Məhkəmə qərarları › İş №2-1(103)-2045/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2045/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2045/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, X5 və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(112)-1273/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanlarında yerləşən iki tikilinin bir ünvanda birləşdirilməsi, həmin mənzilə fərdi yaşayış evi statusunun verilməsi, evlərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Cavabdeh qismində göstərməklə, Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 56/58 mənzil 17 və ünvan 2 ünvanlarında yerləşən iki tikilinin bir ünvanda birləşdirilməsi (hər ikisi onun mülkiyyətindədir), həmin mənzillərə fərdi yaşayış evi statusunun verilməsi, evlərin yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, faktiki ona məxsus 5,7 sot torpaq sahəsində Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 56/58 mənzil 17 və Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi ev 56/58 mənzil 18-də iki fərdi yaşayış evi mövcuddur. Həmin yaşayış evləri digər qonşuluqda yerləşən evlərdən ayrı yerləşir. Hər hansı binanı xatırladacaq xarici və ya daxili quruluşa malik deyildir. Ərizəsinə əlavə etdiyi faktiki layihə planından da bu aydın görünür. Lakin Daşınmaz Əmlakın Reyestr Xidməti həmin evin mənzil satatusunu saxlamaqdadır. Bu evin mənzil statusunda qalması tamamilə yanlışdır. Ərizə ilə müraciət etsə də, imtina cavabı almışdır. Eyni zamanda əmlakının, hər iki mənzilinin yerləşdiyi torpaq sahəsi sərhədləri bəlli olmaqla onun istifadəsindədir. Reyestr xidməti 29.06.2020-ci il tarixli məktubunda bir daha qeyd etmişdir ki, həmin torpaq sahəsini qeydə almaq mümkün deyil. Bakı İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(112)-1273/2021 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(112)-1273/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2- 1(112)-1273/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İş materiallarında olan: AZE 16993761 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 10.02.1956-cı ildə Ermənistan, Amasiya rayonunda doğulub, ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş 27.07.2016-cı il tarixli Texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, b. 56/58, 17 saylı mənzil **********62-05101-093018 reyestr nömrəsi ilə Yusif Əli oğlunun adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Bakı Ərazi idarəsi tərəfindən verilmiş 27.07.2016-cı il tarixli Texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, b 56/58, 18 saylı mənzil **********62-05101-093019 reyestr nömrəsi ilə Yusif Əli oğlunun adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 56/58, 17 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi 02.08.2016-cı il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2515 nömrəli reyestr kitabının 234182 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 56/58, 18 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi 02.08.2016-cı il tarixdə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 2515 nömrəli reyestr kitabının 234163 nömrəli vərəqində qeydiyyata alınmışdır. Nərimanov rayon İcra Hakimiyyəti başçısının 17.03.1996-cı il tarixli 717/5 №li sərəncamından müəyyən olunur ki, Ceyhun Hacıbəyli küçəsindəki 56/58 №-li evdə yerləşən yaşayış sahəsi 27,0 kv. metr olan, 2 otaq, 18 nömrəli mənzilin kirayəçisi X10 1984-cü ildə ölmüşdür. Həmin mənzildə 1979-cu ildən etibarən 2 nəfər ailə üzvü ilə kirayəçinin oğlu X6 yaşamışdır. Vətəndaş V.İ.Splyayev rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək, kirayəçinin ölümünü nəzərə alaraq, göstərilən mənzilin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq İcra Hakimiyyəti tərəfindən MM-nin 85-ci maddəsinə əsaslanaraq: Ceyhun Hacıbəyli küçəsindəki 56/58 nömrəli evdə yerləşən, yaşayış sahəsi 27,0 kv. metr olan, 2 otaqlı 18 nömrəli mənzilin kirayə müqaviləsinin 2 nəfər ailə üzvü ilə vətəndaş X3 adına keçirilməsi və həmin mənzilin kirayəçisi hesab edilməsi, vətəndaş V.İ.Splyayevin adına yeni şəxsi maliyyə hesabının açılmasının 35 nömrəli MİKS-ə tapşırılması qərara alınmışdır. Nərimanov rayon İcra Hakimiyyəti başçısının 02.07.1996-cı il tarixli 509/3 №li sərəncamından müəyyən olunur ki, Ceyhun Hacıbəyli küçəsindəki 56/58 №-li evdə yerləşən yaşayış sahəsi 37,5 kv. metr olan, 3 otaq, 17 nömrəli mənzilin kirayəçisi A.D.Şaluxin 1983-cü ildə ölmüşdür. Həmin mənzildə order verilən tarixdən kirayəçinin arvadı B.Q.Şaluxina 2 nəfər ailə üzvü ilə yaşayır. Vətəndaş B.Q.Şaluxina rayon İcra Hakimiyyəti Başçısına ərizə ilə müraciət edərək, kirayəçinin ölümünü nəzərə alıb, göstərilən mənzilin kirayə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MM-nin 85-ci maddəsinə əsaslanaraq: Ceyhun Hacıbəyli küçəsindəki 58 nömrəli evdə yerləşən, yaşayış sahəsi 37,5 kv. metr olan 3 otaqlı 17 nömrəli mənzilin kirayə müqaviləsinin 2 nəfər ailə üzvü ilə vətəndaş X4 adına keçirilməsi və həmin mənziin kirayəçisi hesab edilməsi, vətəndaş B.Q.Şaluxinanın adına yeni şəxsi maliyyə hesabının açılmasının 35 nömrəli MKİS-ə tapşırılması qərara alınmışdır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2-2742 nömrəli 1997-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi X12 Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda 26.İİ.97-ci il tarixində təsdiq edilib, 3/M-A7-İİ83 reyestr nömrəsi ilə qeydiyyatı aparılmış alqı-satı müqaviləsinə əsasən Bakı şəhəri, C.Hacıbəyli küçəsi 58 nömrəli evdə yerləşən, 3 otaqlı yaşayış sahəsi 37,5 kv. metr olan 17-ci mənzili almışdır. Lakin BT və Mülkiyyət Hüquqlarının qeydiyyatı idarəsinin rəisi özünün 30/14506 nömrəli, 28.İİ.97-ci il tarixli yazılı cavabı ilə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 876 nömrəli 14.07.1995-ci il tarixli sərəncamına istinadən ərizəçinin Bakı şəhərində 5 illik pasport qeydiyyatında olmadığına görə ona qeydiyyat vəsiqəsi verilməkdən imtina etmişdir. Ərizəçi ona rədd cavabı vermiş vəzifəli şəxsin qeyri-hüquqi hrəkətlərindən məhkəməyə şikayət vermişdir. Məhkəmə şikayət ərizəsini təmin edərək, Bakı şəhəri, TM və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi rəisinin Qarayevə qeydiyyat vəsiqəsi verməkdən imtina etməsinin qeyrihüquqi hərəkət hesab edilməsi və Bakı şəhəri, C.Hacıbəyli küçəsi 58 nömrəli evdə yerləşən 3 otaqlı, yaşayış sahəsi, 37.5 kv. metr olan 17-ci mənzilin hüquqi qeydiyyatının X7 adına aparılması və ona qeydiyyat vəsiqəsinin verilməsini qət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələlələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********47 №li 15 mart 2021-ci il tarixli məktuba əlavə olunmuş: -X13 (satıcı) ilə X14 (alıcı) arasında bağlanmış AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 58, mənzil 17 ünanda yerləşən ümumi sahəsi 51.2 kv. metr, yaşayış sahəsi 37,5 kv. metr olan 3 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən qeyd olunan hissəni satıcı X13 (tam hissə 51,2 kv/m, 3 otaq) alıcı İddiaçı mülkiyyətinə vermişdir; -X2 (satıcı) ilə X14 (alıcı) arasında bağlanmış AN-İ ******* №li daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 27 kv. metr, 2 otaqlı mənzilin tam mülkiyyət üzrə onlara məxsus hissəsindən qeyd olunan hissəni satıcı X2 ( tam hissə 27 kv/m, 2 otaq) alıcı İddiaçı mülkiyyətinə vermişdir. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********99 №li 29.06.2020-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, ünvan 6 ünvanında yerləşən 17-18 saylı mənzilin fərdi yaşayış evinə keçirilməsi və torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə 01.06.2020-ci il tarixli müraciətə aidiyyəti üzrə baxılmışdır. Sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində mənzil kimi qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin adına dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanına uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan müvafiq sənədlər toplusu təqdim edilməlidir. Həmçinin istifadədə olan torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsus sahədə yerləşir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 21 fevral 2020-ci il tarixli **********04 nömrəli məktubla ətraflı məlumat verildiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 4.1, 4.2, 4.3, 12.1, 15, -cü maddələrini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsini, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsini, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndini, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, hazırkı işin halları üzrə iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcuddur. Belə ki, iddiaçı tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələb olunan torpaq sahəsinə dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; [173] 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 139-1.1.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Göründüyü kimi iddiaçı yuxarıda qeyd olunan əsaslardan heç birini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə haqlı olaraq iddianın təmin olunmamasına dair qərar qəbul etmişdir. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 01.04.2021-ci il tarixli, 2-1(112)-1273/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar