Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2033/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “məzar yerinin dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2126/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X1 və mərhum anası X3 məzarlarının yaxınlaşdırılması və təmir edilməsi məsələsinin onlarına hesabına həllinə icazə verilməsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X3 məzarının (ağ mərmərli) atasının məzarının digər istiqamətinə keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X2 02 avqust 1987-ci il tarixdə vəfat etmiş və Mərdəkan qəbristanlığında dəfn edilmişdir. 06 aprel 1993-cü tarixdə isə anası X5 vəfat etmiş, o da Mərdəkan qəbristanlığında atasınının yanında dəfn edilmişdir. Atası və anasının məzarları arasında təqribən bir metr məsafə vardır. O, bacısı və qardaşları valideynlərinin məzarları uçulub töküldüyündən, baş daşları və digər hissələri yararsız hala düşdüyündən yenidən təmirə etiyacı olduğunu düşünürlər. Lakin hər iki məzarın arasında olan məsafə müəyyən çətinliklər yaratmışdır, göstərilən çətinliklərin aradan qaldırılması üçün məzarlardan birinin digərinə yaxınlaşdırılması zərurəti vardır. İddiaçı bununla bağlı Xəzər rayon Mərdəkan Bələdiyyəsinə yazılı müraciət etmişdir. Cavabdeh 08 iyun 2023-cü il tarixli məktubla müraciətinə cavab olaraq bildirmişdir ki, anasının məzarının atasının məzarına yaxınlaşdırılması ilə bağlı mərhumların övladlarının hər birinin notarial qaydada razılıqlarını aldıqdan sonra, məzar yerinin dəyişdirilməsi barədə aidiyyəti orqanlara müraciət edə bilərlər və qaldırdıqarı məsələ öz həllini tapa bilər. İddiaçı bununla bağlı Xəzər rayon İcra Hakimiyyətinə müraciət etsə də, bu günədək hər hansı rəsmi cavab ala bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) 2-1(112)-2126/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının atası və anası xeyli müddət bundan əvvəl vəfat etmiş, Mərdəkan bələdiyyəsinin nəzarəti altında olan qəbirstanlıqda yanaşı dəfn olunmuşlar. Onların məzarları arasında 1 metrdən çox məsafə mövcuddur. Valideynlərinin vəfat etməsindən müəyyən dövr keçdiyinə görə həm məzarlar, həm də məzar ətrafı sahə təmirsiz vəziyyətə düşmüşdür. Valideynlərinin məzarları və onların ətraf sahələrində səliqəli təmir-abadlıq işlərinin aparılması, baş və sinə daşlarının qoyulması üçün mərhum anaları X3 məzarının atasının məzarının digər istiqamətinə keçirilməsinə razılıq verilməsi barədə Mərdəkan bələdiyyəsinə müraciət etmişlər. Lakin həmin bələdiyyədən onların müraciətinə imtina cavabı verilmişdir. Ona görə də iddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək anasın məzarının atamın məzarının digər istiqamətinə keçirilməsinə icazə verilməsinin Mərdəkan bələdiyyəsinə həvalə olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin olunmadı. Birinci instansiya məhkəməsinin bu qərarından narazıdır, həmin qərarın ləğv olunmasını xahiş edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, yaranmış zərurətlə əlaqədar İddiaçı mərhum valideynləri X1 və X3 qəbirlərinə Mərdəkan Bələdiyyəsinin əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı həqiqətən məlum olmuşdur ki, mərhumların qəbirləri arasındakı məsafə 20 sm təşkil edir və ərazidə boş yer də mövcuddur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”: 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla hazırlanmışdır, qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir. 2.1.1. qəbiristanlıq - bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazidir. 2.1.3. qəbir yeri - ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının) və ya kremasiya olunmuş meyitin külü saxlanılan urnanın qəbiristanlıqda dəfn edilməsi üçün qazılmış yerdir. 2.1.6. ekshumasiya - Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada (prosessual ekshumasiya) və ya bu Qaydalarda nəzərdə tutulmuş digər səbəblərdən (qeyri-prosessual ekshumasiya) meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmasıdır. 2.1.8. ölmüş şəxsin qohumları - ölmüş şəxsin əri (arvadı), uşaqları (övladlığa götürülənlər), valideynləri (övladlığa götürənlər), bacıları və qardaşları, babaları (nənələri), nəvələri, ögey (ümumi ata və ana olan) bacıları və qardaşları, ərinin (arvadının) valideynləri, ərinin (arvadının) bacıları və qardaşları 7.1. Qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir. 7.2. Qəbiristanlığın ərazi planlaşdırılması (müfəssəl planı) sənədi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Komissiya ilə razılaşdırılmaqla hazırlanır və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla bələdiyyə tərəfindən təsdiq edilir. 10.1. Qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır. 10.2. Qəbiristanlığın salınması zamanı aşağıdakı tələblər nəzərə alınmalıdır: 10.2.1. ətraf mühitin mühafizəsinin təmin olunması; 10.2.2. sanitariya mühafizə zonasının salınması və abadlaşdırılması; 10.2.3. içməli suya olan tələbatın ödənilməsi və yaşıllıqların suvarılması üçün su təchizatı sisteminin yaradılması; 10.2.4. qəbiristanlığın ərazisində su quyularının qazılmasının və meyvə ağaclarının əkilməsinin qadağan edilməsi; 10.2.5. mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri olmadıqda, yalnız yaşıllıqların suvarılması üçün yerli su təchizatı qurğularının və septik qurğu ilə təchiz olunmuş sanitar qovşaqlarının tikintisi; 10.2.6. qəbiristanlığın ərazisi hasara alındıqda, səth sularının (yağış, qar və s.) maneəsiz axıdılmasının təmin olunması; 10.2.7. cənazələrin daşınmasını təmin etmək məqsədi ilə qəbiristanlığın ərazisində avtomobil nəqliyyatı vasitələrinin hərəkət etməsi üçün yolların salınması; 10.2.8. qəbiristanlığa girişdə avtomobil nəqliyyatı vasitələri üçün meydançaların ayrılması; 10.2.9. qəbiristanlığa girişdə gül köşklərinin, habelə dəfn xidmətlərinin göstərilməsi və qəbirləri ziyarət zamanı tələb olunan digər ləvazimatların satışı üçün köşklərin quraşdırılması; 10.2.10. qəbiristanlığın ərazisinin yaşıllaşdırılması (hər bir qəbir yerinin günəş şüaları ilə təmin olunması şərtilə ərazidə ağac və kolların, həmçinin dekorativ bitkilərin əkilməsi); 10.2.11. qəbiristanlığın ərazisinin hasara alınması və gecə vaxtı işıqlandırılması; 10.2.12. qəbiristanlığın fəaliyyəti ilə bağlı bina və qurğuların, o cümlədən qəbiristanlığın işçiləri üçün inzibati bina və ya xidməti otağın, sanitar qovşaqlarının, meyitin dəfnə hazırlanması üçün yuyulma yerinin tikintisi. 16.1. Qəbiristanlıqların köçürülməsi və (və ya) bağlı elan olunması barədə qərar Komissiyanın rəyi nəzərə alınmaqla, bələdiyyə tərəfindən qəbul edilir və bu barədə media ilə əhaliyə məlumat verilir, habelə qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir. 16.2. Qəbiristanlıqların köçürülməsinə yalnız aşağıdakı hallarda yol verilir: 16.2.1. subasma, daşqın, sel, torpaq sürüşməsi, zəlzələ və digər təbii fəlakətlər zamanı; 16.2.2. qəbiristanlığın ərazisi olan torpaq sahəsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən əsaslar üzrə dövlət ehtiyacları üçün alındıqda. 16.3. Qəbiristanlığın bu Qaydaların 16.2.1-ci yarımbəndi ilə müəyyən edilmiş hallarda köçürülməsi zamanı, həmin qəbiristanlıqda dəfn edilmiş şəxslərin qeyri-prosessual ekshumasiyası və başqa yerdə basdırılması, həmin Qaydalarla müəyyən edilmiş sanitariya-gigiyena normalarına əməl edilməklə, bələdiyyə vəsaiti hesabına həyata keçirilir. 16.5. Qəbiristanlığın bu Qaydaların 16.2-ci bəndi ilə müəyyən edilmiş səbəblərdən müəyyən hissəsinin və qəbiristanlıqdakı ayrı-ayrı qəbirlərin köçürülməsi halında, bu Qaydaların 16.3-cü və 16.4-cü bəndlərinin tələbləri gözlənilməlidir. 25.1. Ölmüş şəxsin prosessual ekshumasiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında həyata keçirilir. 25.2. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına aşağıdakı hallarda yol verilir: 25.2.1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Elm haqqında”, Şuşa şəhərinin ərazisində, həmçinin “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq elmi-tədqiqat və elmi yaradıcılıq fəaliyyətinin həyata keçirilməsi zamanı; 25.2.2. bu Qaydalarda müəyyən edilmiş hallarda və qaydada qəbrin köçürülməsi ilə bağlı; 25.2.3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dəfn olunmuş hərbi qulluqçuya və toplanışa çağırılmış hərbi vəzifəliyə “Şəhid” adı verildikdən sonra onun Şəhidlər xiyabanında basdırılmasına dair valideynlərinin, habelə digər yaxın qohumlarının və ya qanuni nümayəndələrinin müraciəti olduqda; 25.2.4. ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı anasının məzarının (ağ mərmərli) atasının məzarının digər istiqamətinə keçirilməsinə icazə verilməsinin cavabdehə həvalə olunmasını xahiş edir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı mənsub olduğu ailə üçün nəzərdə tutulmuş qəbirstanlıq ərazisində olan müəyyən edilmiş hissədə atasının məzarı və qəbirüstü tikilisinin yanında yerləşən anasının ağ mərmərdən ucaldılmış qəbirüstü tikilisinin və anasının cənazəsinin (meyit və ya qalıqlarının) yerinin dəyişdirilərək atasının məzarının digər istiqamətində yerləşdirilməsi və nəticədə də onun mənsub olduğu ailəsi üçün ayrılmış qəbirstanlığın hissəsində əlavə dəfn üçün torpaq sahəsinin yaradılması ilə əlaqədardır. Məhkəmə kollegiyası qeyd edir ki, qəbirstanlıqların, eləcə də onun müəyyən hissəsində yerləşən qəbirlərin köçürülməsinin, eləcə də meyit və ya onun qalıqlarının çıxarılmasının əsasları “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda konkret olaraq müəyyən edilmişdir. İddiaçının mərhum anasının məzarının yerinin dəyişdirilməsi üçün həmin Qaydalarda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud deyildir. Bu səbəbdən də cavabdeh orqanın imtinası qanuni və əsaslı olmuşdur, iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2126/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2033/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2033/2024
11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver