Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2040/2020 15.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseyn sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4098/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı ləğv prosesində olan “xxxx” ASC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş tələbin icraya yönəldilməsi haqqında xx.xx.2020-ci il tarixli **********312000 nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4089/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsində ləğv prosesində olan hüquqi şəxsə verginin hesablanmadığı barədə müddəa mövcud deyildir. Ləğv prosesində olan hüquqi şəxsin gəlir gətirə bilən fəaliyyəti olmadığından ona yalnız əmlak və torpaq vergisi hesablanır. Lakin hesablanmış vergilərin ödənilməsinə gəldikdə isə, Vergi Məcəlləsinin 79.3-cü maddəsində isə qeyd edilir ki, müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir. Bu isə onu deməyə əsas verir ki, ləğv prosesində olan hüquqi şəxsə verginin hesablanması barədə qərardan şikayət verilməməlidir, çünki bunun hüquqi əsası yoxdur, vergilərin hesablanması vergi orqanının öhdəliyidir. Lakin hesablanmış vergiləri ləğv prosesində olan hüquqi şəxsin ödəmə öhdəliyi isə yalnız müvafiq növbəlilik qaydasında icra edilə bilər. Vergi Məcəlləsinin 77.4.5-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda vergi öhdəliyinə xitam verilmiş sayılır. Bundan irəli gələrək, vergilərin hesablandığı aktlar mübahisələndirilməmişdir və mübahisələndirilə də bilməz. Vergi orqanları cəmiyyətə vergi hesablasa da, onlar barəsində tələbin icraya yönəldilməsi barədə qərar qəbul etmək səlahiyyəti mövcud deyildir. Belə ki, məhkəmə qərarı ilə təsdiq edilmiş borclunun kreditorlarının reyestrində yalnız Vergilər Nazirliyi salınaraq öhdəlik məbləği həmin reyestrdə qeyd edilib. Daha sonra Lokal Gəlirlər Baş İdarəsinin kreditor kimi tanına bilməməsi barədə Ali Məhkəmənin qərarı mövcuddur. Ali Məhkəmənin qərarı olduğu halda, “tələbin icraya yönəldilməsi barədə” qərar qəbul edilməsi qanunsuz hərəkətdir və məhkəmə aktlarına hörmətsizliyin göstəricisidir. Cavabdehin apellyasiya şikayətinə etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən həyata keçirilmiş vergi nəzarətinin nəticələri müvafiq inzibati aktla rəsmiləşdirilir. İddiaçının mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli qərar tələbin icraya yönəldilməsi haqqında qərardır. Həmin qərar isə heç bir hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri deyildir. Digər tərəfdən, vergi ödəyicisi tərəfindən həmin qərarın ləğv edilməsi üçün iddia müddəti buraxılmışdır. Qeyd edilənlərə əsasən qərardadın dəyişdirilmədən qüvvədə saxlanılması xahiş olunmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4098/2020 saylı qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 2018-ci ilin əmlak vergisi üzrə xx.xx.2019-cu il tarixli **********945600 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla 7560,84 manat vergi və xx.xx.2020-ci il tarixli, **********590700 saylı qərarla 100 manat məbləğində maliyyə sanksiyası hesablanmış, daha sonra xx.xx.2020-ci il tarixli **********312000 saylı qərarla yuxarıda qeyd edilən qərarlar icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən qərardadını belə əsaslandırmışdır ki, iddiaçı hazırkı iddia tələbində mübahisələndirdiyi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 nömrəli, xx.xx.2020-ci il tarixli qərar inzibati akt hesab olunmur və qəbul edilmiş qərarla hesablanmış vergi məbləğinin tutulması ilə əlaqədardır. Belə ki, vergi ödəyicisinə 2018-ci ilin əmlak vergisi üzrə xx.xx.2019-cu il tarixli **********945600 “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” qərarla əlavə vergi və xx.xx.2020-ci il tarixli, **********590700 nömrəli qərarla 100 manat məbləğində maliyyə sanksiyası hesablanmış, həmin qərar isə vergi ödəyicisi tərəfindən mübahisələndirilməmişdir. Hazırkı iddia tələbi ilə qanuniliyi mübahisələndirilən, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 nömrəli, xx.xx.2020ci il tarixli qərar inzibati aktı səciyyələndirən əlamətləri özündə ehtiva etmir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının birinci bəndinə əsasən inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Qeyd edilən qərarın 2.1-ci bəndində qeyd edilir ki, eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edibetməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Birinci instansiya məhkəməsi qərardadında iddiaçının mübahisələndirdiyi “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 nömrəli, xx.xx.2020-ci il tarixli qərarın inzibati aktı səciyyələndirən əlamətləri özündə ehtiva etmədiyini göstərmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: · inzibati orqan tərəfindən qəbul edilməli; · ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; · ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; · hakimiyyət tədbiri olmalıdır. Göründüyü kimi inzibati aktın əsas səciyyəvi cəhətlərindən biri də onun hüquqi nəticələr yaratmasıdır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 43.2-ci maddəsinə əsasən kreditorlar borcluya öz tələblərini bu Qanunun tələblərinə müvafiq surətdə borclunun müflis olması barədə bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə verə bilərlər. Həmin Qanunun 43.3-cü maddəsinə əsasən kreditorların bu maddənin 2-ci bəndinə müvafiq surətdə verdiyi hər hansı tələbə əmlak inzibatçısı həmin tələbi aldığı vaxtdan 10 iş günü müddətində baxır. Əmlak inzibatçısı bu Qanunun müddəalarına uyğun olaraq kreditorların tələblərinin reyestrini tərtib edir. Həmin Qanunun 46-cı maddəsinə əsasən əmlak inzibatçısı kreditorların tələblərinin verilməsi üçün ayrılmış 60 günlük müddət qurtardıqdan sonra 7 gündən gec olmayaraq tələblərin reyestrini tərtib edir. Əmlak inzibatçısı kreditorların tələblərinin reyestrini tərtib etdikdən sonra 3 gün müddətində məhkəmənin təsdiqinə verir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Ləğv prosesində olan “xxxx” ASC-nin kreditoru kimi tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 4072/2016 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizəçi 2 ildən çox müddət ötürərək, yəni qanunvericilikdə nəzərdə tutulmuş 60 günlük müddətə riayət etmədiyindən ərizə təmin edilməmiş, qərardad Bakı Apellyasiya Məhəkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2661/2019 saylı qərardadı və Ali Məhkəmənin 2-1(102)-566/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 79.3-cü maddəsinə əsasən müəssisənin iflas prosesinə məruz qaldığı hallarda vergi öhdəlikləri qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir. “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci bəndinə əsasən səhmdar investisiya fondu və sığortaçı bu Qanunla yanaşı, müvafiq olaraq “İnvestisiya fondları haqqında” və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla müflis elan edilir. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 119.1.7-ci maddəsinə əsasən sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri aşağıdakı qaydada ödənilir: səkkizinci növbədə, vergilər, rüsumlar və dövlət büdcəsi ilə bağlı digər icbari ödənişlər üzrə, həmçinin dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar; dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar istisna olmaqla, bu tələblər sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində yaranmış öhdəlikləri əhatə edir; “Müflisləşmə və İflas haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən borclunun müflis elan olunması məqamından etibarən bütün məhkəmə araşdırmalarına və borcludan alınmalı məbləğlərin tutulması üçün digər hərəkətlərə son qoyulur; borcluya qarşı tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində irəli sürülə bilər; Qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi borclunun müflis elan olunması məqamından etibarən borcluya qarşı tələblər yalnız iflas prosesi çərçivəsində irəli sürülə bilər. Sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri növbəlilik qaydasında ödənilir. Hazırkı halda Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşır və qeyd edir ki, “xxxx” ASC ləğv prosesində olduğundan ona qarşı tələblər ləğvetmə proseduru çərçivəsində irəli sürülə bilər və Ləğv prosesində olan “xxxx” ASC-nin qəbul edilən kreditorlarının tələblərinin növbəlilik qaydasında ödənilməsi nəzərdə tutulmuşdur. Hazırkı vəziyyətdə sahibkarlıq subyekti ilə vergi orqanı arasında yaranmış mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmaqla inzibati məhkəmə icraatı qaydasında həll edilə bilər. Cavabdehin qəbul etdiyi inzibati aktın nəticəsində iddiaçı ilə cavabdeh arasında publik hüquq münasibətləri yaranmışdır. Cavabdeh iddiaçıya münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati hüquqi mübahisələr dedikdə, inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi barədə yaranan mübahisələr başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə cavabdeh inzibati orqan kimi iddiaçı barəsində inzibati akt qəbul etmiş, cavabdeh “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 nömrəli, xx.xx.2020-ci il tarixli qərarının 3-cü bəndində göstərmişdir ki, qərardan bu qərarın alındığı vaxtdan 3 ay müddətində birbaşa və ya bu qərarı qəbul etmiş orqan vasitəsilə yuxarı vergi orqanına və ya 30 gün müddətində məhkəməyə şikayət verilə bilər. Vergi Məcəlləsinin 64-cü maddəsinə əsasən, vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Göründüyü kimi cavabdehin qəbul etdiyi “Tələbin icraya yönəldilməsi haqqında” **********312000 nömrəli, xx.xx.2020-ci il tarixli qərar inzibati aktı səciyyələndirən əlamətlərə (inzibati orqan tərəfindən qəbul edilməsi; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salması; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratması; hakimiyyət tədbiri olması) malikdir, odur ki, mübahisələndirilən qərar inzibati akt kimi qəbul edilməlidir. İnzibati Prosessual Məcəllənin: - 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(112)-4098/2020 saylı qərardadı ləğv edilsin. İş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Afaq Nuriyeva İlham Kərimli
Məhkəmə qərarları › İş №2-1(103)-2040/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2040/2020
15.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver