Məhkəmə qərarları › İş №2-1(103)-2045/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2045/2022

17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2045/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2161/2022 saylı 22 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1969-cu il təvəllüdlüdür. AB-İ seriyalı 022558 saylı xx.xx.1996-cı il tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1990-cı il tarixdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinə daxil olmuş və 1995-ci ildə orada hüquqşünaslıq ixtisası üzrə tam kursu bitirmişdir. NZ seriyalı ******* saylı xx.xx.1987-ci il tarixli hərbi biletin surətindən görünür ki, iddiaçı 1987-ci il tarixdən 1989-cu il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1982-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək Lenin adına tekstil kombinatında rəngsaz köməkçisi işləmiş, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Kirov rayon xüsusi bölməsində inspektor vəzifəsində, xx.xx.1991ci il tarixdən xx.xx.1994-cü il tarixədək H.Z.Tağıyev adına BTTB-də hüquq məsləhətçisi vəzifəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək H.Z.Tağıyev adına BTTB-də hüquqşünas vəzifəsində işləmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində normativ hüquqi aktların hüquqi ekspertizası uçotu və qeydiyyatı idarəsində aparıcı mütəxəssis, baş mütəxəssis vəzifəsində işləmiş, xx.xx.2005-ci il tarixdə Ədliyyə orqanlarında qulluqkeçmə ilə bağlı xüsusi normativ hüquqi aktlar qəbul edilənədək mövcud struktur üzrə müvafiq vəzifələrin adlarının dövlət qulluğu haqqında qanunvericiliyə uyğunlaşdırılmasını təmin etmək məqsədilə Nazirliyin aparatı üzrə baş mütəxəssis vəzifəsi baş məsləhətçi vəzifəsi adlandırılmışdır. xx.xx.2006-cı il tarixdə Normativ hüquqi aktların hüquqi ekspertizası, uçotu və qeydiyyatı idarəsinin baş məsləhətçisinin vəzifəsindən azad edilmiş, xx.xx.2006cı il tarixdən xx.xx.2015-ci il tarixədək Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin aparıcı məsləhətçisi işləmişdir. xx.xx.2015-ci il tarixdən hal-hazıradək Ədliyyə Nazirliyi cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin böyük məsləhətçisi vəzifəsində işləyir. İddiaçı ona təhsil müddəti də nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********7 saylı 27 iyul 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, “Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası” ilə hesablanır. Sözügedən qaydada qulluq illərinin hesablanması zamanı təhsil müddətinin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyildir. Bu səbəbdən də təhsil müddətinin iddiaçının qulluq illərinə hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehə müraciət edərək, xx.xx.2017ci ilə kimi yaşa gorə pensiyaya çıxmaq hüququnun yaranmasını nəzərə alıb, həmin tarixdən pensiyanın hesablanaraq ona ödənilməsini xahiş etmiş, lakin tələbi təmin edilməmişdir. O, cavabdehin imtinasını qanunsuz hesab edir. Xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malikdir, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququ yaranmışdır. Belə ki, xx.xx.1996-cı il tarixdən hal-hazıra kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xüsusi rütbəli şəxs kimi çalışır. xx.xx.1996-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 21 il xüsusi rütbəli şəxs kimi stajı, 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla, həmçinin 2 il hərbi xidməti daxil edilməklə xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malikdir.” O, hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, 1990- 1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malikdir. Ona görə də müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə pensiyaya çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulmalıdır. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində; başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «n» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, onun təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992 -ci il tarixdə qəbul etdiyi 631 saylı qərarında göstərilir: “Zabit heyətinə daxili işlər və ədliyyə, gömrük, fövqəladə hallar orqanlarının Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ailə təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ailə təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir”. Əmək pensiyaları haqqında” Qanunun 3.3cü maddəsinə əsasən bu qanunun 1.0.3-ci maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. xx.xx.2017-ci il tarixli Qanunla 9.7.1 -ci maddədə “25” rəqəmləri “35” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözləri əlavə edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2161/2022 saylı 22 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Ədliyyə orqanlarının xüsusi rütbəli işçilərinin qulluq illəri Azərbaycan Respublikası Nazirlər Kabinentinin 29 may 2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası ilə hesablanır. Sözügedən Qaydada qulluq illərinin hesablanması zamanı təhsil müddətinin nəzərə alınmasına dair hər hansı müddəa mövcud deyildir. Bundan başqa birinci instansiya məhkəməsi öz qərarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli Qərarına istinad etmişdir. Belə ki, həmin Qərara əsasən daxili işlər orqanlarında orta, böyük və ali rəis heyətinə mənsub şəxslərə pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında xidmətə götürülməzdən əvvəl mülki ali, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində keçirdikləri təlim vaxtı beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Qeyd olunan Qərarda 2 oktyabr 2013-cü il tarixli 270 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 4 oktyabr 2013-cü il, № 219; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 10, maddə 1191) ilə 1-ci hissənin on birinci abzasının “və ədliyyə” sözləri çıxarılmışdır, “orqanlarının” sözündən sonra ", Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində" sözləri əlavə edilmişdir, "xüsusi təyinatlı təhsil" sözləri "hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil” sözləri ilə əvəz edilmişdir, “o cümlədən" sözlərindən sonra “ali təhsil müəssisələrinin axşam şöbələrində və” sözləri əlavə edilmişdir. İddiaçıya məxsus əmək kitabçasından isə görünür ki, iddiaçı Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində işləməmişdir. Nəzərə almaq lazımdır ki, hətta Qanunun köhnə redaksiyası götürülsə belə, həmin Qaydalara əsasən pensiya təyin edilərkən, şəxsin ədliyyə orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl təhsil aldığı bütün orta ixtisas təhsil müəssisələrində deyil, yalnız hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində təlim vaxtının bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.” İddiaçının ədliyyə orqanlarında xidmətə qəbul olunduğu tarixə qədər peşə məktəbində 5 il təhsil aldığı iş üzrə materiallarla təsdiq olunur. Hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən iddiaçının təhsili müəssisəsində təlim vaxtının yarısının onun xidmət illərinə daxil olunması qərara alınmışdır. Lakin bu zaman məhkəmə həmin təhsil müəssisəsində hərbi hazırlıq silsilə və bölmələrinin olub- olmamasını, iddiaçının hərbi hazırlıq silsilə və bölməsində hərbi hazırlıq və ya təlim keçib-keçməməsini araşdırmamışdır. Lakin qeyd olunanlara baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq iddia tələbi təmin edilərək cavabdehin üzərinə iddiaçının 1990- 1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyi qoyulmuşdur. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu əsaslandırmalıdır. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının vəkili X6 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 17 oktyabr 2022-ci il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “onun 1990- 1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bu barədə o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən Nazirlər Kabinetinin 29 may 2008-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nda qulluq illərinin hesablanması zamanı təhsil müddətinin nəzərə alınmasına dair hər hansı müddəanın mövcud olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Sonradan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun tələbi məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə olan qulluq stajının 22 il 10 ay 27 gün, o cümlədən təhsil aldığı müddət və hərbi xidmətdə olduğu illər də əlavə edilməklə 25 ildən artıq müddətin tamamlanmasına, cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya ədliyyə işçisi kimi güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsinə istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-ci maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 3.3-cü maddəsinə əsasən bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Qanunun xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 9.7.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Ədliyyə orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanunun 1.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. xx.xx.2018-ci il tarixli Qanunla edilmiş dəyişikliyə qədər qüvvədə olmuş 23.8-ci maddəsinin tələbinə görə yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il qulluq etmiş işçilər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Hazırda qüvvədə olan 23.8-ci maddəsinin tələbinə görə yaş həddinə çatanadək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Qanunun 23.10-ci maddəsinə əsasən ədliyyə orqanlarında qulluq etmiş şəxslərin, ədliyyə işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi, xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan şəxslər məyyən yaş həddinə çatanadək pensiya hüququna malikdirlər. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, təhsili barədə sənədini və əmək kitabçasını təqdim etmişdir. İddiaçıya məxsus hərbi biletdən və diplomdan görünür ki, o, müvafiq olaraq xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilə qədər (02 il) hərbi xidmət keçmiş, 1990-cı ildən 1995ci ilə kimi Bakı Dövlət Universitetində təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” xx.xx.1992-ci il tarixli 631 nömrəli qərarına əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin «E» bəndinə əsasən qanunda nəzərdə tutulmuş başqa şərtlərə əməl eməklə ictimai faydalı əməklə məşğul olan ali məktəblərdə və orta ixtisas peşə məktəblərində, kadrlar hazırlayan kurslarda təhsil alanlar, aspirantlar, klinika ordinatorları, doktorantların əmək pensiyası almaq hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «Ğ» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, onun ədliyyə orqanlarında qulluq stajı xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilə kimi (hərbi xidmət dövrü) 2 il, 1990-cı ildən 1995-ci ilə kimi (təhsil dövrü 5 ilinin bir ili yarım il hesab olunmaqla) 2 il 6 ay, xx.xx.1996-cı ildən xx.xx.1999-cu ilə kimi 3 il 3 ay 7 gün, xx.xx.1999-cu ildən xx.xx.2006-cı ilə kimi 6 il 11 ay 12 gün, xx.xx.2006-cı ildən xx.xx.2015-ci ilə kimi 9 il 4 gün və xx.xx.2015-ci ildən xx.xx.2017-ci ilə kimi 1 il 8 ay 10 gün olmaqla, 25 ildən artıqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş «Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi» Qaydalarının 2.1-ci bəndinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət; ədliyyə orqanlarında stajorluq və sınaq müddəti; ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət; məzuniyyət dövrləri; ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət; peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət; ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət; ədliyyə orqanlarında dövlət qulluğu vəzifəsində işlədiyi müddət daxil edilir. Qaydaların 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə ədliyyə, digər hüquq mühafizə və hərbi orqanlarında qulluq (xidmət) illərinin güzəştli şərtlərlə hesablanması göstərilən hallar ədliyyə orqanlarında qulluq illərinə görə əlavələrin ödənilməsi üçün qulluq illərinin hesablanmasında nəzərə alınır. Göründüyü kimi, Qanunun istinad olunan normasına uyğun olaraq iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün onun xx.xx.2017-ci il tarixə qədər 25 il qulluq stajının olması əsas şərtdir. Birinci instansiya məhkəməsində verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən daxil olmuş 11 yanvar 2022-ci il tarixli məktubdan görünür ki, Ədliyyə Nazirliyi Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin böyük məsləhətçisi ədliyyə müşaviri X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”na müvafiq olaraq ədliyyə orqanlarında qulluq illəri xx.xx.2017-ci il tarixə 22 il 10 ay 27 gün (hərbi xidmətdə və ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) təşkil etdiyi qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə 22 il 10 ay 27 gün stajının olması qəbul edilir. Mübahisələndirilən məsələ iddiaçının 1990-1995-ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaması ilə bağlıdır. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə kollegiyası tərəfindən İddiaçı Bakı Dövlət Universitetində 1990-1995-ci illərdə təhsil alarkən təhsil aldığı müəssisədə hərbi hazırlıq silsilə və bölmələrinin olub-olmaması barədə məhkəməyə məlumat verilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla Bakı Dövlət Universitetinin arxiv arayışı məlumat üçün göndərilmişdir. Həmin arxiv arayışına əsasən İddiaçı 1990-1995-ci illərdə aldığı təhsillə bağlı diplom verildiyi təsdiq olunmuş, lakin hərbi xidmətdə olub-olmamağına dair məlumatı əldə etmək üçün Müdafiə Nazirliyinə müraciət olunmasının məqsədəmüvafiq olduğu bildirilmişdir. Qeyd olunan məsələyə aydınlıq gətirilməsi üçün verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Dövlət Universitetinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubları ilə bildirilmişdir ki, X5 təhsil aldığı 1990-1995-ci illərdə Bakı Dövlət Universitetində hərbi kafedra fəaliyyət göstərmişdir. Belə olan halda iddiaçı 1990-1995-ci illərdə hərbi kafedralı ali təhsil müəssisəsinin axşam şöbəsində keçirdiyi təlim vaxtının, yəni beş il müddət daxilində təlimin bir ili altı ay sayılmaqla, 2 il 6 ay müddətin onun xidmət illərinə daxil edilməklə ona yaşa görə əmək pensiyasının təmin olunmasını tələb etməkdə haqlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajı bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Qeyd olunmalıdır ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır (2-1(102)- 944/2021 saylı inzibati məhkəmə işləri). Beləliklə, iddiaçının xx.xx.1987-ci ildən xx.xx.1989-cu ilə kimi hərbi xidmət dövrü və 1996-cı ildən xx.xx.2017-ci il tarixədək ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq illəri xx.xx.2017-ci il tarixə 22 il 10 ay 27 gün təşkil edir. Bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 06/15-21 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq olunur. İddiaçının 1990-1995-ci illərdə 5 illik təhsil dövrünün 2 il 6 ayı da nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixədək ümumilikdə ədliyyə orqanlarında qulluq stajı 25 il 4 ay 27 gün (xx.xx.2017-ci il tarixə tam 25 il) təşkil edir. Həmin müddət qanunla tələb olunan 25 ildən artıq olduğundan iddiaçının ədliyyə orqanlarının əməkdaşı kimi pensiya almaq hüququ xx.xx.2017-ci il tarixədək, yəni xx.xx.2017-ci il tarixdə yaranmışdır. Belə olan halda iddiaçı onun xx.xx.2017-ci il tarixədək hərbi xidmət, təhsil müddətinin yarısı və ədliyyə orqanlarında xüsusi rütbəli şəxs kimi iş stajının qanunla tələb olunan 25 ildən artıq olmasına istinad edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı olmuşdur. Kollegiya onu da qeyd edir ki, iddiaçının iddia ərizəsinin sonunda tələbi “1990-1995ci illərdə təhsil aldığı 5 il müddətin 2 il 6 ay hesablanıb nəzərə alınmaqla xüsusi rütbəli şəxs kimi ədliyyə orqanlarında 25 ildən çox staja malik olması, müvafiq staj illəri üzrə xx.xx.2017-ci ilə kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yaranması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə olub, iradə ifadəsi ona ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı olduğundan birinci instansiya məhkəməsi düzgün olaraq onun tələbinin təmin olunması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi qənaətinə gələrkən qərarın nəticəvi hissəsində iddiaçıya yaşa görə əmək pensiyasının hansı tarixdən təyin olunması və hesablamanın hansı tarixdən aparılmasını dəqiq göstərməsə də, bu hal kobud pozuntu kimi qəbul edilmədiyindən məhkəmə qərarının bu səbəbdən ləğv olunması üçün də əsas yaratmır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağına uyğun olaraq, birinci instansiya məhkəməsinin qərarı “iddiaçının xx.xx.2017-ci ilə kimi ədliyyə qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yarandığından ona yaşa görə əmək pensiyasının təyin olunduğu tarix xx.xx.2017-ci il tarix hesab olunmaqla” dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya onu da nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası iddiaçının yaşa görə pensiya almaq hüququnu xx.xx.2017-ci il tarixdə qazandığını, bununla bağlı inzibati orqana xx.xx.2021-ci il tarixdə (i.v. 5) müraciət etdiyini, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə verilməmiş pensiya iddiaçıya onun inzibati orqana müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üzrə, yəni xx.xx.2018-ci il tarixdən hesablanmaqla ödənilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2161/2022 saylı 22 fevral 2022-ci il tarixli qərarı “iddiaçının xx.xx.2017-ci ilə kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yarandığından ona yaşa görə əmək pensiyasının təyin olunduğu tarix xx.xx.2017-ci il tarix, pensiyanın ödənişinin isə xx.xx.2018-ci il tarixdən hesablanmaqla aparılması” nəzərə alınmaqla dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2161/2022 saylı 22 fevral 2022-ci il tarixli qərarı “iddiaçının xx.xx.2017-ci ilə kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ yarandığından ona yaşa görə əmək pensiyasının təyin olunduğu tarix xx.xx.2017-ci il tarix, pensiyanın ödənişinin isə xx.xx.2018-ci il tarixdən hesablanmaqla aparılması” nəzərə alınmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar