Məhkəmə qərarları › İş №2-1(103)-204/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-204/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-204/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3690/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 26 mart 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 39 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1243 saylı 01.10.2019-cu il tarixli arayışından görünür ki, Əliyev X5 qəsəbəsi, Daş Karxanası küçəsi, 17 saylı evdə qeydiyyatdadır. Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyatyanı torpaq sahəsi ayrılması haqqında 15 saylı 29 may 1993-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 1991-ci il tarixli 293 saylı qərarı ilə Maştağa qəsəbəsində fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq fondunun ayrıldığı nəzərə alınaraq İddiaçı Bakı şəhər XDS İcraiyyə Komitəsinin baş planına uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün sahəsi 600 kv.metr olan 121 “A” saylı həyatyanı torpaq sahəsinin ayrılması, torpaq sahəsində baş planda nəzərdə tutulmuş sahədə müasir tipli yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının Ə-221 saylı 11.06.2019-cu il tarixli məktubdan görünür ki, Maştağa qəsəbə XDS İK-nin arxiv fondu üzrə 15 saylı 29.05.1993-cü il tarixli qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. 5367 invertar nömrəli 19.10.2019-cu il tarixli layihədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, məhəllə 4, 121a saylı sahəyə İddiaçı adına dair Azərbaycan Respublikası “Bakı Torpaq” Layihə Smeta Bürosunun Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən layihə tərtib edilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, məhəllə 4, 121 A saylı sahədə yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********146 saylı 24 iyul 2021ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Elektron kadastr məlumatına əsasən torpaq sahəsi “Savalan” yaşayış massivinə ayrılmış ərazidən (ayrıc aktından) kənarda yerləşir və təqdim edilmiş Maştağa qəsəbə XDS İK tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun (torpağın ayrılması səlahiyyətləri xaricindədir) deyildir. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar göstərilməmiş və sözügedən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş digər ərazi ilə üst-üstə düşmüşdür. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçun qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Sabunçu rayonu keçmiş Maştağa qəsəbə Xalq Deputatları İcraiyyə Komitəsinin 29 may 1993-cü il tarixli protokoldan çıxarışı ilə Maştağa qəsəbəsi Savalan y-nı məhəllə 4, 121 A sahədən 600 kv.metr torpaq sahəsi ayrılmış, bununla əlaqədar ona Maştağa qəsəbəsinin Baş planından (miqyası 1:10000) olan çıxarış verilmiş və qeyd olunan torpaq onun istifadəsindədir. O, qeyd etdiyi torpaq sahəsinə mülkiyyətini təsdiq edən çıxarış olmaq üçün hüquqmüəyyənedici sənədləri cavabdeh inzibati orqana təqdim etmiş, lakin cavabdeh orqan Maştağa XDS İK tərəfindən verilmiş qərardan çıxarışın qanunvericiliyə uyğun olmadığını, həmçinin təqdim etdiyi yerləşmə cizgilərində istinad göstərilməməsini və sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş digər ərazi ilə üst-üstə düşməsini əsas gətirərək ona çıxarışın verilməsindən imtina etmişdir. O, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 15 saylı 29 may 1993-cü il tarixli qərarından edilmiş çıxarışla sübuta yetirilir ki, ona həmin qərarla Maştağa qəsəbəsi Savalan yaşayış massivi məhəllə 4, 121 a nömrəli sahədən fərdi yaşayış evi tikmək üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Maştağa qəsəbəsinin Baş planından çıxarışda ona ayrılmış torpaq sahəsinin istinad nöqtələri göstərilmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin ona çıxarışın verilməsinə imtina məktubunda qeyd olunan əsaslar ona çıxarışın verilməsi üçün əsas ola bilməz. Ona ayrılmış torpaq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 293 saylı 02 sentyabr 1991-ci il tarixli qərarına uyğun verilmişdir. DƏDRX-nin Maştağa XDS İcraiyyə Komitəsinin qeyd olunan torpağın ayrılması barədə səlahiyyəti olmamasına istinad etməsi ona ayrılmış torpağa çıxarış verilməsinə imtina üçün əsas ola bilməz. Digər tərəfdən Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirir. Cavabdehin etirazları: Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iddiaya dair yazılı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3690/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv edilməlidir. İddiaçının İdarəyə müraciətinin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ərizəyə əlavə edilmiş sənədlər surətdir və sənədlərin əslləri təqdim edilməmişdir. Müvafiq torpaq sahəsinə dair “Daşınmaz əmlakın reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və “Daşınmaz əmlakın reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı 13 yanvar 2015-ci il tarixli Fərmanında qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilməmişdir. İdarənin elektron baza məlumatlarına əsasən torpaq sahəsi “Savalan” yaşayış massivinə ayrılmış ərazidən kənarda yerləşir və təqdim edilmiş Maştağa qəsəbə XDS İK tərəfindən verilmiş qərardan çıxarış qanunvericiliyə uyğun deyildir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən Maştağa qəsəbə XDS İK-nin torpağın ayrılması barədə qərar qəbul etmək səlahiyyəti yoxdur. Həmçinin təqdim edilmiş yerləşmə cizgisində istinadlar göstərilməmiş və sözügdən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş digər ərazi ilə (“Məşəl” firması) üst-üstə düşmüşdür. Məhkəmə tərəfindən iş düzgün və ətraflı araşdırılmamış, qeyd edilmiş hallar nəzərə alınmamış, ekapertiza keçirilməmiş və qanunvericiliyin tələblərinə uyğun olan hüquqmüəyyənedici sənədlər olmadan qanunsuz olaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmişdir. İşin düzgün və ətraflı araşdırılması məqsədilə Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, “Məşəl” firması, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, X2 Təşkili üzrə Dövlət Agentliyi məhkəmə tərəfindən iş üzrə 3-cü şəxs qismində işə cəlb edilməli və ekspertiza təyin edilməlidir. Apellyasiya və kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1044/2020 saylı 09 iyun 2020-ci il tarixli qərarı ilə şikayətin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3690/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-724/2020 saylı 15 sentyabr 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1044/2020 saylı 09 iyun 2020ci il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, torpaq sahəsinin rayon XDS tərəfindən verilməli olduğu halda, iddiaçıya torpağın qəsəbə XDS tərəfindən verildiyini, iddiaçının tələbinin təmin olunmasından imtinanın torpaq sahəsinin “Savalan” yaşayış massivinə ayrılmış ərazidən kənarda yerləşməsi, çıxarışın qanunvericiliyə uyğun olmaması və torpaq sahəsinin digər ərazi ilə üst-üstə düşməsi səbəbindən verildiyini, həmçinin İcra Hakimiyəti tərəfindən verilmiş cizgidə də uygunsuzluğun olduğunu bildirmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçı qızı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək izahatında sözügedən torpaq sahəsinin 1993-cü ildən ona verildiyini, neçə illər ərzində onda olmasını, həmin ərazidən onun istifadə etməsini, hazırda da topraq sahəsini özəlləşdirərək ev tikmək istədiyini bildirmişdir. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 29 may 1993-cü il tarixli qərarı ilə Maştağa qəsəbəsi, Savalan yanı, məhəllələr 121a saylı sahədən ona verilmiş 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə daşınmaz əmlakın dövlət reyestrində Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 15 saylı 29 may 1993-cü il tarixli qərarı ilə iddiaçıya Maştağa qəsəbəsi, Savalan y-nı məhəllələr 121a saylı sahədən verilmiş 0,04 ha torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə əlaqədər iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsaslarının qanunvericilikdə müəyyən edilməməsinə, həmçinin cavabdehin imtinasının iddiaçının qeyd olunan bağ sahəsi üzərindəki mülkiyyət hüququnun tam şəkildə həyata keçirməsini məhdudlaşdırmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Əvvəla iddiaçının hazırki iş üzrə iddia tələbinin təmin olunması üçün ona ayrılmış torpaq sahəsinin hüquqmüəyyənedici sənədlərinin olub-olmadığının, həmin torpaqayrıma sənədini verən orqanın buna səlahiyyətli olub-olmamasının, torpaq sahəsinin faktiki vəziyyətinə uyğun yerləşib-yerləşmədiyinin, nəhayət üçüncü şəxslərin hüquqlarından azad olan torpaq sahəsi olub-olmadığının araşdırılması zəruridir. Hazırki işdən müəyyən olunur ki, iddiaçıya üzərində onun mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi torpaq sahəsi Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 15 saylı 29 may 1993-cü il tarixli qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. İşdə olan “Vətəndaşlara fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması” barədə Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 15 saylı 29 may 1993-cü il tarixli qərarında göstərilmişdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.09.1991-ci il tarixli 193 No-li qərarına əsasən Maştağa qəsəbəsində fərdi yaşayış evləri tikintisi üçün həyətyanı torpaq fondu ayrılmışdır. Fərdi mənzil tikintisinə ehtiyacı olan vətəndaşlara Bakı şəhər XDS İcraiyyə Komitəsi tərəfindən tərtib edilmiş, baş plana uyğun olaraq hər ailəyə 0,12 hektar həyətyanı torpaq sahəsi verilməsi nəzərdə tutulmuşdur. Həyətyanı torpaq tələb edən vətəndaşlardan bir qrupu həyətyanı torpaq almaq üçün tələb olunan sənədləri qəsəbə XDS İcraiyyə Komitəsinə təqdim etmişlər. Təqdim olunmuş sənədlər qəsəbənin deputatları və Maştağa qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən yoxlanılmışdır. Bununla bağlı sözügedən qərarla İddiaçı dördüncü kvartal sahə 121 “A”-da 600 kv.m. torpaq sahəsinin ayrılması qərara alınmışdır. 29 iyun 2004-cü ildə qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar” adlanın 8-ci maddəsində hansı sənədlərin daşınmaz əmlak üzərində hüquqların qeydi üçün əsas olduğu sadalanmışdır. Həmin sənədlər sırasında 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 439 saylı 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda 1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Göründüyü kimi, iddiaçıya Maştağa qəsəbə XDS İcraiyyə Komitəsi tərəfindən 29 may 1993-cü il tarixdə müvafiq torpaq sahəsi ayrılarkən həmin orqanın nə 29 iyun 2004-cü ildə qəbul edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində, nə də həmin Qanun qüvvəyə minənədək Azərbaycan Respublikası Prezidentinin 439 saylı 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş yuxarıda adı çəkilən Siyahıda sadalananlara uyğun olaraq torpaqayırma səlahiyyəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Cavabdeh inzibati orqanın imtina məktubunda göstərilən hallar məhkəmə kollegiyası tərəfindən araşdırılarkən müəyyən olundu ki, cavabdehin nümayəndəsinin təqdim etdiyi Google İearth xəritə proqramının ortofoto görüntüsünə görə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 29 may 1993-cü il tarixli qərarı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi “Savalan” yaşayış massivindən kənarda yerləşir, yəni “Məşəl” firmasının ərazisinə düşür. İş üzrə iddiaçı tərəfindən ona Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 29 may 1993-cü il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin “yerləşmə sxemi”ndən görünür ki, həmin sxemdə torpağın hansı ərazidə ayrılmasını dəqiq müəyyən edən istinad nöqtələri əks olunmamışdır. Beləliklə, iddiaçı ona Maştağa qəsəbə XDS İcraiyyə Komitəsinin 29 may 1993-cü il tarixli qərarı ilə ayrılmış torpaq sahəsinin səlahiyyətli orqan tərəfindən ayrıldığını, həmin torpaq sahəsinin faktiki vəziyyətinə uyğun yerləşdiyini, onun başqa şəxslərin hüquqlarından azad torpaq sahəsi olduğunu əsaslandıra bilməmiş, bu halları təsdiq edə biləcək hər hansı sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası hazırki işdə iddiaçının iddia tələbinin təmin olunması üçün əsas şərtlərdən ən başlıcası olan- torpaq ayıran orqanın belə səlahiyyətinin olması ilə bağlı şərtin ödənilmədiyini və buna görə də iddiaçının tələbinin əsassız olduğunu nəzərə alaraq, cavabdehin imtina məktubunda qeyd olunan digər əsasların yuxarıda göstərilənlərdən əlavə olaraq araşdırılmasını zəruri hesab etmir. Azhərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmayıb, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. O ki qaldı cavabdehin apellyasiya şikayətində göstərdiyi “Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti, “Məşəl” firması, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, X2 Təşkili üzrə Dövlət Agentliyinin iş üzrə 3-cü şəxslər qismində cəlb edilməsi və ekspertiza təyin edilməsi” barədə dəlilinə, bu barədə dəlil cavabdeh tərəfindən əsaslandırılmadığı üçün və hazırki işdə həmin şəxslərin işə cəlb olunması və ekspertiza təyin olunmasına zərurət olmadığından təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3690/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarı ləğv edilməli və iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3690/2019 saylı 04 noyabr 2019-cu il tarixli qərarı ləğv edilsin. İddia təmin olunmasın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar