Məhkəmə qərarları › İş №2-1(103)-204/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-204/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-204/2024 16.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Günel Məhərrəm qızı Abbasovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” haqqında iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2987/2023 saylı, 23 may 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra mətndə Bakı şəhəri LGBİ) Cavabdehnə (bundan sonra mətndə Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 652419.52 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 654000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı Bakı şəhəri LGBİ tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə eyni tələblə bağlı iddia ərizəsi (əlavə) daxil olmuşdur. İddiaçı iddia tələbini və xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə əlavəni onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh MMC-nin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci tarixə yaranan 1057405.99 manat borcuna görə ******* manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2021-ci tarixli **********8 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-cİ maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 1057405.99 manat, Dövlət Sosial Müdafiə Fonduna 208.59 manat və İşsizlikdən sığorta fonduna 100.13 manat ödənilməmiş borcu qalmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2021-ci tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 652419.52 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh MMC tərəfindən məhkəməyə iddiaya dair yazılı münasibət təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2987/2023 saylı, 23 may 2023-cü il tarixli qərarı (hakim N.Abıyev) ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilməli və siyahıya alınma zamanı protokol tərtib edilməlidir. Bu zaman isə əmlakın siyahıya alınması barədə vergi orqanının rəhbərinin qərarı və siyahıya alınmaya dair protokolun bir nüsxəsi vergi ödəyicisinə, yəni cavabdehə təqdim edilməlidir. Lakin iddiaçı bu öhdəliyini icra etməmişdir. Bu səbəbdən də cavabdeh olaraq onlar qeyd edilən sənədlərin surətlərini iş üzrə iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsində hazırki iddia qaldırıldığı zaman məhkəməyə müraciət edərək götürmüş və yalnız bundan sonra həmin sənədlərlə tanış olmaq imkanına malik olmuşlar. Əmlakın siyahıya alınmasına dair Protokolla tanışlıq zamanı müəyyən edilmişdir ki, qeyriyaşayış sahəsi kimi siyahıya alınmış 545 kv.m. sahəyə 1 kv.m. üçün 1200 (min iki yüz) manat qiymət qoyulmuşdur. Vergi orqanı tərəfindən siyahıya alınmış 545 kv.m. qeyri yaşayış sahəsinin 1 kv.m-nin qiymətinin 1200 (min iki yüz) manat qiymətləndirilməsinin nəyin əsasında, hansı meyarlarla və necə müəyyənləşdirilməsi protokolda qeyd edilməmişdir. Halbuki vergi qanunvericiliyinin 89.10-cu maddəsinin birbaşa ifadəsindən görünür ki, siyahıya alınmış əmlakın qiymətləri mümkün olduqda protokolda göstərilməlidir. Nəzərə alınsa ki, vergi orqanının əməkdaşları qiymətləndirmə üzrə mütəxəssis deyillər, bu zaman onların qeyri-yaşayış sahəsinin 1 kv.m-i üçün müəyyən etdikləri məbləğin də əsassız və heç bir məntiqi izahı olmadığı aydın olar. Belə ki, vergi ödəyicisinin tikinti fəaliyyətini həyata keçirdiyi ərazi Bakı şəhərinin Nizami rayonu olub, tikintinin yerləşdiyi yer Neftçilər metrosunun çıxışındadır. Həmin ərazidə yeni tikili çoxmənzilli binalarda 1 kv.m. yaşayış sahəsinin qiyməti 1300-1500 manat aralığında dəyişməkdədir. Bu barədə məlumatı açıq informasiya mənbələrindən – daşınmaz əmlakın alqı-satqısına dair saytlardan rahat şəkildə əldə etmək mümkündür. Belə olduğu halda 1 kv.m. yaşayış sahəsinin bazar qiyməti 1300-1500 manat aralığında dəyişən ərazidə 1 kv.m. qeyri yaşayış sahəsinin 1200 manat qiymətləndirilməsinin əsassız olduğu bəlli olur. Həmçinin iddiaçı orqan hazırda Bakı İnzibati Məhkəməsinin hakimi xanım Aysev Almazovanın icraatında olan analoji iş üzrə təqdim etdiyi protokolda qeyri yaşayış sahəsinin 1 kv.m-nin qiymətini 1500 manat olaraq qeyd etmişdir. Bir-biri ilə bu qədər təzadlı olan 2 protokol necə tərtib edilə bilər?! İşin faktiki hallarından da göründüyü kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin siyahıya alınmış əmlakına düzgün və ağlabatan qiymət qoyulmamışdır. Hesab edirlər ki, siyahıya alınmış əmlakın bu sahədə mütəxəssis olmayan vergi orqanı tərəfindən müəyyən edildiyi qiymətlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satışa çıxarılması vergi ödəyicisinin əmlak hüquqlarının kobud pozulmasına və ona külli miqdarda ziyanın dəyməsinə səbəb olacaqdır. Bu səbəbdən də cavabdeh olaraq tərəflərindən cari iş üzrə ekspertizanın təyin edilməsi barədə məhkəməyə vəsatət təqdim edilmişdir. Amma işə baxan məhkəmə tərəfindən vəsatətlərinə ümumiyyətlə münasibət bildirilməmiş, təmin edilib-edilməməsi ilə bağlı qərar qəbul edilməmiş və hər hansı bir tədbir görülməmişdir. Həmçinin qeyd edirlər ki, iş üzrə iddiaçının analoji iddiasına Bakı Kommersiya Məhkəməsində baxılan zaman məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və 2022-ci ilin fevral tarixinə siyahıya alınmış əmlakın bazar dəyərinin 1 kv.m-nin qiymətinin 2345 manat olduğuna dair ekspert rəyi məhkəməyə təqdim edilmişdir (həmin sübutlar məhkəmə hazırlıq icraatı zamanı tərəflərindən işə baxan məhkəməyə təqdim edilmiş və elektron kabinetə də yerləşdirilmişdir). Nəzərə alınsa ki, sözügedən dövrdən bu günədək 1 ildən artıq müddət keçib və bazarda qiymət artımı baş verib, o zaman rahatlıqla siyahıya alınmış əmlakın hazırki bazar dəyərinin ekspert rəyində göstərilənlərdən də qat-qat yuxarı olduğunu müəyyən etmək olar. Bu səbəbdən də iş üzrə ekspertizanın təyin edilməsi zəruri və mütləq idi. Amma bu hal işə baxan məhkəmə tərəfindən nəinki araşdırılmamış, ümumiyyətlə bu halla bağlı vəsatətlərinə də hər hansı bir formada münasibət bildirilməmişdir. Əlavə olaraq məhkəmə kollegiyasının diqqətinə çatdırmaq istəyirlər ki, işə baxan məhkəmə tərəfindən cavabdeh MMC-nin qərar qəbul edilən anda dövlət büdcəsinə olan borcu da araşdırılmamış və sadəcə olaraq iddiaçının iddia ərizəsində qeyd etdiklərinə əsasən qərar qəbul edilmişdir. Göründüyü kimi işə baxan məhkəmə tərəfindən qərarın əsaslandırılması üçün istinad edilmiş əsaslar heç məhkəmənin özü tərəfindən araşdırılmamış və həmin hallar üzrə sübutlar qiymətləndirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, şikayətin dəlilləri qismən əsaslı olduğundan, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Tərəflər arasında yaranmış münasibət publik xarakterli olduğuna, iddiaçının inzibati orqan olaraq İnzibati icraat haqqında Qanunun tələblərindən çıxış edərək inzibati icraat aparması nəzərə alınaraq hazıki işə inzibati məhkəmə icraatında baxılmalıdır. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -23.1-ci və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. -89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. -89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: -nağd pul vəsaitləri; -bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); -hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; -istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; -inventarizasiya aparılmaqla digər əmlak. -89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. -89.12-ci maddəsinə əsasən əmlakın siyahıya alınması haqqında qərar qanunla müəyyən edilmiş qaydada ləğv edildiyi andan, yaxud vergi öhdəliyinin yerinə yetirildiyi andan öz qüvvəsini itirir. -90.1-ci maddəsinə əsasən vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən görünür ki, “Vergi borcunun ödənilməsinə dair” **********7 №-li bildirişə əsasən Cavabdeh MMC-nin (VÖEN **********) xx.xx.2021-ci il tarixinə ümumilikdə 3110943.56 manat, o cümlədən: vergilər üzrə 2160627.23 manat, maliyyyə sanksiyaları üzrə 100.00 manat, faizlər üzrə 950216.33 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0.00 manat borcu vardır. Bakı şəhəri LGBİ-nin “Əmlakın siyahıya alınması haqında” **********3 №-li xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri LGBİ tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89-cu maddəsinə Cavabdeh MMC-yə məxsus əmlaklar siyahıya alınmışdır. “Əmlakın siyahıya alınması haqqında” **********3 №-li xx.xx.2021-ci il tarixli protokol və protokola əlavənin surətindən müəyyən olunur ki, Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən binada Blok-D-də yerləşən sahəsi 200 kv. m., 240000 manat dəyərində və Blok- E-də yerləşən sahəsi 345 kv. m., olan dəyəri 414000 manat dəyərində olan qeyri yaşayış sahəsindən ibarət əmlakları siyahıya alınmışdır. Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Tikinti binasında” siyahıya alınmış əmlaklar saxlanılması üçün direktor X3 təhvil verilmişdir. Cavabdeh MMC-yə aid xx.xx.2022-ci il tarixdə çap olunmuş şəxsi hesab vərəqinin surətindən müəyyən olunur ki, sonuncuya hesablanmış borc məbləği 4916258,53 manat, azaldılmış məbləğ 604948,485 manat, çap tarixinə faiz borcu 1054465,94 manat, əhatə etdiyi dövrün son tarixinə saldo – 3115177,13 manat, çap tarixinə saldo – 3115177,13 manat, cəmi ödənilməli borc məbləği 3115177,13 manat qeyd olunmuşdur. Vergi ödəyicisinə əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq məktubu göndərilmiş, borc ödənilmədiyindən vergi orqanı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin vergiləri tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının hazırki tələbində haqlı olması ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etsə də, nəticə olaraq iddianın tam təmin edilməsini əsassız, apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edir Kollegiya ilk növbədə qeyd edir ki, Vergi Məcəlləsinin yuxarıda göstərilmiş maddi hüquq normalarından aşkar göründüyü kimi, əmlakın siyahıya alınması - vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Vergi orqanının vergi ödəyicisinin əmlakının siyahıya alınması hüququ o zaman yaranır ki, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş olsun. Belə olan halda vergi ödəyicisinin yaranmış vergi borclarını, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi əmlakın siyahıya alınması üsulundan istifadə oluna bilər. Nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinin məqsədləri üçün yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə heablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün vergi ödəyicisi üçün əhəmiyyət baxımından onun əmlakının siyahıya alınmasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş növbəlik əsasında həyata keçirilir. Göründüyü kimi, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Hazırkı işdən də görünür ki, vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun borcu yaranmış və həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Lakin cavabdeh yaranmış borc məbləğinin ödənilməsini təmin etməmiş və ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə qərar qəbul edilmiş və cavabdehə məxsus, iddia ərizəsinə qoşma siyahıda göstərilmiş daşınmaz əmlakı siyahıya alınmış, bu barədə müvafiq protokol və akt tərtib etmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. İddia ərizəsinə əlavə edilən şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan cavabdehin dövlət büdcəsinə ödənilməmiş borcu mövcuddur. Cavabdehin əmlakları siyahıya alındığı tarixə onun dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olması təkzib olunmaz haldır, əksinə hesablanmış həmin borc məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməməsi, nəticə etibarı ilə həmin borcun hal-hazırda qüvvədə olmasını və hazırki mərhələdə həmin borcun cavabdehin əmlakına yönəldilərək vergi borcunun ödənilməsinin təminatı qismində çıxış etdiyini təsdiq edir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməmiş və siyahıya alınmış əmlakların bazar qiymətləri müəyyən edilməmiş, məhkəmə ünvan 2 ünvanında Blok-D-də və Blok-Edə yerləşən qeyri-yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması və göstərilən əmlakların satılmasından əldə edilmiş məbləğdən borcun tutularaq dövlət büdcəsinə ödənilməsi qənaətinə gələrkən yalnız iddiaçı tərəfin müəyyən etdiyi məbləğlərə əsaslanmışdır. Apellyasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, iş üzrə siyahıya alınmış əmlakların bazar qiymətlərinin müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsi zəruri və mütləq olsa da, bu hal işə baxan məhkəmə tərəfindən nəinki araşdırılmamış, ümumiyyətlə bu halla bağlı vəsatətlərinə də hər hansı bir formada münasibət bildirilməmişdir. Apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmənin 2-1(103)- 2899/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin dəlillərinin araşdırılması və işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən binada Blok-D-də yerləşən sahəsi 200 kv. m., və Blok-Edə yerləşən sahəsi 345 kv. m., olan qeyri-yaşayış sahəsindən ibarət əmlakların 1 kv.m-nin dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 fevral 2024-cü il tarixli ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən binada Blok-D-də yerləşən sahəsi 200 kv.m, qeyri-yaşayış sahəsinin 1 kv.m-nin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3760,0 manat məbləğində müəyyən edilir. Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən binada Blok-E-də yerləşən sahəsi 345 kv.m, qeyri-yaşayış sahəsinin 1 kv.m-nin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 3760,0 manat məbləğində müəyyən edilir. Beləliklə, ekspert rəyi ilə Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən binada Blok-D-də yerləşən sahəsi 200 kv.m, qeyri-yaşayış sahəsinin bazar dəyəri 752.000 manat (200 kv.m X 3760,0 manat=752.000 manat), ünvan 1 ünvanında yerləşən binada Blok-E-də yerləşən sahəsi 345 kv.m, qeyri-yaşayış sahəsinin bazar dəyəri isə 1.297,200 manat ( 345 kv.m X 3760,0 manat=1.297.200 manat) müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin bu sahədə xüsusi biliyinin olduğunu nəzərə alaraq, həmin rəylə razılaşır və cavabdehə məxsus qeyri-yaşayış sahələrinin bazar qiymətinin 752.000 manat və 1.297,200 manat olmasını işin hallarına uyğun hesab edir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh (VÖEN **********) xx.xx.2021-ci il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 652419.52 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlaklarından yalnız birinin-bazar dəyəri 752.000 manat məbləğində müəyyən edilən ünvan 1 ünvanında yerləşən binada Blok-D-də yerləşən sahəsi 200 kv.m. qeyri-yaşayış sahəsinin satılmasının belə 652419.52 manat borcun ödənilməsinin təmin edilməsi üçün kifayət etməsinə baxmayaraq, birinci instansiya məhkəməsi hər iki qeyri-yaşayış sahəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması barədə əsassız nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı iştirakçısının tələbinin qismən təmin edildiyi hallarda prosessual xərclər üzrə qarşılıqlı hesablaşma aparılır və ya xərclər inzibati məhkəmə icraatının iştirakçıları arasında müvafiq nisbətdə bölüşdürülür. Xərclər üzrə qarşılıqlı hesablaşmanın aparıldığı hallarda, hər tərəf məhkəmə xərclərinin yarısını ödəyir, zəruri xərclər isə tərəflərin öz hesabına ödənilir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, ekspertiza xərcinin 50 manatı iddiaçının üzərinə, 50 manatı isə cavabdeh orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2987/2023 saylı, 23 may 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, Cavabdeh (VÖEN **********) xx.xx.2021ci il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 652419.52 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış ünvan 1 ünvanında Blok-D-də yerləşən sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsi (752.000 manat (yeddiz yüz əlli iki min) manat dəyərində olan əmlakı) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) vasitəsilə satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə (VÖEN **********) qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2987/2023 saylı, 23 may 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) xx.xx.2021-ci il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 652419.52 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış ünvan 1 ünvanında Blok-D-də yerləşən, sahəsi 200 kv.m olan qeyri-yaşayış sahəsi (752.000 manat (yeddiz yüz əlli iki min) manat dəyərində olan əmlak) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) vasitəsilə satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdehnə (VÖEN **********) qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən, 50 (əlli) manatı isə Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar