Məhkəmə qərarları › İş №2-1(103)-2046/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2046/2021

10.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2046/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Mursaqulov Vaqif Ənvər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5128/2021 saylı 04 iyun 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 07-10 sentyabr 2021-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 21.08.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 13 avqust 2016-ci il tarixdə DSX rəisinin əmri ilə 25 il xidmət edərək polkovnik-leytenant rütbəsi ilə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən o, DSX-nə təqdim olunmuş 27 sentyabr 2016-ci il tarixli 000934 nömrəli məlumat vərəqəsinə əsasən xidmət ilinin 36 il 9 ay 29 gün xidmət müddətinə görə ona 14 oktyabr 2016-ci il tarixində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təminat xərclərin 98 faizi miqdarında pensiya təyin edilmişdir. O, bunula razılaşmayaraq DSX-nə məktubla müraciət etmiş, onun Dağlıq Qarabağda döyüşdə olduğu müddət, yaralandığı müddət Nazirlər kabinetin 631 nömrəli qərarın ona şamil olunmaması barədə imtina cavabı almışdır. Müxtəlif vaxtlarda o, Milli Məclisə, Nazirlər Kabinetinə müraciət etmişdir. Müraciəti DSX-nə yönlənmişdir. Belə halda o, 28 fevral 2019-ci ildə İqtisad Məhkəməsinə müraciət etmişdir. Ali Məhkəmə Bakı Apelyasiya məhkəməsinin qərarını qüvvədə saxlanışdır. Onun şəxsi işindən çıxarışı nəzərə alaraq döyüşdə olduğu və yaralandığı müddəti uzun müddətli güzəştə daxil etmiş və qərar çıxarmışdır. Beləliklə onun xidmət ilinə əlavə 74 gün əlavə olunmuşdur. Onun xidmət ili 37 il 13 gün yenidən hesablanaraq DSMF-nin Xüsusi Təyinatla Şərtlər İdarəsinə göndərilmişdir. DSMF XŞTİ onun pensiyasının artım hissəsini yalnız 3 il müddətini hesablayıb ödəyirlər, istinad edirlər Pensiya haqqında Qanunun maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olmuş şəxsə onu almaq hüququ yarandığı gündən ən çoxu üç il üçün nəzərdə tutulmuşdur. O, 24.12.2020, 28.12.2020 və 16.02.2021ci il tarixlərdə ərizə ilə DSMF-yə müraciət etmişdir ki “Hərbi Qulluqçuların Pensiya X2 49-cu maddəsinə istinadən pensiya təyin edən orqanın təqsiri üzərindən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Qeyd olunanlara əsasən onun konstitusion hüququ olan təqaüd hüququ pozulub. Bununla əlaqədar olaraq o, DSMF-yə məktub ünvanlamış və ona imtina cavabı gəlmişdir. Onun pensiyasının səhv hesablanması onun iradəsindən asılı olmayıb. Qurumun səhlənkarlığı, təqsiri ucbatından olmuşdur. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya 21.08.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin cavabdehlər siyahısından çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5128/2021 saylı 04 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4.-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Məlumat üçün bildirilir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Xüsusi olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına" əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təmin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçıya Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən 10.10.2016-cı il tarixdə daxil olmuş “məlumat vərəqi”nə əsasən sonuncu tutduğu vəzifəyə uyğun olaraq 36 il, 09 ay, 29 gün cəmi iş stajına əsasən 21.08.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Adı çəkilən orqan tərəfindən yenidən “məlumat vərəqi”nə düzəliş edilərək 23.12.2020-ci il tarixdə İdarəyə daxil olmuş və əmək pensiya məbləğinin keçmiş dövrü ilə bağlı hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7 maddələrinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər". “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə, Qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının təyin edilməsi” ilə əlaqədardır. Və həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının ödənilməsi” ilə əlaqədardır. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiya tərəflərindən ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.10.2020-ci il tarixli qərarı ilə pensiya ödənişi ilə bağlı geriyə olan müddət 01.07.2017-ci il tarixdən sonrakı müraciətdən əvvələ ən çoxu 3 il üçün müəyyən edilmiş və qərar verilmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ona 21.08.2016-cı il tarixdən 01.01.2018-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və işin faktiki halları ilə müəyyən etmişdir ki, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Dövlət Sərhəd Xidmətinə əmək pensiyasının yenidən hesablanması ilə bağlı müraciət etmiş, müraciətinin təminindən 04.04.2017-ci il tarixli məktubla imtina edilmişdir. İddiaçı da bundan sonra əmək pensiyasının yenidən hesablanması ilə bağlı yeni məlumat vərəqəsinin verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, uzun surən məhkəmə çəkişmələrindən sonra tələbinin təmin edilməsinə nail olmuşdur. Beləliklə, əmək pensiyasının yenidən hesablanması ilə bağlı məhkəmə qərarının icrası üçün məlumatın Fonda gec daxil olması iddiaçının təqsiri ucbatından olmamış, əsaslı tələbinə inzibati orqan və məhkəmə tərəfindən baxılması ilə əlaqədar olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanlanmış 04.04.2017-ci il tarixli 10/342 saylı məktubundan görünür ki, iddiaçının ərizəsinə aidiyyəti üzrə baxılmış, qeyd olunan məsələ ilə əlaqədar nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli Qərarında zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanının rəis və sıravi heyətinə mənsub şəxslərə vəzifəyə təyin olunduğu gündən uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilir. Məlumat üçün bildirilmişdir ki, 13 fevral 1993-cü il tarixdən 21 iyun 1994-cü il tarixədək iddiaçı BABKM-də kursant olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli Qərarını nəzərə alaraq həmin dövrün ona güzəştli xidmət ili kimi hesablanması qanunauyğun deyildir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2763/2019 saylı 18.12.2019-cu il tarixli qərarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.09.2019-cu il tarixli, 2-1(82)-2130/2019 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, iddiaçıya 13.02.1993-cü il tarixdən 22.02.1993-cü il tarixə qədər döyüş bölgəsində olduğu dövr onun güzəştli xidmət illərinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin qərarından iddiaçının verdiyi apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qərarı qismən - iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilmiş və iddia tələbi bu hissədə təmin edilərək, İddiaçı, 13.02.1993-cü il tarixdən 22.02.1993-cü il tarixə qədər döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etdiyi və alınan xəsarət nəticəsində 20.02.1993-cü il tarixdən 27.04.1993-cü il tarixə qədər Şamaxı Mərkəzi xəstəxanasında stasionar şəraitdə müalicə olduğu müddətin - güzəştli şərtlərlə onun uzun müddət xidməti vaxtına hesablanması və bu barədə yeni məlumat vərəqinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ünvanlanmış 2-1(112)-2130/2020 saylı 15.10.2020ci il tarixli məktubundan görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-2763/2019 saylı 18.12.2019-cu il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15.09 2020-ci il tarixli, 2-1(102)- 1042/2020 saylı qərardadı ilə mümkün sayılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə qərarlarını icra edərək məhkəmə qərarlarının icrası barədə məlumatın qısa müddət ərzində məhkəməyə göndərilməsi cavabdehdən xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış ərizələrə cavab məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 27 sentyabr 2016-cı il tarixli 000934 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 36 il 9 ay 29 gün xidmət müddətinə görə iddiaçıya 14 oktyabr 2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən təminat xərcliyinin 98 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edildiyi, Dövlət Sərhəd Xidməti tərəfindən təqdim olunmuş 21 dekabr 2020-ci il tarixli 000934 nömrəli yeni məlumat vərəqəsinə əsasən 37 il 13 gün xidmət müddətinə görə əmək pensiyası keçmiş üç il müddət üçün (1 yanvar 2018-ci il tarixindən) yenidən hesablandığı, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulduğu göstərilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli Qərardadının:

75. Qanunvericiliyin yuxarıda göstərilən müddəalarından göründüyü kimi 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, 01.07.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), 01.07.2017ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır.

76. Beləliklə, müəyyən olunur ki, sözügedən qanun normasının qəbul edilməsi ilə əmək pensiyaçılarının hüquqi vəziyyətlərinə təsir edən yeni məzmunda normativ tənzimləmələr həyata keçirilmişdir. Bu yeni normanın əmək pensiyası hüquqları 2017-ci il 01 iyul tarixdən sonra yaranan şəxslərə münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, həmin tarixədək hüquqlarının yaranmasına baxmayaraq pensiyanın təyin edilməsi və ya yenidən hesablanması üçün qanunvericilikdə dəyişiklik edilənədək müraciət etməmiş, başqa sözlə, hüquqlarını reallaşdırmamış şəxslərin hüquqlarının həyata keçirilməsinə münasibətdə bu normanın tətbiq edilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməlidir. Bunun üçün isə ilk növbədə dövlətin sosial təminat hüququ sahəsində qanunvericilik tənzimləmələri həyata keçirərkən nəzərə almalı olduğu prinsiplərə diqqət yetirilməlidir. Kollegiya nəticədə qərara almışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qanunvericiliyin, o cümlədən Qərardadın tələblərindən göründüyü kimi müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış olsa belə, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Cavabdeh iddiaçının əmək pensiyası hüququnun pensiyanın son üç ilə görə ödənildiyini təsdiq edir. Eyni zamanda, hesab edir ki, təyin edilmiş pensiyanın son üç ildən əvvəlki dövr üçün ödənilməsi normaların tələbinə ziddir. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyini iddiaçıya münasibətdə əsaslı hesab etmir. Belə ki, iddiaçının əmək pensiyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yaranmaqla yanaşı, o, bu hüququn reallaşdırılması üçün də həmin tarixdən əvvəl inzibati orqana müraciət etmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanlanmış 04.04.2017-ci il tarixli 10/342 saylı məktubundan da görünür ki, iddiaçının ərizəsinə baxılmışdır. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət təkcə bilavasitə pensiya təyin edən orqana deyil, həm də əmək pensiyası hüququnun reallaşdırılması (pensiyanın təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması) prosesində buna səlahiyyətli olan digər inzibati orqana – hazırkı halda, təminat xərcliyinə dair məlumatın verilməsi üçün qulluq etdiyi orqanın müvafiq qurumuna müraciətdən gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Normanın məzmunundan göründüyü kimi, hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanması ilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar iddiaçının xidmət etdiyi orqan tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli, təqdim olunmuş məlumatlar əsasında da əmək pensiyası adıçəkilən qurum tərəfindən yenidən hesablanmalıdır. Göründüyü kimi müvafiq məlumat vərəqi Fonda təqdim edilmədən iddiaçının birbaşa olaraq Fonda müraciət etməsi səmərəli hüquq müdafiə vasitəsi kimi çıxış etmir. İddiaçı bəyan edir ki, ona əmək pensiyası təyin edilməsi məqsədi ilə təminat xərcliyi barədə məlumatın verilməsi üçün xidmət etdiyi orqanın müvafiq qurumuna 2017-ci il 1 iyul tarixdən əvvəl müraciət etmiş, onun müraciəti təmin olunmadığından həmin orqana qarşı məhkəmədə iddia qaldırmış, məhkəmənin qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya təyin edilməsi üçün hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsinin tərtib edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuşdur. Beləliklə, iddiaçı 2017-ci il 1 iyul tarixdən əvvəl inzibati orqana müraciət etmişdir. Həmin müraciət isə öz mahiyyətinə görə bilavasitə əmək pensiyası hüququnun reallaşdırılmasının tərkibi hissəsi olduğundan və iddiaçının sosial təminat hüququna təminat verən Dövlətin səlahiyyətli orqanına edildiyindən iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyada tətbiq olunmalıdır. Belə olan təqdirdə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5128/2021 saylı 04 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar