Məhkəmə qərarları › İş №2-1(103)-2048/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2048/2021

07.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2048/2021 07.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər X6 və X13 cəlb edilməklə) qeydiyyatdan çıxarma tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4813/2021 saylı 04 iyun 2021-ci il tarixli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, X2 qızı X9 ünvan 1 ünvanında yerləşən 54 nömrəli mənzildən istifadə hüququna xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, ünvan 2 ünvanda yerləşən mənzildən cavabdeh X7 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən cavabdehin qeydiyyatına inzibati orqana yəni, “X21” müraciəti əsasında xitam verilməlidir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-3865/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərardadı ilə iddia tələbimə xitam verilmiş, məhkəmə tərəfindən ona cavabdehin qeydiyyatına onun inzibati orqana müraciəti əsasında xitam verilməli olduğunu, inzibati orqan tərəfindən imtina edildikdə isə bununla bağlı Bakı İnzibati Məhkəməyə müraciət etmək izah edilmişdir. Bundan sonra cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı Suraxanı Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab olaraq Suraxanı Rayon Polis İdarəsindən ona ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, cavabdehin qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinin müsbət həlli mümkün deyildir. Ona görə də aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Göründüyü kimi müraciəti qanunvericilikdə göstərilən əsaslara cavab verməyinə baxmayaraq, inzibati orqan əsassız olaraq formal məzmunlu imtina verməklə hüquqlarını məhdudlaşdırmışdır. Hüquqlarının bərpa edilməsi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mülkiyyətində olan mənzildə hazırda o, İddiaçı, anası X3, arvadı X8, oğlu X17, qızı X18 və kiçik qızı X19 ilə birlikdə yaşayırlar. O, 07 fevral 2008-ci il tarixdə anadan olmuş ögey bacısı X10 heç vaxt görməmişdir və tanımır. 2018-ci ildə o, atası X6 tərəfindən formal olaraq onların yaşadıqları ünvana qeydiyyata salmışdır. Cavabdehin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Bunun nəticəsində mənzil və kommunal xidmətlərin haqqını artıq məbləğdə ödəməyə məcburdur. Cavabdeh faktiki olaraq başqa (ünvan 4 ünvanda yaşayır. Hesab edir ki, cavabdehin qızı X13 2008-ci ildən faktiki olaraq qeydiyyatda olduğu yer üzrə yaşamadığından, X7 mənzildən istifadə hüququna xitam verilməlidir. Sonda iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4813/2021 saylı 05 mart 2021 və 17 may 2021-ci il tarixli qərardadları ilə X13 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən X7 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmiş, məhkəmənin 24.05.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4813/2021 saylı 04 iyun 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: O.Həsənov) Həmin qərardan üçüncü şəxs X6 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, hazırkı işin materiallarından göründüyü kimi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, 23 saylı evin, 54 saylı mənzili uzun illər Bakı Kanalizasiya idarəsində çilingər-mexanik işləmiş ilk iddiaçı X5 Suraxanı rayon XDS İK-nin 26.07.1984-cü il tarixli qərarı ilə 000390 N-li orderə əsasən verilmiş, mənzil hazırda Suraxanı rayon İH-nin balansındadır, həmin mənzilin kirayəçisi cavabdeh Rəhman Abdurahmanov olmuş (bu gün də kirayəçi odur), həmin mənzil verilərkən orderdə Rəhman Abdurahmanov və onun sabiq arvadı X1 adı yazılmış, iddiaçı həmin mənzildə 1984-cü ildən 1997-ci ilə qədər sabiq arvadı Qərənfil Abdurahmanova, həmçinin digər oğlu İddiaçı birgə yaşamış, 1997-ci ildə tərəflər arasında nikah pozulmuş, bundan sonra Qərənfil Abdurahmanova və İddiaçı cavabdeh Rəhman Abdurahmanovu həmin mənzildə yaşamağa buraxmamışlar. Bundan sonra Rəhman Abdurahmanov başqa mənzildə kirayədə yaşamaq məcburiyyətində qalmış, daha sonra xəstə anasına baxmaq üçün onunla birgə yaşayaraq yeni ailə qurmaq məcburiyyətində qalmışdır. Həmin nikahdan bir qız övladı - 07.02.2008-ci il təvəllüdlü X12 doğulmuş, həmin uşaq da mübahisəli mənzildə qeydiyyatdadır. Rəhman Abdurahmanov həmin mənzildə yaşamaq istəsə də, Qərənfil Abdurahmanova və İddiaçı 1997-ci ildən bəri ona həmin mənzildə yaşamağa imkan vermirlər. Rəhman Abdurahmanov və onun qızı - 07.02.2008-ci il təvəllüdlü Günay Abdurahmanovanın başqa yerdə daimi yaşayış yeri yoxdur, kirayədə yaşayır. Bundan əlavə qeyd etmək lazımdır ki, iddiaçı Rəhman Abdurahmanov həmin mənzilə 1993-cü ildən gözlənilən mülkiyyət hüququ əldə etmişdir. Belə ki, 26 yanvar 1993-cü il tarixdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minmişdir. Cavabdehin həmin mənzilə gözlənilən mülkiyyət hüququ yarandığı halda, həmçinin qanuna əsasən azyaşlı qızı həmin yaşayış sahəsinə olan hüquqlarından məhrum edilmədiyi halda, iddiaçı tamamilə qanunsuz olaraq azyaşlı qızın həmin mənzilə istifadə hüququna xitam verilməsi barədə iddia qaldırmışdır. Göründüyü kimi, iddia tamamilə qanunsuz olmaqla yanaşı, həm də məntiqsizdir. Bundan başqa birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə mənzilə istifadə hüququna xitam verilməsi barədə iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə heç bir münasibət bildirməmişdir. Hesab edir ki, mənzilə istifadə hüququna xitam verilməsi barədə iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Belə ki, hazırkı işin materiallarından göründüyü kimi, tərəflər arasında münasibətlər 2008-ci ildən yaranmışdır və bu müddətdə - ötən 13 il ərzində iddiaçı tərəfindən iddia qaldırılmamışdır. Ona görə də hesab edir ki, hətta iddia əsaslı olsa belə (halbuki belə əsaslar mövcud deyil), yenə də mübahisəyə iddia müddətinin tətbiq edilməsi və iddia müddəti ötürüldüyünə görə iddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Bundan başqa, işdən göründüyü kimi, iddiaçının məhkəməyə təqdim etdiyi sənəd və dəlillər birinci instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmamış, iddiaçının irəli sürdüyü hallara düzgün hüquqi qiymət verilməmişdir. Apelyasiya baxışı zamanı üçüncü şəxs X6 apelyasiya şikayətində qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəfləri dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı ünvan 5 ünvanında yerləşən yaşayış sahəsindən X7 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə R.Abdurahmanovun mənzilə köçürmə barədə iddiası təmin edilməmiş, qarşılıqlı iddiaçılar, o cümlədən İddiaçı istifadə hüququnun itirilməsi barədə iddiası təmin edilmişdir. Məhkəmə hesab etmişdir ki, R.Abdurahmanov mənzili 1997-ci ildə tərk etmişdir. Köhnə mənzil qanunvericiliyin tələbinə əsasən həmin şəxs mənzildə altı aydan çox müddətdə mənzildə yaşamaması səbəbindən də onun istifadə hüququna xitam verilmişdir. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi ilə də birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Həmin qətnamədən tərəf və üçüncü şəxsin izahatı ilə müəyyən edilmişdir ki, kassasiya şikayəti verilməmişdir. Beləliklə, üçüncü şəxs R.Abdurahmanovun mənzil istifadə hüququnun hazırda mövcud olmadığı məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. Məhkəmə hesab etmişdir ki, üçüncü şəxs R.Abdurahmanovun istifadə hüququnun mənzilə mövcud olmadığının müəyyən edilməsi onun azyaşlı övladı digər üçüncü şəxs G.Abdurahmanovanın da mənzilə istifadə hüququnun mövcud olmadığı nəticəsinə gəlinməsi üçün yetərlidir. Belə ki, iş materiallarında olan, məhkəmə sorğusuna əsasən təqdim edilmiş 23.03.2021-ci il tarixli məktubdan müəyyən edilmişdir ki, üçüncü şəxs G.Abdurahmanova ilk dəfə şəxsiyyət vəsiqəsi atası R.Abdurahmanovun yaşayış yeri üzrə verilmişdir. Azyaşlı kateqoriyasına aid şəxslərin yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüququ olmaması ilə bağlı qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Eyni zamanda, iş materiallarında olan 104 saylı MKİS tərəfindən verilmiş arayışdan da göründüyü kimi üçüncü şəxs G.Abdurahmanova 2008-ci il tarixdən ünvan 5 ünvanında yerləşən yaşayış sahəsində yaşamır. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu da həmin şəxsin istifadə hüququna malik olmadıqlarını bir daha təsdiq edir. Belə ki, AR MM-nin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin yaşayış sahəsi ilə bağlı istifadə hüququ qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 5 ünvanda qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı 18276947 №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, üçüncü şəxs X14 ünvan 5 ünvanda qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2881/2019cu il tarixli 24.06.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdehlər X3, İddiaçı qarşı mənzilə köçürmə tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddiaçılar X3, İddiaçı cavabdeh X4 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiaları təmin edilərək, X2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsindəki 23 nömrəli evin 54 nömrəli mənzilinə istifadə hüququ itirilmiş hesab edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)-11685/2019 saylı 12.09.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı ilə Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyə arasında bağlanmış 22.05.2020-ci il tarixli Xüsusi Təyinatlı Yaşayış sahəsinin Kirayə Müqaviləsinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 2 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə, müddətsiz iddiaçının sahibliyinə və istifadəsinə verilmişdir. İş materiallarında olan Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 107 saylı MKİS tərəfindən verilmiş 573 saylı 08.08.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. 28.07.2020-ci il tarixli notariat qaydada təsdiq olunmuş qonşuların ərizəsinə əsasən X14 2008-ci ildən bu günə kimi həmin ünvanda yaşamır. İş materiallarında olan Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanlanmış 23.03.2021-ci il tarixli 018-3600-1221 saylı məktubundan görünür ki, X14 16.09.2018-ci il tarixdə atası X2 yaşayış yeri üzrə ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 02.04.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanının X9 adına qeydiyyata alınmasına, habelə həmin mənzil üzərində onun istifadə hüququnun rəsmiləşdirilməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Suraxanı rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 21.01.2021-ci il tarixli, 096-1145A-1221 saylı məktubundan görünür ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətinə aid olmadığından və Azərbaycan Respublikası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqeyinə görə “... şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Göründüyü kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəxsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün yaşayış sahəsindən çıxarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmalı və bundan sonra şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanına (rayon polis şöbəsinə) müraciət olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 saylı Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları» nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azyaşlı kateqoriyasına aid şəxslərin yaşayış sahəsinə hazırkı vəziyyətdə istifadə hüququ olmaması ilə bağlı qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin 2 və 4-cü bəndlərinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə hazırki iş üzrə üçüncü şəxs X2 X3, İddiaçı qarşı mənzilə köçürmə tələbinə dair iddiası təmin edilməmiş, qarşılıqlı iddiaçıların o cümlədən hazırki iş üzrə iddiaçının Rəhman Abdurahmanovun Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, H.Quliyev küçəsindəki 23 nömrəli evin 54 nömrəli mənzildən istifadə hüququnun itirilməsi barədə iddiası təmin edilmişdir. Həmçinin müəyyən olunur ki, üçüncü şəxs X2 azyaşlı qızı X14 2008-ci ildən həmin mənzildə yaşamır və onun adına qeydiyyata alınmasına, habelə həmin mənzil üzərində onun istifadə hüququnun rəsmiləşdirilməsinə dair hər hansı məlumat aşkar edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxs X2 mənzilə istifadə hüququnun hazırda mövcud olmadığı məhkəmə qətnamələri ilə müəyyən edildiyindən onun azyaşlı övladı digər üçüncü şəxs X9 da mənzilə istifadə hüququnun mövcud olmadığı nəticəsinə gəlinməsi üçün yetərlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçıların apelyasiya şikayətindəki “mənzilə istifadə hüququna xitam verilməsi barədə iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Belə ki, hazırkı işin materiallarından göründüyü kimi, tərəflər arasında münasibətlər 2008-ci ildən yaranmışdır və bu müddətdə ötən 13 il ərzində iddiaçı tərəfindən iddia qaldırılmamışdır” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları müəyyən olunur ki, iddiaçının ünvan 5 ünvanından qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxs X14 16.09.2018-ci il tarixdən həmin mənzilə qeydiyyata düşmüşdür. Bundan sonra tərəflər arasında məhkəmə mübahisələri davam etmiş və üçüncü şəxs Rəhman Abdurahmanovun mənzilə istifadə hüququnun mövcud olmadığı məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. İddiaçı həmin mənzildən Günay Abdurahmanovanın istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsi üçün iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3865/2020 saylı 10 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının inzibati orqana müraciəti etməsi əsası ilə iş üzrə icraata xitam vermişdir. İddiaçı inzibati orqandan imtina cavabı aldıqdan sonra hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, üçüncü şəxsin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X2 apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4813/2021 saylı 04 iyun 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar