Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2044/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi, Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-139/2024 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və onun əlilliyinin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(112)-946/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdeh təşkilatın 25 dekabr 2023-cü il tarixli əlilliyimin ləğv edilməsi barədə qərarın ləğv edilməsi və cavabdeh təşkilatın 25 dekabr 2023-cü il tarixli qərarının icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması, yəni iddiaçının ödənilməsi dayandırılmış pensiyasının (müavinətinin) ona ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonrada iddiaçı iddia tələbini dəqiqləşdirərək cavabdehin xx.xx.2024-cü il tarixli, 3- 17-4/3-3-139/2024 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və onun əlilliyinin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1998-ci ildə Sabirabad rayonunda anadan olub. Bakı şəhərində qeydiyyatda olsa da, faktiki Sabirabad rayonu, Mürsəlli kəndində yaşayır. İddiaçı 21 sentyabr 2020-ci ildən 01 noyabrın 2020-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edib. 01 noyabr 2020-ci ildə döyüş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsidə yaralanmış, ona qapalı kəllə beyin travması, bel əzələlərinin yumşaq toxumalarının əziyi və xayalarda zədə travması diaqnozu qoyulmuşdur. İddiaçı həmin vaxtdan bu günə kimi uzun müddətdir mütəmadi ambulator və stasionar müalicələr alır. 23 sentyabr 2021-ci ildə iddiaçıya 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən ona “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020): Xayalığın zədələnməsinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı xayalığın bərkimiş dəri çapığı, sol xayanın hipotrofıyası,sol tərəfli xroniki posttravmatik orxoepididimit. Diskogen mənşəli xroniki bel-oma radikulopatiyası. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Fəlakət (Müharibə)keçirdikdən sonra vəziyyətin davamlı dəyişikiiyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik-cinsiyyət orqanlarının zədələnməsi), depressiv sindrom, retoqrad amneziya” diaqnozu qoyulmuşdur. 31 yanvar 2024-cü ildə cavabdeh iddiaçıya məktub yazaraq bildirib ki, “ ... “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspertiza komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar olaraq siz xx.xx.2023-cü il tarixində Agentliyə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunmuşunuz. Yuxarıda qeyd olunanlara əsasən, sizə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən xx.xx.2021-ci il tarixində təyin edilmiş 5 il müddətinə üçüncü dərəcə əlilliyinizin ləğvi barədə qərar qəbul edilmişdir. Nəzərinizə çatdırırıq ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə əsasən barənizdə qəbul edilən qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququna maliksiniz.” Hesab edir ki, cavabdehin məktubu və qərarı qanunsuz və əsassızdır”. Əvvəla məktubundan göründüyü kimi, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinə istinad edir. Həmin bənddə deyilir ki, Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Agentlik iddiaçını 26 yanvar 2024-cü ildə təkrar müayinə etmiş və iddiaçıya əlillik təyin edilərkən qoyulmuş diaqnozu eyniliklə təkrar etmişdir. Lakin iddiaçı barədə qəbul edilmiş qərarda əlilliyinin ləğv olunmasının səbəbi kimi tam reabilitasiya olunması göstərilir. Lakin qərarda dəqiqləşdirilmir ki, ona qoyulmuş diaqnozlardan hansı biri yoxdur. Sol xayanın hipotrofıyası aradan qalxıbmı? Sol tərəfli xroniki posttravmatik orxoepididimitmi artıq yoxdur? Diskogen mənşəli xroniki beloma radikulopatiyası artıq aşkar olunmur? Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Fəlakət (Müharibə) keçirdikdən sonra vəziyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retoqrad amneziya artıq müşahidə olunmurmu? Bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidikcinsiyyət orqanlarının zədələnməsi bərpa olunubmu? Görünən odur ki, həm eyni diaqnozu təsdiq edib, həm də iddiaçının tam müalicə olunması barədə gəlinən nəticə ziddiyyətlidir. Digər tərəfdən “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndi əlilliyin verilməsi zamanı əlilliyin düzgün verilməməsi ilə bağlı şübhələr yaranmasını nəzərdə tutur. Əlillik təyin edilmiş şəxsin sonra reabilitasiya olunması “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 3.7-ci bəndinin tətbiq edilməsi üçün əsas deyil. Belə ki, reabilitasiya nəticəsində əlillik təyin etmək üçün mövcud olan əsasların sonradan aradan qalxması qanunla nəzərdə tutulan müddətdə təkrarən əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alır. Bu əsas yalnız 5 il sonra, iddiaçının əlilliyi təkrar qiymətləndirilərkən nəzərə alınmalı idi. Göründüyü kimi, cavabdeh “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etsə də, iddiaçıya əlillik təyin edilməsi zamanı hər hansı yanlışlığa yol verildiyini əsaslandıran hər hansı dəlil ortaya qoymayıb, yalnız iddiaçının “tam reabilitasiya” olunduğu qeyd olunur. Bundan əlavə iddiaçının tibbi sənədlərindən görünür ki, o bu günə kimi bu xəstəliklərdən mütəmadi müalicə alır. Bu diaqnozların əksəriyyəti xroniki xarakter daşıyır, ömrünün sonuna kimi iddiaçıda qalacaq. İddiaçı ehtimal edir ki, 2024-cü ildə o təkrar müayinə edilərkən ona 1 iyul 2022-ci ildən qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları” tətbiq edilib. Əslində isə ona 2021-ci ildə əlillik təyin edilərkən 1 iyul 2022-ci ilə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” tətbiq edilməli idi. Cavabdeh tərəfindən iddiaya yazılı etirazını məhkəməyə təqdim edilmiş və etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Sabirabad rayon sakini xx.xx.1998-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0311003AATYT nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixində qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’nin 2.3.9. bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. (ESDAS **********2) Vətəndaş 3-17-4/3-1-93803/2023 nömrəli bildiriş əsasında xx.xx.2023-cü il tarixinə əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 10975 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində xayalıqın zədələnməsinə görə aparılmış sol xayanın zədələnməsinə görə aparılmış sol xayanın tamlığının bərpası əməliyyatından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. Sol xayanın hipotrofiyası, Saqtərəfli xroniki posttravmatik orxoepididimit. natamam remissive mərhələsində. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin xroniki baş ağrıları ilə müşayiət olunan posttravmatik ensefalopatiya nəticəsi. Orta (mülayim) dərəcəli ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Diskoqen mənşəli xroniki posttravmatik bel-oma radikuliti, davamlı kökcük ağrı sindromu ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Xroniki bronxit, remissive mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Qeyd: Travma haqqında arayış təqdim edilməmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 067514 5610/21 Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik-cinsiyyət orqanlarının zədələnməsi) depressiv sindrom, retroqrad amneziya" kimi qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 6490/21 nömrəli Çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik cinsiyyət orqanlarının zədələnməsi), depressiv sindrom, retroqrad amneziya" kimi qeyd olunmuşdur. X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12458 nömrəli Çıxarışında diaqnoz “Xroniki baş ağrıları ilə müşahidə olunan posttravmatik ensefalopatiya (anamnezə əsasən). Hipertenzion sindrom. Partlayış travmasından sonrakı sol xayanın hipotrofiyası. Xroniki posttravmatik orxoepidomimidit (şəhadətnaməyə əsasən). L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Kəskin kökcük ağrıları ilə. Asteno-nevrotik sindrom" qeyd edilmişdir. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12996/22 nömrəli Çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik cinsiyyət orqanlarının zədələnməsi) depressiv sindrom retroqrad amneziya'’ kimi qeyd olunmuşdur. X5 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1646 nömrəli Çıxarışında diaqnoz “Xroniki baş ağrıları ilə müşahidə olunan posttravmatik ensefalopatiya (anmanezinə əsasən). Hipertenzion sindrom paartlayış travmasından sonrakı sonrakı yaranan sol xayanın hipotrofiyası. Xroniki posttravmatik orxoepidomidir (şəhadətnaməyə əsasən). L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Kəskin kökcük ağrıları ilə. Asteno-nevrotik sindrom. Üzvi (qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu" kimi qeyd edilmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-cü il tarixli 245 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu" kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1567 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir"’ kimi qeyd edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qapalı kəllə beyin travması aldığını bildirmiş, başağrılarından, sıxılma, boğulma hissindən, yaddaşsızlıqdan şikayətlənmişdir. Halhazırda heç bir dərman qəbul etmədiyini bildirmişdir. Baxış zamanı başın tüklü hissəsinin təpə nahiyəsində, xayalığın sağ yarısında dəri çapığı izlənilmişdir. Psixi statusunda ünsiyyətə süst daxil olmuş, bütün suallara “bilmirəm, yadımda deyil" cavablar vermiş, özünü amneziya olunmuş kimi təqdim etməyə çalışmışdır. Patoloji şəxsiyyətin inkişafı müşahidə edilməmişdir. Müayinənin gedişatında istifadə olunan cümlələr təfəkkür tərkibi koqnitiv geriləmə olmadığını əsaslandırmışdır. Lakin israr etdiyi anamnestik halın araşdırılması üçün Baş beyin MRT müayinəsindən keçmək üçün göndəriş verilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi "Alın payı yuxarı saq tərəfində, dərin aq maddədə və sol arxa paraventrikullyar mm-ik T2, Flair hiperintens-qliozisə xarakter ocaqlar qeyd olunur. Arxa kəllə çuxurunda retroserebellar lokalizasiyada 22*20 mm ölçülü araxnoidal kista izlənir" kimi müəyyənləşdirilmişdir. Qeyd edilən amneziyanı əsaslandıran alın, temporal nahiyə lezyonları, hipokamp patologiyası aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-946/2025 saylı qərarı ilə (hakim L.S.Musayeva) iddia təmin edilmiş, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 139/2024 saylı qərarının iddiaçıya aid hissədə ləğv edilməsi və onun əlilliyinin ləğv edildiyi xx.xx.2023-cü il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-946/2025 saylı qərarını mübahisələndirmiş və apellyasiya şikayətində göstərmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyinə əsaslanaraq öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun öz təsdiqini tapmaması İddiaçı əyani müayinəsi zamanı Cavabdeh tibbi-sosial ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Sonda cavabdeh məhkəmə kollegiyasından Bakı İnzibati Məhkəməsinin 2-1(112)-946/2025, saylı, 30 yanvar 2025-ci il tarixli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə müvafiq olaraq, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında məhkəməyə bildirdi ki, cavabdeh inzibati orqan tərəfindən ona 5 il müddətinə əlillik təyin edilmiş və o, yalnız 5 il tamam olduqdan sonra cavabdeh inzibati orqan tərəfindən çağırılıb yoxlanışdan keçirilə bilərdi. İndiyə qədər ona dövlət büdcəsi hesabına əllilliyə görə pul vəsaiti verilmişdir. Necə ola bilər ki, ona bu müddətə qədər qanunsuz olaraq həmin pul ödənilib?! Əgər cavabdeh inzibati orqan özünün qəbul etdiyi qərarı mübahisələndirilirsə, bu hal biləvasitə inzibati orqanın təqsiridir. Həmçinin sənədlərində də hər hansı uyğunsuzluq aşkar olunmamışdır. Sadəcə ümumi bir səhv və qərəzli yanaşmadır. Onunla yanaşı bir-sıra qazilər də 5 illik müddət tamam olmadan yoxlanışa çağırılmış və əlillikləri ləğv edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Cavabdehn müayinələrə dair məlumatlarına əsasən xx.xx.2021-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçncü dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, tam reabilitasiya olması – Səbəb: tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. - xx.xx.2021-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya “Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Partlayış travması (xx.xx.2020) Xayalıqın zədələnməsinə görə aparılmış yaraların birincicərrahi işlənməsindən sonrakı xayalığın bərkimiş dəri çapığı,sol xayanın hipotrofiyası.sol tərəfli xroniki posttravmatik orxoepididimit.Diskogen mənşəli xroniki beloma radikulopatiyası. Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Fəlakət (Müharibə) keçirdikdən sonra vəziyyətin davamlı dəyişikliyi(bel əzələlərinin yumşaq toxumalarının əziyi,sidikcinsiyyət orqanlarının zədələnməsi),depressiv sindrom,retoqrad amneziya..” diaqnozu ilə, “2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F45-F45.9,F48- F48.9)..” meyar əsasında 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. - Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında xx.xx.2023-cü il tarixində əlavə əyani müayinə aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixli 10975 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması (xx.xx.2020) nəticəsində xayalıqın zədələnməsinə görə aparılmış sol xayanın zədələnməsinə görə aparılmış sol xayanın tamlığının bərpası əməliyyatından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı. Sol xayanın hipotrofiyası, Saqtərəfli xroniki posttravmatik orxoepididimit. natamam remissive mərhələsində. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, baş beyin silkələnməsinin xroniki baş ağrıları ilə müşayiət olunan posttravmatik ensefalopatiya nəticəsi. Orta (mülayim) dərəcəli ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Diskoqen mənşəli xroniki posttravmatik beloma radikuliti, davamlı kökcük ağrı sindromu ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi, “L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Xroniki bronxit, remissive mərhələsində" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. (Travma haqqında arayış təqdim edilməmişdir). - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 067514 5610/21 Çıxarışında diaqnoz “Fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik-cinsiyyət orqanlarının zədələnməsi) depressiv sindrom, retroqrad amneziya" kimi qeyd edilmişdir. - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2021-xx.xx.2021-ci il tarixli 6490/21 nömrəli Çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik cinsiyyət orqanlarının zədələnməsi), depressiv sindrom, retroqrad amneziya" kimi qeyd olunmuşdur. - X5 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12458 nömrəli Çıxarışında diaqnoz “Xroniki baş ağrıları ilə müşahidə olunan posttravmatik ensefalopatiya (anamnezə əsasən). Hipertenzion sindrom. Partlayış travmasından sonrakı sol xayanın hipotrofiyası. Xroniki posttravmatik orxoepidomimidit (şəhadətnaməyə əsasən). L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Kəskin kökcük ağrıları ilə. Asteno-nevrotik sindrom" qeyd edilmişdir. - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli 12996/22 nömrəli Çıxarışında diaqnoz “Qapalı kəllə-beyin travması nəticəsində fəlakət (müharibə) keçirdikdən sonra sonra şəxsiyyətin davamlı dəyişikliyi (bel əzələlərinin yumşaq toxumalarının əziyi, sidik cinsiyyət orqanlarının zədələnməsi) depressiv sindrom retroqrad amneziya'’ kimi qeyd olunmuşdur. - X5 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 1646 nömrəli Çıxarışında diaqnoz “Xroniki baş ağrıları ilə müşahidə olunan posttravmatik ensefalopatiya (anmanezinə əsasən). Hipertenzion sindrom paartlayış travmasından sonrakı sonrakı yaranan sol xayanın hipotrofiyası. Xroniki posttravmatik orxoepidomidir (şəhadətnaməyə əsasən). L4-L5, L5-S1 fəqərəarası disklərin protruziyası. Kəskin kökcük ağrıları ilə. Asteno-nevrotik sindrom. Üzvi (qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu" kimi qeyd edilmişdir. - Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2023-ci il tarixli 245 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu" kimi qeyd olunmuşdur. - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1567 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir"’ kimi qeyd edilmişdir. - Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi "Alın payı yuxarı saq tərəfində, dərin aq maddədə və sol arxa paraventrikullyar mm-ik T2, Flair hiperintens-qliozisə xarakter ocaqlar qeyd olunur. Arxa kəllə çuxurunda retroserebellar lokalizasiyada 22*20 mm ölçülü araxnoidal kista izlənir" kimi müəyyənləşdirilmişdir. - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında tərtib edilmiş xx.xx.2021-ci il tarixli 0311003AATYT nömrəli Forma 88-də göndərişində XBT 10 kodu ilə “XX Sinif- Xəstələnmənin və ölümün xarici səbəbləri=>Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar=>Y36-Hərbi əməliyyatlar=>Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər...Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Partlayış travması (xx.xx.2020); Xayalığın zədələnməsinə görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı xayalığın bərkimiş dəri çapığı, sol xayayanın hipotrofiyası, sol tərəfli xroniki posttravmatik orxoepididimit. Diskogen mənşəli bel-oma radikulopatiyası. Üzvi mənşəli şəxsiyyət pozğunluğu. Fəlakət (Müharibə) keçdikdən sonra vəziyyətin davamlı dəyişikliyi (bel) əzələlərinin yumşaq toxumalarının əziyi, sidik-cinsiyyət orqanlarının zədələnməsi), depressiv sindrom, retroqrad amneziya.” diaqnozu qeyd edilsə də, şəxsin l olmuş, bütün suallara “bilmirəm, yadımda deyil” cavabları vermiş, özünü amneziya olunmuş kimi təqdim etməyə çalışmış, patoloji şəxsiyyətin inkişafı müşahidə edilməmiş, müayinənin gedişatında istifadə olunan cümlələr təfəkkür tərkibi koqnitiv geriləmə olmadığını əsaslandırmış, lakin israr etdiyi anamnestik halın araşdırılması üçün baş beyin MRT müayinəsindən keçmək üçün göndəriş verilmiş və Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin MRT müayinəsinin nəticəsi “Alın payı yuxarı sağ tərəfdə, dərin ağ maddədə və sol arxa paraventrikullyar mm-ik T2, Flair hiperintens-qliozisə xarakter ocaqlar qeyd olunur. Arxa kəllə çuxurunda retroserebellar lokalizasiyada 22*20mm ölçülü araxnoidal kista izlənir” kimi müəyyənləşdirilmişdir. Qeyd edilən amneziyanı əsaslandıran alın, temporal nahiyə lezyonları, hipokamp patologiyası aşkarlanmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T357/2024 saylı ekspert rəyində komissiya “Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, xx.xx.2024-cü tarixdə Akad. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinələrdən keçirildikdən sonra ona “Sol xayanın hipotrofıyası. Sol xayanın hərbi travmasına görə tamlığının bərpası əməliyyatından sonrakı vəziyyəti (01.11. 2020). Sağ tərəfli xroniki epididimit.” diaqnozu, xx.xx.2024-cü il tarixdə “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunarkən isə “F07.0- Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, tez-tez dekompensasiyalar, cəngolma tutmaları, intihar cəhdləri ilə. F33.2- Rekurrent depressiya, ağır dərəcəli depressiv epizod” diaqnozu, qoyulmuşdur” nəticəsinə gəlmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-psixiatrik ekpertizası təyin edilmiş və iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3121 saylı saylı ekspert rəyində komissiya “...Yoxlanılan şəxs İddiaçı hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) ifadəli şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, tez-tez dekompensasiyalar, intihar cəhdləri ilə (Psixi və davranış pozuntulannın beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırkı müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (anamenestik məlumatlara görə könüllü olaraq İİ Qarabağ müharibəsindəm iştirakı zamanı 27 sentyabr 2020-ci ildən 01 noyabrın 2020-ci ilədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etməsi, döyüş tapşırığı yerinə yetirərkən düşmən tərəfindən atılan mərminin partlaması nəticəsidə qapalı kəllə beyin travması alması, hərbi hospitalda müalicələrdə olması, aldığı kəllə-beyin travmasından sonra onda şəxs əsəbilik, səs götürə bilməməsi, qıcıqlara qarşı həssaslıq, vaxtaşırı aqressivlik, yaddaşında zəifləmə, yuxu pozuntusu və baş ağrılarından əziyyət çəkməsini, vəziyyəti ilə əlaqədar onda yaranmış enmiş əhval ruhiyyə fonunda dərman içərək özünə qəsd cəhdi etməsi, müxtəlif tibbi müəssisəslərdə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında dəfələrlə stasionar qaydada müalicələrdə olması, sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi “F07. Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və dissosiativ daxilolmalar, tez-tez dekompensasiyalar, cəngolma tutmaları, intihar cəhdlər ilə. F33.2. Rekurrent depressiya, ağır dərəcəli depressiv epizod” diaqnozu ilə stasionar müalicədə olması, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsinə baxmayaraq müharibə zamanı almış olduğu xəsarətlərlə və onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, bununla yanaşı psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yuxusuzluq, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsini bildirməsi, əhval-ruhiyyəsinin endiyi, kəsmələrlə özünə xəsarətlər yetirməsi, hətta vəziyyətinin yaxşılaşmaması onun əhval-ruhiyyəsinə təsir göstərərək özünü öldürmək fikrinə düşdüyünü, intihara cəhd etdiyini, vəziyyəti ilə əlaqədar əsəblərinin dözməməsi səbəbindən hazırda ailəsində qalmayaraq yaşadığını, göstərilən hallarla əlaqədar istirab keçirməsi, aparılan söhbət gedişatında tez yorulması, astenizasiya olunması, qıcıqlara qarşı həssaslığı, əsəbiliyi, müayinə gedişatında əhval-ruhiyyənin aşkar enməsinin diqqəti cəlb etməsi və s.) sübut edir” nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1-ci bəndinə əsasən, insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığı. Əsasnamənin 3.1-ci bəndinə müvafiq olaraq, anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Əsasnamənin 3.2-ci bəndinə görə, xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Cavabdeh inzibati orqan hesab edir ki, göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş və ona 5 il müddətinə üçüncü dərəcə əlillik təyinatı aparılmışdır. Beş il müddət bitmədən də Tibbi-sosial ekspert komissiyası tərəfindən əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə iddiaçının vaxtından əvvəl əyani müayinə olunma zərurəti olduğundan o, xx.xx.2023-cü ildə əyani müayinə olunmuşdur, Komissiya tərəfindən onun əlilliyinin təyinatından tam reabilitasiya olması əsası ilə imtina edilmiş və xx.xx.2024-cü il tarixdə onun tam reabilitasiya olunması barədə Qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə onda mövcud olmuş xəstəliklərin hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- X3” X9 tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş 2853 saylı ekspert rəyinə əsasən iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş və əvvəllər əlillik təyinatına əsas olan xəstəliklər inkar edilməmiş, psixiatrik ekspertiza nəticəsində aşkar olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 7-ci bənd-Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular–7.6.2-ci yarımbənd–“üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0” diaqnozu, həmçinin həmin bənddə 7.4.2-ci yarımbənd “rekurrent depresiv pozuntu F33” xəstəliyi əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası oxşar işlər üzrə formalaşmış təcrübəyə istinad edərək apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbiinstrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada apellyasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.2-ci maddəsinə əsasən, iddiaçıya əlilliyin təyin olunması barədə cavabdehin xx.xx.2021-ci il tarixli qərarının 5 il müddətində qüvvədə olması nəzərdə tutulmuş və bu mənada cavabdeh yalnız həmin müddət bitdikdən sonra iddiaçının əlilliyini yenidən qiymətləndirə bilərdi. Belə ki, şəxsə təyin olunmuş əlilliyin müəyyən olunmuş müddətdən əvvəl qiymətləndirilməsinə və qiymətləndirmənin nəticəsi barədə yeni qərarın qəbuluna yalnız yeni açılmış halların aşkar olunduğu və bununla bağlı qüvvədə olan qərarın ləğv olunaraq yeni açılmış hallar üzrə icraatın təzələndiyi təqdirdə yol verilir. Hazırkı mübahisəyə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara formal deyil, obyektiv olaraq cavabdeh tərəfindən əməl edildiyi və hər hansı yeni açılmış halın aşkar olunduğu iş üzrə materiallardan görünmür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-946/2025 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-946/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-2044/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2044/2025
21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver