Məhkəmə qərarları › İş №2-1(103)-2046/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2046/2025

17.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2046/2025 17.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X7 Asəf qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli **********435800 nömrəli "Vergilərin, sosial sığorta va işsizlik haqlarının hesablanması barədə", xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-49399/2024 saylı "Vergilərin, sosial sığorta ve işsizlik sığortası haqlarının hesablanması barədə" və xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 51117/2024 saylı "Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8225/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq 19 fevral 2024-cü il tarixli **********105500 nömrəli və xx.xx.2024-cü il tarixli **********435800 nömrəli “Vergilərin, sosial sığorta vəişsizlik sığortası haqlarının hesablanması barədə” qərarlarının ləğv edilməsi” barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh lqtisadiyyat Nazirliyi yanrnda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********435800 nömrəli "Vergilərin, sosial sığorta va işsizlik haqlarının hesablanması barədə", xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-49399/2024 saylı "Vergilərin, sosial sığorta ve işsizlik sığortası haqlarının hesablanması barədə" və xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2-51117/2024 saylı "Vergilərin, sosial sığorta va işsizlik sığortası haqlarının hesablanması barədə" qərarlarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 19 avqust 2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra cavabdeh məhkəməyə vəsatət təqdim edərək, “X3” MMC-nin rəhbərinin, "xxxx" MMC-nin və "xxxx" MMC-nin üçüncü şəxslər qismində cəlb edilmələrini xahiş etmişdir. Vəsatətdə qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin icraatında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarların, eyni zamanda əmtəəsiz əməliyyatlar ilə bağlı kameral vergi yoxlamalarının nəticəsi üzrə əlavə vergi məbləğlərinin hesablanması barədə qəbul edilmiş qərarların ləğv edilməsinə dair inzibati işlər var və həmin işlər artmaqda davam edir. İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2023-cü il tarixli **********210500 nömrəli qərarın ləğv edilməsi və cəmiyyətin riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati işə baxılarkən məhkəmə iclasında iştirak edən X6 hüquqi şəxsin adından verilmiş iddia ərizəsindəki və etibarnamədəki imzaların ona məxsus olmadığını, məhkəməyə belə bir iddia vermədiyini, onun adından hüquqi şəxs yaradıldığını, bununla bağlı hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirmişdir. Göstərilən səbəbdən məhkəmə araşdırmalarının nəticəsi üzrə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (112)-2922/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Bundan əlavə, Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********089100 nömrəli qərarın ləğv edilməsi tələbinə dair inzibati işə (iş № e-2-1(112)-4204/2024) baxılarkən cəmiyyətin direktoru X4 tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Cəmiyyətin direktoru tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilmişdir ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qaldırılan iddia ərizəsinin, vəkilə təqdim edilən etibarnamənin mahiyyətindən xəbəri olmamış və həmin sənədlərin məzmunu izah edilmədən ona imzaladıblar. Göstərilən səbəbdən iddia tələbindən imtina etdiyini və müəssisənin direktoru kimi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbinin olmadığının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Bununla əlaqədar, iş üzrə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 1(112)-4204/2024 nömrəli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı "xxxx" MMC-nin (VÖEN **********) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)- 5006/2024 nömrəli inzibati iş üzrə xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmiş, həmin iş üzrə qəbul ediləcək qərarın "xxxx" MMC-nin və X1 qanunla qorunan hüquq və maraqlarına toxunma ehtimalı olduğundan onlar iş üzrə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Yuxarıda qeyd olunan məhkəmə araşdırmallarının nəticəsinə əsaslanaraq, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarların, eyni zamanda əmtəəsiz əməliyyatlar ilə bağlı kameral vergi yoxlamalarının nəticəsi üzrə əlavə vergi məbləğlərinin hesablanması barədə qəbul edilmiş qərarların ləğv edilməsinə dair işlər üzrə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların tam, obyektiv və hərtərəfli araşdırılması, eyni zamanda iddianın mümkünlük məsələsinin araşdırılması ilə əlaqədar olaraq hüquqi şəxsin adından verilmiş iddia ərizələrinin müəssisə rəhbərləri və yaxud onlar tərəfindən verilmiş etibarnamələr əsasında səlahiyyətli şəxs tərəfindən imzalanmasının həqiqiliyinin yoxlanılması üçün riskli vergi ödəyicisi hesab olunan müəssisələrin rəhbərlərinin məhkəmə araşdırmasına cəlb edilməsini zəruri hesab edilir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8225/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə “X3” MMC-nin rəhbəri, "xxxx" MMC və "xxxx" MMC-nin üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmələri barədə cavabdehin vəsatəti təmin edilməmişdir. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti vəsatətə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İPM-nin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. 28.2.-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). 28.3.-ci maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. 28.4.-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. 28.5-ci maddəsinə əsasən, məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. 29.1-ci maddəsinə əssaən, üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. 29.2-ci maddəsinə əsasən, yalnız zəruri cəlbetmə qaydasında prosesə cəlb olunmuş üçüncü şəxslər tərəflərin tələbləri daxilində fərqli tələblər irəli sürə bilərlər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 nömrəli, 17 fevral 2022-ci il tarixli qərardadının 48-ci bəndində qeyd olunur ki, adi və ya zəruri cəlbetmə ya prosesə qoşulmaq istəyən, lakin həmin vaxt icraat iştirakçısı statusuna malik olmayan şəxsin özünün vəsatəti əsasında, ya məhkəmə icraatı iştirakçılarından (iddiaçı, cavabdeh və ya artıq cəlb edilmiş digər üçüncü şəxsin) birinin vəsatəti üzrə, yaxud da məhkəmənin özünün təşəbbüsü əsasında həyata keçirilə bilər. Şəxsin özü və ya məhkəmə icraatının iştirakçıları cəlbetmə barədə verdikləri vəsatətlərində hansı qaydada (adi və ya zəruri cəlbetmə) icraata qoşulmanın həyata keçirilməsini istədiklərini dəqiq göstərməli, eləcə də vəsatətlərini lazımi qaydada əsaslandırmalı, yəni qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağına dair dəlil və sübutlarını təqdim etməlidirlər. Həmin qərardadının 49-cu bəndində qeyd olunur ki, “məhkəmə icraatına cəlbetmə barədə vəsatət ayrıca yazılı sənəd formasında təqdim edilə biləcəyi kimi, iddia ərizəsində, yaxud məhkəmə aktlarından icraatın iştirakçıları tərəfindən verilən şikayətlərdə də göstərilə bilər. Vacib olan belə vəsatətin İPM-in 48.2 və 48.3-cü maddələrinə əsasən mütləq yazılı formada təqdim edilməli olduğudur. Bundan başqa, vəsatət şəxsin iradəsini və onun səbəblərini müəyyənləşdirməyə imkan verəcək qaydada tərtib olunmalı, ona istinad olunan sənədlər və sübutlar əlavə edilməlidir. Bu zaman, xüsusilə nəzərə almaq lazımdır ki, iddia ərizəsi verilərkən iddiaçı tərəfindən ərizədə icraat iştirakçısı kimi həm də üçüncü şəxslərin göstərilməsi özü-özlüyündə (vasitəsiz olaraq) həmin şəxslərə üçüncü şəxs qismində icraat iştirakçısı statusu qazandırmır. İddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazanmış olur.” Məhkəmə kollegiyası cavabdehin vəsatətini əsassız hesab edərək, qeyd edir ki, iş materialları ilə “X3” MMC iş üzrə iddiaçıdır, “X3” MMC –nin adından iddia ərizəsini imza edən şəxs Vəkil buna səlahiyyət olması müvafiq sənədlərlə təsdiq olunur. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı MMC-nin direktoru Nazim Məcidov tərəfindən Vəkil məhkəmə orqanlarında yaranan mübahisələr üzrə Cəmiyyətin hüquqlarının müdafiəsi üçün səlahiyyət verilmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli vəkil orderinə əsasən, Vəkil tərəfindən İddiaçı MMCyə hüquqi yardım göstərilir. Eyni zamanda "xxxx" MMC və "xxxx" MMC –yə münasibətdə məhkəmə hesab edir ki, Cəmiyyətlər üçüncü şəxslər qismində cəlb olunması məqsədəmüvafiq deyildir. Belə ki, iddia tələbi sözügedən Cəmiyyətlərin hüquqlarına və ya qanuni mənafeylərinə toxunmur və onun prosessual hərəkətləri həyata keçirməyə hüquqi marağı yoxdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8225/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar