Məhkəmə qərarları › İş №2-1(103)-2040/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2040/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2040/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4) qarşı iş üzrə (Açar sözlər: qeydiyyatdan çıxarılma) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və X1 ibarət tərkibdə, X2 qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-10598/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 mülkiyyətində olan ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Xətai rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanı iddiaçının şəxsi mülkiyyətindədir. Maraqlı şəxslərlə heç bir qohumluq əlaqəsi yoxdur, onun şəxsi mülkiyyətində olan mənzilində pasport qeydiyyatındadır. Qeyd edilən şəxslərlə onun heç bir əlaqəsi yoxdur. Onların qeydiyyatdan çıxarılması barədə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh ərizəsinə cavab verərək qeyd etmişdir ki, bu məsələ onların səlahiyyətində deyildir. Məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə iddia ərizəsi ilə müraciət edir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10598/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər.

4. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir.

5. Üçüncü şəxs Maraqlı şəxs4 tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Cavanşir küçəsi 21A saylı evin 105 saylı mənzili 2003-cü il tarixdən rəsmi sənədlər əsasında qeydiyyatda olmaqla 4 nəfər ailə üzvlərilə birlikdə yaşayır. Qonşusu İddiaçı 68 saylı xx.xx.2023-cü il tarixli order verilmiş və otaq nömrəsi 105 olaraq göstərilmişdir. İddiaçı Bakı İnizabati Məhkəməsinə müraciət etmiş və onu ailə üzvlərilə birlikdə Xətai rayon Cavanşir küçəsi 21 A saylı evin 105 saylı mənzilindən çıxarılması; adı çəkilən ünvanda Salmanovun ailəsinin qeydiyyata salınmasının qanuni hesab edilməsi və sair tələb irəli sürmüşdür. Məlum anlaşılmazlıqların aradan qaldırılması məqsədilə Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə müraciət etmiş və İddiaçı verilmiş 68 saylı xx.xx.2023-cü il tarixli orderdəki qüsurun yəni mənzil nömrəsində 105 yox, 106 sıra nömrəsinin yazılması; onun istifadə və sahibliyinə 20 il öncə verilmiş məlum ünvanda yerləşən mənzil sahəsinin rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin qonşusu Hikmət müəllimə verilmiş rəsmi sənədlərdən ilkin olması və sair suallara aydınlıq gətirilməsin xahiş etsə də, 16 noyabr 2024-cü il tarixli məktubla xahişinin məzmunundan kənar, həqiqəti əks etdirməyən məlumatlar yazılmış, hətta soyadının Qasımova yox, Osmanova kimi qeyd edilməsi, araşdırmanın obyektiv olmamasına sübutdur.

6. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-10598/2024 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir.

7. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə 3-cü şəxslər əsasız olaraq ona məxsus olan 105 nömrəli mənzildə qeydiyyata alınmışdırlar, 3-cü şəxslərə məxsus mənzil 106 nömrəsidir. Bu barədə balanssaxlayıcı təşkilatlardan məhkəmə sorğuları cavab verərək qeyd etmişdilər ki, 105 saylı mənzil İddiaçı ayrılmışdır bu barədə Həmkarlar İttifaqının 19 saylı xx.xx.2003-cü il tarixli protokolu ilə verilmişdir. 106 saylı mənzil isə 3-cü şəxslərə verilməsi qeyd edilmişdir. 3-cü şəxslərin mənzilinin sırf 106-dır, onların orderində olan 105 rəqəmi yanlışlıqlıqla yazılmışdır. Bu yanlışlığı aradan qaldırmaq əvəzinə etiraz verərək məhkəmənin və onun vaxtını almaqla davam edilir. Bundan başqa 3-cü şəxslərə verilmiş mənzilin nə əsasda iddiaçının məlum orderilə verilməsi, heç bir əsas yoxdur. Orderlə verilmiş olsa ancaq HİK-in protokolu ilə verilmişdir (Bunu 3-cü şəxslər aid olan orderdə ancaq - aydın görünür olar). “Ulduz” X3 tərəfindən verilmiş 65 nömrəli xx.xx.2003-cü il tarixli orderdə qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21 A ünvanında yerləşən mənzilin 48.02 kv.m olan 2 otaqlı 105 nömrəli mənzili 5 nəfər ailə üzvü ilə birlikdə Maraqlı şəxs4 ayrılmışdır. “Ulduz” X3 tərəfindən verilmiş 68 nömrəli xx.xx.2003-cü il tarixli orderdə qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21 A, ünvanında 1 mərtəbədə yerləşən 18 kv.m olan 105 nömrəli mənzili 5 nəfər ailə üzvü ilə birlikdə İddiaçı ayrılmışdır. Burada açıq görünür ki, 48.02 kv.m Maraqlı şəxs4 ayrılmışdır. Ona isə 18 kv.m olan mənzil ayrılmışdır. Bunlarla mənzillərin tamamilə ayrı olması görünməkdədir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

9. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştirakını təmin etməmişdir.

10. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iş üzrə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.1990-cı il təvəllüdlü Maraqlı şəxs1, xx.xx.1993-cü il təvəllüdlü Maraqlı şəxs2, xx.xx.2022-ci il təvəllüdlü Maraqlı şəxs3, xx.xx.1967-ci il təvəllüdlü Maraqlı şəxs4 ünvan 2 ünvanında qeydiyyatdadır.

12. İş materiallarına əlavə edilmiş “Ulduz” X3 tərəfindən verilmiş 68 nömrəli xx.xx.2003-cü il tarixli orderdə qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21 A, ünvanda 1 mərtəbədə yerləşən 18 kv.m olan 105 nömrəli mənzil 5 nəfər ailə üzvü ilə birlikdə İddiaçı ayrılmışdır.

13. İş materiallarına əlavə edilmiş “Ulduz” X3 tərəfindən verilmiş 65 nömrəli xx.xx.2003-cü il tarixli orderdə qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 21 A ünvanda 1 mərtəbədə yerləşən 48.02 kv.m olan 2 otaqlı 105 nömrəli mənzil 3 nəfər ailə üzvü ilə birlikdə Maraqlı şəxs4 ayrılmışdır.

14. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanının qeydiyyatı barədə məlumat aşkar edilməmişdir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2- 19497/24 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanında Maraqlı şəxs1 xx.xx.2006-cı il tarixdən, Maraqlı şəxs2 xx.xx.2011-ci il tarixdən, Maraqlı şəxs4 isə xx.xx.2003-cü il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. Əlavə olaraq bildiririk ki, xx.xx.2023-cü il tarixdən göstərilən ünvanda qeydiyyatda olan Maraqlı şəxs3 həmin ünvanda qeydiyyatda olan atası Maraqlı şəxs2 yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş azyaşlıdır.

16. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1.Yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən 2.Başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq dövlət orqanının məlumatına əsasən 3.Öldükdə və ya məhkəmə qətnaməsi əsasında ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında 4.Yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında Qanunda göstərilən sənədlərdən hər hansı birini təqdim etdiyiniz halda sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

17. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

18. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

19. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.

21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə müvafiq sənədləri təqdim etməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

24. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”.

25. Hazırkı işdən müəyyən olunur ki, ünvan 2 ünvanının qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. İddiaçı ünvan 2 ünvanında yerləşən mənzilə dair hüquqmüəyyənedici sənəd qismində “Ulduz” X3 tərəfindən ona verilmiş 68 nömrəli xx.xx.2003-cü il tarixli Orderi təqdim etmişdir.

26. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 eyni ünvan göstəricilərinə malik başqa bir mənzildə yaşayırlar. Maraqlı şəxs4 yaşadıqları mənzilə dair hüquqmüəyyənedici sənəd qismində “Ulduz” X3 tərəfindən ona verilmiş 65 nömrəli xx.xx.2003-cü il tarixli Orderi təqdim etmişdir.

27. Belə ki, iş materiallarında olan mübahisəli ünvanla bağlı təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdən (Orderlərdən) müəyyən olunur ki, ünvan 2 ünvana dair “Ulduz” X3 tərəfindən İddiaçı və Maraqlı şəxs4 iki fərqli Order verilmişdir.

28. Eyni ünvan göstəricisinə malik hər iki mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.

29. İddiaçı və Maraqlı şəxs4 verilmiş orderlərdə onlara verilmiş mənzillərin fərqli texniki göstəriciləri qeyd edilsə də, lakin həmin mənzillər hüquqmüəyyənedici sənədlərdə və ünvan reyestr sistemində daşınmaz əmlakın fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət eyni ünvan göstəricilərinə malikdirlər.

30. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.4-cü bəndinə görə ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır. Həmin Qaydaların: -3.7-ci bəndinə görə daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). -3.8-ci bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanının bu qaydaların 3.7.4- cü bəndində göstərilən rekvizitinin (ünvan nömrəsinin) müəyyənləşdirilməsi Komitə tərəfindən bu Qaydalara uyğun olaraq həyata keçirilir. -3.9-cu bəndinə əsasən çoxmənzilli binaların, fərdi yaşayış evlərinin, qeyri-yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektinə çıxışı olan torpaq sahələrinə və onlar üzərindəki qurğulara ünvan verilir. -3.11-ci bəndinə görə çoxmənzilli binaların hər bir mənzilinə, qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilir. Çoxmənzilli binaların hər bir mənzilinə və qeyri-yaşayış binalarının hər bir tərkib hissəsinə ünvan nömrəsi verilərkən mərtəbəlilik nəzərə alınır. Bu zaman nömrələmə giriş qapısının yerləşdiyi mərtəbədən başlanır. Hər bir mənzilin və qeyri-yaşayış obyektinin tərkib hissəsinin ünvan nömrəsi binanın və ya qeyriyaşayış obyektinin girişinin, həmin mərtəbənin və mənzilin nömrəsindən ibarət olur. Çoxmənzilli binanın hər bir mənzilinə ünvan nömrələrinin alınması həmin binanın sifarişçisi və ya mülkiyyətçisi tərəfindən təmin edilir. -4.2-ci bəndinə görə dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər.

31. Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Komitə tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir. Daşınmaz əmlak obyektinin ünvanı dəyişdirildikdə, Komitə obyektin mülkiyyətçisinə bu barədə məlumat verir.

32. Məhkəmə mülkiyyət hüququnun toxunulmazlığı, əmlaka dair hüquqmüəyyənedici sənədlərin dəyişdirilmədiyi və ya ləğv edilmədiyi, qüvvədə olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, şəxsin qeydiyyatı daşınmaz əmlakın özünə deyil, həmin əmlakın (fərdi yaşayış evi, mənzil) məxsus olduğu ünvan reyestrində qeydiyyata alınmış konkret ünvan üzrə aparılır. Nəzərə alınmalıdır ki, iddiaçı ilə Maraqlı şəxs4 ayrı-ayrı mənzillər ayrılsa da, onlara verilmiş hüquqmüəyyənedici sənədlərdə həmin mənzillər eyni ünvan göstəriciləri ilə qeyd edilmişlər.

33. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin iddiaçının müraciəti ilə əlaqədar adıçəkilən üçüncü şəxslərin həmin ünvan üzrə qeydiyyatdan çıxarılmaqdan imtinası qanuni olmuşdur.

34. Eyni zamanda yuxarıda adıçəkilən Qaydaların: -3.2-ci bəndinə görə daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.1. qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsi ayrıldıqda torpaq sahəsinə; 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.3. Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ tanındıqda; 3.2.4. daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alındıqda; 3.2.5. daşınmaz əmlak obyekti ayrı-ayrı hissələrə bölündükdə; 3.2.6. daşınmaz əmlak obyektlərinin birləşməsi nəticəsində yeni daşınmaz əmlak obyekti yarandıqda. -3.3-cü bəndinə görə daşınmaz əmlak obyektinə ünvan verilməsi üçün onun mülkiyyətçisi (sahibi) və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxs ərizə ilə Komitəyə müraciət edir. -3.4-cü bəndinə görə ərizə daxil olduğu gündən 3 (üç) iş günü müddətində müvafiq məlumatlar ünvan reyestrinə daxil edilməklə daşınmaz əmlak obyektinə ünvan verilir və bu barədə ərizəçiyə və ya qanunvericiliyə uyğun verilmiş etibarnamə əsasında onu təmsil edən şəxsə təsdiqedici sənəd (arayış) təqdim edilir.

35. Ünvanın verilməsi ilə bağlı ərizə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması haqqında ərizə ilə birlikdə verildikdə və ya ünvanı olmadan həmin daşınmaz əmlak obyekti üzərində hüquqların qeydiyyatı ilə əlaqədar ərizə daxil olduğu halda, ünvanın verilməsi qeydiyyat üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində həyata keçirilir. Bu halda daşınmaz əmlak obyektinin ünvanı üzərində hüquqların qeydiyyata alınmasını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda əks etdirilir və əlavə olaraq arayış verilmir. Hüquqların qeydiyyatından imtina edildiyi halda, ərizəçiyə yalnız ünvanın verilməsi ilə əlaqədar sənəd (arayış) verilir.

36. Məhkəmə kollegiyası qeyd olunan normaların tələblərindən çıxış edərək hesab edir ki, iddiaçının yeni ünvan verilməklə mənzilin özəlləşdirilməsi ilə bağlı müvafiq inzibati orqana müraciət etmək və yeni ünvan göstəricilərinə malik çıxarışı əldə etmək imkanı qanunla məhdudlaşdırılmır.

37. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin hazırki məzmunda imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

40. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

30. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 31.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2-1(112)-10598/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar