Məhkəmə qərarları › İş №2-1(103)-2045/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2045/2020

30.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2045/2020 30.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, İddiaçı1 iştirakı ilə cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı kompensasiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6135/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar cavabdehə qarşı məhkəməyə müraciət edərək, AR Konstitusiyası ilə müəyyən olunmuş hüquqlarının pozulmasına səbəb olan qərarın AR Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən qəbul edilməsi nəticəsində məhkəmə instansiyalarında qanuni mənafelərinə vurulmuş 1.000.000 manat məbləğdə zərərin cavabdehdən tutularaq onlara ödənilməsinə dair qərar çıxarılması, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almadan müəyyən olunmuş qaydaları hakimiyyət səlahiyyətlərindən sui-istifadə edərək kobud surətdə pozan müvafiq məhkəmə hakimləri barəsində xüsusi qərardad çıxarılmaqla nəzarətedici dövlət hakimiyyəti orqanlarına təqdimat ünvanlanması, iş üzrə keçiriləcək məhkəmə iclasında onların iştirakının təmin olunması məqsədilə müvafiq qərar qəbul edərək digər zəruri tədbirlərin görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçılar ondan apellyasiya şikayəti verərək, ləğv edilib, mübahisənin məhkəmə aidiyyətinə dair Səbail Rayon Məhkəməsinin çıxardığı xx.xx.2020ci il tarixli 2(009)-1552/2020 nömrəli qərardadın qanuni qüvvəyə minməsi nəzərə alınaraq məhkəmə aidiyyətinin yenidən mübahisələndirilməsinin yolverilməzliyi baxımından Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(112)-6135/2020 nömrəli qərardadının ləğv edilməsi, iş üzrə cavabdeh qismində cəlb olunmuş AR Nazirlər Kabinetinin inzibati orqan statusuna malik olması və qəbul etdiyi qərarların normativ hüquqi akt hesab olunması nəzərə alınaraq, mahiyyəti üzrə bilavasitə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması səbəbindən əsaslı, ədalətli və qanuni qərar qəbul edilməsi, inzibati işə mahiyyəti üzrə baxılması məqsədilə Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Şikayətin dəlillərinə görə, nəzərə alınmalıdır ki, iddia tələbi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargaha qarşı deyil, bilavasitə Nazirlər Kabinetinin özünə qarşı yönəlmişdir və Nazirlər Kabineti təsnifata görə inzibati orqandır. İnzibati akt anlayışına izah verən qanunverici orqan isə “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin tələbində qeyd edir ki, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sayəsinə aid olan müəyyən konkret məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri inzibati akt hesab edilir. “İnzibati orqanların təsnifatı”nda hazırkı iddiaçıların tələblərini yönəltdikləri cavabdeh Azərbaycan Respublikasının Nazirlər Kabinetin inzibati orqan kimi göstərilsə də, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah inzibati orqan kimi müəyyən edilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı şikayətə uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Şikayət mahiyyətcə qismən əsaslıdır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslarına görə, “... iddiaçılar hazırkı iddianı qaldırmamışdan əvvəl cavabdehə müvafiq məzmunda müraciət ünvanlasalar da, cavabdehin hərəkətsizliyi, yəni onların müraciətinə cavab verməməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89-cu maddəsində göstərilən “kompensasiyanın ödənilməsindən imtina olunması haqqında qərar”a bərabər tutula bilməz və bu səbəbdən hazırkı iddiaya İPM-in 2.2.7-ci maddəsi üzrə iddia kimi baxılması mümkünsüzdür.” Məhkəmə kollegiyası qərardadın əsasları ilə razılaşmır. Belə ki, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-2.2.7) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-34.1, ikinci cümlə), sadalanan tələblər bu iddia növü üçün də eynilik təşkil edir. “İnzibati icraat haqqında” AR Qanununun 89.2-ci maddəsinə əsasən, maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Birinci instansiya məhkəməsinin qərardadından görünür ki, həmin məhkəmə iddiaçıların müraciətinə cavabdehin cavab verməməsinin, yəni hərəkətsizliyinin ümumiyyətlə imtina sayılıb-sayılmadığını, sayılırsa, bunun hansı hallarda baş verdiyini qərardadda müzakirə etməmiş, hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən məsələ müzakirə edilməyən iddianın mümkün sayılmaması haqqında hazırkı qərardad əsaslandırılmış sayıla bilməz. Belə ki, İPM-in: 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 80.1-ci maddəsinə görə, bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır; 80.3-cü maddəsinə əsasən, bu Məcəllənin 52-ci, 68-ci, 75.3-cü, 76-cı və 77-ci maddələrində nəzərdə tutulmuş qaydalar məhkəmə qərardadlarına da şamil olunur. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qərardadın ləğvi hissədə qismən razılaşır. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozulması ilə qəbul etdiyi qərardad ləğv edilməli, inzibati iş həmin məhkəməyə göndərilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir (İPM-87.6). Göstərilənlərə əsasən və İPM-in 68 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6135/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin, inzibati iş həmin məhkəməyə göndərilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. HAKİMLƏR Vidadi Məmmədov Elmira Nağıyeva Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar