Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2046/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Xumar Afət qızı Mərdanovadan və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1265/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: 02 iyul 2019-cu il tarixli 336 nömrəli “Sifarişçi” İddiaçı ilə “Podratçı” "xxxx" MMC-nin direktoru X4 arasında bağlanan müqavilədən görünür ki, Sifarişçi müqavilədə göstərilmiş məbləği ”Podratçı’’-ya tam ödəməklə Nərimanov rayonu, M.Sənani küçəsində inşa olunan 5 girişli, 16 mərtəbəli yaşayış evinin giriş 5, mərtəbə 9, ümumi sahəsi 320 kv.m olan izola olunmuş 5 otaqdan ibarət 229 saylı ümumi vahəsi 320 m2 olan izolə olunmuş 5 otaqdan ibarət 229 saylı mənzilin tikintisi Podratçıya həvalə edir. 02 iyul 2019-cu il tarixli Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində Maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində 'EVROSTROY-S.S” MMC tərəfindən inşa edilən 16 mərtəbəli yaşayış binasının 5-ci girişi, 9-cu mərtəbəsində, ümumi sahəsi 320 m2-dən ibarət olan, 229 saylı beş otaqlı mənzilin tam dəyəri üzrə İddiaçı "EVROSTROY-S.S” MMC-yə borcu yoxdur. İddiaçı hazırki tələblə Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu **********67 nömrəli xx.xx.2021-ci il tarixli məktubla iddiaçıya bildirmişdir ki, aparılan araşdırma zamanı qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi müəyyən edilmişdir. Ona görə tələbin təmin edilməsindən imtina olunur. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, «SİPARK» yaşayış kompleksində "xxxx" MMC tərəfindən inşa edilmiş 16 mərtəbəli yaşayış binasının 5-ci girişinin, 9-cu mərtəbəsində yerləşən 5 otaqlı, ümumi sahəsi 320 kv.metr olan 229 saylı mənzil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə xx.xx.2019-cu il tarixdə bağlanmış 336 saylı müqaviləyə əsasən ona məxsusdur. Həmin mənzilin dəyərini "xxxx" MMC-yə tam ödəyərək mənzildən istifadə hüququ əldə etmiş və hazırda da mənzil onun istifadə və sahibliyindədir. Mənzilin dəyərinin tam şəkildə ödənilməsi "xxxx" MMC tərəfindən ona təqdim edilmiş 02 iyul 2019-cu il tarixli maliyyə arayışı ilə təsdiq edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən binanın inşası ilə bağlı müvafiq dövlət qrumlarından tələb edilən icazə və rəylər alınmış və bina qüvvədə olan tikinti norma və qaydalarına uyğun inşa edilərək payçıların istifadəsinə verilmişdir. Lakin qanuni əsaslarla əldə etdiyi mənzil üzərində bu günədək mülkiyyət hüququnu Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmamışdır. Baxmayaraq ki, istinad etdiyi mənzil üzərində hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeyd alınması ilə bağlı dəfələrlə şifahi və yazılı şəkildə müvafiq sənədləri təqdim etməklə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sonuncu müraciətinə verilən yazılı cavabda mənzil üzərində hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınmasından imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, mənzilin yerləşdiyi binanın istismara icazə sənədi cavabdehə təqdim edilməmişdir. Bundan əlavə, mənzilin ölçüsü faktiki olaraq 295,0 kv.m təşkil edir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1265/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil etməklə yanaşı, əlavə olaraq bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-1265/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir. O, iddianın rədd edilməsi haqqında Bakı İnzibati məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(1 12)-1265/2023 nömrəli qərarı ilə razı deyil, onu qanuni və əsaslı saymır və hesab edir ki, həmin qərar ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslara istinad edərək qeyd etmişdir ki, bu Qanunun 8.0.9.2- ci maddəsinə görə çoxmənzilli yaşayış binalarında yerləşən mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestirində qeydə alınması üçün çoxmənzilli yaşayış binasının istismara qəbul aktı tələb olunur. Lakin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 8.0.6-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasının əsaslarından biri də mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericilikdə nəzərdə tutulmuş pay haqqı ödənildikdə) hesab edilir. İstismara qəbul aktı isə konkret mənzilin deyil, bütövlükdə çoxmənzilli yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün tələb olunur. Bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həllinə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 8.0.9.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Odur ki, Bakı İnzibati məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)- 1265/2023 nömrəli qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Tərəflərin izahatları: xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı "xxxx" MMCnin direktoru X4 ilə 02 iyul 2019-cu il tarixdə bağladığı 336 nömrəli podrat müqaviləsinə və həmin MMC tərəfindən ona 02 iyul 2019-cu il tarixdə verilən Maliyyə arayışına istinad edərək, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi,16 mərtəbəli yaşayış binasının 5-ci girişi, 9-cu mərtəbəsində, ümumi sahəsi 320 m2-dən ibarət olan, 229 saylı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməməsi əsası ilə tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən mülkiyyət hüquqlarının tanınmasını istədiyi mənzilə dair borcun ödənilməsinə dair maliyyə arayışının təqdim edilməsinə baxmayaraq binanın istismara qəbul edilməsinə dair müvafiq aktın məhkəməyə təqdim edilməməsinə istinad edərək iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri;https://e-qanun.az/framework/5456 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.https://e-qanun.az/framework/5456 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini, hüquqların qeydə alınması üçün təqdim edilən sənədlərə dair tələbləri və hüquqların dövlət qeydiyyatından imtina üçün səbəbləri konkret müəyyən edir. Qanunun müvafiq olaraq 8.0.9 və 8.0.10-cu maddələrində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair hüququn dövlət qeydiyyatına alınması üçün tələb olunan sənədlər göstərilmişdir. Qanunverici çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı ilə şərtləndirmişdir. Lakin hazırki işdə tələb olunan sənədlər iddiaçı tərəfindən təqdim edilməmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, binanın istismara sənədi ilə bağlı hər hansı məlumat aşkar edilməmişdir. İşin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqana Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, “Sipark” yaşayış kompleksində "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında hər hansı şəxslərin mülkiyyət hüquqlarının dövıət qeydiyyatına alınıb-alınmaması, alındığı təqdirdə çıxarışların verilməsi üçün əsas olan sənədlərin surətlərinin verilməsi barədə sorğu verilmiş və cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixdə cavab verilərək bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, “Sipark” yaşayış kompleksində "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə iddiaçı tərəfindən adına rəsmiləşdirilməsini tələb etdiyi mənzilin yerləşdiyi yaşayış binasının istismara qəbul aktı təqdim olunmadığından, həmin binada mənzil sahibi olan hər hansı şəxsin adına mülkiyyət hüququnun qeydə alınması barədə cavabdeh qurum tərəfindən reyestrdən çıxarış verilmədiyi üçün iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmamış, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçı onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi üçün bu hal onun iddiasının təmin olunmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsi ilə eynilik təşkil etməklə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1265/2023 saylı 22 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Xumar Mərdanova İkram Şirinov
Məhkəmə qərarları › İş №2-1(103)-2046/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2046/2024
25.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver