Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2043/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Cavabdeh nümayəndəsi X2 oğlunun iştirakı ilə İddiaçı inzibati aktın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2300/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli **********193723 nömrəli inzibati aktın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh Məhkəməyə vəsatət təqdim edərək, məhkəmə baxışının başlanmış cinayət işi üzrə icraat başa çatana qədər dayandırılmasını xahiş etmişdir. Vəsatətin əsaslarına görə, cavabdehin xx.xx.2019-cu il tarixli qərarı ilə iddiaçının sahibkarlıq fəaliyyəti üzrə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.6-cı maddəsinə əsasən (182980315 nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq) növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd edilən vergi yoxlaması ilə bağlı aşkar edilmiş faktlar ilə əlaqədar hazırda VCİABİ-də ********* nömrəli cinayət işi üzrə cinayət mühakimə icraatı davam etdirilir. Cinayət işinin istintaqı zamanı Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 5252 nömrəli rəyi ilə səyyar vergi yoxlaması zamanı müəssisəyə hesablanmış əlavə vergilər öz təsdiqini tapmışdır. Göstərilənlərə uyğun olaraq qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Belə ki, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat cavabdehin icraatında olan ********* nömrəli cinayət işi üzrə yekun qərar qəbul edilənədək dayandırılmışdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... hazırkı işə baxılması VCİABİ-nin icraatında olan ********* nömrəli cinayət işi üzrə yekin qərar qəbul edilənədək mümkün deyil. Odur ki, iş üzrə icraatın dayandırılması məqsədəuyğundur.” Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə öz qərardadını belə əsaslandırmışdır ki, iş üzrə cavabdeh inzibati orqanda cinayət işi açılmış, ibtidai istintaq gedir və bu səbəbdən məhkəmə icraatı ibtidai istintaqın yekununa qədər dayandırılmalıdır. Bu hal qanunsuzdur və qəbul edilməzdir. Çünki, cinayət işinin başlanması haqqında qərarın, o cümlədən cinayət işi üzrə ibtidai istintaqın aparılmasının və ibtidai istintaqın yekununda qəbul edilən qərarın məhkəmə üçün hər hansı preyudisial əhəmiyyəti yoxdur. Cinayət işi üzrə ibtidai istintaqın aparılması əsası ilə məhkəmə icraatının dayandırılması şəxsin konstitusion hüququ olan məhkəmə müdafiə hüququnun qanunsuz məhdudlaşdırılmasına səbəb oldu. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə düzgündür və iki əsasdan təmin edilməlidir. Birincisi, İPM-in cavabdehin vəsatətinin prosessual-hüquqi əsası kimi çıxış edən 7.2-ci maddəsinə görə, inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Göründüyü kimi, İPM-in 7.2-ci maddəsi MPM-in 254.1.4-cü maddəsi ilə, demək olar ki, eyni qaydaları nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli Qərarında açıq göstərilmişdir ki, “İbtidai istintaq orqanları tərəfindən cinayət işi üzrə qəbul olunmuş qərarlar məhkəmənin icraatında olan mülki iş üçün preyudisial əhəmiyyət kəsb etmədiyindən mülki iş üzrə icraatın dayandırılmasına səbəb ola bilməz”. İkincisi, iş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Bu baxımdan, həm İPM-in 7.2-ci maddəsində, həm də MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. Lakin hazırkı iş üzrə işlərin belə bir asılılığı müəyyən edilmir. Belə ki, cavabdehin Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında mübahisəli qərarı, inzibati orqan (cavabdeh) tərəfindən ümumi hüquq (vergilərin müəyyən edilməsi və ödənilməsi) sahəsinə aid olan məsələni (vergiləri azaldan vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsini) həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı şəxs (iddiaçı) üçün hüquqi nəticələr (müəyyən miqdarda əlavə vergilər və maliyyə sanksiyaları) yaradan qərar növündə hakimiyyət tədbiri olmaqla, “İnzibati icraat haqqında” AR Qanununun 2.0.2-ci maddəsi anlamında inzibati aktdır. İnzibati orqanların hakimiyyət tədbirlərindən narazı qalan şəxslərin məhkəmə müdafiəsi hüququ isə normativ-hüquqi müstəvidə ən yüksək təminat altına alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən: İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdir və heç bir fərq qoyulmadan qanun qarşısında eyni dərəcədə müdafiə olunmaq hüququna malikdir, 10-cu maddəsinə əsasən, hər bir insan öz hüquq və vəzifələrinin bərqərar olunması, ona qarşı irəli sürülən cinayət ittihamının əsassızlığının müəyyən edilməsi üçün onun işinə tam bərabərlik əsasında, açıq və ədalətin bütün tələblərinə riayət olunmaqla, müstəqil, qərəzsiz məhkəmədə baxılması hüququna malikdir. Bu müddəa, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”ın 14-cü maddəsində də təsbit olunmuşdur. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Qanunun: 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər; 72.1-ci maddəsinə görə, inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər; 72.5-ci maddəsinə əsasən, inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) İPM-lə müəyyən olunmuş qaydada verilir. Adıçəkilən Məcəllənin 2.1-ci maddəsinə görə, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Eyni Məcəllənin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanların təhlili göstərir ki, Azərbaycan Respublikasının inzibati icraat və inzibati prosessual qanunvericiliyi ilə şəxslərin hüquq və vəzifələri ilə bağlı inzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktlardan məhkəmə qaydasında şikayət vermək, yəni inzibati məhkəmələrdə inzibati aktın ləğv olunması və dəyişdirilməsi haqqında inzibati iddia qaldırmaq hüquqları aydın təsbit olunmuş, bu hüquq heç bir istisnaya tabe tutulmamış, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdir. Bu kontekstdə, İPM-in 7.2-ci maddəsinə istinadən məhkəmə baxışı o halda dayandırıla bilər ki, 1) mübahisənin predmeti ilə bağlı cinayət təqibi mübahisənin həllinə təsir etsin, yaxud, 2) məhkəmənin qərarı cinayət işi üzrə məsələnin həllindən asılı olsun. Lakin, bu iki haldan heç biri iş üzrə mövcud deyil. Bu hallar mövcud olmadan İPM-in 7.2-ci maddəsini tətbiq edərək məhkəmə baxışının dayandırılması müstəqil iki növ mühakimə ictraatından birinin o birindən asılılığı demək olardı. Doğrudur, məhkəmə baxışının dayandırılması baxımından inzibati mühakimə icraatının İPM-in 7.2-ci maddəsində nəzərdə tutulan qaydada cinayət mühakimə icraatından asılı olduğu hallar vardır, ancaq sözügedən hallar cavabdehin vəsatətində əks olunanlar deyil. Həmin hallara misal kimi, yerli icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılmış torpaq sahəsinin hüquqi qeydiyyata alınmasından inzibati orqanın imtinasının mübahisələndirildiyi inzibati işdə sərəncamın saxta sənəd olması ilə əlaqədar başlanmış cinayət təqibi barədə məhkəməyə rəsmi məlumatın daxil olması göstərilə bilər. Beləliklə, məhkəmə kollegiyasının məsələyə dair yekun qənaəti bundan ibarətdir ki, inzibati məhkəmənin özünün müəyyənləşdirə biləcəyi halları o müəyyən etməlidir. İnzibati orqanlar tərəfindən qəbul edilmiş inzibati aktların qanuniliyinin mübahisələndirmə haqqında iddia çərçivəsində yoxlanması qanunvericiliklə bilavasitə inzibati məhkəmələrin səlahiyyətinə aid edildiyindən, həmin inzibati aktların qəbul edilməsinə əsas təşkil edən faktiki hallarla bağlı paralel həyata keçirilən digər növ (mülki, cinayət, inzibati xəta) məhkəmə icraatlarına münasibətdə inzibati mühakimə icraatı a priori hər hansı üstünlüyə yaxud asılılığa malik deyil. Belə bir asılılıq İPM-in 58.8-ci maddəsində nəzərdə tutulan preyudisiallıq çərçivəsində mümkündür ki, bu halı zəruri edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə digər qərarı hazırkı işdə mövcud deyil (AR Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarları). Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tətbiqi baxımından qanunsuzdur, apellyasiya şikayətinin dəlilləri qanunvericiliklə təsdiq olunmaqla, qərardadın ləğvinə əsas verir. Bununla əlaqədar olaraq, qərardad ləğv edilməli, iş həmin məhkəməyə gğndərilməli, şikayət təmin edilməlidir (İPM-87.6), Göstərilənlərə əsasən və İPM-in 68, 80 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2300/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İnzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-2043/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2043/2020
30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver