Məhkəmə qərarları › İş №2-1(103)-2043/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2043/2024

06.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2043/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı “kirayə xərcinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13865/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 14 avqust 2023-cü il tarixdən Cavabdeh başçısının birinci müavininin 5-14\2- 219\2023 saylı məktubu ilə 2023-cü ilin may ayından dayandırılmış müvəqqəti kompensasiya məbləğinin ödənilməsinin bərpa edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək, xx.xx.1997-ci ildən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin tabeliyində olan hissələrdə müxtəlif vəzifələrdə xidmət etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinin 92 ş/h əmrinə əsasən xx.xx.2018-ci il tarixdən tərxis olunmuşdur. ünvan 1 ünvanında bir ailə tərkibi ilə daimi qeydiyyatda olmasına baxmayaraq, beş nəfər ailə tərkibi ilə (özü, arvadı, 2 qızı və oğlu) kirayədə yaşayır. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ailə tərkibi 1 nəfər (özü) olmaqla yaşayış yeri üzrə Cavabdehdə mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilmiş və 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayınadək ona hər ay 450 manat məbləğində müvəqqəti mənzil kirayəsi üçün kompensasiya məbləği ödənilmişdir. Həmin məbləğ 14 avqust 2023-cü il tarixdən Cavabdeh başçısının birinci müavini Zaur Hüseynovun 5-14/2-219/2023 saylı məktubu ilə dayandırılmışdır. Dayandırılmasının əsası kimi “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən öz arzusu ilə xidmətkeçmədən azad olunması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli, 174 nömrəli qərarının birinci bəndinin ona şamil olunmadığı qeyd edilmişdir. Cavabdeh ona ödənilən müvəqqəti mənzil kirayəsi üçün kompensasiya məbləği ödənilməsindən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərardadını əsas görürmüşdür. Halbuki, cavabdeh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı qəbul ediənədək onu yaşayış yeri üzrə mənzil növbəsinə siyahıya almış və 2022-ci ilin oktyabr ayından 2023-cü ilin may ayınadək hər ay 450 manat məbləğində müvəqqəti mənzil kirayəsi üçün kompensasiya ödəmişdir. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarı qəbul edilənədək və ondan sonra da “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarı qüvvədədir və ləğv edilməmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Əhədova) 2-1(112)-13865/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2033-cü il tarixli qərarı ilə onun Cavabdehə qarşı “mənzil kirayə xərcinin ödənilməsinə” dair iddia tələbi təmin edilməmişdir. İddia tələbi maddi və prosessual hüquq normaları pozulmaqla rədd edilmişdir. Belə ki, o, məhkəməyə “mənzil kirayə xərcinin ödənilməsinə dair” deyil, müvəqqəti mənzilin kirayəsi üçün xərclərin (kirayə haqqının) ödənilməsinin bərpa edilməsinə dair iddia tələbi ilə müraciət etmişdir. Çünki ona xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək hər ay 450 manat mənzil kirayə xərci ödənilmiş, xx.xx.2023-cü ildən dayandırılmışdır. Cavabdeh tərəfindən 6 ay müddətində yaşayış sahəsi ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilməli idi. Ancaq yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçuların sihahısına daxil edilmişdir. İki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də mənzillə və ya torpaq sahəsi ilə təmin olunmamışdır. Bakı İnzibati Məhkəməsinin qərarı ilə iddia rədd edilərkən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli Qərardadına istinad edilmişdir ki, bu da onun vəziyyətini ağırlaşdırmışdır. Mənzil kirayə xərclərinin isə ona Konstitusiya Məhkəməsinin qeyd olunan qərardadından iki il əvvəl ödənilirdi. Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı qüvvəyə mindikdən sonra yaranacaq münasibətlərə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil olunmalı olduğu halda, məhkəmə qərardan əvvəl yaranmış münasibətlərə şamil etməklə onun vəziyyətini pisləşdirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və bu barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Siz Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 272 №-li Sərəncamı ilə ehtiyatda olan hərbi qulluqçu statusunda mənzil növbəsinə götürülmüşsünüz. Mənzil-uçot işinizə əlavə edilmiş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhər Nərimanov Rayon İdarəsinin xx.xx.2019-cu il tarixli, 302 №-li arayışına əsasən Siz xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilədək Azərbaycan Respublikası DSX-da xidmət etmişsiniz, xx.xx.2018-ci ildə DSX rəisinin müvafiq əmri ilə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzunuzla) tərxis olunmuşsunuz. Eyni zamanda mənziluçot işinizə baxış keçirilən zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinin tələbləri Sizə şamil olunmadığı müəyyən edilmişdir. Bu səbəbdən dövlət büdcəsindən Sizə müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi dayandırılır. Müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsinin dayandırılması ilə bağlı hüquqlarınızın pozulduğunu hesab etdiyiniz təqdirdə müvafiq məhkəmə orqanına müraciət edə bilərsiniz. İş materiallarında olan Bakı şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli 272 saylı sərəncamının surətindən görünür ki, İddiaçı ailə tərkibi 1 nəfər (özü) olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, 1970-ci il təvəllüdlü ehtiyatda olan kapitan İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək müddətli həqiqi hərbi xidmət, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilədək Azərbaycan Respublikası DSX-də xidmət edib. Azərbaycan Respublikası DSX rəisinin 92ş/h nömrəli əmri ilə xx.xx.2018-ci ildə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən tərxis olub. xx.xx.2019-cu ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon idarəsində qeydiyyatdadır. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu: 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin 1-ci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay yalnız nağdsız qaydada kompensasiya ödənilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərardadında göstərilir: Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yararlanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması hallar ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilədək müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1997-ci ildən xx.xx.2018-ci ilədək Azərbaycan Respublikası DSX-də xidmət etmişdir. Azərbaycan Respublikası DSX rəisinin 92ş/h nömrəli əmri ilə xx.xx.2018-ci ildə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) tərxis olunmuşdur. İddiaçı Bakı şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli 272 saylı sərəncamı ilə ailə tərkbi 1 nəfər (özü) olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilmişdir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəlili Qərarı ilə nəzərdə tutulmuş mənzil kirayə xərci ödənilmişdir. Lakin 2023-cü ilin iyun ayından iddiaçıya kirayə xərcinin ödənilməsi dayandırılmışdır. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2018-ci ildə DSX rəisinin müvafiq əmri ilə “Hərbi vəzifə və hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə əsasən (öz arzusu ilə) tərxis olunmuşdur, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinin tələbləri iddiaçıya şamil olunmadığı üçün dövlət büdcəsindən ona müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsi dayandırılmışdır. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, o, məhkəməyə “mənzil kirayə xərcinin ödənilməsinə dair” deyil, müvəqqəti mənzilin kirayəsi üçün xərclərin (kirayə haqqının) ödənilməsinin bərpa edilməsinə dair iddia tələbi ilə müraciət etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən 2- 1(112)-13865/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarından görünür ki, iddia tələbi iddiaçıya 2023-cü ilin may ayından dayandırılmış müvəqqəti kompensasiya məbləğinin ödənilməsinin bərpa edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehə həvalə edilməsi ilə əlaqədardır, məhkəmə araşdırmasının predmeti də həmin tələb olmuşdur və məhkəmə qeyd olunan tələbə baxaraq müvafiq qərar qəbul etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən hər hansı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən qanunverici zabit heyətinə münasibətdə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi alana kimi kirayə haqqı və s. ilə təmin edilməsini yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirmişdir. Yəni, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmamışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı kapitan rütbəsində zabit heyətinə aid olmaqla öz arzusu ilə ehtiyata buraxılmışdır. Bu isə iddiaçının iradəsindən asılı olmayan hal hesab edilmir. Göründüyü kimi, iddiaçı mənzillə təmin edilənədək kirayə haqqı ilə təmin olunmalı ehtiyatda olan hərbi qulluqçu kateqoriyasına aid deyildir. Bundan başqa, Bakı şəhəri Cavabdehin xx.xx.2019-cu il tarixli 272 saylı sərəncamına əsasən iddiaçı ailə tərkibi 1 nəfər (özü) olmaqla yaşayış yeri üzrə Nərimanov RİH-də mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilmişdir. Sərəncam yalnız iddiaçının mənzil növbəsinə götürülməsi barədədir. Həmin sərəncamın həm təsviri hissəsində, həm də nəticə hissəsində iddiaçının mənzillə təmin olunanadək mənzil kirayə xərcinin ödənilməsi ilə bağlı müddəa nəzərdə tutulmamışdır, habelə bununla bağlı «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarına istinad olunmamışdır. Göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən oktyabr 2019-cu ildən may 2023-cü il tarixi də daxil olmaqla kirayə xərci adı ilə ödənilən aylıq pul kompensasiyası cavabdeh inzibati orqanın inzibati aktından - sərəncamından deyil, inzibati orqanın faktiki xarakterli hərəkətlərindən irəli gəlmişdir. Yəni aylıq ödənilmiş kompensasiya məbləğinin ödənilməsinin əsasında inzibati orqanın adıçəkilən 2019-cu il tarixli sərəncamı, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarı dayanmamışdır. Cavabdehin kirayə xərcinin ödəməsi ilə bağlı hərəkətləri inzibati aktdan yaranmadığı üçün kirayə xərcinin dayandırılması ilə bağlı ayrıca inzibati icraatın açılması, bu barədə əlavə inzibati aktın qəbuluna (sərəncamın dəyişdirilməsi və ya qismən ləğvi) zərurət olmamışdır. Qeyd olunanlara əsasən, habelə iddiaçı mənzillə təmin edilənədək kirayə haqqı ilə təmin olunmalı ehtiyatda olan hərbi qulluqçu kateqoriyasına aid olmadığı üçün məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mənzil kirayə xərcinin ödənilməsindən imtina qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13865/2023 nömrəli, 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar