Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2035/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X15 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X12 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10781/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 473 nömrəli bağ sahəsi 1950-ci ildən ailələrinin qanuni sahibliyində və istifadəsindədir. Həmin bağ sahəsi ilə əlaqədar sonuncu dəfə Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsi ilə X4 adına rəsmiləşdirilmişdir. X13 rəhmətə getdiyindən notariat ofisində vərəsəlik işi açılmışdır. Vərəsə kimi o, tanınmışdır. Belə ki, X4 vəfatından sonra miras bağ sahəsi onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Bundan başqa digər mümkün vərəsələr tərəfindən miras payından notarial şəkildə imtina edilmişdir. Ləhiş bağ massivi ünvanında yerləşən 473 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı (arayışın- çıxarışın alınması üçün) cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, tərəflərindən həmin sahə 70 ildən artıq müddətdir ki, istifadə edilməkdədir. Bununla da, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən həmin bağın yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək hüququ yaranmışdır. Buna baxmayaraq cavabdeh imtina məktubunda guya torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi, digər fiziki şəxsin adına qeydiyyata alınmış sahə ilə üst-üstə düşməsini qeyd etmişdir. Hesab edir ki, cavabdehin imtinasında qeyd olunan uyğunsuzluq formal xarakter daşıyır. Bu imtinanı aşağıdakı qeyd edilən səbəblərdən əsassız hesab edir: 473 saylı bağ sahəsi 1950-ci ildən onların istifadələrindədir. Vaxtı ilə həmin ərazidə hətta qədimi bağ evi və hasar olmuşdur. Bağlar İdarəsinin sənədi ilə ərazi ailələrinə verilmişdir. Hər hansı sənəd üzrə uyğunsuzluq inzibati orqanın təqsiri ucbatından yaranmış hal ola bilər ki, əslində uyğunsuzluğun olması da inzibati orqan tərəfindən yaradılan suni əngəldir. Digər fiziki şəxsin torpaq sahəsi ilə üstüstə düşməsi halı ilə bağlı bildirir ki, digər fiziki şəxs qonşusu X5r. Həmin şəxs tərəfiindən dəfələrlə cavabdeh orqana müraciətlər edilərək, sahəsinin koordinat nöqtələrinin səhv qeydə alındığı, öz faktiki istifadəsində olan sahədən kənara çıxmaqla çıxarış verildiyi bildirilsə də, onun ərizələrinə cavabdeh tərəfindən reaksiya göstəriləməmişdir. X2 özünə də, digər fiziki şəxsin (yəni onun) istifadəsində olan sahə ilə üstüstə düşməsi adı altında imtina verilmişdir ki, faktiki olaraq 2 qonşunun mübahisəsiz problemlini mübahisəyə çevirmək niyyəti hiss olunur. X2 istifadəsində 50 sot sahə var ki, onun 12 sotu özəlləşdirilib. Həmin 12 sotun da koordinat nöqtələri səhv vurularaq, təxminən 5 sotu onların istifadələrində olan sahəyə salınmışdır. Hansı ki, koordinat nöqtələri vurulan zaman artıq iki qonşu arasında mübahisə edilməyən hasar mövcud olmuşdur. Qeyd olunan bağ sahəsi onun qanuni istifadəsində olduğu halda, aparılmış səhv koordinat nöqtələrinin vurulması, onun hüquqlarının qeydiyyatından imtinaya əsas ola bilməz. Həmin bağ sahəsi ilə bağlı qanuni əsaslarla bağlanmış müqavilə vardır. Qüvvədə olan qanunvericilik bu cür uyğunsuzluqların olmasını mümkün hesab etmiş və onların aradan qaldırılmasının yollarını tənzimləmiş, bu işin görülməsini cavabdeh inzibati orqana həvalə etmişdir. Qeyd olunan torpaq sahəsi ilə bağlı onların hüquqlarını təsdiq edən icarə müqaviləsi vardır və torpaq sahəsi onların faktiki istifadələrindədir. Həmin müqavilə indiyə kimi hər hansı orqan tərəfindən mübahisələndirilməmişdir. Belə bir halda sözügedən bağ sahəsi ilə bağlı hüquqları tanınmalı və qeydiyyata alınmalı idi. Əgər uyğunsuzluqlar müəyyən ediləsə, bu cavabdeh tərəfindən aradan qaldırılmalı idi. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10781/2022 saylı, 22 iyul 2022-ci il tarixli qərardadı ilə X10 iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək, Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2465 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cаvаbdеh məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Torpaq sahəsinin 423 kv.m hissəsi X2 adına **********73 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 472 saylı bağ sahəsi ilə üst-üstə düşür. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********95 saylı cavab məktubu ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, İdarənin arxiv məlumatlarına əsasən Sabunçu rayonu Ləhiş bağ massivində yerləşən 473 nömrəli bağ sahəsi keçmiş X8 və İstismarı birliyi ilə X20 arasında bağlanılmış xx.xx.1968-ci il tarixli, 16199 nömrəli müqavilə əsasında daşınmaz əmlak dövlət reyestrində **********59 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10781/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göstərilən torpaq sahəsi arxiv cizgisi ilə uyğunsuzluq təşkil edir. Torpaq sahəsinin 423.kv.m hissəsi X2 adına **********73 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 472 saylı bağ sahəsi ilə üst-üstə düşür. İdarənin arxiv məlumatlarına əsasən Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 473 nömrəli bağ sahəsi keçmiş X8 və İstismarı Birliyi ilə X20 arasında bağlanmış xx.xx.1968-ci il tarixli, 16199 nömrəli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində **********59 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. İnzibati işdən müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X8 və İstismarı Birliyinin “Ləhiş ərazisindəki 473 nömrəli bağın istifadəyə verilməsi haqqında” 16906 saylı, 28 iyul 2005-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Ləhiş bağ massivi ərazisində yerləşən 473 saylı, ümumi ölçüsü 0.25 ha olan torpaq sahəsinə dair X11 ilə müqavilə bağlanmışdır. X11 vəfat etdikdən sonra X3 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinə müraciət olunmuş və vərəsələrin dairəsi müəyyən edilmişdir. Daha sonra iddiaçı cavabdehə müraciət edərək miras əmlakın tərkibində olan Bakı şəhəri, Ləhiş bağ massivi ərazisində yerləşən 473 saylı, ümumi ölçüsü 0.25 ha olan torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı Bakı şəhəri, Ləhiş bağ massivi ərazisində yerləşən 473 saylı, ümumi ölçüsü 0.25 ha olan torpaq sahəsi üzərinə vərəsəsi olduğu şəxs X4 hüquqlarının olmasına dair ölmüş adamın adına arayışın verilməsini tələb edir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mahiyyətcə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi qismən haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmın arayış əsasında verilmış vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.3-cü bəndinə görə torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda mərzçəkmə işləri aparılır. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdehin apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 1) Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 473 nömrəli bağ sahəsinin keçmiş X8 və İstismarı Birliyi ilə X20 arasında bağlanmış xx.xx.1968-ci il tarixli, 16199 nömrəli müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində **********59 reyestr nömrəsi ilə qeydiyyatdan keçməsi. 2) Göstərilən torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi; 3) Torpaq sahəsinin 423 kv.m hissəsinin üçüncü şəxs X2 adına **********73 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 472 saylı bağ sahəsi ilə üst-üstə düşməsi; Apellyasiya şikayətinin birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsinə və məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Ləhiş bağ massivində 473 nömrəsi ilə bağ sahəsi X17 adına **********59 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının iddia etdiyi torpaq sahəsi ilə X17 adına qeydiyyata alınmış 473 nömrəli bağ sahəsinin üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Bu halı cavabdeh də mübahisələndirməmişdir. Həmçinin, həmin bağ sahəsinə dair cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş müayinə aktından da aydın olur ki, 473 baş sahəsinin köhnə nömrəsidir. Bağların bölgü sxeminə və arxiv qeydinə əsasən bağın yeni nömrəsi 4440 olmalıdır. Digər 473 saylı yəni hazırki mübahisəli bağ sahəsinə dair arxiv cizgisində bağın nömrəsi 500/473 kimi qeyd edilmişdir.başqa yerdə yerləşir və üst-üstə düşmə halı yoxdur. Belə olan təqdirdə kollegiya hesab edir ki, bağ sahələrinin nömrələrinin eynilik təşkil etməsi formal əsas olmaqla, iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. İddiaçının özünün də ərizəsində tələb etdiyi kimi, cavabdeh tərəfindən bağ sahəsinə yeni nömrə verilməklə qeydiyyatı aparıla bilər. Odur ki, məhkəmə kollegiyası qeyd edilən dəlilə münasibətdə apellyasiya şikayətini əsassız hesab edir. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin ikinci dəlilinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi iddiaçının iradəsindən asılı olan hal deyil və bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 7 mart 2016cı il tarixli 818 nömrəli Fərmanının 2.3-cü bəndinə görə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: (2.3.1) torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılması; (2.3.2) torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; (2.3.3) torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; (2.3.4) ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; (2.3.5) ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Göründüyü kimi, torpaq sahəsinin arxiv cizgisi ilə uyğunsuzluq təşkil etməsi iddiaçının idarəsindən asılı olan hal deyil, iddiaçı buna görə məsuliyyət daşımır. Cavabdeh qeyd olunan uyğunsuzluqla əlaqədar sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə Kollegiyası “torpaq sahəsinin 423 kv.m hissəsinin üçüncü şəxs X2 adına **********73 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 472 saylı bağ sahəsi ilə üstüstə düşməsi” dəlilinə münasibətdə apellyasiya şikayətini qismən əsaslı hesab edir. Belə ki, İddiaçı istifadəsində olan torpaq sahəsi ilə üçüncü şəxs X6 məxsus olan torpaq sahələri bitişik, yəni qonşu bağ sahələri olmaqla, işin halları ilə müəyyən edilir ki, iddiaçının vərəsəsi olduğu X1 üzrə 0.25 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.29 ha təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 472 saylı torpaq sahəsinin ölçüsü 0.12 ha olan bağ sahəsinə dair 1/5 hissədə mülkiyyət hüquqları X2 adına xx.xx.2022-ci il tarixdə, ********** qediyyat nömrəsi, **********73 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan mütəxəssis rəyi ilə müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində olan 0.29 ha torpaq sahəsinin 435.0 kv.m hissəsi **********73 reyestr nömrəsi ilə X2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin iş materiallarında olan X10 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, Təhminə Mahmudova müxtəlif vaxtlarda cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 472 saylı bağ sahəsinə dair, ********** saylı, xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydə alınmış çıxarışa əsasən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədində qeyd edilən bağ sahəsinin 0.12 ha saxlanılmaq şərti ilə, həmin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilərək (döngə nöqtələrinin koordinatlarında uyğunsuzluq olduğuna görə) faktiki vəziyyətə uyğun yeni plan və ölçü sənədinin tərtib edilməsini xahiş etmişdir. Beləliklə, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 435.0 kv.m hissəsinin X2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi iddianı tam edərkən üst-üstə düşən sahəni iddiaçının faktiki isifadəsində olan 0.29 ha-dan çıxmaqla yerdə qalan 2465 kv.m sahəyə dair çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, iş materiallarında olan 473 nömrəli bağın istifadəyə verilməsi haqqında 16906 saylı, 28 iyul 2005-ci il tarixli müqavilə ilə iddiaçının vərəsəsi olduğu X7 ayrılmış torpaq sahəsinin qanuni ölçüsü 0.25 ha təşkil edir, beləliklə müəyyən edilir ki, iddiaçının faktiki istifadəsində 0.29 ha torpaq sahəsi olsa da, onun yalnız 0.25 ha torpaq sahəsinə münasibətdə hüquq müəyyənedici sənədi mövcuddur. Belə olduqda Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2065 ha torpaq sahəsi (2500 kv.m (qanuni istifadəsində olan)-435 kv.m (üst-üstə düşən sahə)=2065 kv.m) olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı hazırkı tələblə mübahisə predmeti olan torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın reyestrində qeydiyyatdan keçməsini deyil, müvafiq arayışın verilməsini tələb edir. Müvafiq ünvanda olan torpaq sahəsinin mərhum X7 məxsus olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Lakin mərhumun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2500 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının olması öz təsdiqi tapsa da, həmin torpaq sahəsinin 435 kv.m hissəsinə münasibətdə torpaq sahənin başqa şəxsin, hazırki iş üzrə üçüncü şəxs X2 qeydiyyatdan keçməsi müəyyən edildiyindən hazırkı iddia tələbi üzrə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinin tətbiqi yalnız 0.2065 ha hissəyə münasibətdə mümkündür. Məhkəmə Kollegiyası həmçinin iddiaçıya izah edir ki, o üst-üstə düşən 435.0 kv.m hissə ilə bağlı üçüncü şəxs X2 adına verilmiş “Torpaq sahəsinin plan və ölçüsü” sənədini inzibati icraat qaydasında mübahisələndirmək hüququna malikdir. Qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında qeydiyyat orqanı tərəfindən ilk öncə arayış verilməli, daha sonra həmin arayış əsasında hüquq vərəsənin adına qeydiyyata alınmalıdır. Əlbəttə ki, vərəsə anlayışın və miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüququnun tənzimlənməsi prinsipi Mülki Məcəllənin müddəalarında əks olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.3-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. - 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. - 28.1-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. - 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətin qismən təmin edilməli, qərar qismən ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2065 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10781/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı qismən ləğv edilsin. Bakı şəhəri İcraiyyə Komitəsinin X8 və istismarı Birliyinin 16906 nömrəli, 28 iyul 2005-ci il tarixli müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.2065 ha torpaq sahəsi olan 473 nömrəli bağ sahəsinə yeni nömrə verilməklə mülkiyyət hüququnun mərhum X7 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2035/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2035/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver