Məhkəmə qərarları › İş №2-1(103)-2037/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2037/2021

17.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2037/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının vəkili X16, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “təsis müqaviləsində göstərilmiş pay bölgüsünə əsasən iddiaçıya düşən hissə göstərilməklə mülkiyyət hüququna dair yeni çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1485/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inziabti işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış seriya RX №1262362 çıxarışa əsasən paylı mülkiyyətində olan ünvan 6da yerləşən qeyri-yaşayış sahəsinin Dövlət Əmlak Komitəsi ilə razılaşdırılmış və notarial qaydada təsdiq edilmiş 06.04.1997-ci il tarixli “Tural-B” firmasının təsis müqaviləsində göstərilmiş pay bölgüsünə əsasən iddiaçıya düşən hissə göstərilməklə yeni çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1485/2021 saylı saylı qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1485/2021 saylı qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 001752 qeydiyyat nömrəli, 04.02.1997-ci il qeydiyyat tarixli şəhadətnaməyə əsasən ünvan 1 ünvanda yerləşən "Qaya" İKF-ın 1 saylı bərbərxanasına dair ümumi birgə mülkiyyət üzrə hüquqları tanınmış və dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Qeyd olunan ünvanda yerləşən daşınmaz əmlaka dair pay bölgüsünün aparılması barədə notarial qaydada təsdiq olunmuş müqavilə təqdim olunmamışdır. Belə ki, iddiaçının iddia ərizəsində və birinci instansiya məhkəməsinin müvafiq qərarda sübut kimi istinad etdiyi 06.04.1997-ci il tarixli “Tural-B” firmasının təsis müqaviləsi 04.02.1997-ci il tarixli Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Şəhadətnamədən sonra verilmişdir və hüquqi şəxsin təsis müqaviləsi daşınmaz əmlaka dair payların bölünməsi barədə deyil, hüquqi şəxsin nizamnamə fondunda payların müəyyən edilməsi barədədir. Həmçinin, hüquqi şəxsin təsis müqaviləsi daşınmaz əmlak üzərinə hüquqların dövlət qeydiyyatına alınması üçün əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, İdarənin mütəxəssisləri tərəfindən aparılan yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi sənəd üzrə 180,2 kv.m. faktiki isə 231,6 kv.m təşkil edir. Həmçinin qeyriyaşayış sahəsinin daxilində yenidənqurma (rekonstruksiya) işləri aparılmışdır. İnşa edilmiş əlavə sahələrə və aparılmış yenidənqurma işlərinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, ünvan 1 ünvanda yerləşən "Qaya" İKF-ın 1 saylı bərbərxanası olan qeyri-yaşayış sahəsinin 84,84 kv.m-dən bir hissəsi X6, X34, X12, X35, X24, X36, X7, X8, X10, X54, X9, İddiaçı, X37 adlarına, 34,0 kv.m X17 adına, 84,84 kv.m-in bir hissəsindən 1/2 hissəsi X11, X4, 61,36 kv.m X25 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onların paylı mülkiyyətindədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq iş dəqiq və düzgün araşdırılmamış, qeyd olunan hallar və qanunvericiliyin tələbləri qanunsuz və əsassız olaraq məhkəmə tərəfindən nəzərə alınmamış və nəticə qanunsuz olaraq iddiaçının iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə qeyri-yaşayış sahəsinin digər payçıları - X18, X59, X30, X60, X44, X61, X19, X20, X22, X70, X21, X62, X38, X26, X13, X45, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1485/2021 saylı qərarının ləğv olunmasını, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1485/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin faktiki hallarına əsasən iddiaçının “Tural-B” firmasının nizamnamə fondundakı payı dəqiq göstərilmişdir və iddiaçı həmin payın mülkiyyətçisidir, bu səbəbdən də onun payı göstərilməklə yeni çıxarışın verilməsini cavabdehdən tələb etmək hüququna malikdir. Ona görə də iddia tələbi təmin edilməli, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış seriya RX №1262362 çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin Dövlət Əmlak Komitəsi ilə razılaşdırılmış və notarial təsdiq edilmiş 06.04.1997-ci il tarixli “Tural-B” firmasının təsis müqaviləsində göstərilmiş pay bölgüsünə əsasən İddiaçı düşən hissə göstərilməklə yeni çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmalıdır. İş materiallarında olan: - “Tural-B” firmasının 06.04.1997-ci il tarixli təsis müqaviləsinə əsasən İddiaçı və digər şəxslər X39, X14, X59, X46, X30, X31, X40, X21, X23, X15, X63, X61, X47, X60, X55, X62, X18, X70, X27 arasında bağlanmış müqaviləyə əsasən müqavilə üzrə tərəflər Bakı şəhəri, Xətai rayonu Əhaliyə Məişət Xidməti İdarəsinin “Qaya” firmasının 1 №li bərbərxanasının əmlakında ifadə olunan paylarını birləşdirirlər və “Tural-B” firmasını təsis edirlər, firmanın nizamnamə fondunda iddiaçının payı 26697543 AZM məbləğində əmlak – nizamnamə fondunun 61,52%, qalan təsisçilərin hər birinin payı 878708 AZM – 2, 025% müəyyən olunmuşdur. - “Tural-B” firmasının Nizamnaməsinə əsasən müəssisənin nizamnamə fondu 43.393.000 AZM təşkil edir, iddiaçının payı 26.697.543 AZM məbləğində əmlak – nizamnamə fondunun 61,52%, qalan təsisçilərin hər birinin payı 878.708 AZM – 2,025% təşkil edir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanda yerləşən qeyriyaşayış sahəsi (“Qaya” İKF-nın 1 saylı bərbərxanası) ümumi birgə payda olmaqla İddiaçı və digər 19 nəfər şəxsin adına xüsusi mülkiyyət kimi 11.03.2011-ci ildə qeydə alınmışdır. - 29.07.2017-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən iddiaçı Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi,13 ünvanda yerləşən ümumi sahəsi 180,2 kv metr olan qeyri-yaşayış sahəsinin (“QAYA” İKF-nin 1 saylı bərbərxanası) 59 kv. metrini X2 öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov, 13 ünvanda yerləşən qeyri-yaşatış sahəsi (180 kv metr) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda hüquq sahibləri kimi X45 (payı 25,0 kv metr), X38 (payı 34,0 kv metr), X46, X59,X62, X48, X31, X40, X30, X60, X27, X63, X47, X61, X19, X22, X28, X33, X70, X29, X18, İddiaçı (birlikdə payları 121,2 kv metr) göstərilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə tərəfindən cavabdehə sorğu ünvanlanaraq mübahisə predmeti olan ünvan 6da yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı məxsus hissəsinə dair həyata keçirilmiş əməliyyatlar barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatlar barədə məlumatın (arxiv sənədləri əlavə olunmaqla) növbəti məhkəmə iclasınadək məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış məktubda qeyd olunmuşdur ki, İddiaçı və kollektivin adına ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 180,2 kv.m olan 1 saylı bərbərxanaya 01752 nömrəli, 04.02.1997-ci il tarixli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair” şəhadətnamə tərtib edilmişdir. Sonradan qeyd olunan qeyriyaşayış sahəsi ********** qeydiyyat nömrəli, 15.02.2011-ci il tarixli çıxarış ilə İddiaçı (ümumbirgə) adına dövlət reyestrində qeydiyyata alınmışdır. 9 saylı NK-nın 4ə-570 reyestr nömrəli, 29.07.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ümumbirgə mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 180,2 kv.m olan (“Qaya” İKF-nin 1 saylı bərbərxanası) qeyri-yaşayış sahəsindən ona məxsus hissədən 59 kv.m təşkil edən hissə X25 adma ********** qeydiyyat nömrəli, 17.08.2017-ci il tarixli çıxarış ilə rəsmiləşdirilmişdir. Yerdə qalan hissə ilə bağlı (84.84 kv.m.-dən bir hissə) İddiaçı adına ********** saylı, 15.03.2018-ci il tarixli çıxarış tərtib olunmuşdur. Məlumat üçün bildiririk ki, ünvan 6da yerləşən qeyri-yaşayış sahəsinin ("Qaya'' İKF-ın 1 saylı bərbərxanası) 84.84 kv.m-dən bir hissəsi hazırda İddiaçı xüsusi mülkiyyətindədir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, təsis sənədlərinə əsasən ümumi mülkiyyətin 61.52 %-i, yəni, 110 kv.m.-i onun payı olmuşdur. 2017-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən öz payından 59 kv.m. hissəni X1. Hazırda onun 51 kv.m. payı var. Həmin payın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Eyni zamanda cavabdeh məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, ümumi sahəsi 180,2 kv.m olan daşınmaz əmlakın 59 kv.m-ri X45 tərəfindən satın alınmışdır. Qalan sahə iddiaçı da daxil olmaqla 20 mülkiyyətçinin ümumi birgə mülkiyyətindədir. Məhkəmə kollegiyası hesab edir ki, baxılan iş üzrə aşağıdakı növbəti aydınlaşdırmalara və ya sübutların araşdırılmasına zərurət olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir:

1. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə qeyri-yaşayış sahəsinin digər payçıları inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməmişdirlər.

2. İş materiallarında olan “Tural-B” firmasının 06.04.1997-ci il tarixli təsis müqaviləsinə əsasən iddiaçı və digər şəxslər arasında bağlanmış müqaviləyə əsasən müqavilə üzrə tərəflər Bakı şəhəri, Xətai rayonu Əhaliyə Məişət Xidməti İdarəsinin “Qaya” firmasının 1 №li bərbərxanasının əmlakında ifadə olunan paylarını birləşdirirlər və “Tural- B” firmasını təsis edirlər, firmanın nizamnamə fondunda iddiaçının payı 26.697.543 AZM məbləğində əmlak – nizamnamə fondunun 61,52%, qalan təsisçilərin hər birinin payı 878.708 AZM – 2,025% müəyyən olunmuşdur. Lakin iş materiallarında olan 11.03.2011-ci il tarixli, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mübahisəli qeyri-yaşayış sahəsi iddiaçı da daxil olmaqla 20 adda şəxsin ümumi birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinə dair payların müəyyən olunub-olunmadığı araşdırılmamışdır.

3. Eyni zamanda 2017-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin 59 kv.m-ri iddiaçı tərəfindən X3 zaman digər mülkiyyətçilərin razılığının alınıb-alınmadığı müəyyən edilməmişdir. Hazırki işdə digər ziddiyyətli məqamlar da qalmışdır ki, işə yenidən baxacaq 1-ci instansiya məhkəməsi bunları aradan qaldırıb əsaslı və qanuni qərar qəbul etməlidir. Belə ki, iddiaçı dəqiqləşdirilmiş iddia ərizəsində yalnız ona yeni çıxarışın verilməsini tələb etsə də, ilkin iddia ərizəsində bütün təsisçilərin payları ayrıca göstərilməklə, onlara yeni çıxarışın verilməsini tələb etmiş, bu zaman onun başqa təsisçilərin adından çıxış etmək səlahiyyəti olması barədə işdə hər-hansı hüquqi sənəd mövcud olmamışdır. Digər tərəfdən, iddiaçı ümumi birgə mülkiyyətdə olan daşınmaz əmlakın təsis müqaviləsində müəssisənin nizamnamə fondundakı payına uyğun çıxarışın verilməsini istəyir. Əvvəla, işin materiallarında müəssisənin təsisçiləri arasında daşınmaz əmlakın bölünməsi haqqında hər hansı razılaşmanın olması müəyyən edilmir, işdə olan təsisçilərin bağladığı təsis müqaviləsi isə daşınmaz əmlaka dair payların bölünməsi barədə deyil, hüquqi şəxsin nizamnamə fondunda payların müəyyən edilməsi barədə olmuşdur. Cavabdehin həmin hal ilə əlaqədar göstərdiyi dəlillər tam əsaslıdır. Nəzərə alınmalıdır ki, cavabdeh təsisçilərin razılığ olmadan özbaşına onların əmlakını bölə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı təsis müqavələsində qeyd olunmuş 61,52% payına uyğun daşınmaz əmlakın müvafiq hissəsini tələb edir. Bu zaman aydın olmur ki, o, əmlakın satılmasından sonra yerdə qalan ümumi birgə mülkiyyət olan 121,2 kv.m sahənin 61,52%-ni istəyir, yoxsa həmin mülkiyyətin əvvəlki sahəsindən 61,52%-ni. Nəzərə alınmalıdır ki, birinci halda, digər təsisçilərin daşnmaz əmlakdakı payları sahə baxımından xeyli azalır. Bu halda da, onalırın müvafiq rəyləri alınmalıdır. Göründüyü kimi baxılan iş üzrə qeyd olunan ziddiyyətlər məhkəmə tərəfindən hərtərəfli araşdırılmadığından əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 29.04.2021-ci il tarixli, 2-1(112)-1485/2021 saylı qərarı ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “təsis müqaviləsində göstərilmiş pay bölgüsünə əsasən iddiaçıya düşən hissə göstərilməklə mülkiyyət hüququna dair yeni çıxarışın verilməsi” tələbinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar