Məhkəmə qərarları › İş №2-1(103)-2034/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2034/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2034/2025 30.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X2 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2925/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 1981-ci il tarixdən 2018-ci il tarixə qədər Bakı şəhərində müxtəlif təyinatlı sənaye müəssisələrində, müxtəlif istehsalat və müxtəlif peşələr üzrə işləmişəm və əmək fəliyyəti adına verilmiş əmək kitabçasında qeyd edilmişdir. Güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi xahişi ilə cavabdehə müraciət etmiş, cavabdeh özünün xx.xx.2024-cü il tarixli, 3- 17-112-Ş-200440/2024 nömrəli məktubu ilə sözügedən müraciətini baxılmamış saxlamış və mövqeyini bu məsələ ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(112)- 5596/2019 və Bakı Apellyasiya Məhkəməsinin İnzibat Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2- 1(103)-3338/2023 nömrəli qərarlarda müəyyən edilmiş hallarla əsaslandırmışdır. Belə ki, Ali Məhkəmənin istinad edilən qərarında müəyyən edilmişdir ki, "işin halları ilə iddiaçının 55 yaşı tamam olduğu 11 dekabr 2028-ci il tarixə 20 il 11 gün ümumi sığorta stajı olsa da, o, bu bu müddətin 1 il 2 ay 5 gün müddətində ödənişsiz məzuniyyətdə olması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə 20 ildən az (18 il, 2 ay, 16 gün) təşkil edir, həmin müddətdə iddiaçının faktiki əmək qabiliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş "vətəndaşların pensiya təminatı haqqında" Qanunun 97-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi tutulmamışdır. Məhkəmə Kollegiyasının həmin qərarında digər mövqeyi belə olmuşdur ki, "xxxx"ASC məhkəməyə və cavabdehə təqdim etdiyi izahlı arayışda həmin vəzifənin ikinci siyahıya uyğun pensiya almaq hüququ verdiyini təsbit etsə də, istinad etdiyi qərarı ilə təsbit olunmuş 1 nömrəli siyahıda göstərilən koda uyğun olmuş, həm həmin kod,həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyin 1993- cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahıda göstərilən koda uyğun olmuş, həm həmin kod, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahıda istinad etdiyi kod yığıcı deyil, ştamplayıcı dəmirçilər peşəsinə aid olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyindən, iddiaçı isə yığıcı kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz". Bakı Apellyasiya Məhkəməsinin yuxarıda cavabdeh tərəfindən istinad edilən qərarında da məhkəmələr tərəfindən müəyyən edilmiş eyni hallar göstərilmişdir. Bununla da cavabdeh tərəfindən qeyd edilən məhkəmə qərarlarına istinad edərərək müraciətimə baxılmamış saxlanılması əsasızdır. Cavabdehin bu cavabını imtina kimi qəbul edir, hesab edir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əmək stajı kifayət edir. Belə ki, cavabdeh tərəfindən qeyd edilən məhkəmə qərarlarında o cümlədən Ali Məhkəmənin istinad edilən qərarında müəyyən edilmiş " iddiaçının 55 yaşı tamam olduğu 11 dekabr 2028-ci il tarixə 20 il 11 gün ümumi sığorta stajı 20 ildən az yəni 18 il 2ay, 16 gün təşkil edir kimi müddəası hazırki halda güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinanın əsası kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixə qədər Bakı "xxxx" ASC-də hamarlayıcı şagirdi, hamarlayıcı maşın operatoru işində işləmişdir. Həmin "xxxx" ASC-dən verilmiş güzəştli arayışda işlədiyi peşə üzrə ("Güzəştli şərtlərilə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın yüngül sənaye bölməsinin. Səh.188 Hamarlayıcı sexində əl işləri ilə məşğul olan keçə məmulatlarını hamarlay anlar"). 2 il 2 ay 30 gün güzəştli əmək stajın təşkil etməsini göstərir. Bu arayışıla bağlı məsələ Bakı inzibati, Bakı Apellyasiya və Ali Məhkəmələrin çıxartığı qərarlarda Yeni açılmış hal üzrə icraatın başlaması üçün kifayət deyildir kimi dəyəndirilmişdir. Ali Məhkəmənin qərarında müəxjyən edilmiş güzəştli şərtlərtlə yaşa görə əmək pensiyası hüququ verən 18 il 2 ay 16 günün üstünə 2 il 2 ay 30 gün gəldikdə 20 il 5 ay 14 gün təşkil edir bu da sığorta stajının yetərli olmasını təsdiq edir. İmtina cavabında istinad edilmiş Ali Məhkəmə Kollegiyasının digər mövqeyi ilə yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyindən, iddiaçı isə yığıcı kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz". Hesab edirəm ki, Ali Məhkəmənin bu mövqeyi də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staj kimi qəbul edilməlidir. Belə ki, "xxxx"ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli güzəştli arayışdan göstərilmişdir ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.20922-ci il tarixinədək "Azərelektromaş"İB -də işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Metalurgiya istehsalat bölməsinin səh.21,bənd 3.3. səh.sətir 19.Bu peşə üzrə 11 il 2 ay 5 gün güzəştli əmək stajı təşkil edir. Ştamplama dəmirçi sexində səsin 95,0-98,0 d BA olmuşdur ki, bu da normadan 15-18 d BA çoxdur. Göstərilən faktlar iş gününün 90%-dən çox hissəsini əhatə etdiyinə görə göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Əmək kitabçasında da qeyd edilidiyi kimi qeyd edilən ASC-də elektrik maşınların yığıcı çilingər peşəsi üzrə işləmiş qanuni qüvvədə olan Ali Məhkəmənin qərarında həmin cəmiyyətdə yığıcı peşəsi üzrə işləməsi göstərilməklə siyahıda isə ştamplayıcı dəmirçi peşəsinin olmasını müəyyən etməklə və yığıcı peşəsinin qeyd edilən siyahıda olmamasına istinad edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilməzliyini göstərmişdir. Ali Məhkəmə qeyd edilən siyahıda işlədiyi peşə adının olmamasını nəzərə alaraq pensiya təyin edilməsini qeyri mümkün saymışdır. Halbuki, "xxxx"ASC tərəfindən verilmiş arayışda işlədiyi peşəyə istinadən deyi, çalışdığı iş yerinin yəni ştamplama dəmirçi sexində səsin təzyiqinin normadan dəfələrlə çox olmasını və səs təzyiqinin iş gününün 90% ni təşkil etdiyindən iş yeri zərərli sahə kimi siyahıya düşmüşdür. Göründüyü kimi məhkəmə qeyd edilən arayışı və istinad etdiyi sözügedən siyahıda qeyd edilən ona aidiyyatı olan peşəni və çalışdığı istehsalat sahəsini səhv təvsir etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə həmçinin əvvəlki analoji qərarında "Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nı tərtib etmişdir, hər iki siyahıda zərərli istehsalat sahələri həmin güzəştli siyahıya aid edilmişdir. Hesab edir ki, məhkəməyə təqdim etdiyi həmin arayışda göstərilən iş yeri zərərli iş yeri hesab etməklə həmin iş yerində çalışdığı staj əmək stajına daxil edilməklə güzəştli hesab edilir ki, zərərli istehsalat sahələrini güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən staj kimi hesablanmalı və ona pensiya təyin edilməlidir. Beləliklə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən 20 il 5 ay 14 gün təşkil edən əmək stajı vardır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2925/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakim A.Əhədova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadının 1-ci bəndində göstərilən "55 yaşın tamam olduğu xx.xx.2018- ci il tarixə qədər ümumi sığorta stajı 20 il deyil, 18 il, 2 ay, 16 gün təşkil edir məsələsi ilə bağlı bildirir ki, Bakı "xxxx" ASCdə işlədiyi 2 il 2 ay 30 gün əmək stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən staj kimi birinci, apellyasiya və kassasiya instansiyaları tərəfindən qəbul edilmişdir, lakin bu müddətin yeni açılmış hal kimi məhkəmə icraatının təzələməsi üçün kifayət etmədiklərini çıxardıqları qərarlarında bildirmişdir. Bu 2 il 2 ay 30 gün əmək stajı Ali Məhkəmənin qərarı ilə müəyyən edilmiş 18 il 2 ay 16 gün ümumi sığorta stajının üstünə gəldikdə 20 il 5 ay 16 gün təşkil edir. Göründüyü kimi qanunun tələb etdiyi 20 ildən çox olan ümumi sığorta stajı artıq vardır. xx.xx.1984-cü il tarixdən xx.xx.1995-ci ilə qədər olan bir müddət ərzində "xxxx" ASC-də ştamplayıcı sexində yığıcı çilingər peşəsi üzrə işləmişdir. İşə baxan məhkəmələr həmin yığıcı çilingər vəzifəsininə aid kodun AR NK- nin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda göstərilən koda uyğun olması həmin kod Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda istinad etdiyi kod yığıcı çilingər peşəsinə deyil, ştamplayıcı dəmirçilər peşəsinə aid olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından işlədiyi "xxxx" ASC tərəfindən verilmiş arayışda istinad olunan peşə ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyindən, işlədiyi yığıcı çilingər peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz kimi qiymətləndirilmişdir. Mübahisələndirdiyi qərardadın hüquqi əsası kimi bu yanaşma düzgün deyil. Belə ki, qeyd edildiyi kimi işlədiyi yığıcı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qəraı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda göstərilən koda uyğun olması göstərilmişdir, bu xüsusat yeni "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci tarixli,59-18/06 saylı Güzəştli arayışda göstərilmişdir. Həmin Güzəştli arayışda yığıcı çilingər kimi ştamplama dəmirçi sexində fəaliyyət göstərməyi, həmin sexdə səsin təzyiqinin 95,0-98,0 d BA olması və bunun normadan 15-18 d BA çox olması göstərilmişdir. Göstərilən faktor iş gününün 90%-dən çox hissəsini əhatə etdiyindən göstərilən iş yeri zərərli sahə kimi siyahıya düşməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən siyahısına istehsalatlar, işlər, peşələr, vəzifələr və göstəricilər daxil edilmişdir. İstehsalat və ya İstehsal hər hansı bir məhsulun və ya xidmətin yaradılması üçün təşkil edilmiş bir prosesdir. Adına verilmiş güzəştli arayışın məzmunundan göründüyü kimi iş yeri ştamplama dəmirçi sexi olmuşdur, həmin sexdəki iş zərərli sahə kimi siyahıya daxil edilmişdir və buna görə də güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən amil kimi peşəm deyil, peşə fəaliyyətinin həyata keçirtdiyi iş yeri olmuşdur. İşə baxan məhkəmələr isə səhvən peşəsinə görə güzəştli pensiya hüququnun olmaması nəticəsinə gəlmişdir. Hesab edir ki, yeni "xxxx" ASC-də işlədiyi 11 il, 2 ay, 5 gün güzəştli pensiya hüququna aid edilməklə hesablanmalıdır. Cavabdehlə eyni tərəf, onunla eyni predmet barədə mübahisə olmuş olsa da hazırda iddianın əsası başqadır, yəni peşənin siyahıda nəzərdə tutulub-tutulmamasma görə deyil, iş günü ərzində peşənin zərərli istehsalat sahəsində icra etməyi ilə əlaqədardır. Digər tərəfdən "xxxx"ASC-də işlədiyi müddət güzəştli şərtlə pensiya hüququ verilib- verilməməsi ilə bağlı məsələ məhkəmələr tərəfindən araşdırılmamışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 2-1(112)- 5596/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2- 1(103)- 809/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1100/2022 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2- 1(103)- 809/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin icraat zamanı yeni sübutların ondan asılı olmayan səbəblərə görə təqdim edə bilmədiyinin nəzərə alınıb, inzibati məhkəmə icraatının təzələnməsi və ona “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-5596/2021 nömrəli qərardadı ilə yeni açılmış hallarla bağlı ərizə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3338/2023 nömrəli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2995/2023 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2- 1(103)-3338/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixli 3-17-1/2-Ş-200440/2024 nömrəli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının 2- 1(112)-5596/2019 nömrəli və 2-1(102)-2995/2023 qərarları ilə sizin şikayətləriniz təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 sentyabr 2023- cü il tarixli 2-1(103)-3338/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Əlavə olaraq bildiririk ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən vətəndaşın müraciətində göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda müraciət baxılmamış saxlanılır. İşin hallarından müəyyən edilir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə münasibət bildirilmişdir. Belə ki, iddiaçının 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddiaya qiymət verilərkən məhkəmələr iddiaçının güzəştli pensiya təyin edilməsi üçün tələb olunan ilkin şərtinə-ümumi sığorta stajı ilə bağlı aşağıdakıları qeyd etmişlər: İddiaçının 55 yaşının tamam olduğu 11 dekabr 2018-ci il tarixə 20 il 11 gün ümumi sığorta stajı olsa da, onun bu müddətin 1 il 2 ay 5 gün müddətində ödənişsiz məzuniyyətdə olması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının ödənişsiz məzuniyyət dövrü nəzərə alınmadıqda isə 20 ildən az (18 il 2 ay 16 gün) təşkil edir. Həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuş və ona hər hansı ödəniş edilməmiş, əmək haqqı almamışdır. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş hazırkı qərarın 20-ci bəndində göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsində ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. (Ali Məhkəmənin 2-1(102)1100/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı) Göründüyü məhkəmənin qanuni qüvvəsini almış qərarları ilə iddiaçının güzəştli pensiya təyinatı üçün tələb olunan ümumi sığorta stajının hesablanması zamanı ödənişsiz məzuniyyətdə olduğu dövr onun sığorta stajından çıxılmış və yekunda iddiaçının 18 il 2 ay 16 gün ümumi sığorta stajı müəyyən olunmuşdur ki, qeyd edilən müddət iddiaçı üçün güzəştli pensiya təyinatına əsas verməyən ilkin şərtdir. Güzəştli iş stajı ilə bağlı qeyd edilmişdir ki, iddiaçının işlədiyi "xxxx" ASC tərtib etdiyi arayışlarda (sonuncu dəfə xx.xx.2022-ci il tarixli arayış) və aktlarda iddiaçının işlədiyi peşənin deyil, iş yerinin zərərli olmasına istinad etmiş, həmin müəssisənin səlahiyyətli şəxsi iddiaçının işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən peşəyə aid olmamasına dair tərtib edilmiş müvafiq aktı imzalamışdır. Digər tərəfdən "xxxx" ASC məhkəməyə və cavabdehə təqdim etdiyi izahlı arayışda həmin vəzifənin ikinci siyahıya uyğun pensiya almaq hüququ verdiyini təsbit etsə də, istinad etdiyi kod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahıda göstərilən koda uyğun olmuş, həm həmin kod, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahıda istinad etdiyi kod yığıcı deyil, ştamplayıcı dəmirçilər peşəsinə aid olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər bir sahə üzrə konkret peşələr sadalandığından, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışda istinad olunan peşə ştamplayıcı dəmirçi peşəsinə uyğun gəldiyindən, iddiaçı isə yığıcı kimi işlədiyindən onun işlədiyi peşə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi qəbul edilə bilməz (Bakı İnzibati Məhkəməsinin 3 noyabr 2021-ci il tarixli, 2-1(112)-5596/2021 nömrəli qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 mart 2022-ci il tarixli, 2- 1(103)-809/2022 nömrəli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)- 1100/2022 nömrəli qərarı) Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə iddiaçının xx.xx.1984xx.xx.1995-ci il tarixədək “Azərelektromaş” İB, yəni sonradan "xxxx" MMC-də işlədiyi yığıcı peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda hər hansı vəzifə koduna uyğun olmadığı, eləcə də işlədiyi vəzifənin siyahıda adıçəkilən ştamplayıcı dəmirçilər peşəsinə uyğun gəlmədiyi və bununla da iddiaçının güzəştli iş stajına malik olmadığı bilavasitə müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 09 nömrəli güzəştli arayışı təqdim edərək xx.xx.1981-ci ildən xx.xx.1984-cü il tarixədək Bakı Komvol Kombinatında işlədiyi vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq olunmuş Siyahısının Yüngül sənayə bölməsinin səh.188 hamarlayıcı sexində əl işləri ilə məğul olan keçə məmulatını hamarlayanlar peşəsinə uyğun olaraq 2 il 02 ay 30 gün güzəştli əmək stajının olduğunu iddia etmişdir. Qeyd edilməlidir ki, iddiaçı həmin arayışı xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edərək, ilkin icraat zamanı yeni sübutların ondan asılı olmayan səbəblərə görə təqdim edə bilmədiyinin nəzərə alınıb, inzibati məhkəmə icraatının təzələnməsi və ona “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının birdəfəlik təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəyə baxılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarında da göstərilmişdir ki, iddiaçı "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli güzəştli arayışını ilkin məhkəmə icraatı zamanı təqdim etməsə də, "xxxx" ASC tərəfindən verilən arayışı təqdim etmiş, işə baxan məhkəmələr tərəfindən həmin arayışda qeyd olunanlara artıq qiymət verilmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi arayışda göstərilənlər artıq ilkin məhkəmə icraatı zamanı məhkəməyə məlum olmuş, həmin sübut qiymətləndirilməklə iddiaçının tələbi təmin olunmamışdır. "xxxx" ASC tərəfindən verilmiş arayışda iddiaçının cəmi 2 il 2 ay 30 gün güzəştli əmək stajının olması göstərildiyindən məhkəmə həmin sübutun məhkəmə icraatının təzələnməsi üçün kifayət hesab etmir. (Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(112)-5596/2021 nömrəli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-3338/2023 nömrəli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(102)- 2995/2023 nömrəli qərarı). Beləliklə, iddiaçının təqdim etdiyi sonuncu arayışdakı 2 il 2 ay 30 gün güzəştli əmək stajı belə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 10 il zərərli iş stajı üçün yetərli olmamışdır. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün istər ümumi sığorta stajı, istərsə də güzəştli iş stajı bundan əvvəlki məhkəmə mübahisələrinin predmeti olmuş, istər əsas iddiaya ilkin olaraq baxıldığı, istərsə də həmin iş üzrə yeni açılmış hallarla bağlı ərizəyə baxıldığı zaman hər üç instansiya məhkəmələri tərəfindən iddiaçının ümumi və güzəştli stajına hüquqi qiymət verilmiş və nəticə etibarı ilə güzəştli pensiya təyinatı üçün yetərli olmadığı qənaətinə gəlinmişdir. Başqa sözlə, hazırkı inzibati məhkəmə icraatında iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə bağlı bundan əvvəl eyni hüquqi və faktiki hallara əsasən inzibati məhkəmə icratında iddia qaldırmışdır. Həmin iş üzrə inzibati məhkəmə icraatında iddiaçının iddia tələbinə mahiyyəti üzrə hüquqi qiymət verilmiş və tələbi qanuni qüvvəsini almış məhkəmə qərarları ilə təmin edilməmişdir. İddiaçının pensiya hüququ ilə bağlı məhkəmələr tərəfindən münasibət bildirilməmiş və inzibati orqan üçün isə yeni inzibati icraatın açılmasına əsas olan yeni hal və sübutlar mövcud deyildir. İddiaçının hazırda başqa bir məhkəmə icraatının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymət verilmiş eyni iddianı hazırkı inzibati mühakimə icraatı qaydasında yenidən qaldırılması prosessual məhdudiyyətlərdən yayınmaqla həmin tələbə məhkəmə qaydasında yenidən baxılmasına nail olmağa əsas verir ki, bu da prosessual qanunvericiliklə yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Məhkəmə kollegiyası qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, şlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti formal xarakterli olmaqla təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2925/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2925/2025 nömrəli, 27 yanvar 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar