Məhkəmə qərarları › İş №2-1(103)-2041/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2041/2024

27.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2041/2024 27.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(112)-13809/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının güzəştli iş stajı 12 il 06 aydan az (09 il 06 ay 16 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2012xx.xx.2013-cü il tarixləri arasındaki dövrlər)) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(112)-13809/2023 nömrəli qərarı ilə (hakim O.Həsənov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, İddiaçı güzəştli iş stajını təsdiq edən arayışı cavabdeh orqana təqdim etməmişdir. Bu səbəbdən iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Bos Şelf MMC-də işlədiyini iddia etdiyi “Üst tikililərin yığılması və quraşdırılması üzrə Briqadir” vəzifəsinin, güzəştli iş stajına aid edilib-edilməməsi ilə bağlı həmin müəssisəyə sorğu ünvanlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq, İddiaçı Bos Şelf MMC-də işlədiyi “Üst tikililərin yığılması və quraşdırılması üzrə Briqadir” vəzifəsi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarının 1 nömrəli əlavəsinin 1 nömrəli siyahısında mövcud olmadığından, iddiaçıya güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ barədə müvafiq arayışın verilməsinin imkan xaricində olduğu bildirilmişdir. Eyni zamanda, məktubda İddiaçı görmüş olduğu faktiki işlər Nazirlər Kabinetinin yuxarıda qeyd olunan siyahısında “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində 2290000b-23419 kodu ilə göstərilmiş “Yeni tikinti və quraşdırma işlərinin ustaları” vəzifəsi ilə ad olaraq uyğun olmasa belə, eynilik təşkil etdiyi göstərilmişdir. Bildirirlər ki, istinad olunan qərar xx.xx.2006-ci il tarixədək qüvvədə olmuşdur. Lakin iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulduğundan, Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarına istinad edilməli idi. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna, işdəki sübutların isə qiymətləndirilməsində səhvə yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraza, apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı həm də mahiyyəti üzrə əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası iddianın mahiyyəti ilə bağlı əvvəla aşağıdakı qeyd edilən qanunvericilik normalarını diqqətə çəkir : “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmiş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: - 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Hazırda qüvvədə olan sadalanan qanunvericilik normalarının təhlilindən göründüyü kimi, iddia tələbi üzrə 60 yaşdan Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: - tələb olunan yaş həddinə çatmalı, - azı 25 il sığorta stajı olmalı - stajının 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir.-fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli. İddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatması, ümumi iş stajının və tələb olunan pensiya kapitalının mövcud olması işin mübahisələndirilməyən halıdır. İş materiallarından məlum olur ki, xx.xx.1963-cü il təvəllüdlü iddiaçının xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Bakı Texniki Kolleci tərəfindən verilmiş arxiv arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Bakı Politexnik Texnikumunun “Metalların termik emalı və metalşünaslıq” ixtisasına qəbul olunmuş, 12.101981-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.1983-cü il tarixdə hərbi xidmətdən qayıtmış texnikuma bərpa edilmiş, xx.xx.1985-ci il tarixdə ixtisasını bitirmişdir. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1980-ci il tarixdə Bakı Poltexnikuma qəbul olunmuş, xx.xx.1980-ci il tarixdən öz xahiş ilə xaric olunmuş, daha sonra xx.xx.1980-ci il tarixdə bərpa olunmuş, xx.xx.1981-ci il tarixdə orduda xidmət etməsi ilə əlaqədar tələbələr sırasından xaric olunmuş, xx.xx.1983-cü il tarixdə hərbi xidmətdən qayıtması ilə əlaqədar tələbələr sırasına bərpa olunmuş və xx.xx.1985-ci il tarixdən təhsilini tamamlamışdır; xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək termist peşəsində; xx.xx.1988-ci il tarixdən xx.xx.2002-ci il tarixədək usta, çilingər mühəndis peşəsində; xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək quraşdırıcı, quraşdırıcıların manqası başçısı vəzifəsində; xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il quraşdırıcıların manqası başçısı vəzifəsində; xx.xx.2007-ci il tarixdən xx.xx.2013-cü il tarixədək quraşdırıcı vəzifəsində; xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək üst tikililərin yığılması və quraşdırılması üzrə briqadir vəzifəsində işləmişdir. Əmək kitabçasına əsasən iddiaçının Qanunla tələb olunan 25 ildən artıq ümumi iş stajı mövcuddur. İşin mübahisəli halı tələb olunan xüsusi iş stajının mövcud olmaması ilə bağlıdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. İş materiallarından görünür ki, iddiaçının xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.2007-xx.xx.2011-ci il, xx.xx.2011-xx.xx.2012-ci il, xx.xx.2012xx.xx.2013-cü il tarixləri arasındaki dövrlər nəzərə alınmaqla 9 il 6 ay 16 gün güzəştli iş stajının olması cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. İddiaçının güzəştli iş stajına daxil edilməyən dövrlər onun "xxxx" MMC-dəki xx.xx.2013-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlərdir. Cavabdehin həmin dövrlə bağlı dəlili ondan ibarətdir ki, iddiaçı güzəştli iş stajını təsdiq edən arayışı cavabdeh orqana təqdim etməmişdir, bu səbəbdən iddiaçının güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İş materiallarında olan “SOCAR” Heydər Əliyev adına Bakı dərin özüllər zavodu tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki: -iddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən termist peşəsində Bakı Stasionar Dərinlik Özülləri zavodunun Termik dəmirçi sahəsində xx.xx.1985-ci il tarixindən (xx.xx.1985-ci il tarixli 105/k nömrəli əmr) xx.xx.1988-ci il tarixinədək (xx.xx.1988- ci il tarixli 185/k nömrəli əmr) işləmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 11,3-cü bölməsində göstərilən İsti işlərdə sobaların yanında daim məşğul olan termistlər peşəsi üzrə iş stajı 02 il 10 ay 15 qün (İki il on ay on beş gün) təşkil edir. -iddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən usta vəzifəsində “Selflayihətikinti” LSTB-nin 2 saylı Tikinti Quraşdırma idarəsinin 1 №-li sahəsində xx.xx.1988- ci il tarixindən (xx.xx.1988-ci il tarixli 10/k nömrəli əmr) 01,06.1989-cu il tarixinədək (xx.xx.1989-cu il tarixli 48/k nömrəli əmr); Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Üst tikililərin yığılması və quraşdırılması sexində xx.xx.2012-ci il tarixindən (xx.xx.2012-ci il tarixli 338/k nömrəli əmr) xx.xx.2013-cü il tarixinədək (xx.xx.2013-cü il tarixli 22/k nömrəli əmr) işləmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 29- cu bölməsinin “b” bəndində göstərilən tikinti və quraşdırma işləri üzrə usta vəzifəsi üzrə iş stajı 01 il 05 av 2 gün (Bir il beş ay iki gün) təşkil edir. - iddiaçı Azərbaycan Respublikasının əmək pensiyası haqqında qanunvericiliyə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən quraşdırıcı peşəsində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun Özüllərin yığılması və quraşdırılması sexində xx.xx.2007-ci il tarixindən (xx.xx.2007-ci il tarixli 113/k nömrəli əmr) xx.xx.2012-ci il tarixinədək (xx.xx.2012-ci il tarixli 338/k nömrəli əmr) işləmişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-cü il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısfnın 292 cu bəndinin “a” yarımbəndindəki “polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı” peşəsi üzrə iş stajı 05 il 04 av (Beş il dörd ay) təşkil edir. Bos Shelf tərəfindən verilmiş arayışın surətindən görünür ki, iddiaçı BOS Şelf MMCdə xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək Üst tikililərin yığılması və quraşdırılması üzrə Briqadir peşəsində işləmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Onun BOS Şelf MMC-də iş müddəti 5 il 4 gün təşkil edir. BOS Şelf MMC xx.xx.2001 -ci il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Bos Shelf tərəfindən verilmiş sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçı BOS Şelf MMC-də işlədiyi “Üst tikililərin yığılması və quraşdırılması üzrə Briqadir” vəzifəsi siyahıda “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində 2290000b-23419 kodu ilə göstərilmiş “Yeni tikinti və quraşdırma işlərinin ustaları” vəzifəsi ilə “ad olaraq uyğun olmasa belə” eynilik təşkil edir. Məhkəmə kollegiyası iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək üst tikililərin yığılması və quraşdırılması üzrə briqadir peşəsində işlədiyi müddətin güzəştli iş stajı kimi nəzərə alınmamalı olması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000b—23419 kod altında nəzərdə tutulan yeni tikinti və quraşdırma işlərinin ustaları peşəsinə uyğun olmuş, iddiaçının işlədiyi peşənin müvafiq Siyahıda nəzərdə tutulmuş vəzifəyə uyğunluğu "xxxx" MMC tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqi tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı təqdim olunmuş arayışda qeyd olunmuşdur ki, iddiaçının BOS Şelf MMC-də iş müddəti 5 il 4 gün təşkil edir. BOS Şelf MMC xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hüquqi qeydiyyata alınmış və əsas fəaliyyət növünü “stasionar dərin dəniz özüllərinin və özüllərin yuxarı hissələrinin blok modullarının metalkonstruksiyalarının quraşdırılması” işlərinin icrası təşkil edir. Burada metalkonstruksiya işlərinin əsası polad vərəqələrdən metal boruların düzəldilməsi və quraşdırılması, qaynağı və dəmir-beton bloklarının hazırlanmasıdır. Göründüyü kimi, "xxxx" MMC iddiaçının xx.xx.2013-xx.xx.2018 dövrlər üzrə işlədiyi peşənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmiş, “üst tikililərin yığılması və quraşdırılması üzrə briqadir” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində 2290000b—23419 kod altında nəzərdə tutulan yeni tikinti və quraşdırma işlərinin ustaları peşəyə uyğunluğu təsdiq etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində b) tikinti və quraşdırma işləri üzrə ustalar peşəsi güzəştli pensiya hüququ verən peşələrə aid olmuşdur. Həmçinin apellyasiya instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC-yə sorğu ünvanlanaraq, xx.xx.1963-cü il təvəllüdlü İddiaçı Üst tikililərin yığılması və quraşdırılması üzrə briqadir vəzifəsində işlədiyi dövrdə ağır iş səraitində işləməsi ilə bağlı əlavə məzuniyyətin, əmək haqqına əlavələrin, digər güzəştlərin (süd, qatıq və s.) verilibverilməməsi barədə məlumatın, Üst tikililərin yığılması və quraşdırılması üzrə briqadir vəzifəsinin vəzifə təlimatlarının, həmçinin “Yeni tikinti və quraşdırma işlərinin ustaları” vəzifəsinin vəzifə təlimatlarının məhkəməyə təqdim edilməsi xahiş olunmuş, sorğuya 24 iyun 2024-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı BOS Şelf MMC-də işlədiyi “Üst tikililərin yığılması və quraşdırılması üzrə Briqadir” vəzifəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarında göstərilmiş siyahıda mövcud olmadığından, ona əlavə məzuniyyət, əmək haqqına əlavələr və digər güzəştlər verilməmişdir. Sorğuya cavab məktubuna “Üst tikililərin yığılması və quraşdırılması üzrə Briqadir” və “Quraşdırıcı usta” vəzifələrinin vəzifə təlimatları əlavə edilmişdir. Vəzifə təlimatlarına əsasən “Üst tikililərin yığılması və quraşdırılması üzrə Briqadir”-in funksiya və tapşırıqları aşağıdakılar olmuşdur:

1. BOS Shelfin KSƏTƏM Sistemi və Siyasətini anlamalı və tabe olmalıdır.

2. Birbaşa rəisin təlimatlarına ciddia riayət etməlidir.

3. Tapşırıqların şirkətin SƏTƏM siyasətinə və prosedurlara uyğun olaraq həyata keçirilməsini təmin etmək.

4. Briqadirə pis nizam-intizam və tabel barəsində hesabat.

5. Tələb olunan tapşırıqların səriştəli heyət tərəfindən yerinə yetirilməsini və bütün tələblər şirkətin SƏTƏM siyasətinə uyğun olmasını təmin edir.

6. Tapşırıqların yerinə yetirilməsi zamanı işə cəlb olunan müvafiq ləvazimatlar və cihazların utilizasiyasını təmin edir.

7. Rəisilə gündəlik hesabatları tutuşdurur.

8. Fəal cəlb olunduğu zamanı iş sahəsində/sex ərazisində digərlərinə rəhbərlik edir.

9. İş sahəsində lazımlı səliqənin olmasını təmin etməlidir.

Həmçinin vəzifə təlimatlarına əsasən “Quraşdırıcı usta”-nın funksiya və tapşırıqları aşağıdakılar olmuşdur:

1. BOS Shelfin KSƏTƏM Sistemi və Siyasətini anlamalı və tabe olmalıdır.

2. Birbaşa rəisin təlimatlarına ciddia riayət etməlidir.

3. Tabeliyində olan işçilər üçün təhlükəsiz iş mühiti təmin etməlidir.

4. İstehsal olunanlar şirkətin SƏTƏM siyasətinə və prosedurlara uyğun olaraq həyata keçirilməsini təmin etmək.

5. Kampaniyalar/Təlimat Söhbətləri və RDY keçirilməsini təmin etməlidir.

6. Rəisilə gündəlik hesabatları tutuşdurmalı və təkrarlamalıdır.

7. Gündəlik olaraq istehsal əməliyyatlarını irəlicədən görmək/koordinasiya etmək.

8. İş sahəsi/sex hüdudlarında görünüş yaratmaq.

9. Tələb olunan yerdə digər disiplinlərlə və subkontraktorlarla işi koordinasiya etmək.

10. İş sahəsində lazımlı səliqənin olmasını təmin etməlidir.

11. Başlanğıc və son zamana ciddi riayət olunmasını təmin edir.

12. Müvafiq iş qüvvəsinin planlaşdırma kodlarını dəqiq yazmaq.

İş materiallarında olan məhkəməyə təqdim edilmiş C-2023/BOSS/BAC/GHA/L-815 nömrəli, 23 oktyabr 2023-cü il tarixli məktubda İddiaçı görmüş olduğu işlərin Nazirlər Kabinetinin yuxarıda qeyd olunan siyahısında “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində 2290000b-23419 kodu ilə göstərilmiş “Yeni tikinti və quraşdırma işlərinin ustaları” vəzifəsi ilə “ad olaraq uyğun olmasa belə” eynilik təşkil etdiyi qeyd olunmuş, bununla bağlı apellyasiya instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC-yə məktub ünvanlanaraq, yuxarıda qeyd edilən peşələri icra edən şəxslərin vəzifə funksiyaları ilə bağlı ətraflı məlumatın verilməsi məqsədilə müvafiq mütəxəssisin iştirakının təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən mütəxəssis X2 izahatında bildirmişdir ki, briqadir vəzifə deyil, briqadir qabaqcıl vəzifə hesab edilir. Fəhlələr işələyərkən briqadir onlara nəzarət edir, fəhlələrlə birgə olur. Üst tikililərin yığılması-quraşdırılması dedikdə blokun ən üst hissəsində dartma, basma, itələmə işlərinin görülməsi, montajların edilməsi kimi işlərin gürülməsidir. “Quraşdırıcı”, “Briqadir” və “Usta” eyni əmək funksiyalarını yerinə yetirirlər. Fərq yalnız ondan ibarətdir ki, burada “Quraşdırıcı” yalnız öz əmək funksiyalarını yerinə yetirir, icradan başqa heç bir məsuliyyəti yoxdur, “Briqadir” də həmin işləri yerinə yetirir, eyni zamanda təqribən 10-15 nəfərin işinə nəzarət edir və məsuliyyət daşıyır, “Usta” da eyni əmək funksiyalarını yerinə yetirir və daha çox işçinin fəaliyyətinə nəzarət edir və məsuliyyət daşıyır. Yəni fəhlələrə aid edilən zərərli iş əmsalı briqadirlərə münasibətdə tətbiq edilən zərərli iş əmsalı ilə eynidir. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan "xxxx" MMC-nin məktubu, “Üst tikililərin yığılması və quraşdırılması üzrə Briqadir” və “Quraşdırıcı usta” vəzifələrinin vəzifə təlimatları və mütəxəssisin izahatına əsasən iddiaçının işlədiyi həmin sahə və peşənin Siyahıda qeyd olunan yeni tikinti və quraşdırma işlərinin ustaları peşəsinə uyğunluğu müəyyən olunduğundan, iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək üst tikililərin yığılması və quraşdırılması üzrə briqadir peşəsində işlədiyi dövrün güzəştli iş stajına daxil edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Beləliklə, iddiaçının xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixədək üst tikililərin yığılması və quraşdırılması üzrə briqadir peşəsində işlədiyi dövr nəzərə alınmaqla, onun xx.xx.2023-cü il tarixədək güzəşli iş stajının 12 il 06 aydan çox təşkil etdiyi müəyyən edilir. Məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), «Əmək pensiyaları haqqında» AR Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM- 73.1), imtina mövcud inzibati praktikaya da zidd olmuş, habelə cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(112)-13809/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar