Məhkəmə qərarları › İş №2-1(103)-2046/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2046/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2046/2023 14.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğvi və xidmətə bərpa” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1434/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən hərbi xidmətdən tərxis edilməsi barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarxidə iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən tərxis edilməsi barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi və xidmətə bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1434/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı “əmrin ləğvi və xidmətə bərpa” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mədə-bağırsağında yaranmış problemlərlə əlaqədar bu sahə üzrə həkimə müraciət etmiş, sonuncu ona nevroloqa müraciət etməsini tövsiyə etmişdir. Buna görə də iddiaçı yaxın tanışlarının məsləhəti ilə “Olimp-Hospital”da işləyən həkim-nevroloq Kamil Əfəndiyevə müraciət etmişdir. X8 iddiaçını müayinə etdikdən sonra ona “Sevpram” və “Atarax” adlı psixotrop tərkibli dərmanlar qəbul etməsini tövsiyə etmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli ******* nömrəli resept blanklarından da görünür ki, iddiaçıya psixotrop tərkibli dərmanların vaxtaşırı qəbul edilməsi tövsiyə olunmuşdur. İddiaçı növbəti planlı tibbi yoxlamadan keçən zaman xx.xx.2022-ci il tarixində narkotik maddələrin istifadəsi ilə bağlı analiz vermişdir. Məhz həkim tərəfindən ona tövsiyə olunmuş dərmanları qəbul etdikdən sonra iddiaçı narkotik vasitələrin analizini vermişdir. Bununla belə qənaətə gəlmək olar ki, iddiaçının dərman vasitələrinin mütəmadi olaraq birlikdə qəbul edilməsinin narkotik vasitələrin analizində müsbət nəticə vermə ehtimalı da istisna edilmir. Lakin qəbuledilməz hal odur ki, iddiaçı psixotrop tərkibli dərmanlar qəbul etmişdir və analiz nəticələrində psixotrop dərmanların izləri aşkar edilməli idi. Lakin marixuananın izləri aşkar edilmişdir. İddiaçı analiz verməmişdən əvvəl DTX Hərbi Hospitalının analiz nümunələrini qəbul edən məsul işçisinə “Sevpram” və “Atarax” adlı psixotrop tərkibli dərmanları mütəmadi qəbul etdiyini bildirmiş və həmin işçi iddiaçının gözləməsini xahiş etmişdir. Bu barədə DTX-nin daxili təhlükəsizliyə məsul idarəsi ilə əlaqə saxlanılmış, iddiaçı ora çağırılmışdır. Məhz iddiaçı özü psixotrop dərmanları qəbul etmə faktını etiraf etdikdən sonra onun analiz nəticələrində marixuananın izləri aşkar edilmişdir. Analiz nəticələri həqiqəti əks etdirmir, qərəzlidir və iddiaçının məqsədyönlü şəkildə xidmətdən uzaqlaşdırılmasına hesablanmışdır. İddiaçı növbəti planlı tibbi yoxlamadan bir gün sonra xx.xx.2022-ci il tarixində X3 mərkəzinə müraciət edərək narkotik maddələrin istifadəsi ilə bağlı analiz vermişdir. Analiz nəticələri neqativ çıxmışdır. Analiz nümunələri marixuanın (THC) mövcudluğu üzrə də yoxlanılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Şəhər Narkoloji Mərkəzinin 11 may 2022-ci il tarixli narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında 618 nömrəli aktından məlum olur ki, iddiaçının sidik analizinin nəticələrində heç bir maddələrin izləri aşkar edilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiva Mərkəzi PHŞ Toksikoloji-Kimyəvi müayinələr üzrə Referans laboratoriyasına müraciət edərək, narkotik maddələrin istifadəsi ilə bağlı sidik və qan analizi vermişdir. Analiz nəticələri neqativ çıxmışdır. Bu, bir daha onu deməyə əsas verir ki, iddiaçı narkotik maddələrin aludəçisi deyil, DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri həqiqəti əks etdirmir. Əgər iddiaçı analiz nəticələrində aşkar edilmiş narkotik maddələri mütəmadi olaraq qəbul edirdisə, bu, sonuncu verilmiş analiz nəticələrində də öz əksini tapmalı idi. Bununla da, DTX-nin Hərbi Hospitalında narkotik vasitələrin təyin edilməsi üçün verilmiş analiz nəticələri tədqiqat metodikasının yanlış seçilməsi nəticəsində təhrif edilmişdir. Bu nəticələr əsasında isə iddiaçı qanunsuz əmrlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən tərxis edilmişdir. İddiaçı 2013-cü ilin avqust ayında keçmiş Milli Təhlükəsizlik Nazirliyində xidmətə başlamış, xidməti dövrü ərzində kiçik gizir rütbəsindən baş leytenant rütbəsinə kimi yüksəlmiş, zabit qismində xidmətini davam etdirmiş, xidmət dövründə heç bir intizam məsuliyyətinə cəlb edilməmiş, qüsursuz xidmətlərinə görə müxtəlif vaxtlarda təltif olunmuş, pul mükafatları almış, təhlükəsizlik orqanlarının 100 illik yubiley medalı ilə təltif edilmişdir. Xidmət dövründə nümunəvi, əmr və təlimatların tələblərinə riayət edən, vətənpərvər hərbçi kimi xarakterizə edilmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bununla da, işin mühüm əhəmiyyət kəsb edən halı aydınlaşdırılmadan qalmış, qanunsuz və əsassız qərar qəbul edilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Belə ki, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Burada iddiaçının “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi xidmətdən tərxis edilməsi barədə əmrin qanuni və əsaslı olmasını, həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh sübut etməlidir. Lakin iş üzrə materiallardan belə aydın olur ki, mübahisələndirilən əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu işdə olan dəlillərlə sübut edilmir. Məhkəmə qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd edir ki, “İddiaçı xx.xx.2022-ci il tarixli daxili yoxlamadan sonrakı gün öz təşəbbüsü ilə digər tibb müəssisələrində yenidən analiz verməsinin zərurliyini əsaslandıra bilməmişdir, halbuki, iddiaçıdan növbəli dispanser müayinəsi ilə əlaqədar 07 may 2022-ci il tarixdə sidik və qan nümunələri götürülmüş, testin nəticəsinin pozitiv olduğu barədə məlumat həmin gün iddiaçıya bildirilmişdir”. Sözügedən analiz nümunələri cavabdeh DTX-nin tabeçiliyində olan qurumda verilmişdir, bu müəssisə narkotik vasitələrin analizi üzrə ixtisaslaşmış tibb müəssisəsi deyil, eyni zamanda iddiaçı DTX-nin hospitalında veriləcək növbəti analiz nəticələrinin qərəzli və qeyri-obyektiv olacağı qənaətinə gəlmişdir. İddia tərəfi məhkəmə araşdırmasında bu mövqeyini və əsaslandırmasını məhkəməyə çatdırmışdır, lakin məhkəmə işin bu halına obyektiv qiymət verməmişdir. Məhkəmə eyni zamanda qərarında qeyd edir ki, “Eyni gündə iddiaçıdan alınmış izahatın məzmunundan görünür ki, iddiaçı aparılmış analiz nəticələrinin pozitiv çıxmasının səbəbini müalicə üçün qəbul etdiyi dərmanlarla əlaqələndirmiş, lakin analizin nəticələrinə birmənalı etirazını bildirməmiş, yenidən analiz aparılmasını və yaxud digər ixtisaslaşmış tibb müəssisələrində yenidən analizə göndərilməsini cavabdehdən bilavasitə tələb etməmişdir”. İzahatında iddiaçı analiz nəticələrini qəbul etdiyi dərmanlarla bir əlaqələndirməmiş, hətta bildirmişdir ki, narkotik vasitələrin aludəçisi deyil, heç vaxt narkotik vasitələr qəbul etməyib. İddiaçı açıq-aydın bildirir ki, narkotik vasitələri qəbul etməmiş, dolayısı ilə bildirir ki, analiz nəticələri yanlışdır, həqiqəti əks etdirmir. Buradan belə aydın olur ki, bu hal üzrə xidməti araşdırmanı aparan əməkdaş işin tam, hərtərəfli və obyektiv aparılmasında maraqlı olmamışdır. Onun narkotik vasitələri qəbul etməməsinə dair mövqeyinə əhəmiyyət verməmiş, iddiaçının yenidən yoxlamadan keçirilməsinə təşəbbüs göstərməmişdir, hətta iddiaçı barəsində xx.xx.2022-ci il tarixdə araşdırmanın başlandığına, analiz nəticələrinin məlum olduğuna baxmayaraq, İddiaçı xx.xx.2022-ci il tarixədək öz xidməti yerində funksional vəzifələrini yerinə yetirməyə davam etmişdir. İddiaçı bu müddət ərzində, yəni xx.xx.2022-dən xx.xx.2022-dək xidməti vəzifəsindən kənarlaşdırılmamışdır. Məhkəmə qərada göstərir ki, “beləliklə, şəxsin orqanizmində narkotik vasitənin son istehlak tarixindən ən azı 30 günədək qalmasının mümkünlüyü, bu müddətin başlanğıc və son tarixinin müəyyən edilə bilməməsi, eləcə də müvafiq metodlarla narkotik maddənin orqanizmdən çıxarılmasının tezləşdirilməsinin mümkünlüyünü nəzərə aldıqda hesab olunur ki, iddiaçı barəsində əmrin qəbul edilməsinə əsas verən halın mövcudluğunu istisna edən hal iş üzrə sübut olunmamışdır.” Məhkəmə yuxarıda göstərilən mövqeyi müxtəlif kitab və məqalə müəlliflərinin subyektiv fikirlərinə istinad etməklə gəlir, halbuki bu yanaşma subyektivdir və fərdidir. Belə ki, hər bir şəxsdə narkotik vasitənin qəbulu və onun bədəndən təmizlənməsi müxtəlif cür ola bilər. Lakin burada sadə məntiq ondan ibarətdir ki, iddiaçı DTX-nin hospitalında növbəti planlı yoxlamadan 1 gün sonra ixtisaslaşmış tibb müəssisəsinə müraciət edir və onun analiz nümunələrində narkotik vasitələrin izləri aşkarlanmır. Yəni, şəxs əgər öz qanında olan narkotik vasitənin izlərini təmizləmək niyyətində olsaydı, planlı yoxlamaya kimi müvafiq prosedurlar keçməklə qanında və sidiyində narkotik vasitələrin aşkarlanma izlərini azaldardı. Yəni, şəxs qəfləti olaraq yoxlamaya cəlb olunmayıb, onun bu yoxlama barədə qabaqcadan məlumatı olub. Bu onu deməyə əsas verir ki, məhkəmənin qəbul etdiyi qərar heç bir fakta əsaslanmır, bununla da məhkəmə həqiqətə nail ola bilməmişdir. Məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1988-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materillarında olan X3 Mərkəzi Poliklinikin xx.xx.2022-ci il tarixli analiz nəticəsindən görünür ki, İddiaçı PCP (Piperidin), TCA (Trisiklik antidepressant), THC (Kannabinoid), TML (Tramadol), MDT (Metadon), MOP (Morfin), MDMA (Ekstazi), BZD (Benzodiazepin), COC (Kokain), BAR (Barbiturat), AMP (Amfetamin) neqativdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhəri Narkoloji Mərkəzi”nin xx.xx.2022-ci il tarixli, 618 nömrəli Aktına əsasən İddiaçı yoxlanılan narkotik vasitə və psixotrop maddələrdən THC, TML, BZO, MTD aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə götürülmüş xx.xx.2022-ci il tarixli Respublika Gigiyena və Epidemologiya Mərkəzi PHŞ, Toksikoloji-Kimyəvi Müayinələr üzrə Referans laboratoriyasının analizin nəticələrinə əsasən İddiaçı qan nümunəsində yoxlanılan THC delta 9, THC-COOH, THC-OH 11, Tramadol, Benzodiazepin, Amfetamin maddələrinin göstəriciləri 0-dır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli, 23/624 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyinin (tədqiqatın başlanma tarixi 07 may 2022-ci il, tədqiqatın başa çatma tarixi 13 may 2022-ci il) nəticə hissəsində qeyd olunmuşdur ki, Mərkəzi laboratoriyaya tədqiqat üçün təqdim olunan İddiaçı məxsus 30 ml sidik və 2 ml qan nümunəsinin tərkibi geniş şəkildə araşdırılmışdır. "CLİA WAİVED” ekspress test metodu ilə şəxsin sidik nümunəsinin analizi zamanı Marixuana (THC) narkotik qrupuna qarşı pozitiv nəticə vermişdir. Genişləndirilmiş xromotoqrafik analiz zamanı şəxsin qan və sidik nümunəsində Marixuana (THC) narkotik maddəsi aşkar edilmişdir. Yekun Rəy: Tətbiq edilən tədqiqat metodlarının nəticəsinə və praktiki təcrübəyə əsaslanaraq qərara gəlirəm ki, LCMS-8030 cihazının xromotoqrafik analizinin nəticəsinə əsasən müayinə olunan şəxsin qan və sidik nümunəsində Marixuana (THC) narkotik maddəsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Hərbi-Tibb Baş İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 19/1029 nömrəli məktubunda bildirilmişdir ki, Marixuana (THC) maddəsi orqanizmin fərdi xüsusiyyətlərindən və istifadənin tezliyindən asılı olaraq qan və sidikdə fərqli zaman aralığında testlərdə aşkar oluna bilər. Həmin maddənin bir dəfə istifadəsindən sonra 1-3 gün, həftədə 4 dəfə istifadə halında 5-7 gün, xronik istifadəçilərdə isə 30 gün müddətində orqanizmdə xüsusi testlərlə bioloji nümunələrdə aşkar oluna bilər. Narkotik maddələrinin insan orqanizmindən əsas xaric olma yolu tər və sidik vasitəsilə olur. Orqanizmdəki narkotik maddələrin əsasən də sidikdə təyini müddətinin azaltmaq üçün istifadəçi şəxs sidik qovucu preparatlar verilərək bol miqdarda maye köçürülür. Bununla da orqanizmdəki narkotik maddənin konsentrasiya miqdarı azaldılaraq təyin olunma müddəti qısaldılır. Qeyd olunan dərman preparatları ATARAX və SEVPRAM dərman preparatlarının Marixuana (THC) maddəsini yanlış pozitiv verməsinə səbəb ola bilməz. Çünki qeyd olunan dərman preparatlarının tərkibində THC (Tetrahydrocannabinol) narkotik molekulu mövcud deyildir. Aşkar olunan maddə Marixuana (THC) maddəsi dünyada qızıl standart olan LCMSMS analizatorunda kütləspektrometrik metodla aşkar edilmişdir. Kütləspektrometrik metodla analiz zamanı maddələr hər biri öz xarakteristik ana və köməkçi ionun təyini üsulu ilə aparılır. Qeyd olunan məlumatlar müasir elmi araşdırmalar əsasında ən son ədəbiyyata əsaslanaraq təqdim edilmişdir (1. Moeller, Karen E., Kelly C. Lee, and Julie C.Kissack. “Urine drug screening: practical guide for clinicians.” X7. Vol.83. No. 1. Elsevier, 2008; 2. Cotten SW, Duncan DL, Burch EA, Seashore CJ, Hammet-Stabler CA. Unexpected interference of baby wash products with a cannabinoid (THC) immunoassay, Clinical biochemistry. 2012;45(9):605-9; 3. Montesano C, Sergi M, Odoardi S, Simeoni MC, Compagnone D, Curini R. A p-SPE procedure for the determination of cannabinoids and their metabolites in urine by LC-MS/MS. Journal of Pharmaceutical analysis. 2014;91:169- 75; 4. Thompson LK, Cone EJ. Determination of 9-tetrahydrocannabinol in human blood and saliva by high-performance liquid chromatography with amperometric detection. Journal of Chromatography B: Biomedical Sciences and Applications. 1987;421:91-7.; 5. Hadener M, Weinmann W, van Staveren DR, Konig S. Rapid quantification of free and glucuronidated THCCOOH in urine using coated well plates and LC-MS|MS analysis. Bioanalysis. 2017;9(5):485-96.). İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 23/717 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı sidik və qan nümunələri 07 may 2022-ci il tarixdə götürülmüşdür. İlkin ekspress testin nəticəsinin pozitiv olması barədə məlumat həmin gün iddiaçıya bildirilmiş və eyni tarixdə ondan izahat alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X6 Hüquqi Şəxsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, xx/xx-14663 nömrəli məktubunda bildirilmişdir ki, Marixuana (THC) maddəsinin son istifadə edilmə tarixindən sonra sidikdə 3 gündən 4 həftəyə qədər müddətində aşkarlanması mümkündür. Bu göstərici narkotikin istifadəsi tezliyindən orqanizmin fərdi xüsusiyyətlərindən asılıdır. Müasir detoksikasiya metodları ilə bu müddəti bir qədər azaltmaq mümkündür. Atarax və Sevpram dərman preparatlarının istifadə olunması zamanı qan və sidik nümunəsində marixuana (THC) maddəsinin aşkar olunmasına səbəb olub-olmaması barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər X6 Hüquqi Şəxsin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 5990 nömrəli məktubunda bildirilmişdir ki, 1. THC-tetrahidrokanobinol (Marixuana) maddəsinin son istifadə (istehlak) edilmə tarixindən sonra qan və sidik nümunələrində onun tezlik istifadəsindən asılı olaraq 3 gündən - 36 günədək qalması və aşkar olunması mümkündür. 2. Bu müddətin qısaldılması efferent metodları (qan yuma) vasitəsilə qısaldıla bilər. 3. Müayinə sürətli ekspress test üsulu ilə olunubsa, bu testlərin istifadə qaydalarında bu haqda heç bir məlumat qeyd edilməyib. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 noyabr tarixli 182 nömrəli qərarı ilə təsdiq edilmiş «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması» Qaydasının 2-ci bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə həqiqi hərbi xidmətə qəbul edilən və ya bu subyektlərdə xidmət keçən şəxslərin sağlamlığının yoxlanılması onların şəhadətləndirilməsi və dispanserizasiyası (dövri tibbi müayinəsi) yolu ilə həyata keçirilir. Həmin Qaydanın 6-cı bəndinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının dispanserizasiyası ildə bir dəfə həmin subyektlərin rəhbərləri tərəfindən təsdiq edilmiş müvafiq normativ sənədlərə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Respublikası Nazirlər Kabinetninin 12 sentyabr 2002-ci il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinin və vəzifələrin Siyahısı və məhdudiyyətin müddəti”nin 1ci hissəsinin 10-cu bəndinə əsasən müdafiə, təhlükəsizlik, məhkəmə və hüquq mühafizə orqanlarında bütün növ peşə və vəzifələr məhdudiyyətə aid edilmişdir. İşin faktiki halları ondan ibarətdir ki, növbəti dispanser müayinəsi zamanı İddiaçı orqanizmində narkotik vasitənin izlərinin müşahidə olunmasına dair daxil olmuş məlumat əsasında barəsində xidməti yoxlama aparılmışdır. İddiaçıdan götürülmüş müvafiq nümunələrin xromotoqrafik analizi nəticəsində orqanizmində marixuana narkotik vasitəsi aşkar edilmişdir. Aparılmış xidməti yoxlamanın nəticəsi olaraq “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının etik davranış qaydaları"nda təsbit olunmuş tələbləri və bununla bağlı üzərinə götürdüyü öhdəlikləri pozaraq DTX əməkdaşının şərəfini ləkələyən hərəkətlərə yol verdiyinə görə İddiaçı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2022-ci il tarixli, 064 nömrəli Əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin “e" bəndinə uyğun olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qəbul etdiyi "Sevpram" və “Atarax" adlı müalicə məqsədilə təyin olunmuş dərman preparatlarının tərkibində marixuana (THC) maddəsinin olması və ya həmin preparatların istifadə olunması zamanı qan və sidik nümunəsində marixuana (THC) maddəsinin aşkar oluna bilməsi məhkəmə sorğularına verilmiş mütəxəsis cavablarında (rəylərində) öz təsdiqini tapmamışdır. İddiaçı xx.xx.2022ci il tarixli daxili yoxlamadan sonrakı gün öz təşəbbüsü ilə digər tibb müəssisələrində yenidən analiz verməsinin zərurliyini əsaslandıra bilməmişdir. Halbuki, iddiaçıdan növbəti dispanser müayinəsi ilə əlaqədar 07 may 2022-ci il tarixdə sidik və qan nümunələri götürülmüş, testin nəticəsinin pozitiv olduğu barədə məlumat həmin gün iddiaçıya bildirilmişdir. Eyni gündə iddiaçıdan alınmış izahatın məzmunundan görünür ki, iddiaçı aparılmış analiz nəticələrinin pozitv çıxmasının səbəbini müalicə üçün qəbul etdiyi dərmanlarla əlaqələndirmiş, lakin analizin nəticələrinə birmənalı etirazını bildirməmiş, yenidən analiz aparılmasını və yaxud digər ixtisaslaşmış tibb müəssisələrində yenidən analizə göndərilməsini cavabdehdən bilavasitə tələb etməmişdir. Bundan əlavə iddiaçıdan alınmış qan və sidik nümunələrinin xx.xx.2022-ci il tarixli analizin nəticəsinin müsbət, sonrakı tarixlərdə - xx.xx.2022-ci il tarixdə qan nümunəsi, xx.xx.2022-ci il tarixdə sidik nümunəsi, xx.xx.2022-ci il tarixdə qan nümunəsinin analiz nəticələrinin neqativ olmasına aydınlıq gətirilməsi ilə bağlı məhkəmə müvafiq qurumlara sorğular göndərmişdir. Sorğulara verilmiş yuxarıda sadalanan cavablarda ümumi alınan nəticələr ondan ibarət olmuşdur ki, narkotik maddələrinin insan orqanizmindən əsas xaric olma yolu tər və sidik vasitəsilədir. THC-tetrahidrokanobinol (Marixuana) maddəsinin son istifadə (istehlak) edilmə tarixindən sonra qan və sidik nümunələrində aşkar edilməsi istifadə edilmə tezliyindən və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq 3 gündən 30 günədək qalması və aşkar olunması mümkündür. Müasir detoksikasiya metodları ilə, o cümlədən sidik qovucu preparatlar verilərək bol miqdarda mayenin qəbul edilməsi, eləcə də qan yuma vasitəsilə bu müddətlər qısaldıla bilər. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. Cavabdeh tərəfindən iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qanunvericiliyin tələblərinə əməl olunmaqla həyata keçirilmişdir. Beləliklə, iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdur. Bu səbəbdən də iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1434/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar