçının əmək pensiyası 538,97 manata çatdırılmışdır (ümumilikdə sığorta stajı 43 il 1 ay 19 gün təşkil edir.) Ötən dövr üzrə hesablanmış 288,78 manat fərq məbləği iyun 2023-cü ilin ödənişində cari pensiyanın üzərinə əlavə olaraq İddiaçı ödənilmişdir. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Mənzil-Kommunal Təsərrüfat Komitəsini Xüsusi İxtisaslı tikinti quraşdırma İdarəsində işlədiyi müddət də hesablamada nəzərə alınmışdır. Bu hesablamaların yenidən aparılması ilə bağlı cavabdehin nümayəndəsi məhkəmə iclasında xx.xx.2023-cü il tarixli qərarı və alt sistemdən çıxaşırı təqdim etmişdir. Cavabdeh qurumun təqdim etdiyi sənədlərə baxış keçirilərkən müəyyən olunmuşdu ki, həqiqətən də iddiaçıya təyin edilmiş pensiya xx.xx.2023-cü il tarixli qərarla yenidən hesablanmış və bu hesablamalarda onun hazırki iş üzrə tələb etdiyi dövrlər- xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək olan iş stajı da nəzərə alınmışdır. Yəni, iddiaçının həmin hissədə iddia tələbi cavabdeh orqan tərəfindən təmin edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə icraata “İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Mənzil-Kommunal Təsərrüfat Komitəsinin Xüsusi İxtisaslı Tikinti Quraşdırma İdarəsində işlədiyi müddətin nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması” hissəsində xitam verilmişdir. Məhkəmə kollegiyası iddiaçının “xx.xx.1975-xx.xx.1975-ci il, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər təhsil aldığı dövrün nəzərə alınmaqla pensiyasının yenidən hesablanması” barədə tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdehin Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı pensiya təyin edilərkən təqdim etdiyi diplomun surətinə əsasən təhsil illəri sığorta stajında nəzərə alınmamışdır. Vətəndaşın təhsil illəri ilə üst-üstə düşən xx.xx.1975-ci il tarixindən xx.xx.1977- ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək əmək fəaliyyəti dövrü sığorta stajında nəzərə alınmışdır. Vətəndaş əyani təhsil alması barədə arayış təqdim etdiyi təqdirdə digər fəaliyyət dövrləri ilə üst-üstə düşməyən təhsil illəri sığorta stajında nəzərə alınacaqdır. Birinci intansiya məhkəməsinin sorğusuna əsasən Bakı Dövlət Universitetinin xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, İddiaçı 1975-ci il 05 iyul tarixli 209 n/c nömrəli əmrlə Mexanika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunmuş, 1983-cü il 09 iyul tarixli 3/337 nömrəli əmrlə həmin fakültənin qiyabi şöbəsini “Riyaziyyatçı, müəllim” ixtisası üzrə bitirmiş və ona 1983-cü il 29 sentyabr tarixində qeydiyyat nömrəsi 665 olan İV seriyalı 046553 nömrəli adi diplom verilmişdir. Birinci intansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh orqan xx.xx.2022-ci il tarixdə **********9 nömrəli məktubu ilə İddiaçı 950680 nömrəli yaşa görə pensiya işinin surətini məhkəməyə təqdim etmişdir. İddiaçının pensiya işinin materialları nəzərdən keçirilərkən məlum olmuşdu ki, həqiqətən də iddiaçıya pensiya təyin olunarkən və onun yenidən hesablamaları aparılarkən iddiaçının ümumilikdə təhsil aldığı 1975- 1983-cü illərin onun hərbi xidmət və iş stajı ilə üst-üstə düşən dövrləri- xx.xx.1975-ci il tarixindən xx.xx.1977- ci il tarixinədək hərbi xidmət dövrü, xx.xx.1979-cu il tarixindən xx.xx.1983-cü il tarixinədək əmək fəaliyyəti dövrü nəzərə alınmışdır. Lakin iddiaçının həmin təhsil aldığı dövrün digər əmək fəaliyyəti və s. ilə üst-üstə düşməyən və sırf təhsil aldığı- xx.xx.1975-ci ildən xx.xx.1975-ci ilə qədər, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər olan müddət onun pensiyasının yenidən hesablamaları aparılarkən nəzərə alınmamışdır. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları” haqqında SSRİ Qanunun 1-ci maddəsinin “v” bəndinə əsasən ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmçinin 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, qanunvericilikdə iş stajında nəzərə alınan təhsil müddəti yalnız əyani təhsil forması ilə məhdudlaşdırılmamışdır. Lakin cavabdeh orqan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarının 8-ci bəndinə istinad edərək göstərmişdir ki, həmin maddənin tələbinə görə, ali, orta ixtisas və peşə texniki tədris müəssisələrini bitirmiş şəxslərin əyani təhsil müddəti, habelə aspirantura, doktorantura və klinika ordinaturasında, kadr hazırlayan, ixtisasını artıran və yeni ixtisas verən məktəb və kurslarda təhsil müddəti diplom, vəsiqə, şəhadətnamə, eləcə də təhsil müddətləri göstərilməklə arxiv məlumatlarına əsasən verilən arayış və digər sənədlərə əsasən təsdiq olunur. Sənədlərdə belə məlumatlar olmadıqda təhsil müddətini təsdiqedici sənəd kimi həmin təhsil müəssisələrində müvafiq illərdə əyani təhsil müddəti barədə verilən arayışlar əsas götürülə bilər, bu şərtlə ki, sənədlərdə təhsili tam başa vurması göstərilmiş olsun. Bu barədə məhkəmə kollegiyası qeyd edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir (Azərbaycan Respublikasının Konstitusiyasının 149.7-ci maddəsi). İddiaçının “təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi” tələbi təhsil aldığı dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbi olmuşdur. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Odur ki, cavabdeh orqanın istinad etdiyi 1992-ci il tarixdən qüvvəyə minmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarının 8-ci bəndinə istinad etməklə göstərdiyi “yalnız əyani təhsil müddətinin staja daxil edilməsi” barədə tələbi iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran müddəa olduğu üçün onun geriyə şamil edilməsini mümkünsüz edir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1975xx.xx.1975-ci il, xx.xx.1978-xx.xx.1979-cu illərdə təhsil aldığı dövrlər də nəzərə alınmaqla onun pensiyasının yenidən hesablanması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10192/2022 saylı 13 dekabr 2022-ci il tarixli qərarı “İddiaçı xx.xx.1975-xx.xx.1975-ci illərdə və xx.xx.1978-xx.xx.1979-cu illərdə təhsil aldığı dövrlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh orqana həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10192/2022 saylı 13 dekabr 2022-ci il tarixli qərarı “İddiaçı xx.xx.1975-xx.xx.1975-ci illərdə və xx.xx.1978-xx.xx.1979-cu illərdə təhsil aldığı dövrlər nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar