Məhkəmə qərarları › İş №2-1(103)-2043/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2043/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2043/2021 26.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı (üçüncü şəxs: AR Təhsil Nazirliyi) “diplom üzrə ixtisasın tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-193/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı məhkəməyə müraciət edərək, Ukrayna Respublikası Regionlararası X4 Akademiyası tərəfindən verilmiş 21 iyun 2016-cı il tarixli B16 seriyalı 162294 nömrəli diplom üzrə ali təhsil sahəsində İddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və ərizənin təmin olunmasını və cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1354/2020 saylı 01 sentyabr 2020-ci il tarixli qərardadları ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi əsl cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilməsi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci il tarixdə Ukrayna Respublikası Regionlararası X4 Akademiyasının “Maliyyə və kredit” fakültəsinə qiyabi daxil olmuşdur. 21 iyun 2016-cı il tarixdə həmin Akademiyanı bitirmiş və Dövlət imtahan komissiyasının qərarı ilə Bakalavr ixtisası verilmişdir. Ukrayna Respublikası Regionlararası X4 Akademiyası tərəfindən iddiaçıya verilmiş B16 №162294 nömrəli, 21 iyun 2016-cı il tarixli diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Lakin ərizəsi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən imtina məktubu ilə cavablandırılmış. Diplom üzrə aldığı ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması ilə bağlı ərizəsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təmin olunmadığı üçün bunu əsassız və qanunsuz hesab edir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-193/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-193/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-193/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasında iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: -Ukrayna Respublikasının “Regionlararası X4 Akademiyası” tərəfindən 21.06.2016-cı ildə verilmiş B16 № 162294 saylı nömrəli diplomun azərbaycan dilinə tərcümə olunmaqla notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Əhmədov X3 Respublikası Regionlararası X4 Akademiyasının tam kursunu bitirmiş və maliyyə menecmenti ixtisası üzrə bakalavr dərəcəsinə layiq görülmüşdür. Sözügedən bakalavr diplomu rektor Kurko N.N və Ukrayna Təhsil və Elm Nazirliyinin idarə rəisi Novosad Q.İ tərəfindən apostil ilə 28.08.2017-ci il tarixdə təsdiq olunmuşdur. -B16 No-1611945 saylı diploma əlavədən görünür ki, İddiaçı maliyyə menecmenti ixtisası üzrə bakalavr dərəcəsini rus dilində və qiyabi oxuyaraq təhsilini almışdır. -Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə elektron ərizə sisteminə 01.05.2019-cu il tarixdə edilmiş müraciətin surətindən görünür ki, iddiaçıya cavab verilərək bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Ukrayna Respublikası Regionlararası X4 Akademiyasının tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olması, eyni zamanda, nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 6.3, 44.2-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi»nin 2.2.2-ci bəndini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli Qərarı ilə təsdiqlənmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.6-cı bəndini, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” konvensiyanın Azərbaycan Respublikası Qanunun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il mart tarixli, 346 nömrəli sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»-nın 1.2, 3.6, 3.7-ci bəndlərini, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.04.2010-cu il tarixli 75 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqrammı”nın 5.5-ci bəndinə, eləcə də, 21 yanvar 2011-ci il tarixli 9 saylı Qərarı ilə təsdiq olunmuş “Ali təhsil müəssisəsinin “Nümunəvi Nizamnaməsi”nin” 1.28-ci bəndini, Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367- İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın 7-ci maddəsini, "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın, habelə “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyələrin V hissəsinə (qiymətləndirmə meyarları), "Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Lissabon Konvensiyanın tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyindən daxil olmuş sorğuya cavab məktubundan aydın olur ki, Ukrayna Respublikasının “Regionlararası X4 Akademiyası”nın Gürcüstanda avtorizə edilmiş ali təhsil müəssisələri yoxdur. Göründüyü kimi, Ukrayna Respublikasının “Regionlararası X4 Akademiyası”nın Gürcüstan filialı akkreditasiyadan keçmədən və lisenziyası olmadan fəaliyyət göstərmişdir.Beləliklə də müəyyən edilir ki, cavabdeh inzibati orqan tərəfindən ekspert qrupunun rəyinə əsasən iddiaçının diplomunun tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina edilməsi işin hallarına, ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğun olmuşdur. Odur ki, iddiaçının diplomun tanınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, Qaydaların 3.7-ci bəndi ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin iddiaçının diplomunu tanımaqdan imtinası qanunvericiliyə, o cümlədən Qaydaların 1.6-cı bəndinə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır. Cavabdeh Qaydaların 3.6-cı bəndi ilə müəyyən edilmiş qaydada təhsilin məzmununun uyğunluğu haqqında ekspertiza keçirdikdən və Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğunu yoxladıqdan sonra həmin Qaydaların 3.7-ci bəndinə əsaslanaraq, iddiaçının diplomunun tanınmasından imtina etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Gürcüstanın Azərbaycan Respublikasındakı Səfirliyindən daxil olmuş sorğuya cavab məktubuna əsasən Ukrayna Respublikasının “Regionlararası X4 Akademiyası”nın Gürcüstanda avtorizə edilmiş ali təhsil müəssisələri olmadığı müəyyən olunmuşdur. Belə olan halda məhkəmə haqlı olaraq iddianın təmin olunmaması qərarına gəlmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 04.05.2021-ci il tarixli, 2-1(112)-193/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar