Məhkəmə qərarları › İş №2-1(103)-2048/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2048/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2048/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X5 və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq və mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2179/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 4073-cü məhəllə, 01/24 saylı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq, bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 772 saylı xx.xx.2001-ci il tarixli sərəncamı ilə Bakıxanov qəsəbəsi, H.Cavid küçəsi, 16 saylı evin sakini şəhid ailəsi X4 Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 4073-cü məhəllə, 01/24 saylı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 450.0 kv.m. torpaq sahəsi ayrılmışdır. X6 ərazini daş hasara alaraq tikinti işlərinə başlamış, lakin vəfat etməsi ilə əlaqədar tikinti işlərini başa çatdıra bilməmişdir. Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 572 nömrəli sərəncamı ilə fərdi yaşayış evinin tikintisinin davam etdirilməsi üçün müvafiq torpaq sahəsi İddiaçı adına ayrılmışdır. Belə ki, yuxarıda qeyd olunan sənədlər, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş digər hüquqmüəyyənedici sənədləri - müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə məlumat verilməsini təsdiq edən sənədi ərizəsinə əlavə olunaraq Daşınmaz Əmlakın dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin ərizəsinin icrasından imtina edilərək, iddiaçıya **********39 qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. Cavabdeh təşkilatın imtinası qanunsuz və əsassızdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək, qeyd etmişdir ki, iddiaçı müvafiq tələblə ********** nömrəli, xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, göstərilən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, həmin torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Bundan əlavə, torpaq sahəsinin ayrılması barədə sərəncam xx.xx.2001-ci il tarixindən sonra qəbul edilmişdir. Qeyd olunanlarla yanaşı, təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir. Daşınmaz əmlak faktiki olaraq qeyri-yaşayış binası kimi istifadə olunur. Eyni zamanda, daşınmaz əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, fərdi yaşayış evi hüquqmüəyyənedici sənəd üzrə 450 kv.m olsa da, faktiki 475 kv.m-dir. Bu barədə vətəndaşa **********39 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Elektrik şəbəkələrinin mühafizəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə tənzimlənir, torpaq sahəsi elektrik şəbəkəsinin mühafizə zonasına düşür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2179/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 4073-cü məhəllə, 01/24 saylı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınaraq, bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermiş və bildirmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki. sözügedən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin həmin torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Bundan əlavə, torpaq sahəsinin ayrılması barədə sərəncam xx.xx.2001-ci il tarixdən sonra qəbul edilmişdir. Qeyd olunanlarla yanaşı təqdim edilmiş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilməmişdir, bu səbəbdən dəqiq sənədlə yerləşməni müəyyən etmək mümkün olmamışdır. Koordinatlarla faktiki torpaq sahəsi İH-nin yerləşmə sxemindəki konfiqurasiya və perimetrik ölçüləri ilə fərqlidir. Daşınmaz əmlak faktiki olaraq qeyriyaşayış binası kimi istifadə olunur, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında daxili ölçülərdə və arakəsmələrdə fərqlər var və birinci mərtəbədə aşırım ölçüsü nəzərə alınmamışdır. Eyni zamanda, daşınmaz əmlaka yerində baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi sənəd üzrə 450 kv.metr olsa da, faktiki 475 kv.metrdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 772 saylı xx.xx.2001-ci il tarixli Sərəncamından görünür ki, Bakıxanov qəsəbəsi, H.Cavid küçəsi, 16 saylı evin sakini şəhid ailəsi X4 Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 4073-cü məhəllə, 01/24 saylı torpaq sahəsində fərdi yaşayış evinin tikintisi üçün 450.0 kv.m. torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 233 nömrəli sərəncamından görünür ki, şəhid ailəsi X4 Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 4073-cü məhəllədə yerləşən fərdi yaşayış evinin razılaşdırılmış layihə əsasında tikintisinə icazə verilmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-ci il tarixli 573 nömrəli sərəncamından görünür ki, şəhid ailəsi X7 tərəfindən tikilmiş birmərtəbəli, mansardlı, dörd yaşayış otağından ibarət, sahəsi - 167,85 m2, köməkçi sahəsi - 244,23 m2 olan Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 1/24-də yerləşən fərdi yaşayış evinin hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 572 nömrəli sərəncamından görünür ki, şəhid ailəsi X2 vəfatı ilə baglı fərdi yaşayış evinin tikintisinin davam etdirilməsi üçün müvafiq torpaq sahəsi İddiaçı adına ayrılmışdır. - Cavabdeh tərəfindən iddiaçıya ünvanladığı cavab məktubu ilə bildirilmişdir ki, “Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, məhəllə 4073, 01/24 saylı torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, tərəfinizdən göstərilən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir” - “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 56 nömrəli xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 4073-cü məhəllədə yerləşən 01/24 saylı torpaq sahəsi və üzərindəki tikili yaşayış məntəqələrinin kateqoriyası torpaqlarına aiddir, tikililərin mövqeyinə görə hər hansı uyğunsuzluq və sahə fərqi yoxdur, konfiqurasiyası eskiz layihəyə və naturaya uyğundur. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək qeyd etmişdir ki, mübahisələndirilən daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmaqla, dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar iddiaçının ərizəsinin təmin olunmasından imtinanın əsasları qanunvericilikdə müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının müvafiq daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı hüquq normalarına istinad edərək əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1, 139-1.1.9.1, 139-1.1.10.2-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakı özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır. Bundan əlavə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası qeyd edir ki, işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1, 8.0.9, 8.0.10 və 8.0.10.2ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri (8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd) mövcuddur. Göstərilən sənədlər cavabdeh inzibati orqana təqdim edilməsinə baxmayaraq, cavabdeh onun ərizəsi əsasında inzibati icraat başlamaq əvəzinə heç bir araşdırma aparmadan ərizəni təmin etməmiş, iddiaçı tərəfindən riayət edilməli olan prosedur qaydaları sadalamamışdır. «İnzibati icraat haqqında» Qanunun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Həmin Qanunun 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan daşınmaz əmlakın faktiki olaraq qeyri-yaşayış binası kimi istifadə olunması, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında daxili ölçülərdə və arakəsmələrdə fərqlərin olması və birinci mərtəbədə aşırım ölçüsü nəzərə alınmaması ilə bağlı qeyd edir ki, iş materiallarında olan “X8 və Ekspertiza Mərkəzi” MMC tərəfindən verilmiş 56 nömrəli xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ş.Kamilov küçəsi, 4073-cü məhəllədə yerləşən 01/24 saylı torpaq sahəsi və üzərindəki tikili yaşayış məntəqələrinin kateqoriyası torpaqlarına aiddir, tikililərin mövqeyinə görə hər hansı uyğunsuzluq və sahə fərqi yoxdur, konfiqurasiyası eskiz layihəyə və naturaya uyğundur. Cavabdehin apellyasiya şikayətinin digər dəlili olan torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı isə qeyd edilməlidir ki, cavabdeh qeyd edilən halın mövcudluğunu təsdiq edən hər hansı sənəd-sübutu nə işin birinci instansiya, nə də apellyasiya icraatı zamanı məhkəməyə təqdim etməmişdir. Eyni zamanda işin apellyasiya icraatı zamanı təqdim edilmiş "xxxx" ASC-nin DK- 18/1371 saylı, 16 aprel 2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, göstərilən ünvanda yerləşən 6000 kV-luq hava xətti yaxın gələcəkdə yeraltı kabel ilə əvəzləşdirəcəkdir. Yuxarıda göstərilən mövcud fərdi yaşayış evinin qeydiyyata alınması "xxxx" ASC tərəfindən məqsədəuyğun hesab edilmişdir. Göründüyü kimi cavabdehin apellyasiya şikayətinin bu dəlili də müvafiq arayışla təkzib edilməklə, əsassızdır. Sözügedən torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi ilə bağlı cavabdehin apellyasiya şikayətinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi iddiaçının müvafiq daşınmaz əmlaka dair hüquqmüəyyənedici sənədləri mövcud olmaqla, qeyd edilən əmlak üzərində hüquqları qanuni olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının konkret olaraq hansı hüquqmüəyyənedici sənədləri təqdim etmədiyini bildirməmiş və imtinası formal xarakter daşımışdır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə baglı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2179/2022 saylı, 02 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar