Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2048/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “vergi ödəyicisi kimi uçota alınmanın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-12397/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsinə (hazırda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi və adına rəsmiləşdirilmiş ********** saylı VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən ünvanlanmış 07 noyabr 2023-cü il tarixli məktuba əsasən iddiaçının adına ********** saylı VÖEN-in tərtib edilərək fiziki şəxs kimi qeydiyyata alınmışdır. Həmin məktubda aşağıdakılar qeyd edilmişdir: “Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsində aparılmış auditin nəticələrinə əsasən adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı vergi orqanında qeydiyyatda olmadığınız müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınmanız təmin edilmişdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz”. İddiaçı qeyd edir ki, o, halhazırda hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşqul olmur. Yuxarıda qeyd edilən məlumatlardan da aydın olur ki, onun tərəfindən vergi orqanına VÖEN-in alınması və vergi ödəyicisi kimi qeydiyyata alınması barədə müraciəti mövcud olmamışdır. Vergi orqanı tərəfindən ünvanlanmış məktubda onun qeydiyyata alınması və VÖEN nömrəsinin adına rəsmiləşdirilməsinin səbəbi isə qeyd edilməmişdir. Belə ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilmədiyindən və hər hansı bir vergi orqanına müraciət edilmədiyi üçün o, bu zamanadək vergi orqanının elektron kargüzarlıq internet portalına daxil olmamış və həmin VÖEN onun tərəfindən təhvil alınmamış və ya ona verilməmişdir. Bu səbəbdən hesab edir ki, cavabdeh vergi orqanının hərəkətləri qanunsuz hesab edilərək ona məlumatı olmadan verilmiş VÖEN ləğv edilməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Hesablama X5 Nazirliyinin Baş X10 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər barəsində zəruri tədbirlərin görülməsi haqqında xx.xx.2023-cü il tarixli 2-3/2- 894 /2023 nömrəli (AVİS: xx.xx.2023-cü il tarixli **********718700 nömrəli) məktubu Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesablama Palatasının məktubunda Baş X10 İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 10-453 say intervalında avtomotonəqliyyat vasitəsinin qeydiyyata alındığı, siyahının araşdırılması zamanı 2681 fiziki şəxsdən 943 fiziki şəxsin vergi uçotunda olmadığı müəyyən edilmişdir. Qeyd olunan məlumatlar əsasında aparılmış araşdırma zamanı İddiaçı adında hal-hazırda 19 sayda avtonəqliyyat vasitəsinin qeydiyyatda olması ilə əlaqədar “Vergi ödəyicisinin uçota alınması barədə” bildirişxəbərdarlıq göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Bildirilir ki, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin “Auditin nəticələrinə əsasən qanunamüvafiq tədbirlərin görülməsi barədə” göstəriş məktubuna əsasən, Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər Vergi Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, İddiaçı (VÖEN: **********) xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış və ona vergi uçotuna alınması barədə xx.xx.2023-cü il tarixli **********913900 nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanunauyğun şəkildə həyata keçirilmişdir. Cavabdeh Vergi Məcəlləsinin 16.1.2, 13.2.37-ci maddələrinə, İPM-in 33, 35.1, 38.2-ci maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12397/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən İddiaçı adına rəsmiləşdirilmiş ********** saylı VÖENnin ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılmış və qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Eyni zamanda, 9 dekabr 2022-ci il tarixli № 677-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikasının Hesablama X5 Nazirliyinin Baş X10 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər barədə zəruri tədbirlərin görülməsi haqqında xx.xx.2023-cü il tarixli 2-3/2- 894/2023 nömrəli (AVİS: xx.xx.2023-cü il tarixli **********718700 nömrəli) məktubu Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesablama Palatasının məktubunda Baş X10 İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 10 - 453 say intervalında avtomotonəqliyyat vasitəsinin qeydiyyata alındığı, siyahının araşdırılması zamanı 2681 fiziki şəxsdən 943nün vergi uçotunda olmadığı müəyyən edilmişdir. Qeyd olunan məlumatlar əsasında aparılmış araşdırma zamanı İddiaçı adında hal-hazırda 19 sayda avtonəqliyyat vasitəsinin qeydiyyatda olması ilə əlaqədar “Vergi ödəyicisinin uçota alınması barədə” bildirişxəbərdarlıq göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin “Auditin nəticələrinə əsasən qanunamüvafiq tədbirlərin görülməsi barədə” göstəriş məktubuna əsasən, Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər Vergi Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, İddiaçı (VÖEN:**********) xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış və ona vergi uçotuna alınması barədə xx.xx.2023-cü il tarixli **********913900 nömrəli bildiriş göndərilmişdir. Aparılan təhlillər zamanı aşkar olunmuşdur ki, İddiaçı tərəfindən nəqliyyat vasitələrinin "xxxx" QSC-yə təqdim edildiyi tarixdən sonra "xxxx" QSC tərəfindən verilən ÖMV bəyannamələrində (2022-ci ilin 4-cü rübü, 2023-cü ilin və 2024-cü ilin 1, 2, 3 və 4-cü rübləri) İddiaçı ödəmə mənbəyində vergi tutulmamışdır. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanunauyğun şəkildə həyata keçirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və vəkili məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh vergi orqanı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsində aparılmış auditin nəticələrinə əsasən adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı iddiaçının vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məlumat üçün bildirilir ki, vergi qanunvericiliyinə əsasən, sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən iddiaçının vergi uçotuna alınması təmin edilmişdir.” - İddiaçı tərəfindən vergi orqanına verilmiş 29 fevral 2024-cü il tarixli ərizədə bildirilmişdir ki, hal-hazırda onun mülkiyyətində 1 ədədi minik avtomobili olmaqla, cəmi 17 ədəd nəqliyyat vasitəsi vardır. Ona məxsus 16 (on altı) ədəd yük avtomobilinin 14 ədədinin icarə müqaviləsi əsasında, 20 noyabr 2022-ci il tarixdən "xxxx" QSC-yə icarəyə verildiyi, hal-hazırda icarə müqaviləssinin qüvvədə olduğu, mülkiyyətində olan ** DL *** dövlət qeydiyyat nömrəli “DAF TE47XS” yük yəhərli dartıcı və ** OJ *** “KAMAZ 53212” yük yanacaq çəni avtomobilləri isə, işlək vəziyyətdə olmadıqları üçün istifadə edilmədiyi, eyni zamnda 2023-cü il ərzində ona məxsus olmuş və sonradan özgəninkiləşdirilən (satılan) ** CC *** dövlət qeydiyyat nömrəli, “Ford Custom” minik və ** RC *** dövlət qeydiyyat nömrəli “VAZ 21041” minik avtomobilləri şəxsi məqsədlər üçün (qeyri-sahibkarlıq fəaliyyəti üçün) istifadə edildiyini bildirmişdir. Qeyd edilən 2 (iki) ədəd minik avtomobili şəxsi məqsədlər üçün istifadə edildiyindən, onların satışından əldə edilən gəlirlər VM-nin 102.1.7-ci maddəsinin tələblərinə görə gəlir vergisindən azad olduğu, ona görə də vergi uçotuna alınmağı ilə bağlı ərizə vermədiyini, icarə müqaviləsi əsasında yük avtomobillərinin icarəyə verilməsi üzrə fəaliyyətin isə VM-nin 99.3.3-cü maddəsinə əsasən qeyri-sahibkarlıq fəaliyyəti olduğundan, vergi uçotuna durmaq vəzifəsi yaranmadığını qeyd etmişdir. İddiaçı ona görə də fiziki şəxslərin gəlir vergisinə cəlb edilən vergitutma obyekti olmadığı üçün, vergi orqanı tərəfindən onun vergi uçotuna alınması ilə bağlı qəbul etdiyi qərarın qeyriqanuni olduğunu qeyd edərək ləğv edilməsini xahiş etmişdir. İddiaçı icarə müqaviləsinin surətini ərizəyə əlavə etmişdir. - İddiaçının vergi ödəyicisi kimi uçota alınması üçün əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi barədə cavabdeh vergi orqanına verilmiş sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubunda etirazda göstərilənlər bildirilmiş və ancaq DYP-nin təqdim etdiyi məlumat təqdim edilmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş 20 noyabr 2022-ci icarə müqaviləsinin surətindən görünür ki, əlavədə adları qeyd olunan 14 ədəd avtomobil İddiaçı tərəfindən "xxxx" QSCyə icarəyə verilmişdir. İşin araşdırılan halları ilə müəyyən edilir ki, cavabdeh vergi orqanı tərəfindən BDYPİdən daxil olmuş məlumat əsasında mülkiyyətində 19 sayda avtonəqliyyat vasitəsinin qeydiyyatda olmasına görə İddiaçı kommersiya fəaliyyəti ilə məşğul olduğu ehtimal olunan fiziki şəxs hesab edilərək xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmışdır. Hazırda iddiaçı vergi orqanının bu qərarını mübahisələndirir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 33.3-cü maddəsi sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsi vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq vergi orqanında vergi ödəyicisi kimi uçota alınmasını şərtləndirir. Lakin hazırkı işin hallarından iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması təsdiqini tapmamış, cavabdeh tərəfindən də bununla bağlı hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Belə ki, sahibkarlıq fəaliyyətinin mövcud olması üçün fiziki şəxs əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən gəlir əldə etmiş olmalıdır. Bununla belə, vergi orqanı şəxsi vergi ödəyicisi kimi məcburi vergi uçotuna alarkən məhz qeyd edilən fəaliyyətin mövcudluğunu müəyyən etmədən əsassız olaraq şəxsi vergi uçotuna qeydiyyata almışdır. Hazırkı işin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitələrini hüquqi şəxsə icarəyə vermişdir. İddiaçının vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınması vergi qanunvericiliyinə zidd olduğundan iddia təmin edilməli, İddiaçı adına rəsmiləşdirilmiş ********** saylı VÖEN ləğv edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifəsidir. 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri bu maddəyə uyğun olaraq vergi orqanında uçota alına bilərlər. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən vəsiqə əsasında vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar. 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə - filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı bu maddənin birinci abzasında göstərilən şəxslərin dövlət qeydiyyatına alınması barəsində onlara qeydiyyat sənədləri ilə birlikdə həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verməlidir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” xx.xx.2022-ci il tarixli 677-VİQD nömrəli Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. DYP-nin təqdim etdiyi məlumatdan görünür ki, İddiaçı adına 19 (on doqquz) ədəd avtonəqliyyat vasitəsi vardır. 20 noyabr 2022-ci il tarixli icarə müqaviləsindən müəyyən edilir ki, müqaviləyə əlavədə adları qeyd olunan 14 ədəd avtomobil İddiaçı tərəfindən "xxxx" QSC-yə icarəyə verilmişdir. Qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyəti-şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Nəzərə alınmalıdır ki, fiziki şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınması üçün əsas meyar məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməli olmalı qənaətinə gələrkən işin hallarından iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının təsdiqini tapmamasına, cavabdeh tərəfindən də bununla bağlı hər hansı dəlilin məhkəməyə təqdim edilməməsinə istinad etsə də, işə apellyasiya instansiya məhkəməsində baxılması zamanı təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının mülkiyyətində 19 nəqliyyat vasitəsi qeydiyyatdan keçmiş, alqı-satqı və bağışlama müqavilələrinə əsasən iddiaçının mülkiyyətinə verilmiş çoxlu sayda nəqliyyat vasitəsi digər şəxslərin istifadəsinə verilmişdir. İşin hallarından göründüyü kimi iddiaçının mülkiyyətində çoxsaylı nəqliyyat vasitələri olmaqla yanaşı iddiaçı bu əmlaklardan gəlir əldə etmək məqsədilə istifadə edir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12397/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12397/2024 nömrəli, 19 dekabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X6 və Uçotun Təşkili Baş İdarəsinə qarşı cavabdeh vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi və adına rəsmiləşdirilmiş ********** saylı VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2048/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2048/2025
30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver