Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2038/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına İdarəsinə qarşı ona 57 yaşı tamam olduğu yəni 09.08.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3677/2021 saylı 05 may 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07-08 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 57 yaşı tamam olduğu yəni 09.08.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1962-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 31.07.1979-cu ildən 07.12.1979-cu ilədək Bakı Dəniz Limanında Liman emalatxanalarının çilingəri, 07.12.1979-cu ildən 08.10.1980-ci ilə qədər Liman emalatxanalarının 1-ci dərəcəli çilingər təmirçisi vəzifəsində işləmişdir. 23.11.1980-ci ildən 22.12.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Bundan sonra 10.02.1983-cü ildən 11.03.1983-cü ilə qədər Bakı Beynəlxalq Dəniz Ticarət Limanında doker-mexanizator şagirdi, 11.03.1983-cü ildən 01.04.1986-cı ilə qədər doker-mexanizator, 05.08.1988-ci ildən 19.10.1989-cu ilə qədər talman, 19.10.1989-cu ildən 26.01.2016-cı ilə qədər isə dokermexanizator vəzifəsində işləmişdir. 26.01.2016-cı il tarixdən hal-hazıradək "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə 23.12.2020-ci il tarixli, **********1 nömrəli məktubla imtina etmişdir. İmtinanın əsası kimi “doker-mexanizator” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıya sonradan əlavə edildiyi göstərilmişdir. Hesab edir ki, qeyd edilən hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3677/2021 saylı 05 may 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu müddətdə doker mexanizator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısı”nda nəzərdə tutulmamışdır. Buna görə də həmin vəzifə güzəştli şərtlərlə əmək pensiyası hüquq verən əmək şəraiti zərərli və ağır olan vəzifə hesab edilməmişdir. Sözügedən Qərar Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 2-ci bəndinə əsasən qüvvədən düşmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “c” yarımbəndinə Nazirlər Kabinetinin 06 oktyabr 2008-ci il tarixli 236 nömrəli Qərarı ilə aşağıdakı məzmunda beşinci abzas əlavə edilmişdir: “Limanlarda yükvurma-yükboşaltma işlərində çalışma kompleks mexanizatorları (doker-mexanizatorlar)”. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 6 avqust 1979-cu il tarixli əmək kitabçasında və "xxxx" MMC-nin ona dair 27 avqust 2020-ci il tarixli TCS-M- 018/20 nömrəli arayışında 10.02.1983-cü il tarixindən bugünədək doker-mexanizator vəzifəsində işlədiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq iddiaçının hazırda 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatına baxılarkən yuxarıda qeyd olunanlara əsasən müəyyən edilir ki, 01.01.2006-cı il tarixindən əvvəlki qanunvericiliyə görə doker mexanizator vəzifəsi güzəştli şərtlərlə təminat verən vəzifələr sırasına daxil edilmədiyi üçün həmin tarixədək güzəştli iş stajı tamamlanmayıb. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə uyğun iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 60 yaşı tamam olduğu tarixdə yaranacaqdır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 57 yaşı tamam olduğu yəni 09.08.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və müəyyən etmişdir ki, iddiaçının 01.01.2006-ci il tarixinədək hərbi xidmət dövrü də daxil olmaqla 26 il 1 ay 18 gün ümumi, 21 il 7 ay 6 gün iş stajı mövcuddur. İddiaçının çalışdığı doker mexanizator Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrinvə göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır, lakin həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na 2008-ci il 06 oktyabr tarixli 12 nömrəli qərara daxil edilmişdir. Belə ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 oktyabr 2008-ci il tarixli, 236 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21.2-ci bəndinin «c» yarımbəndinə aşağıdakı məzmunda beşinci abzas: «limanlarda yükvurma- yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (dokermexanizatorlar) əlavə edilmişdir». İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında, o cümlədən 2-1(102)-644/2020 nömrəli, 10.03.2020-ci il tarixli, 2-1(102)-572/2020 nömrəli, 25.02.2020-ci il tarixli, 2-1(102)-680/2020 nömrəli, 01.07.2020ci il tarixli, 2-1(102)-799/2020 nömrəli, 22.05.2020-ci il tarixli qərarlarında göstərilmişdir ki,” qanunvericiliyin iradəsini həyata keçirən səlahiyyətli dövlət orqanı (“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı) 2008-ci il 06 oktyabr tarixli Qərarı ilə həmin vaxtadək mövcud olmuş “dokermexanizator” peşəsinin əmək şəraiti xüsusilə zərərli və ağır iş olduğunu tanımış və təsdiq etmişdir. Odur ki, bu peşə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə kimi qəbul edilmişdir. “ Həmin peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na daxil edildiyi 2008-ci ildə qüvvədə olan ”Əmək pensiyaları haqqında””Qanunun 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır ilan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 01.01.2006-ci il tarixə 25 ildən artıq sığorta stajına malik olmuş və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmış, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2008-ci ildə qüvvədə olan redaksiyasında təsbit olunmuş sığorta stajlarına dair şərtləri ödəməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus NЭ ******* №-li hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 23.11.1980-ci ildən 22.12.1982-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 31.07.1979-cu ildə Bakı Dəniz Ticarət Limanında Liman emalatxanaların çilingər şagirdi kimi işə qəbul edilmiş, 07.12.1979-cu ildə Liman emalatxananın 1-ci dərəcəli çilingər-təmirçisi təyin olunmuş, 08.10.1980-ci ildə Sovet Ordusu sıralarına getdiyi üçün Limandan azad edilmiş, 23.11.1980-ci ildən 22.12.1982-ci ilədək Sovet Ordusundə xidmət etmiş, 10.02.1983-cü ildə imtahanları verdikdən sonra Bakı Dəniz Ticarət Limanında 1 saylı yük rayonunun doker-mexanizatorunun şagirdi qəbul edilmiş, 11.03.1983-cü ildə 4-cü dərəcəli doker-mexanizator hesab edilmiş, 01.04.1986-cı ildə 1 saylı istehsalat-yüklənmə kompleksinin 4-cü dərəcəli doker-mexanizator təyin edilmiş, 05.08.1988-ci ildə həmin yerdə talman (qəbuledici-təhvil verən) şagirdi keçirilmiş, 07.10.1988-ci ildə imtahanları verdikdən sonra həmin yerdə talman (qəbuledici-təhvil verən) hesab edilmiş, 19.10.1989-cu ildə həmin yerdə 4-cü dərəcəli doker-mexanizator keçirilmiş, 01.01.1991-ci ildə 1 saylı İYK (istehsalat-yüklənmə kompleksinin) strukturunun dəyişikliyi ilə əlaqədar olaraq 1 saylı yük rayonunun 4-cü dərəcəli doker-mexanizator hesab edilmiş, 23.04.1993-cü ildə imtahanları verdikdən sonra 3-cü sinif doker-mexanizator hesab edilmiş, 17.05.2006-cı ildə liman ixtisas komissiyasının protokoluna əsasən 2-ci əsas dokermexanizator sayılmış, 26.01.2016-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş, 26.01.2016cı ildə “X3” MMC-yə doker-mexanizator vəzifəsinə qəbul edilmişdir. 18.08.2020-ci ildə təsisçinin 12.08.2020-ci il tarixli qərarı ilə “X3” MMC 18.08.2020-ci il tarixdən "xxxx" MMC adlandırılmış və iddiaçı hal-hazırda da həmin MMC-də işləyir. İş materiallarında olan iddiaçıya məxsus SSN **********276 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı sosial sığorta ödəyicisidir. İş materiallarında olan "xxxx" MMC-nin 27 avqust 2020-ci il tarixli, TCS-M-018/20 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən “doker mexanizator” vəzifəsində 10.02.1983-cü il tarixindən bu günədək işləyir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2-ci bəndinin «c» yarımbəndinə əlavə edilən «yükvurma-yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (dokermexanizatorları)» qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 23 dekabr 2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının işlədiyi “doker-mexanizator” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na sonradan əlavə edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanununun 31-ci maddəsinin 31.1 bəndinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32-ci maddəsinin 32.1 bəndinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının 57 yaşı 09.08.2019-cu il tarixdə tamam olmuşdur və o, 23.11.1980-ci il tarixdən 22.12.1982-ci il tarixə kimi hərbi xidmət keçmiş (2 il 29 gün), əmək kitabçasına əsasən iddiaçı 31.07.1979-cu il tarixdən 08.10.1980-cı il tarixə kimi Bakı Dəniz Ticarət Limanında Liman emalatxanaların çilingər şagirdi, emalatxananın 1-ci dərəcəli çilingər-təmirçisi (1 il 2 ay 7 gün), 10.02.1983-cü il tarixdən 26.01.2016-cı il tarixə kimi Bakı Dəniz Ticarət Limanında 1 saylı yük rayonunun doker-mexanizatorunun şagirdi, 4-cü dərəcəli doker-mexanizator, talman peşələrində işləmiş (01.01.2006-cı il tarixədək 32 il 10 ay 21 gün), 26.01.2016-cı il tarixdən halhazıradək "xxxx" MMC-də doker-mexanizator vəzifəsində işləyir. Göründüyü kimi iddiaçının hərbi xidmət dövrü nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 36 il 1 ay 27 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin işə götürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının Bakı Dəniz Ticarət Limanında 10.02.1983-cü il tarixdən hal-hazıradək işlədiyi “doker-mexanizator” vəzifəsi (01.01.2006-cı il tarixədək 32 il 10 ay 21 gün) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2-ci bəndinin «c» yarımbəndinə əlavə edilən «yükvurma-yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (dokermexanizatorları)» qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İşə götürən tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçı 01.01.2006-cı il tarixədək 32 il 10 ay 21 gün güzəştli iş stajına malik olmuşdur. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Cavabdeh inzibati orqanın “iddiaçının işlədiyi “doker-mexanizator” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na sonradan əlavə edildiyi” barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirilən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Həmçinin «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələbinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. İddiaçının işlədiyi “doker-mexanizatorları” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilənlərin 2nömrəli Siyahısı»da qeyd olunmasa da, AR Nazirlər Kabinetinin 06.10.2008-ci il tarixli 236 №-li qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə AR Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 №-li qərarında 21 saylı bölmənin 21.2 bəndinin «C» yarımbəndinə əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin hal iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırdığından onun iddiaçıya münasibətdə geriyə qüvvəsi tətbiq olunmalı və bununla da iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Göründüyü kimi, yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 09.08.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. “Andreyeva Latviyaya qarşı” məhkəmə işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3677/2021 saylı 05 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2038/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2038/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver