Məhkəmə qərarları › İş №2-1(103)-2038/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2038/2022

01.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2038/2022 01.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Əliyeva Günay Firdovsi qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “mənzillə təmin edilmə” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2469/2022 saylı, 14 mart 2022ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, mənzil növbəsinə götürülməsi və əvvəlki növbənin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2012-ci il tarixədək müxtəlif hərbi hissə və Müdafiə Nazirliyi tabeliyində olan qurumlarda xidmət keçmiş, həmin tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətdə vəzifə tutmuş və xx.xx.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmət rəisinin əmrinə əsasən ehtiyata buraxılmışdır. İddiaçı hesab edir ki, müvafiq Fərmanın tələblərinə əsasən 20 təqvim ili və daha çox qüsursuz xidmət keçmiş şəxs kimi mənzillə təmin edilməlidir. Bununla əlaqədar cavabdehin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh onun xidmət müddətinin 20 ildən az olduğunu qeyd edir və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətində xidmət etdiyi illəri nəzərə almır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, iddiaçının Müdafiə Nazirliyində xidmət müddəti 19 il 6 ay 12 gün təşkil edir. Belə ki, onun 13 fevral 2012-ci il tarixdən sonra xidməti Müdafiə Nazirliyində olmadığından müvafiq Fərmanın müddəaları ona münasibətdə tətbiq edilməməlidir. Bundan əlavə cavabdeh qeyd edir ki, iddiaçı bir neçə dəfə mənzillə təmin edilmişdir ki, bu səbəbdən iddia təmin edilməməlidir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə verərək ona “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2469/2022 saylı, 14 mart 2022-ci il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış əlavə olaraq bildirilmişdir ki, məhkəmə qərarında qeyd olunur ki, cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, onun 13 fevral 2012-ci il tarixdən sonra xidməti Müdafiə Nazirliyində olmadığından müvafiq Fərmanın müddəaları ona münasibətdə tətbiq edilməməlidir. Halbuki cavabdehin belə bir mövqe olmamışdır. Cavabdeh iddia ərizəsinə verdiyi etiraz ərizəsində mövqeyinin nədən ibarət olduğunu açıq-aydın vurğulamışdı. Etiraz ərizəsində qeyd etmişdi ki, fərmana əsasən üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: 1. Hərbi qulluqçu ən azı 20 təqvim ili və daha çox xidmət etməli; 2. Hərbi qulluqçu Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməli; 3. Göstərdiyi xidmət qüsursuz olmalıdır. Etiraz ərizəsində bildirmişdir ki, iddiaçının göstərdiyi üç şərtlərdən ikisi, müvafiq siyahıya daxil edilməsi üçün yetərli olsa da, ən əsası “hərbi qulluqçu ən azı 20 təqvim ili və daha çox xidmət etməli” şərti mövcud deyildir. Cavabdeh faktiki olaraq onun Silahlı Qüvvələrdə xidməti etdiyi iş illərini nəzərə almış, yalnız 20 təqdim ilinin olmadığı bildirmişdi. Halbuki, iddiaçının Azərbaycan Silahlı qüvvələrdə xidmət müddətinin 20 təqdim müddətindən artıq, yəni 26 il 8 ay günəgün (imtiyazla birgə 37 il) fasiləsiz və Qüsursuz xidmət müddəti təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqdim ili və daha çox qüsursuz xidmət etmiş yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların dövlət hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqdim ili və daha çox qüsursuz xidmət etməsini təsdiq edən ona verilmiş medallardı. Bunlar iddiaçıya 10 illiyi, 15 illiyi, 20 illiyi, 25 illiyi qüsursuz xidməti görə verilmiş medallardır. Həmin medallar məhkəməyə təqdim olunmuşdur. Lakin, məhkəmə bunları sübut kimi nəzərə almamışdır. Ümumiyyətlə qərarda bununla bağlı olaraq münasibət bildirməmişdir. Məhkəmə onun Silahlı Qüvvələrdə xidmətini nəzərə almır və qərarında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021ci il tarixli Fərmanda olan dəyişikliyə istinad edərək iddiaçının iddiasının rədd edilməsini qərar alır. Bununla bağlı olaraq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021-ci il tarixli Fərmanda olan dəyişiklik iddiaçı məhkəməyə müraciət etdikdən sonra olmuşdur. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İnzibati işdən müəyyən olunur ki, iddiaçı “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanının müddəalarının ona tətbiq edilməsini, 20 ildən artıq qüsursuz hərbi xidmət müddətin nəzərə alınmaqla ona mənzil verilməsində iddialıdır. Lakin cavabdeh isə iddiaçının xidmət müddətinin cavabdehin nəzdində 20 ildən az olduğunu, digər inzibati orqanda xidmət müddətinin Fərmanın müvafiq müddəasının tətbiqi zamanı nəzərə alınmalı olmadığını qeyd edir. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanının 1-ci və 2-ci bəndinə əsasən Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması qərara alınmışdır. Həmin Fərmanın: - 3-1-ci bəndinə əsasən, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. - 3-2-ci bəndinə əsasən, aşağıdakı müddətlər hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilmir: 3-2.1. hərbi rütbəni aşağı salma intizam tənbehinin daha əvvəl hərbi qulluqçunun üzərindən götürülməsi halları istisna olmaqla, həmin intizam tənbehi tətbiq edildiyi gündən bir il müddəti; 3-2.2. hərbi xidmət əleyhinə olan inzibati xəta törədilməsinə görə çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın icrasını bitirdiyi gündən bir il müddəti; 3-2.3. məhkumluğun olduğu müddət. 3-3. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçusu bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulmuş müddətlərdə bu Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da, məhkəmənin əsaslandırması ilə razı olmadığını qeyd edir. Belə ki, iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına istinad edərək, 20 təqvim ili və daha çox “qüsursuz xidmət” müddətin nəzərə alınmaqla ona mənzil verilməsini xahiş etsə də, məhkəmə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1476 nömrəli 15 noyabr 2021ci il tarixli Fərmanını əsas götürərək, Azərbaycan Ordusu və Azərbaycan Respublikasının Silahlı Qüvvələri anlayışları arasında fərqləndirmə aparılmış və nəticədə iddiaçının Azərbaycan Ordusunda 20 təqvim ilindən az xidmət etdiyi qənaətinə gəlmişdir. Göründüyü kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanına 15 noyabr 2021-ci il tarixdə dəyişiklik edilmişdir. Halbuki, iddiaçı xx.xx.2016-cı il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidməti rəisinin müvafiq əmrinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X2ın qüvvəsi geriyə şamil edilir. Başqa X2ın qüvvəsi geriyə şamil edilmir. “X2 Haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.3-cü maddəsinə əsasən, törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir. Bununla yanaşı Məhkəmə Kollegiyası bildirir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən, həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiklərindən aydın görünür ki, iddiaçı ilk dəfə xx.xx.1993-cu il tarixdə güzəştli mənzillə təmin edilmişdir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli 5677 nömrəli məktubuna əsasən, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.İddiaçı Müdafiə Nazirliyi tərəfindən xx.xx.1993-cü il tarixli 020587 nömrəli orderlə mənzillə təmin edilmişdir. Odur ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil edilmir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 05.09. 2020-ci il tarixli 3896 nömrəli məktubunda qeyd edilmişdir: “Azərbaycan Respublikasının Prezident Administrasiyasına və Maliyyə Nazirliyinə ünvanladığınız daimi mənzillə bağlı müraciətlərinizə Müdafiə Nazirliyinin Mənzil-İstismar idarəsində baxılmışdır. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq, Müdafiə Nazirliyində Azərbaycan Ordusu sıralarında 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzillə təmin olunması nəzərdə tutulur. Azərbaycan Ordusu sıralarında xidmət müddətinizin 20 təqvim ilindən az olduğu səbəbindən Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı Sizə şamil edilmir. Eyni zamanda bildirirəm ki, Siz Müdafiə Nazirliyi tərəfindən ünvan 1 ünvanında mənzillə təmin edilmisiniz.” - Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2021-ci il tarixli 11/5977 nömrəli məktubundan görünür ki, ehtiyatda olan hərbi qulluqçu İddiaçı Yasamal Rayon İcra Hakimiyyətinin 087/2 saylı 12 may 1993cü il tarixli sərəncamı ilə verilmiş 04 iyun 1993-cü il tarixli 020587 nömrəli order daimidir. Bundan başqa, işin apellyasiya araşdırması zamanı təqdim olunmuş sənədlərdən müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş iddiaçı imtiyazlı şəxs kimi 2009-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət vəsaiti hesabına yenidən iki otaqlı mənzillə təmin edilmişdir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 2011-ci il 28 dekabr tarixli Fərmanının Preambulasında isə qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi və ordumuzun madditexniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə təkan vermişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosial- təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Göründüyü kimi Fərmanın məqsədi Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi ilə bağlıdır. İddiaçı isə ona verilən güzəşt və imtiyazlardan kifayət qədər istifadə edərək, müxtəlif illərdə iki dəfə dövlət vəsaiti hesabına mənzillə təmin edilmişdir və o, artıq yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların kateqoriyasına aid edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, işin araşdırılmış halları ilə hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməməsi səbəbindən iddiası əsassızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2469/2022 saylı, 14 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar