Məhkəmə qərarları › İş №2-1(103)-2042/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2042/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2042/2023 07.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixdən üçüncü qrup əlilliyin təyin edilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1705/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1705/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı İİİ dərəcə əlilliyin (hazırda qüvvədə olan meyarlara əsasən orqanizmin funksiyalarının 31-60 faiz pozulmasının) göndərişin verildiyi xx.xx.2021-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1705/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək 2-ci qrup əlilliyin təyin edilməsini xahiş etmişdir. Cavabdeh qurum tərəfindən iddiaya yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyəti 18 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış, “Səbəbi: Ümumi xəstəlik, X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin sirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => 12 - Bud sümüyünün sınığı => S72.1 - Burmada..., Diaqnozun mətri: Sağ bud sümüyünün kondiluslarının və diz qapağının bitişmiş sınığı. Sağ bud sümüklərinin orta 3/1 hissəsinin osteosintezdən sonrakı bitişmiş sınığı." “Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları.” səbəbi ilə bir il müddətinə verilmişdir. 18 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında “Səbəbi: ümumi xəstəlik, X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79 - Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72 - Bud sümüyünün sınığı => S72.1 - Burmada..., Diaqnozun mətni: Sağ bud sümüyünün kondiluslarının bitişmiş sınığı, Meyar: 2.3. Üçüncü dərəcə əlillik > 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları." səbəbi ilə bir il müddətinə verilmişdir. 18 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında “Səbəbi: ümumi xəstəlik, X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S52 Said sümüklərinin sınığı => S52.9 - Said sümüklərinin dəqi..., Diaqnozun mətni: Sağ bud sümüyünün kondiluslarının və diz qapağının bitişmiş sınığı. Sağ diz oynağının kontrakturası və baldırın trofiki pozğunluqları., Meyar:2.2. ikinci dərəcə əlillik => DİGƏR: Travmalar." səbəbi ilə bir il müddətinə verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında “Səbəbi: Ümumi xəstəlik, X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin birinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S52 - Said sümüklərinin sınığı => S52.9 - Said sümüklərinin dəqi..., Diaqnozun mətni: Sağ bud sümüyünün kondiluslarının və diz qapağının bitişmiş sınığı. Sağ diz oynağının kontrakturası və baldırın trofiki pozğunluqları., Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Travmalar." səbəbi ilə beş il müddətinə verilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış, "X2: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S50-S59 - Dirsək və saidin travmaları => S50 - Saidin səthi travması => S50.8 - Saidin digər səthi travma..., Diaqnozun mətni: Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Valgus deformasiyası, Patella femoral artroz, oynaq kontrakturası, Valgus deformasiyası., Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Son illərdə müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı vardır.” səbəbi ilə imtina verilmişdir. Bakı 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, “X1: XXİ Sinif - Sağlamlıq vəziyyətinə təsir göstərən faktorlar və səhiyyə müəssisəsinə müraciətlər, Diaqnozun mətni: Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu Patella femoral artroz Valgus deformasiyasi Hipertrofik çapıq, Sag baldırın dəri trofiki dəyişikliyi, çapığı, Oynaq kontrakturası, Arterial hipertenziya İİ dərəcə, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: müayinələr qənaətbəxş deyil, xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun." səbəbi ilə imtina verilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli əyani müayinə aktına əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, X4 ünvanında qeydiyyatda olan İddiaçı (FİN- xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0096003AADUG nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. Ətraflı səbəb: "müayinələr qənaətbəxş deyil, xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0096003AADUG nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Patella femoral artroz, Valgus deformasiyasi, Hipertrofik çapıq, Sag baldırın dəri trofiki dəyişikliyi, çapığı, Oynaq kontrakturası, Arterial hipertenziya İİ dərəcə) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən elektron sistemdən çıxarışda qeyd olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixli qiymətləndirməyə əsasən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir. Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Son illərdə müalicəsi yoxdur, Əlavə müalicəyə ehtiyacı vardır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən elektron sistemdən çıxarışda qeyd olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixli qiymətləndirməyə əsasən əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmişdir. Səbəb: Göndərişin natamam doldurulması. Müayinələr qənaətbəxş deyil, xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı əyani müalicəyə cəlb edilməsi barədə məhkəmənin müraciətinə baxılmış, İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlərin və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2022-ci ildən Ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı qərarı qəbul edilmişdir. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (xx.xx.2022-ci ilədək olan redaksiyası); 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın: 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması (1.5.1); şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir) (1.5.2); əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi (1.5.3); peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi (1.5.4); əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması (1.5.5). İşin faktiki hallarından görünür ki, İddiaçı əlillik vəziyyəti 18 saylı Şəhər Poliklinikasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış, Ümumi xəstəlik səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir (Diaqnoz - Sağ bud sümüyünün kondiluslarının və diz qapağının bitişmiş sınığı. Sağ bud sümüklərinin orta 3/1 hissəsinin osteosintezdən sonrakı bitişmiş sınığı, Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.1. Bazunun və ya hər iki said sümüklərinin yalançı oynaqları). Daha sonra 18 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında Ümumi xəstəlik səbəbi ilə bir il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Daha sonra 18 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında Ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında Ümumi xəstəlik səbəbi ilə beş il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, əlavə müalicəyə ehtiyacın olması - Səbəb: «Son illərdə müalicəsi yoxdur. Əlavə müalicəyə ehtiyacı vardır» səbəbi ilə imtina verilmişdir. Bakı 10 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, Göndərişin natamam doldurulması - Səbəb: «müayinələr qənaətbəxş deyil, xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun» səbəbi ilə imtina verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi üzrə İddiaçı cavabdeh tərəfindən əyani müayinə olunması və əyani müayinənin nəticəsi barədə məhkəməyə məlumat verilməsi üçün bir ay müddət təyin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı əyani müalicəyə cəlb edilməsi barədə məhkəmənin müraciətinə baxılmış, İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş, təqdim edilən tibbi sənədlərin və əyani müayinənin nəticəsi olaraq barəsində xx.xx.2022-ci ildən Ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyinatı qərarı qəbul edilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli əyani müayinə aktına əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrarayon, X4 ünvanında qeydiyyatda olan İddiaçı (FİN- xxxxxxx) əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0096003AADUG nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Göndərişin natamam doldurulması” barədə qərar verilmişdir. Ətraflı səbəb: "müayinələr qənaətbəxş deyil, xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun”. Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0096003AADUG nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında “Göndərişin natamam doldurulması” qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş (Digər posttravmatik qonartrozlar, Sağ diz oynağının artrozu, Patella femoral artroz, Valgus deformasiyasi, Hipertrofik çapıq, Sag baldırın dəri trofiki dəyişikliyi, çapığı, Oynaq kontrakturası, Arterial hipertenziya İİ dərəcə) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə uyğun olaraq üçüncü dərəcə müddətsiz əlilliyin təyini qərarı verilmişdir. Göründüyü kimi, iddiaçının əlillik vəziyyəti məhkəmə qərardadı əsasında aparılmış əyani müayinə zamanı xx.xx.2022-ci ildə qiymətləndirilmiş və iddiaçıya üçüncü dərəcə müddətsiz əlillik xx.xx.2022-ci il tarixdən qüvvədə olmaqla təyin edilmişdir. Lakin iddiaçı ona əlilliyin daha əvvəlki tarixdən, Bakı 35 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında təyin edilməsini tələb edir. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli göndəriş əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirmə zamanı iddiaçının əllilliyi ilkin olaraq təyin edilmədiyindən cavabdehin “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə istinadı əsassızdır. Belə ki, Qaydaların 1.5.3-cü bəndinə əsasən, əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Belə olan halda isə cavabdehin əlavə müalicəyə ehtiyacın olması əsası ilə iddiaçıya təkrar əlillik təyinindən imtinası qanunvericiliyin tələblərinə zidd olmuşdur. Bundan əlavə iddiaçıya ilkin və sonradan təyin edilmiş əlilliklə bağlı diaqnozda hər hansı dəyişiklik olmamış, iddiaçıya davamlı olaraq eyni diaqnozla əlillik təyin edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixli göndərişdə iddiaçıya təyin edilmiş əsas diaqnoz və ağırlaşmalar xx.xx.2022-ci il tarixdə aparılmış əyani müayinə zamanı da öz təsdiqini tapmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə uyğun olaraq iddiaçıya üçüncü dərəcə müddətsiz əlillik təyin edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı 35 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında 16 oktyabr 2021-ci il tarixdə aparılmış qiymətləndirmə zamanı XBT 10-a əsasən, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə əsasən İİİ dərəcə əlillik təyin olunmasına əsas verən xəstəliyini müəyyən etməsinə, həmin xəstəliklərlə bağlı illər ərzində stasionar müalicədə olmasına və Forma 88 arayışına əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunmasına baxmayaraq, əlilliyin növbəti müddətə xx.xx.2021-ci il tarixdən təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1705/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar