Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2040/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2847/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşı tamam olduğuna görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2019-cu il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişlərinin ödənilməsi ilə bağlı lazımi hərəkətlərin icrası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq pensiya ödənişinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2847/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarı ilə (hakim Səlma Salahova) iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya ödənişinin həmin tarixdən hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2847/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli, **********3 nömrəli cavab məktubunda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Belə ki, həmin dövrdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33381,45 manat təşkil edir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə cavabdeh orqana yenidən müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə **********4 №li Qərarla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 60 yaşdan deyil, 57 yaşdan təyin edilməsini cavabdeh orqandan xahiş etmişdir. Beləliklə, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələblərinə nəzər yetirdikdə aydın olur ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya kapitalına imkan vermir. Odur ki, cavabdeh orqanın iddiaçıya verdiyi imtina qanuni və əsaslıdır. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına əsasən birinci instansiya nəhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Qeyd olunanları nəzərə alaraq Bakı İnzibati Məhkəməsinin 27 yanvar 2023-cü tarixli 2-1(112)-2847/2023 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı məxsus AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962ci il tarixdə doğulmuşdur, 57 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1983-cü il tarixli, ET №039706 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1979-cu ildə Bakı dəniz yolları məktəbinə “Gəmi güc qurğularının istismarı” ixtisası üzrə əyani şöbəyə qəbul olunmuş və 1983-cü ildə həmin məktəbi bitirmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Dəniz Akademiyası tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayıışdan görünür ki, iddiaçı 1979-cu ildə Qafur Məmmədov adına Bakı dəniz yolları məktəbinə “Gəmi güc qurğularının istismarı” ixtisası üzrə əyani şöbəyə qəbul olunmuş və 1983-cü ildə həmin məktəbi bitirmişdir. İş materiallarında olan iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı 1979-1983-cü illərdə Bakı dəniz yolları məktəbində təhsil almışdır, xx.xx.1984-cü il tarixdə Azərbaycan Dövlət X6nin üzücü heyətinin nəqliyyat donanmasında motorçu vəzifəsinə işə qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə 4-cü dərəcə mexanik, xx.xx.1990-cı il tarixdə 3-cü dərəcə mexanik, xx.xx.1997-ci il tarixdə 2-ci dərəcə mexanik, xx.xx.2004-cü il tarixdə baş mexanik vəzifəsinə keçirilmişdir, xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli güzəştli şərtlərlə pensiya təminatından imtina haqqında məktubdan görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46800,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 33381,45 manat təşkil edir. İş materiallarında olan “Azərbaycan X6” QSC-nin xx.xx.2022-ci il tarixli arayışında qeyd edilir: Verilir, İddiaçı ondan ötrü ki, o, həqiqətən Azərbaycan Dövlət X6nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-ci il tarixindən xx.xx.2014-ci il tarixinədək motorçu, 4-cii, 3-cü, 2-ci və baş mexanik vəzifələrində işləmişdir. Onun işlədiyi vəzifələr və çalişdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O gəmilər liman akvatoriyasında daimi fəaliyyət göstərən liman gəmiləri, habelə xidməti-yardımçı, gəzinti-səyahət, şəhərətrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 30 il 02 ay 16 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təstiq edilmiş 2 №-li siyahının XXV hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli 154 №li Qərarına əsasən X6 Azərbaycan Dövlət X6 adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 6 №-li və xx.xx.2014-cü il tarixli 213 №-li sərəncamlarına əsasən Azərbaycan Dövlət X6nin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər X5 yenidən təşkili yolu ilə "Azərbaycan X6" Qapalı Səhmdar Cəmiyyəti (Cəmiyyət) yaradılmış, həmin müəssisələrin hüquq və öhdəlikləri Cəmiyyətə keçmişdir. İş materiallarında olan “Azərbaycan X6” QSC-nin xx.xx.2022-ci il tarixli, 01/17-223 nömrəli arxiv arayışından görünür ki, “İddiaçı Bakı Dəniz Yolları məktəbini bitirdikdən sonra (Diplom № ET039706) xx.xx.1984-cü ildən (xx.xx.1984-cü il tarixli 09/z nömrəli əmr) xx.xx.2014-cü ilə kimi (xx.xx.2014-cü il tarixli 56/ü mömrəli əmr) Azərbaycan Dövlət X6nin “Fizuli”, “Murqab”, “İslam Səfərli”, “Mikayıl Müşfiq”, “Q.Xəlilbəyli”, “Rəsul Rza”, “Cəfər Cabbarlı”, “Saatlı”, “R.Behbudov”, “Tovuz”, “Cəlil Məmmədquluzadə”, “Nəriman Nərimanov” gəmilərində matorçu, 4-cü mexanik, 3-cü mexanik, 2-ci mexanik, baş mexanik vəzifələrində işləmişdir. Onun tutduğu vəzifələr üzücü heyətə və işlədiyi gəmilər dəniz nəqliyyat donanmasının gəmilərinə aiddir. Bu gəmilər daimi olaraq liman akvatoriyasında işləyən, xidməti-yardımçı, səyyar, xidmət, şəhərətrafı və şəhərdaxili gəmilərə aid deyildir. İddiaçı üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 30 il 02 ay 16 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li qərarı ilə təstiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüqüqu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı" 21.2 bəndinin "b" yarımbəndinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarı ilə təstiq edilmiş 2 №-li siyahının XXV hissəsinin 3-cü bəndinin (kod ********) 1-ci yarımbəndinə (kod ********) uyğun göstərilmişdir. İş materiallarında olan cavabdeh orqan tərəfindən əmək pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli **********4 nömrəli qərarın surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ümumi iş stajı 25 il, 9 ay, 18 gün (xx.xx.2006-dək), güzəştli iş stajı 21 il, 11 ay, 19 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür, xx.xx.2019-cu il tarixində onun 57 yaşı tamam olmuşdur. İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə işləməsi əsası ilə ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Cavabdeh onun müraciətini təmin etməkdən xx.xx.2020-ci il tarixli məktubla imtina etmiş, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə cavabdeh orqana yenidən müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edildi ki, iddiaçının xx.xx.2006-cı il tarixə təhsil aldığı dövr nəzərə alınmaqla 25 il 9 ay 18 gün ümumi iş stajı vardır. Bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Bundan başqa, əmək kitabçasındakı qeydlərdən və iş yerinin arayışından görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixə 12 il 6 aydan çox güzəştli iş stajı vardır (21 il 11 ay 19 gün). Belə ki, iddiaçı Azərbaycan Dövlət X6nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1984-ci il tarixindən xx.xx.2014-ci il tarixinədək motorçu, 4-cü, 3-cü, 2-ci və baş mexanik vəzifələrində işləmişdir. Həmin sahə və peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda nəzərdə tutulmuşdur (XXVİİİ. Nəqliyyat; 3. Dəniz və çay donanması; 1) Üzən heyət; 23003020—14706 bütün adlarda motorçular; 23003020—23484 mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər). Bu hal da cavabdeh tərəfindən mübahisələndirilmir. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh iddiaçının nə ümumi, nə də xüsusi stajını mübahisələndirmir, apellyasiya şikayətinin yeganə dəlilini iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ona 57 yaşdan əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, həmin tələb (fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi) qanunvericiliyə xx.xx.2017-ci il tarixdən etibarən, 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən əlavə edilmiş, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə görə xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən yaranmışdır. Həmin Qanunda, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində pensiya kapitalı ilə bağlı hər hansı bir göstəriş olmadığından həmin şərt hazırki halda iddiaçıya tətbiq edilə bilməz. Ona görə də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İş materiallarında olan sənədlərdən, eləcə də iddiaçının müraciəti üzrə inzibati icraat materiallarından görünür ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə xx.xx.2020-ci ildə cavabdeh inzibati orqana müraciət etmiş, xx.xx.2020-ci il tarixdə cavabdeh tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2847/2023 nömrəli 27 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2040/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2040/2023
14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver