Məhkəmə qərarları › İş №2-1(103)-2034/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2034/2024

07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2034/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, X3 və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12221/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü ildən etibarən azaldılmış əmək pensiyasının əvvəlki vəziyyətinə bərpa edilməsi, azalma nəticəsində ötən aylar üzrə yaranmış fərq məbləğlərinin ödənilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli “Əmək pensiyalarının yenidən hesablanması haqqında” 3- 17-1/3-3-10504/2023 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illər dəniz platformasında neft sənayesi sahəsində çalışmışdır. Əməyinin nəticəsi olaraq 2008-ci ildə 50 yaşının tamam olduğu tarixdə güzəştli şərtlərlə pensiya hüququ əldə etmişdir. Qanunvericiliyin köhnə müddəalarına əsasən xx.xx.1997-ci il tarixinədək həm ümumi sahə üzrə azı 20 il staj tələbini, həm də zərərli sahə üzrə azı 10 il staj tələbini ödəyir. Bununla da, qeyd etdiyi tarixdə o, əmək pensiyası hüququ əldə etmişdir. DSMF-nin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı onun əmək pensiyasının məbləğini xx.xx.2023-cü il tarixindən etibarən kəskin şəkildə azaltmış və bunu onunla əsaslandırmışdır ki, onun pensiya hüququ 2008-ci ildə deyil, 2010-cu ildə yaranmalı idi. Həmçinin xx.xx.2010-cu ildən qanunvericilikdə baş tutan dəyişikliklərin nəticəsində pensiya məbləğini əmək haqqının müvafiq faizinə əsasən deyil, staj hesablamasına əsasən etmişdir. Nəticədə pensiya ödənişində ciddi şəkildə azalma müşahidə edilmişdir. Əlavə olaraq son üç ilin artıq ödəməsini də iddiaçının öhdəliyinə qoymuşdur. İddiaçı bunu tamamilə yanlış hesab edir. Son 15 il ərzində müvafiq yoxlamalardan keçərək heç bir nöqsan aşkarlanmadığı halda bunun indi baş verməsi səhv və qanunaziddir. X2, eləcə də Nazirliyin müvafiq audit bölməsi bu xarakterli işləri yoxlayıb müsbət rəy verdiyi halda indiki atılmış addım tamamilə çaşdırıcı və yanlışdır. Eləcə də indiyədək məhkəmə orqanları xx.xx.1997-ci il tarixinədək həm ümumi, həm zərərli staj tələbini ödəyənlərin 50 yaşdan hüququnu bərpa edib. Bakı İnzibati Məhkəməsinin (hakim Elvin Əliyev) 2-1(112)-12221/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etmənin əsası kimi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi ilə nəzərdə tutulmuş “yaşa görə və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin xx.xx.1997-ci il tarixədək olan redaksiyası əsasında güzəştli pensiya təyinatına əsas verməmişdir. Cavabdeh inzibati orqan pensiya təyin edilməsi ilə bağlı müraciətə baxarkən hüquq tətbiqetmə prosesində yanlışlığa yol vermiş, hüquq münasibətlərinin tənzimləməsində qüvvədə olmayan hüquq normasını seçərək pensiya təyinatını aparmışdır. Hesab edir ki, qeyd olunan qərar əsassız olmaqla ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, cavabdehin etirazına görə guya ki, iddiaçı cavabdeh inzibati orqana dəvət edilmiş, xx.xx.2023-cü ildə ona ətraflı məlumat verilmiş, sonda isə mübahisələndirilən qərar qəbul edilib. Halbuki, cavabdeh inzibati orqan tərəfindən formal olaraq “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət edilməsi görüntüsü adı altında icraat aparılmış, ən primitiv hal isə bu araşdrımanın hansı təşkilatın göstərişi əsasında aparılması, mübahisələndirilən qərarın qəbul edilməsinin hansı zərurətdən irəli gəlməsi, habelə qəbul edilən qərarın nəyə görə barəsində inzibati icraata aparılan şəxsə verilməməsi və ya poçt vasitəsilə göndərilməməsi araşdırma predmeti olmamışdır. Yalnız uzun müddətli məhkəmə araşdırmasının sonunda cavabdeh inzibati orqanın nümayəndələri məhkəməyə təqdim etmişlər. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Yəni Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi müəyyən edilib. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xx.xx.1997-ci il tarixə tələb olunan azı 20 il iş ümumi stajı və bu müddətin azı 10 ilini həmin 1 saylı siyahı üzrə göstərilən işlərdə çalışması müəyyən edildiyinə görə, ona düzgün olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmişdir. İddiaçı hələ 2008-ci ildə ona pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət edərkən, ondan bütün sənədlər tələb edilmiş, Nazirliyin bu işə məsul azı 15-20 əməkdaşı tərəfindən müsbət rəy verildikdən sonra pensiya təyinatı aparılmış, ondan sonrakı müddətdə də dəfələrlə Azərbaycan Respublikasının Hesablama Palatası, eləcə də Nazirliyin Audit şöbəsi tərəfindən müvafiq yoxlamalar keçirilməsi nəticəsində hər hansı qanun pozuntusu aşkar edilməmişdir. Cavabdehin mövqeyini o halda düzgün qəbul etmək olardı ki, iddiaçının təqdim etdiyi sənədlərin hər hansı birində saxtakarlıq olsun və ya təqdim edilmiş məlumatlar sonradan qanuni qüvvəsini almış məhkəmə aktı əsasında etibarsız sayılsın. İnzibati orqanın mübahisləndirilən qərarında iddiaçıya 50 yaşdan təyin edilmiş pensiyanın hansı əsaslarla və qanunvericliyin hansı normalarına istinad edilməklə 52 yaşa qaldırılması və aylıq 4000 manatlıq pensiya ödənişinin sonda 878,93 manata endirilməsini müəyyən etmək mümkün deyil. Bundan başqa, inzibati orqanın hələ 2009-cu ildə pensiya təyinatı aparılması barədə qüvvədə olan qərarı mövcuddur ki, həmin qərarın məhkəmə qaydasında etibarsızlığı, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə yuxarı inzibati orqan tərəfindən ləğv edilməsi barədə hər hansı sənəd-sübut mövcud deyil. Məhkəmə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş halları, həmin qərar qəbul edilərkən cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilibedilməməsini, iddiaçıya 15 ildən artıq müddətdə təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bir gün ərzində hansı əsaslarla ləğv edilməli və məbləğinin azaldılmasını araşdırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən formal olaraq “İnzibati İcraat haqqında” Qanunun tələblərinə riayət edilməsi görüntüsü adı altında icraat aparılmış, ən primitiv hal isə bu araşdırmanın hansı təşkilatın göstərişi əsasında aparılması, mübahisələndirilən qərarın qəbul edilməsinin hansı zərurətdən irəli gəlməsi, habelə qəbul edilən qərarın nəyə görə barəsində inzibati icraata aparılan şəxsə verilməməsi və ya poçt vasitəsilə göndərilməməsi araşdırma predmeti olmamışdır. Yalnız uzun müddətli məhkəmə araşdırmasının sonunda cavabdeh inzibati orqanın nümayəndələri məhkəməyə təqdim etmişlər. İddiaçı apellyasiya baxışı zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10504/2023 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarının ləğv edilməsi, ona əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişlər. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Araşdırma zamanı, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşınızın tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşınızın tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, Sizə əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. Belə ki, pensiya işinizə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək Sizin ümumi iş stajınız 29 il 1 ay 7 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 34,35 manat hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 53,24 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 17278,56 manat sığorta kapitalına uyğun 119,99 (17278,56:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnuzun yarandığı xx.xx.2010-cu il tarixinə 258,23 manat məbləğində əmək pensiyası müəyyən edilib (xx.xx.2014-cü il tarixinədək indeksləşdirilməklə 304,54 manat). “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq, xx.xx.2014-cü il tarixində işdən azad olmağınız ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğunuz dövrdə qazandığınız 13110,52 manat sığorta kapitalına görə əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada yenidən hesablanaraq 304,54 manatdan 439,70 manata artırılıb. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla Sizə 103167,38 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 103167,38 manatın əmək pensiyanızdan tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığınızı mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməyinizi xahiş edirik. Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək. Həmçinin iştirakınız ilə 23 may 2023-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə Sizə ətraflı məlumat verilməklə mülahizələrinizin dinlənilməsinə dair birgə akt tərtib olunub. Əlavə olaraq bildirilir ki, əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 766,29 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 878,93 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X11 Tresti” X12 idarəsinin xx.xx.2008-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı «Xəzərdənizneftqaz» İstehsalat Birliyinin Xüsusiləşdirilmiş X4 Kəşfiyyat Qazma İdarəsində xx.xx.1989 il tarixdən (xx.xx.1989 il tarixli 252-k saylı əmr) - xx.xx.1995-ci il tarixədək (xx.xx.1995-ci il tarixli 31-k saylı əmr) «Kaspmorneft» YÜQQ-da, tam iş günü ilə, 5-ci dərəcəli Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazma köməkçisi vəzifəsində işləmişdir. İdarə hal-hazırda X11 trestinin «Bayıl Limanı» X12 İdarəsi adlanır (1100000a-11297 – Neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Əmr-Qərarının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların işlərin, peşələrin, vəzifələrin göstəricilərinin təsdiq edilməsi haqqında olan 1 №-li siyahının X bölmənin «a» bəndinə əsasən dəniz neftçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməsinə icazə verilir. 05 il 10 ay 07 gün təşkil edir. Arxiv sənədi 1995-ci il T-2 şəxsi vərəqəsinə əsasən verilir. «Xəzərdənizneftqaz» İstehsalat Birliyinin 10 mart 1993-cü il 78 №li əmrinə əsasən 01 aprel 1993-cü il tarixindən idarənin adı dəyişdirilərək X6 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən ARDNŞ-nin 28 saylı və «Azneft» İB-nin strukturunun təkmilləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №li əmri ilə X6 Qazma İdarəsi Qazma sexi kimi «Bayıl Limanı» DKQİ-nin tərkibinə verilib. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “X11 Tresti” X17 İdarəsinin xx.xx.2008-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı X15 İşləri İdarəsində xx.xx.1979 -cu il tarixdən (Əmr № 122 - k, xx.xx.1979 - cu il) xx.xx.1989-cu il tarixədək (Əmr № 115 - k, xx.xx.1989-cu il) qazmaçı - köməkçisi peşəsində işləmişdir. X15 İşləri İdarəsi ləğv edilib, onun bazasında X8 Təmiri İdarəsi yaradılıb (Dənizdə Neft və Qaz Çıxarma İB-nin əmri № 58, xx.xx.1996-cı il). X8 Təmiri İdarəsi ləğv edilib, onun bazasında X13 İşləri İdarəsi yaradılıb (Dənizdə Neft və Qaz Çıxarma İB-nin Əmr № 111, xx.xx.1998ci il). X13 İşləri İdarəsi qazma sexi kimi “Abşeronneft” X18 İdarəsinin tərkibinə verilmişdir (“Azneft” İB-nin əmri № 244, 29.09.204-cü il). “Azneft” İB-nin xx.xx.2006-cı il tarixli 349 saylı əmrinə əsasən qazma sexi Abşeron Qİİ - nin tərkibinə verilmişdir. Odur ki, arxiv bazası onların idarəsində yerləşdiyi üçün İddiaçı şəxsi işi onların idarəsindədir və onun şəxsi işindən götürülmüş məlumata əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 1 saylı siyahısına əsasən (Xİİ. 1.Qazma 1100000a - 11297) güzəştli şərtlərlə təqaüd almaq imkanına malikdir, güzəştli əmək stajı - 09 il 10 ay, 23 gündür. İş materiallarında olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2- 197008/2023 nömrəli məktubu ilə İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10504/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, yenidən hesablamanın səbəbi: xx.xx.2020-ci il tarixindən pensiya hüququ 50 yaşdan 52 yaşa çəkildi. Hazırki pensiya məbləği 4284,53 manatdır, lakin xx.xx.2020-ci ildən 650,78 manat, xx.xx.2023-cü ildən isə 878,93 manat təşkil edir. Yenidən hesablanmış pensiya məbləği 878,93 manatdır. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). İşin faktiki hallarından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-10504/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin mövqeyinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edilmişdir. Göründüyü kimi, iddiaçının xx.xx.1997-ci ilədək qanunvericiliklə tələb olunan ümumi və güzəştli iş stajı cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh məhz xx.xx.1997-ci il tarixinədək 1 nömrəli Siyahı üzrə tələb olunan ümumi və güzəştli iş stajını toplamış şəxslərə 52 yaşdan deyil, 50 yaşdan pensiya təyinatı və ya yenidən hesablanmasını qanunauyğun hesab etmir. Bu səbəbdən də iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 50 yaşdan deyil, 52 yaşdan təyin edilməli olması göstərilməklə cavabdeh tərəfindən mübahisələndirilən qərarla iddiaçıya təyin edilmiş pensiya yenidən hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində həmin Qanun qüvvəyə mindiyi günədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edildiyi qeyd edilən zaman “əvvəllər qüvvədə olmuş” ifadəsi ilə bağlı hər hansı fərqli şərt və qayda müəyyən etməmişdir. Yəni maddənin məzmununda əvvəllər qüvvədə olmuş qanunvericilik dedikdə hər hansı tarix (xx.xx.1997-ci il və ya xx.xx.2000-ci il tarixədək qüvvədə olan) şərtləşdirilməmişdir. Sadalanan qanunvericilik normalarına və araşdırılmış sübutlara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yaşa və staja görə əvvəllər qüvvədə olmuş (hazırki halda xx.xx.1997-ci ilədək) qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, iddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi stajı həmin normanın qüvvədə olduğu xx.xx.1997-ci ilədək qazanmış olsun. İddaçının 50 yaşı xx.xx.2008-ci ildə tamam olsa da, güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi stajı xx.xx.1997-ci ilədək qazanmış olduğu üçün, həmin tarixdə qüvvədə olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən 50 yaşının tamam olduğu tarixdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmışdır. Ona görə də iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2008-ci ildə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini və həmin tarixdə (xx.xx.2008-ci ildə) qüvvədə olan normalara uyğun əmək pensiyasının hesablanması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, mübahisələndirilən qərar qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilərkən qanunvericiliyin müəyyən etdiyi tələblərə riayət edilməmiş, düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün hallar, o cümlədən iddiaçı üçün əlverişli olan hallar araşdırılmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12221/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-10504/2023 nömrəli qərarı ləğv edilsin, əmək pensiyasının yenidən hesablanması nəticəsində yaranmış fərqin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyasının üzərinə əlavə edilməklə İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar