Məhkəmə qərarları › İş №2-1(103)-2042/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2042/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2042/2024 02.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxs X2) qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14383/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələblərinə əsasən onun ünvan 1 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə göstərilən ünvana qeydiyyata alınması qanunamüvafiq deyildir. Məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra iddiaçı X2 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla birlikdə yaşayan anası İddiaçı mənzilə qeydiyyata salınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 daha sonra ərizə təqdim edərək, onun əsl İddiaçı ilə əvəz edilməsini və İddiaçı ünvan 2 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmiş, X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu ildə ünvan 1 ünvanında X2 öz adına mənzil almışdır. İddiaçı 13 ildir ki, həmin mənzildə yaşamağına baxmayaraq, qeydiyyata düşə bilmir. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə hüquqlarının təmin olunması üçün müraciət etmiş, xx.xx.2022-ci il tarixli N-059-20049B-3222 saylı cavab məktubunda qeyd olunmuşdur ki, məhkəməyə müraciət edə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14383/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14383/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, məktub göndərilərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən ünvan 3 ünvanında, xx.xx.2022-ci il tarixdən ünvan 4 ünvanında qeydiyyatda olmuş xx.xx.2022-ci il tarixdən qeydiyyatdan çıxarılmışdır. ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir. "xxxx" Elmi-İstehsalat Müəssisəsinin tikilməkdə olan binasında mənzil almaq haqqında xx.xx.2009-cu il tarixli 83 saylı müqavilədən görünür ki, "xxxx" Elmi-İstehsalat Müəssisəsi Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi, ATSin qərbi Kazımovski küçəsində inşa edilən yaşayış binasında 5 mərtəbədə 2 otaqlı mənzilin X1 verilməsini, X2 isə həmin mənzili qəbul etməyə və mənzilin təyin edilmiş dəyərini vaxtında ödəməyə zəmanət verir. Həmin müqaviləyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 01 saylı arayışdan görünür ki, X2 anası ilə birlikdə (anası İddiaçı), 6 mkr., X7 ünvanında, bina 58, müqavilə 83, mənzil 33-də, xx.xx.2009-cu ildən qızı ilə birlikdə yaşayır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Kazımovski küçəsi, ev 58, 33 saylı mənzilin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir Beləliklə işin hallarından görünür ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi evə dair mülkiyyət hüququnu təsdiq edən və ya digər qanuni əsaslarla yaşamasına dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. İddiaçının iddia etdiyi mənzilə dair hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı yaşayış sahəsinin onun qanuni istifadəsində olmasına dair MTK ilə bağlanmış müqaviləni təqdim etmişdir. Qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi sənəd mənzilə dair ilkin hüquqmüəyyənedici sənəd kimi qəbul edilsə belə, bu hal iddia tələbinin təmininə əsas vermir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda (mülkiyyət hüququnu təsdiq edən sənəd); - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda (icarə və ya kirayə müqaviləsi); - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda (bu hüququn yaranmasına əsas olmuş sənədlər). Lakin, eyni zamanda, yuxarıda göstərilmiş Qanunun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 5-ci maddənin 2-ci bəndində nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. Sadalanan normalardan göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyatın əsasını həmin yaşayış yerinə dair hüququn mövcudluğu təşkil edir. Yaşayış yerinə hüquq isə mülkiyyət, icarə və ya istifadə hüququndan ibarətdir. İddiaçı tərəfin qeydiyyata alınmasını istədiyi fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlakdır. İddiaçının təqdim etdiyi vergi ödəyicisi qismində uçota alınma barədə bələdiyyə şəhadətnaməsi, kommunal xərclərə dair qəbzlər iddia edilən fərdi yaşayış evinə qeydiyyata alınmaya əsas verən Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlər qismində çıxış etmir. Beləliklə, məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14383/2023 saylı, 18 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar