Məhkəmə qərarları › İş №2-1(103)-2034/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2034/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2034/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı “Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmov barəsində “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11622/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Hərbi Prokurorluğuna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hərbi Prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmov barəsində “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyevə müraciət edərək həmin prokurorluğun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi Vüqar Məhərrəmovun qanunsuz hərəkətlərinə hüquqi qimyət verilməsinə dair cinayət işinin başlanmasını xahiş etmişdir. Prokurorluq şikayətə mahiyyəti üzrə baxaraq Vüqar Məhərrəmov barəsində ya “Cinayət işinin başlanılması haqqında” ya da “Cinayət işinin rədd edilməsi barəsində” qərar qəbul etməli idi. Qanunvericilik digər prosessual hərəkət və ya tədbirin həyata keçirilməsini nəzərədə tutmur. Cavabdeh qanunvericiliyin tələbini pozaraq şikayətə mahiyyəti üzrə cavab verməyərək heç bir prosessual qərar qəbul etmədən Hərbi Prokurorluğun böyük köməkçisi, ədliyyə müşaviri İsmayıl Əliyevin 01 iyul 2022-ci il tarixli HP01/155 saylı məktubu 08 iyul 2022-ci il tarixdə AR Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsinə daxil olmuşdur. Cavab məktubunda göstərilmişdir ki, “qeyd olunan cinayət işinə Bakı Hərbi Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində baxılarkən iş üzrə araşdırma aparmış hərbi prokurorluq orqanlarının hər hansı əməkdaşı, o cümlədən Vüqar Məhərrəmov tərəfindən cinayət və cinayət prosessual qanunvericliyinin tələblərinin pozulması halları müəyyən edilməmişdir.” İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İAMAS və xüsusi texnika üzrə şöbəsinin baş zabiti vəzifəsində xidmət etdiyi müddətdə kapitan İddiaçı öz qulluq mövqeyindən təkrarən istifadə edib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirdiyi üçün 30 aprel 2019-cu il tarixdə barəsində cinayət işi başlanaraq istintaqı aparılmış, Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsində aparılmış ibtidai istintaqın nəticəsinə görə ona Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4 və 178.4-cü maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir. Məhkəmə baxışının nəticəsinə görə dövlət ittihamçısının təklifi ilə İddiaçı törətdiyi cinayət əməlləri CM-nin 178.4-cü maddəsindən 178.3.2-ci maddəsinə tövsif edilmiş və Bakı Hərbi Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hökmdən verilmiş apellyasiya şikayəti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsi tərəfindən hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bundan sonra, İddiaçı Azərbaycan Respublikası Hərbi Prokurorluğuna və digər dövlət orqanlarına ərizə ilə müraciət edərək, ibtidai istintaq zamanı şahid və zərərçəkmişlərin iş üzrə verdiyi ifadələrin müstəntiq tərəfindən dəyişdirilməsini, əmlakı üzərinə qanunsuz həbs qoyulmasını, mobil telefonundakı şəxsi yazışmalarına baxış protokolunun düzgün tərtib olunmamasını, ona verilmiş ittihamın əsaslı olmamasını göstərmiş və həmin iş üzrə istintaq aparmış müstəntiqin barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı ərizələrində qeyd etdiyi xüsusatlar müstəntiqin prosessual hərəkətlərindən, eləcə də sübutların toplanması və qiymətləndirilməsi ilə bağlı olmuş və həmin məsələlər cinayət işinə mahiyyəti üzrə baxmış həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymətləndirilmişdir. Belə ki, ibtidai istintaq zamanı müstəntiq tərəfindən dindirilmiş şahid və zərərçəkmişlər məhkəmədə də eyni məzmunlu ifadə vermiş, həmçinin ibtidai istintaq zamanı bütün sübutlar qanuni yolla toplandığından məhkəmə tərəfindən qiymətləndirilərək qəbul edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 303-cü maddəsinə əsasən cinayət-prosessual qanunvericiliyinin tələblərinin kobud pozulması halları aşkar olunduğu təqdirdə, işə baxan məhkəmənin cinayət işinə baxılmasına xitam verilərək prokurora qaytarılmasına dair, eləcə də məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin pozulması hallarına yol verən şəxslər barəsində xüsusi qərar çıxarmaq hüququ vardır. Həmçinin, CPM-nin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən həmin Məcəllənin normalarına riayət edilməsi vəziyyəti apellyasiya məhkəməsində də yoxlanılır. İddiaçı barəsində olan cinayət işinə istər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsində baxılarkən ilkin araşdırma və ibtidai istintaq zamanı cinayət-proessual qanunvericiliyin tələblərinin pozulması hallarına yol verilməsi müəyyən olunmamışdır. Qeyd edilənlərə əsasən, həmçinin İddiaçı ərizələrində göstərdiyi xüsusatlar onun barəsində Bakı Hərbi Məhkəməsinin hazırda qüvvədə olan 26 noyabr 2020-ci il tarixli hökmündə qiymətləndirildiyindən, müraciət müəllifinə ərizələri üzrə prosessual qərar qəbul edilmədən ətraflı cavablar verilmişdir. Cavabdeh iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11622/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərardadı (hakim M.Hacıbəyova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İnzibati icraat haqqında” Qanunda NK-nin 28 avqust 2007-ci il tarixli 136 saylı qərarına və ya hər hansı normativ hüquqi akta qətiyyən istinad edilmir. Əksinə “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqandır. Göründüyü kimi, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə əsasən Hərbi Prokurorluq birmənalı qaydada inzibati orqan hesab olunmalıdır. Belə olduğu təqdirdə “Cinayət işinin başlanılması haqqında” və ya “Cinayət işinin rədd edilməsi barəsində” qərarlar inzibati akt hesab edilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdirlər. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumdur. Cavabdeh isə öz nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Bununla əlaqədar iddianın mümkünlüyü ilə bağlı Məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia tələbində qeyd edilən məsələ cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Cinayət işinin başlanılması ilə bağlıdır, inzibati hüquq münasibətlərindən yaranmır və inzibati məhkəmə icraatının tənzimləmə predmetinə daxil deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların: -3.2.1. cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə; -3.2.2. inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 12ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. İnzibati məhkəmə icraatında inzibati orqanların məhz inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: -4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında cinayət-prosessual hərəkətlərin aparılması, cinayət-prosessual qərarların qəbul və icra edilməsi həmin anda qüvvədə olan Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin müddəalarına uyğun həyata keçirilir. -449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: -449.1.1. təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); -449.1.2. tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; -449.1.3. əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; -449.1.4. müstəntiqin; -449.1.5. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. -449.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: 449.2.1. təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; 449.2.2. zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; 449.2.3. qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər. -449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: -449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; -449.3.2. tutma və həbsdə saxlanılması; -449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; -449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; -449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; -449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; -449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; -449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; -449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; -449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; -449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. -67.3-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Məhkəmə hesab edir ki, hazırki, iddiaçı ilə cavabdeh arasındakı mübahisəyə məhz cinayət mühakimə icraatı çərçivəsində məhkəmə nəzarəti qaydasında ümumi məhkəmədə baxılmalıdır. Həmçinin, iddia ərizəsindən və təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının ərizələrində qeyd etdiyi xüsusatlar müstəntiqin prosessual hərəkətlərindən, eləcə də sübutların toplanması və qiymətləndirilməsi ilə bağlı olmuş və həmin məsələlər cinayət işinə mahiyyəti üzrə baxmış həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq qiymətləndirilmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə əsaslı olduğundan, apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11622/2022 saylı, 02 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar