Məhkəmə qərarları › İş №2-1(103)-2035/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2035/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2035/2025 10.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “Qərarın ləğvi və əlilliyin bərpa olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3091/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tibbi-Sosial Ekspertiza və X4 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən “Epilepsiya generalizə olunmuş qıcolma tutmaları ilə və şəxsiyyət dəyişikliyi ilə” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir.

2. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçı tərəfə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçının əlillik məlumatlarının müvafiq elektron sistemə işlənməsi barədə daxil olmuş müraciətinə baxılmış və o, əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixdə, saat 13:00-dək Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qəbula dəvət olunmuşdur.

3. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, iddiaçıya xx.xx.2005-ci il tarixdə təyin edilmiş müddətsiz, 3-cü dərəcə əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2005-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə təkrar əlillik təyinatı aparılmışdır. Vətəndaş ilkin əlillik məlumatlarının Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə daxil edilməsi ilə əlaqədar müraciəti əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, vətəndaşa dair əlillik məlumatları “Əlillik” altsisteminə daxil edilmiş, lakin şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı hazırda əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Həmçinin İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəməyə təqdim edilmişdir.

5. Həmin məktuba əlavə edilmiş:

6. İddiaçı dair X5 çıxarışdan görünür ki, xx.xx.2003-cü il tarixdə müayinə edilərək “Ümumi Xəstəlik; X1 Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G40-G47-Epizodik və paroksizmal pozğunluqlar=>G40-Epilepsiya=>G40.9-Dəqiqləşdirilməmiş epilepsiya; Diaqnozun Mətni: Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə və şəxsiyyət dəyişikliyi ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.16. Epilepsiya teztez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə” əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir.

7. İddiaçı dair X5 çıxarışdan görünür ki, xx.xx.2004-cü il tarixdə müayinə edilərək “Ümumi Xəstəlik; X1 Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G40-G47-Epizodik və paroksizmal pozğunluqlar=>G40-Epilepsiya=>G40.9-Dəqiqləşdirilməmiş epilepsiya; Diaqnozun Mətni: Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə və şəxsiyyət dəyişikliyi ilə; Meyar: 2.2 ikinci dərəcə əlillik => 2.2.16. Epilepsiya teztez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişməsi ilə” əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir.

8. İddiaçı dair X5 çıxarışdan görünür ki, xx.xx.2005-ci il tarixdə müayinə edilərək “Ümumi Xəstəlik; X1 Vİ Sinif-Sinir sistemi xəstəlikləri=>G40-G47-Epizodik və paroksizmal pozğunluqlar=>G40-Epilepsiya=>G40.9-Dəqiqləşdirilməmiş epilepsiya; Diaqnozun Mətni: Epilepsiya tez-tez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə və şəxsiyyət dəyişikliyi ilə; Meyar: 2.3. Üçüncü dərəcə əlillik=> 2.3.29. Epilepsiya seyrək tutmalarla” əlaqədar müddətsiz əlillik təyin edilmişdir.

9. İddiaçı dair X5 çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə müayinə edilərək, “X1 Vİ SinifSinir sistemi xəstəlikləri=>G40-G47-Epizodik və paroksizmal pozğunluqlar=>G40- Epilepsiya=>G40.9-Dəqiqləşdirilməmiş epilepsiya; Diaqnozun Mətni: Epilepsiya teztez baş verən generalizə olunmuş qıcolma tutmaları ilə və şəxsiyyət dəyişikliyi ilə” diaqnozu ilə qiymətləndirilmiş və “tam reabilitasiya olması” səbəbi ilə əlillik verilməsindən imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

10. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və müddətsiz İİİ dərəcə əlilliyinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilkin xx.xx.2003- cü il tarixdə “ikinci dərəcə əlillik” təyin edilmişdir (müddətli). Diaqnoz: Epilepsiya tez-tez baş verən generalizə olunmuş tutmaları ilə şəxsiyyət dəyişikliyi. Təkrar olaraq xx.xx.2004- cü il tarixdə “ikinci dərəcə əlillik” təyin edilmişdir (müddətli). Diaqnoz: Epilepsiya tez-tez baş verən generalizə olunmuş tutmaları ilə şəxsiyyət dəyişikliyi. Təkrar olaraq (müddətsiz) xx.xx.2005-ci il tarixdə “üçüncü dərəcə əlillik” təyin edilmişdir. Diaqnoz: Epilepsiya teztez baş verən generalizə olunmuş tutmaları ilə şəxsiyyət dəyişikliyi. İddiaçı fasiləsiz olaraq 19 il, xx.xx.2005-ci il tarixdən isə müddətsiz olaraq “üçüncü dərəcə əlillik” təyinatına görə pensiya almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaçıya bildiriş göndərərək, qəbula dəvət etmiş və qeyd olunmuşdur ki, “xx.xx.2024-cü il tarixdə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (epikriz, tibbi rəy, TSEK arayışı və digər sənədlər) və bu məktubu gətirməyiniz xahiş olunur”. Bundan sonra iddiaçı qeyd olunan sənədləri xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. İddiaçı hər hansı şəkildə müəyinə olunmamışdır. Sadəcə göstərilən sənədləri təqdim etmişdir. Sonradan müəyyən olunmuşdur ki, iddiaçının əlilliyi tam reabilitasiya olunması səbəbindən xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. İddiaçı inzibati orqana xx.xx.2024-cü il tarixdə şikayət vermişdir. Şikayətə cavab olaraq (04.09.24 tarixli) bildirilmişdir ki, iddiaçı təqdim olunan sənədlərin və ətraflı müayinənin nəticəsi olaraq tam reabilitasiya olunmuşdur. Halbuki, hər hansı ətraflı müayinədən söhbət gedə bilməz. İddiaçıya 2005-ci il tarixdə müddətsiz təyin olunmuş əllik qeyri-qanuni və əsassız olaraq ləğv edilmişdir. Belə ki, cavabdeh orqan əlilliyin dayandırılmasından öncə inzibati icraatın başlanması barədə qəbul etməmiş, inzibati icraat barədə tərəflərə məlumat verməmiş, inzibati icraatda iddiaçının iştirakını təmin etməyərək Əlillik alt sistemində iddiaçının əlillik təyinatını ləğv etmişdir. İnzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir.İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Hazırkı işin sadalanan hallarından isə məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik təyinatı ləğv edilsə də, bunun səbəbləri qanunvericiliyə istinad edilməklə əsaslandırılmamışdır. Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsindən məlumdur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən inzibati icraatın prinsiplərinin pozulması ilə əlilliyin etibarsızlığı barədə qərar qəbul edildiyi, yaxud əlillik təyinatının ləğv edildiyi hallarda cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə əlilliyin bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulur (İstinad olunur: Ali Məhkəmənin 2-1(102)-2207/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı). Bundan başqa İnzibati orqan tərəfindən müddətsiz yəni ömürlük əlil hesab olunmuş şəxsin “nəzarət qaydasında” təkrar müayinə olunması halları nəzərdə tutulmur. Müəyyən müddətə əlillik dərəcəsini almış şəxslər həmin müddət keçdikdən sonra yenidən müayinədən keçməlidirlər. Lakin iddiaçı 2009 ildə müddətsiz əlil hesab edilmişdir və belə olan halda onun “nəzarət qaydasında”, yəni faktiki məcburi qaydada müayinəsi qanunazidd bir hərəkət olmuşdur. (İstinad olunur: Ali Məhkəmənin 2- 1(102)-2379/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı). Bundan başqa iddiaçıya 2005-ci il tarixdə müddətsiz əlillik təyin edilmişdir (cavabdeh orqan tərəfindən qəbul edilmiş inzibati akt nəticəsində). Cavabdeh orqan “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada 2005-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı sübut təqdim edə bilməmişdir. “İnzibati icraat haqqında” normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Cavabdeh orqan 2005-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən 2005-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtarana və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (İstinad olunur: Ali Məhkəmənin 2-1(102)-121/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı). Əlavə olaraq iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda iddiaçının əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilərdi. Lakin iddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh inzibati orqan iddiaçının əlillik təyinatı ləğv edilmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçının əlillik təyinatı ləğv edilmişdir (İstinad olunur: Ali Məhkəmənin 2- 1(102)-94/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı). Cavabdeh inzibati icraat zamanı iddiaçının əlilliyi ilə bağlı məsələnin həlli üçün əhəmiyyət kəsb edən faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi barədə 2005-ci ildə qəbul edilmiş qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda tam reabilitasiya səbəbi ilə əlillik təyinatını dayandırmışdır. Belə ki, inzibati orqan qüvvədə olan inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövgeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə borcludur. Qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir.

12. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3091/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının İddiaçı təyin olunmuş əlilliyin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı halda iş materiallarından görünür ki, məhkəmənin “təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş araşdırma materiallarının məhkəməyə təqdim edilməsi barədə” sorğusuna cavab olaraq cavabdeh qurum əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar, həmçinin iddiaçının əyani müayinəsinin nəticələrinə dair sənəd əlavə edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili də məhkəmə iclasında verdiyi izahatda iddiaçının əlilliyinin ləğv edilməsi ilə bağlı qərar qəbul olunarkan cavabdeh tərəfindən əyani müayinəyə cəlb edilmədiyini bildirmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bilavasitə iddiaçının əlilliyinin ləğv olunmasına dair mövcud olan bütün sənədlərin sübutların məhkəməyə təqdim edildiyini bildirmişdir. Həmçinin, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının əlilliyinin ləğv edilməsi barədə qərar cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı onun özünə aid əsaslı şübhələrin mövcudluğunun müəyyən edilməsi nəticəsində deyil, əlillik məlumatlarının müvafiq elektron sistemə işlənməsi barədə iddiaçının müraciəti nəticəsində qəbul edilmişdir.

14. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

15. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-3091/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyinin təyin olunması istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati İcraat haqqında” Qanunun tələbləri pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual normaları pozmuşdur.İddiaçının əlillik vəziyyəti tam tam reablitasiya olunduğu halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskression səlahiyyətinə əsassız müdaxilə etmişdir. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır .

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

20. “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarına əsasən: 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 1. özünəqulluq bacarığı; 2. sərbəst hərəkətetmə bacarığı; 3. istiqamətseçmə bacarığı; 4. ünsiyyət bacarığı; 5. davranışına nəzarətetmə bacarığı; 6. öyrənmə bacarığı; 7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan): 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. ....

22. “İnzibati icraat haqqında” Qanununun: 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə görə, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarından çıxış edərək qeyd edir ki, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər.

28. İşin faktiki hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “İnzibati İcraat Haqqında” Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş halların mövcudluğu öz təsdiqini tapmamışdır. Həmçinin nəzərə alınmalıdır ki, həmin qanunun 67.12-ci maddəsinə müvafiq olaraq, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

29. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

30. Məhkəmə qeyd edir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır.

31. Belə ki, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir.

32. Göründüyü kimi, Agentliyə müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarı müəyyən şərtlər daxilində dəyişdirmək və ya ləğv etmək imkanı tanınmışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda cavabdeh inzibati orqan “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir.

33. Hazırkı halda iş materiallarından görünür ki, məhkəmənin “təyin edilmiş əlilliyin ləğv edilməsi haqqında qərarın qəbul edilməsi üçün əsas olmuş araşdırma materiallarının məhkəməyə təqdim edilməsi barədə” sorğusuna cavab olaraq cavabdeh qurum əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar, həmçinin iddiaçının əyani müayinəsinin nəticələrinə dair sənəd əlavə edilməmişdir.

34. Birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi və vəkili də məhkəmə iclasında verdiyi izahatda iddiaçının əlilliyinin ləğv edilməsi ilə bağlı qərar qəbul olunarkan cavabdeh tərəfindən əyani müayinəyə cəlb edilmədiyini bildirmişdir.

35. Bundan əlavə birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bilavasitə iddiaçının əlilliyinin ləğv olunmasına dair mövcud olan bütün sənədlərin sübutların məhkəməyə təqdim edildiyini bildirmişdir.

36. Həmçinin, işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçının əlilliyinin ləğv edilməsi barədə qərar cavabdeh inzibati orqan tərəfindən iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı onun özünə aid əsaslı şübhələrin mövcudluğunun müəyyən edilməsi nəticəsində deyil, əlillik məlumatlarının müvafiq elektron sistemə işlənməsi barədə iddiaçının müraciəti nəticəsində qəbul edilmişdir.

37. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 2-1(102)-1685/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarında da oxşar mövqe əks etdirilmişdir. Belə ki istinad olunan Qərarın 44-cü bəndində qeyd edilmişdir ki, icraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. 45. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. 47. Kollegiya hesab edir ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır.

39. Məhkəmə istinad olunan qərarda müəyyən edilən hallardan çıxış edərək belə qənaətə gəlir ki, inzibati orqan əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olmasını müəyyən etmədən qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahib olmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilərək Tibbi-Sosial EkspertKomissiyasının iddiaçıya təyin olunmuş əlilliyin ləğv edilməsinə dair xx.xx.2024-cü il tarixli qərarı ləğv olunmalıdır.

40. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyinin təyin olunması istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati İcraat haqqında” Qanunun tələbləri pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual normaları pozmuşdur.İddiaçının əlillik vəziyyəti tam tam reablitasiya olunduğu halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq inzibati orqanın diskression səlahiyyətinə əsassız müdaxilə etmişdir.

41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının əlilliyinin ləğv edilməsi barədə qərar qəbul etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” qaydasının 3.7-ci bəndində göstərilən əsaslardan hər hansı birinin mövcud olması hal-hazırda müəyyən edilmir, belə ki, iddiaçının əlilliyinin əsassız təyin olmasına dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, belə sübutlar barədə məlumatlar məhkəməyə bildirilməmişdir.

42. Cavabdeh inzibati orqan iddiaçının əlilliyi barədə sənədlərin mötəbər olmasına və şübhə doğurmamasına, səlahiyyətli inzibati orqanlar tərəfindən iddiaçınnın xəstəliyinin iddiaçının xeyrinə olan halları araşdırmadan iddiaçının əlilliyinin ləğv edilməsi barədə qərar qəbul etmiş, bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini pozmuşdur.

43. Məhkəmə Kollegiyası yuxarıda sadalanan işin faktiki hallarına tətbiq edilən hüquq normalarından çıxış edərək hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddianın təmin edilməsini istisna etmədiyindən, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3091/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3091/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar