Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2044/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinə qarşı (üçüncü şəxs: X4) “qərarın qanunsuzluğunun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-7211/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinə qarşı 3cü şəxs X4 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon X1 Ruslan Binyaminoviçin istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 24/25 saylı, 14 oktyabr 2005-ci il tarixli qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-7211/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-7211/2021 saylı qərardadının ləğv edilməsini, iddianın mümkün sayılmaqla işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tanınma haqqında iddia növünəaiddir. Lakin birinci instansiya məhkəməsi yalnış olaraq İnzibati Prosessual Məcəlləsinin prosessual müddətin tətbiqi ilə bağlı müddəalarına istinad edərək iddianı qeyri-mümkün hesab etmişdir. Yəni, məhkəmə qərardad qəbul edərkən kobud pozuntuya yol verməklə İPM-nin aidiyyəti olmayan maddəsinə əsaslanmışdır. Məhkəmə iddianın mümkünlüyü məsələsinə baxılarkən “İnzibati İcraat haqqında” Qanunun tələbinə uyğun olaraq müəyyənetmə və tanınma növündə olan iddia tələbinə iddia müddəti şamil edilməməlidir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)- 7211/2021 saylı qərardadının ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-7211/2021 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayəti araşdıraraq, işin materiallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə qərarında qeyd etmişdir ki, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız müvafiq qərarlar qəbul olunduqdan 15 il və 7 ay 20 gün keçdikdən sonra, 04 iyun 2021-ci ildə məhkəməyə müraciət etmişdir və belə olan halda iddiaçının bu illər ərzində mübahisəli ərazinin üçüncü şəxsə ayrılması barədə Binəqədi rayon Xocasən Bələdiyyəsinin qərarlarından xəbərdar, məlumatlı olmaması barədə dəlili inadırıcı olmamaqla, ağlabatan deyildir. Ümumilikdə iddia müddətinin başlanılması üçün yalnız şəxsin öz hüququnun pozulduğunu bildiyi an deyil, eyni zamanda öz hüququnun pozulduğunu bilməli olduğu an əsas götürülür. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, mübahisəli torpaq sahəsi İddiaçı şirkətinə məxsus torpaq sahələri olmuşdur. İşin hallarından da göründüyü kimi, üçüncü şəxs mübahisəli torpaq sahəsindən uzun illər boyunca istifadə etmiş və iddiaçı buna qarşı hər-hansı bir qaydada etirazını bildirməmişdir. Həmçinin iddiaçı bu müddət ərzində torpaq sahəsinin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etməsi barədə sübut təqdim etməmişdir. Lakin məhkəmə qərar qəbul edərkən nəzərə almamışdır ki, hazırki iddia inzibati aktın etibarsızlığına dair mübahisə olduğundan müəyyən etmə və tanınma haqqında iddialara aid edilməlidir. Belə ki, İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qanunvericilə əsasən mübahisələndirmə haqqında iddialara iddia müddəti tətbiq edildiyi halda, müəyyən etmə və ya tanınma haqqında iddialara iddia müddətinin tətbiq olunması nəzərdə tutulmamışdır. Bundan başqa, qeyd olunmalıdır ki, hazırki işin materiallarına oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1233/15 saylı 10.11.2015-ci il tarixli qərarı əlavə edilmişdir. Həmin işdə İddiaçı şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq həmin İcra Hakimiyyətinin D.qaracayeva adlı şəxsin istifadəsinə torpaq sahəsinin ayrılması haqqında müvafiq sərəncamın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bu işdə Ali Məhkəmə iddiaçı şirkətin iddiasını ona görə mümkün saymamışdır ki, həmin şirkətin istinad etdiyi, Azərbaycan Respublikasının 901-İİQD saylı 29.04.2005-ci il tarixli Qanunu il təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişin qanuni qüvvəsini aldığı 15.05.2005-ci il tarixdən Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlər verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilmişdir. Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən 12.01.2001-ci il tarixdə qəbul edilmiş sərəncam artıq öz qüvvəsini 15.05.2005-ci il tarixdən itirmişdir. İddiaçının iddiası Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarındakı hüquqi mövqe nəzərə alınmaqla, baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 22.06.2021-ci il tarixli, 2-1(112)-7211/2021 saylı qərardadı ləğv olunsun. İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinə qarşı (üçüncü şəxs: X4) “qərarın qanunsuzluğunun tanınması” tələbinə dair inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Sədrlik edən: Azər Hüseynov Hakimlər: Səadət Bəktaşi Vidadi Məmmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2044/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2044/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver