Məhkəmə qərarları › İş №2-1(103)-2049/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2049/2022

02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2049/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi , İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-430/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavadeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2020-ci il tarixli, **********140389 №-li qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-430/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-430/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yoxlama ilə əhatə olunan dövrdə sahibkar pərakəndə satış fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması xx.xx.2020-ci il tarixdə başlanılmış və xx.xx.2020-ci il tarixdə başa çatdırılmışdır. Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2020-ci il tarixli **********196246 saylı Tələbnaməyə əsasən vergilərin hesablanması üçün zəruri olan sənədlər tələb olunmuş, lakin müvafiq sənədlər Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xx.xx.2019cu il tarixli **********0121 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərarlarına əsasən və xx.xx.2019-cu il tarixli **********0793 saylı “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" Protokolla götürüldüyündən, vergi ödəyicisində heç bir sənəd olmadığından, yoxlanılan dövr üzrə Tələbnamədə göstərilən sənədləri təqdim etmədiyi üçün Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən “Sənədlərin təqdim olunmasından imtina barədə” akt tərtib olunmuşdur. İyul 2012 - Mart 2014-cı illləri əhatə edən növbəti səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsinə dair xx.xx.2014-ci il tarixli **********792397 nömrəli “Səyyar vergi yoxlaması" Aktı tərtib edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin 2014-cü il üzrə ödəmə mənbəyində tutulan vergisinin 2470.0 manat azaltdığı müəyyən edilmişdir. Onu da əlavə edirik ki, vergi ödəyicisinin adına xx.xx.2021-ci il tarixdən **********-15001 kodlu, AZ1078, Bakı şəhəri Nərimanov rayonu, Maqsud Əlizadə ev. 18 ünvanda yerləşən X3 adlı bir obyekt qeydiyyata alınmışdır. Vergi ödəyicisinin başqa fəaliyyət növü olmadığını göstərməsilə yanaşı, iş materiallarına əlavə edilmiş elektron daşıyıcılardakı sənədlərin təhlilinə də nəzər salmaqla, müvafiq məlumatların iddiaçının məhz stomotoloji avadanlıqların pərakəndə satışı fəaliyyəti ilə bağlı olduğunu birbaşa görmək mümkündür. . Əvvəlki məhkəmə iclasında tərəflər iştirak etsəər də, hazırki məhkəmə iclasınnın yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı sahibkar kimi qeydiyyata alınmışdır (VÖEN **********). -İddiaçı X17 ilə Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti arasında bağlanmış xx.xx.2014-ci il tarixli, **********666200 nömrəli vergi partnyorluğu sazişinin surətindən görünür ki, tərəflər arasında bağlanmış saziş vergi orqanı ilə vergi ödəyicisi arasında vergi risklərinin minimallaşdırlması məqsədi ilə könüllü şəkildə bağlanmış niyyət razılaşmasıdır. -Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********0120 №-li operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvandakı X1 (fəaliyyət növü İxtisaslaşdırılmış mağazalarada sair yeni malların pərakəndə satışı) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019- cu il tarixədək (xx.xx.2019cu il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsinə qərar verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 09 sentyabr 2019-cu il tarixli, KY191331801 №-li çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvandakı X1 (fəaliyyət növü İxtisaslaşdırılmış mağazalarada sair yeni malların pərakəndə satışı) nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələləri üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək yoxlayıcı şəxslər X10, X18, Ələkbərov Mehman Hicran oğlu, X8, X11, X9, X13 tərəfindən plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. -Vergi əməkdaşları X10, X18, Ələkbərov Mehman Hicran oğlu, X8, X11, X9, X13 və İddiaçı məxsus (VÖEN: **********) Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvanda yerləşən “X3”nda əmək müqaviləsi əsasında satıcı vəzifəsində işləyən X7 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, yuxarıda qeyd olunan ünvanda xx.xx.2019-cu ildə VN-nin V.C.İ.A.B.İ.-nin xx.xx.2019-cu il tarixli, **********0120 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının icrası ilə əlaqədar vergi ödəyicisi İddiaçı obyektdə olmadığı, satıcının (X4) verdiyi məlumata görə Türkiyə Respublikasında (müalicə ilə əlaqədar) olduğu müəyyən edildi. X2 tərəfindən (**********) İddiaçı ilə ********** nömrəli telefon nömrəsi vasitəsilə telefon əlaqəsi saxlanıldı. O.V.N. tədbirinin keçirilməsi barədə ona məlumat verildi. O, müalicə ilə əlaqədar olaraq Türkiyə Respublikasında olduğunu, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına qayıdacağını və yoxlamada iştirak etmək üçün etibarnamə əsasında qanuni nümayəndəsinin olmadığını bildirdi. O.V.N. tədbiri ilə əlaqədar tələb olunan sənədlər və məlumatların (həmçinin elektron formada) X2 tərəfindən təqdim ediləcəyini bildirdi. İddiaçı (VÖEN: **********) məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvanda yerləşən obyektdən bir qutu obyektin təsərrüfat fəaliyyətinə aid olan maliyyə sənədləri (surətləri və s.) (gəlirləri, xərcləri, kassa mədaxil qəbzləri və s. məlumatları özündə əks etdirən sənədlər) və obyektdə olan bir ədəd noutbuk tipli və bir ədəd stasionar tipli komputerdən (komputerlərin məlumat bazasından) bir ədəd yaddaş kartına köçürülməklə elektron məlumat və sənədlər (həmçinin 23 vərəqdə mal qalığının siyahısı) X2 tərəfindən könüllü surətdə yoxlamaya təqdim olundu. Tərəflərindən xx.xx.2019-cu il tarixli, **********0122 nömrəli tələbnamə, **********0121 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar, O.V.N. həyata keçirilməi haqqında **********0120 nömrəli qərar X2na, həmçinin xidməti vəsiqələri tanış olmaq üçün təqdim olundu, o təqdim olunmuş sənədlərlə tanış oldu, lakin etibarnamə əsasında səlahiyyətli şəxs (nümayəndə) olmadığını bildirərək qərarları, tələbnaməni və s. imzalamaqdan imtina etdi. Tərəflərindən müvafiq qərara əsasən VN seriyalı 000060 nömrəli protokolla rəsmiləşdirilməklə yuxarıda qeyd olunan və X2 tərəfindən könüllü olaraq təqdim edilən sənədlərin (məlumatların (həmçinin elektron məlumatların) obyektdən götürülməsi həyata keçirildi. X2 protokolla tanış oldu, imza etməklə bi nüsxəsini qəbul etdi. Tərəflərindən obyektdə olan faktiki mal qalığının siyahısı X2nun iştirakı ilə tərtib olundu, siyahını imzaladı, lakin bir nüsxəni almaqdan imtina etdi. Obyektdə olan faktiki mal qalığının 338613,24 manat dəyərində olduğu müəyyən olundu. Malların əldə olunması ilə bağlı alış sənədlərin, elektron qaimə-faktura, elektron vergi hesab fakturası və ya yük gömrük bəyannaməsi (və s.) olmadığı və bu səbəbdən heç bir sənəd təqdim edə bilmədiyi X2 tərəfindən bildirildi. Tərəflərindən aparılmış araşdırma nəticəsində də malların alışını təsdiq edən heç bir sənəd olmadığı aşkar olundu. Mal qalığının tərtib olunmuş VN № 000030 nömrəli aktla X2 tanış oldu, lakin səlahiyyətli şəxs (nümayəndə) olmadığını əsas gətirərək aktı və siyasını imzalamaqdan və bir surətini almaqdan imtina etdi. -Vergi əməkdaşları X10, X18, Ələkbərov Mehman Hicran oğlu, X8, X11, X9, X13 tərəfindən tərtib edilərək imzalanmış “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaiməfaktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2019-cu il tarixli, 000030 Seriya VN №-li aktın surətindən görünür ki, f/s İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvanda yerləşən X1 X2nun iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi. F/s İddiaçı (VÖEN: **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2019-cu il tarixdə mağazada 338613,24 manat dəyərində mal qalığının olduğu müəyyən olundu. Həmin malların alışını təsdiq edən heç bir sənəd (E.Q.F., Y.G.B., E.V.H.F. və s) təqdim olunmadı, belə sənədlərin olmadığı aşkar olundu (23 vərəqdə). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 33861,32 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. -İdarənin rəis müavini tərəfindən qəbul edilmiş **********196174 nömrəli, xx.xx.2020-ci il tarixli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə Oktyabr 2016 – Sentyabr 2019 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. -İdarənin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********196197 nömrəli səyyar vergi yoxlması aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə: gəlir vergisi: 2016-cı il–2018-ci il; ödəmə mənbəyində tutulan vergi: 4-cü Rüb 2016-3-cü rüb 2019; əlavə dəyər vergisi: Oktyabr 2016-Sentyabr 2019; sadələşdirilmiş vergi: 4-cü Rüb 2016–3-cü Rüb 2019; mədən vergisi: Oktyabr 2016– Sentyabr 2019; aksiz vergisi: Oktyabr 2016–Sentyabr 2019; muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergi 2016-cı il–2018-ci il Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, sadələşdirilmiş vergi üzrə: yoxlanılan dövr ərzində sahibkar sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Yoxlanılan dövrdə sahibkar 91634.0 manat dövriyyə göstərərək 3665.36 manat sadələşdirilmiş vergi hesablamış, vergi orqanı tərəfindən kameral yoxlama nəticəsində 94784.0 manat dövriyyə müəyyən edərək 3791.36 manat sadələşdirilmiş vergi hesablamışdır. Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektron daşıyıcılarda məlumatlara əsasən 276609.0 manat dövriyyə müəyyən edərək 11064.36 manat sadələşdirilmiş vergi hesablanmış və Vergi Məcəlləsinin 155.1-ci və 157.5-ci maddələrinə əsasən sahibkar xx.xx.2017-ci il tarixindən ƏDV ödəyicisi olduğundan 3755.10 manat sadələşdirilmiş vergi artıq hesablanmışdır. Muzdlu işlə əlaqədar ödəmə mənbəyindən tutulan vergilər üzrə - yoxlanılan dövr ərzində sahibkar işçilərə hesablanmış əmək haqqı düzgün tutulmuş və aidiyyəti üzrə ödənilməsi təmin edilmişdir. Yoxlama ilə kənarlaşma aşkar edilmədi. Gəlir vergisi üzrə: Sahibkar tərəfindən yoxlanılan dövr üzrə gəlir vergisinin bəyanaməsi təqdim edilməmişdir. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektron daşıyıcılardakı məlumatlara əsasən sahibkarın ümumilikdə 2124244.0 manat (ƏDV-siz) (o cümlədən 2017-ci il üzrə 982203.05 manat və 2018-ci il üzrə 1142040.95 manat) gəliri olduğu müəyyən edilmişdir. Yoxlama zamanı vergi ödəyicisi tərəfindən xərcləri təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadığı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20 % götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən sahibkarın əldə etdiyi mənfəəti (ƏDV nəzərə alınmadan) əsasında gəliri aşağıdakı kimi hesablanmışdır. Yolxlama ilə 2017-ci il üzrə sahibkarın əldə etdiyi 982203.05 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasənda mənfəəti aşağıdakı kimi hesablandı. 2017-ci il üzrə hesablanmış 163700.50 manat mənfəətdən 2017-ci il üzrə gəlir vergisinin Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən 32740.10 manat (163700.50x20%) azaldılması (yayındırılması) müəyyən edildi. Yoxlama ilə 2018-ci il üzrə sahibkarın əldə etdiyi 1142040.95 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəət aşagıdakı kimi hesablandı. 2018-ci il üzrə hesablanmış 190340.15 manat mənfəətdən 2018-ci il üzrə gəlir vergisinin Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən 38068.03 manat (190340.15 x20%) azaldılması (yayındırılması) müəyyən edildi. Beləliklə sahibkara ümumi olaraq 70808.13 manat gəlir vergisi hesablandı. Ödəmə mənbəyindən tutulan vergi üzrə: Sahibkar tərəfindən xx.xx.2012-ci il tarixlərində bağlanmış icarə müqaviləsində 400.00 manat aylıq məbləğ qeyd olunmasına baxamayaraq ÖMV-ni hesablanmamış və ÖMV-nin bəyannamələrini təqdim etməmiş və nəticədə müəsissəyə 840,0 manat ödəmə mənbəyindən tutulan verginin azaldılması aşkar olunmuşdur. MDSS üzrə: Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə Məcburi dövlət sosial sığortası üzrə hesabatları vergi orqanına vaxtında təqdim etmişdir. Vergi orqanına təqdim edilmiş Məcburi dövlət sosial sığortası üzrə hesabatlara əsasən kənarlaşma aşkar edilmədi. Vergi ödəyicisi yoxlama ilə əhatə olunan dövrdə İşsizlik sığortası üzrə hesabatları vergi orqanına vaxtında təqdim etmişdir. Vergi orqanına təqdim edilmiş İşsizlik sığortası üzrə hesabatlara əsasən kənarlaşma aşkar edilmədi. Əlavə dəyər vergisinin (qeydiyyatsız) yoxlanılması üzrə: Yoxlanılan dövr ərzində sahibkar sadələşdirilmiş vergi ödəyicisi olmuşdur. Lakin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixində həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş elektrondaşıyıcılardakı məlumatlara əsasən sadələşdirilmiş vergi bəyannaməsinə görə ardıcıl olan 12 aylıq dovriyyəsi 200000 (iki yüz min) manatı keçməsi müəyyən edilmişdir. Bu səbəbdən vergi orqanı tərəfindən xx.xx.2017-ci il tarixdən ƏDV (qeydiyyatsiz qeydiyyata salaraq 515596.24 ƏDV-si hesablanmışdır. Azalmaya səbəb Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunmalı dövriyyənin Vergi ödəyicisi tərəfindən 2864423.55 manat azaldılmasıdır. Aksiz vergisi üzrə: Yoxlanılan dövrdə təqdim edilmiş sənədlərə əsasən sahibkar aksiz vergisinin ödəyicisi olmamışdır. Mədən vergisi üzrə: Yoxlanılan dövrdə təqdim edilmiş sənədlərə əsasən sahibkar mədən vergisinin ödəyicisi olmamışdır. Yoxlama nəticəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən gəlir vergisinin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 70808.13 manat azaldılmasına görə 50 % miqdarında, yəni 35404.06 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 515596.24 manat azaldılmasına görə 50% miqdarında, yəni 257798.12 manat maliyyə sankisyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sadələşdirilmiş verginin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 3755.10 manat artıq hesablanmış və 11028.10 manat azaldılmasına görə 50% miqdarında, yəni 5514.05 manat maliyyə sankisyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyindən tutulan verginin (icbari ödənişlərin) azaldılmasına və vergi qanunvericiliyinin pozulmasına görə bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 840.0 manat azaldılmasına görə 50% miqdarında, yəni 420.0 manat maliyyə sankisyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57-ci maddəsinə əsasən vergi bəyannamələrinin vaxtında təqdim etmədiyinə görə 1600.0 manat maliyyə sanksiyası tətbiq edilməldir. -İdarənin rəisi vəzifəsini müvəqqəti icra edən Emil Qarayev tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********140389 №-li qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yoxlama ilə 2016-2019-cu illər üzrə sadələşdirilmiş verginin 11028.10 manat azaldılmasına, 2017-2018-ci illər üzrə gəlir vergisinin 70808.13 manat azaldılmasına, 2018-2019-cu illər üzrə ödəmə mənbəyindən tutulan verginin 840,0 manat azaldılmasına, 2017-ci ilin aprel ayından 2019-cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) 515607,04 manat azaldılmasına, cəmi 598805,27 manat verginin azaldılmasına və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 241671.51 manat maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. -Vergi ödəyicisinin sadələşdirilmiş verginin bəyannamələrindən görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) vergi dövrü 2016-cı ilin 4-cü rübü üzrə cəmi 36.26 manat vergi məbləği, 2017-ci ilin 1-ci rübü üzrə 131,68 manat, 2017-ci ilin 2-ci rübü üzrə 266,98 manat, 2017-ci ilin 3-cü rübü üzrə 238,84 manat, 2017-ci ilin 4-cü rübü üzrə 594,01 manat, 2018-ci ilin 1-ci rübü üzrə 363,82 manat, 2018-ci ilin 2-ci rübü üzrə 188,80 manat, 2018-ci ilin 3-cü rübü üzrə 160,61 manat, 2018-ci ilin 4-cü rübü üzrə 175,71 manat, 2019-cu ilin 1-ci rübü üzrə 105,01 manat, 2019-cu ilin 2-ci rübü üzrə 319,20 manat, 2019- cu ilin 3-cü rübü üzrə 454,44 manat, cəmi 3035,36 manat sadələşdirilmiş vergi bəyan etmişdir. -X6 ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarədar S.S.Mahmudova ünvan 3 ünvanında yerləşən sahəsi 107,6 kvm. olan qeyri-yaşayış sahəsini İddiaçı icarə haqqı ay ərzində 400,00 manat həcmində müəyyən olunmaqla icarəyə verir. -Vergi ödəyicisinin ödəmə mənbəyindən tutulan vergi bəyannamələrindən görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN **********) vergi dövrü 2014-cü ilin 2-ci rübü üzrə 900 manat, 2014-cü ilin 3-cü rübü üzrə 900 manat, 2014-cü ilin 4-cü rübü üzrə 1200 manat ödəmə mənbəyindən tutulan vergi bəyan etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Fəaliyyəti ixtisaslaşdırılmış mağazalarada sair yeni malların pərakəndə satışından ibarət olmuşdur. Vergi ödəyicisi kimi onunla vergi orqanı arasında xx.xx.2014-cü il tarixdə vergi partnyorluğu sazişi bağlanmışdır. Sazişə uyğun olaraq iddiaçının ödəməli olduğu vergi məbləği 400,0 manat razılaşdırılmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, **********0120 №-li qərara əsasən İddiaçı (VÖEN: **********) məxsus Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə 18 ünvandakı X1 xx.xx.2019-cu il tarixdə operativ vergi nəzarəti həyata keçirilmişdir. xx.xx.2019-cu il tarixdə keçirilmiş operativ vergi nəzarəti nəticəsində mağazadan bir qutu obyektin təsərrüfat fəaliyyətinə aid olan maliyyə sənədləri (surətləri və s.) (gəlirləri, xərcləri, kassa mədaxil qəbzləri və s. məlumatları özündə əks etdirən sənədlər) və obyektdə olan bir ədəd noutbuk tipli və bir ədəd stasionar tipli komputerdən (komputerlərin məlumat bazasından) bir ədəd yaddaş kartına köçürülməklə elektron məlumat və sənədlər (həmçinin 23 vərəqdə mal qalığının siyahısı) götürülmüşdür. **********196174 nömrəli, xx.xx.2020-ci il tarixli qərarla İddiaçı (VÖEN: **********) üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanması məqsədi ilə oktyabr 2016 – sentyabr 2019 vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, **********196197 nömrəli səyyar vergi yoxlaması aktı ilə yoxlama dövründə vergi ödəyisi İddiaçı tərəfindən gəlir vergisi üzrə 70808.13 manatın, əlavə dəyər vergisi üzrə 515596.24 manatın, sadələşdirilmiş vergi üzrə 11028.10 manatın, ödəmə mənbəyindən tutulan verginin 840.0 manatın azaldılması müəyyən edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********140389 №-li qərar ilə İddiaçı yoxlama ilə 2016-2019-cu illər üzrə sadələşdirilmiş verginin 11028.10 manat azaldılmasına, 2017-2018-ci illər üzrə gəlir vergisinin 70808.13 manat azaldılmasına, 2018-2019-cu illər üzrə ödəmə mənbəyindən tutulan verginin 840,0 manat azaldılmasına, 2017-ci ilin aprel ayından 2019-cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) 515607,04 manat azaldılmasına cəmi 598805,27 manat verginin azaldılmasına və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 241671.51 manat maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı tərəfindən həmin qərar mübahisələndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələri sırasına daxildir. -23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. -36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. -38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. -39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. -58.1-ci maddəsinə əsasən verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. -83.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. -83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. -83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbyacan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı və xx.xx.2003-cü il tarixli 42 saylı qərarlarında müvafiq düstur əsasında 20% rentabellik dərəcəsi tətbiq olunmaqla mənfəət vergisinin hesablanma qaydası müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 67.2-ci maddəsinin tələbinə görə vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. -67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. -67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. - 218.1-ci maddəsinə əsasən bu Məcəllənin Xİ fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər; vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Məhkəmə araşdırılması zamanı cavabdeh tərəfindən iddiaçının fəaliyyəti ilə bağlı aparılan vergi yoxlaması zamanı yuxarıda qeyd olunan normaların tələbləri qaydasında sadələşdirilmiş verginin, gəlir vergisinin və əlavə dəyər vergisinin hesablanmadığı, iddiaçıya məxsus obyektdən (mağazadan) operativ vergi nəzarəti zamanı götürülmüş, elektron daşıyıcılarında aşkar edilmiş, mənbəyi məlum olmayan, “qara mühasibatlıq” sənədlərinə istinad olunmaqla verglərin hesablandığı müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasında ekspert, 45-ci maddəsinə əsasən isə səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavinin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Hazırki mübahisə üzrə isə cavabdeh vergi məbləğinin müəyyən olunması üçün mötəbər hesab olunacaq bu qanuni üsullardan istifadə etməmiş, sona qədər aydın və təkzibolunmaz sübutlara istinad etməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, vergi tutulan dövriyyənin və yararan vergilərin həcminin müəyyən edilməsi qaydaları Azərbaycan Respublikası Vergi Məcəlləsinin İX-Xİ fəsillərində ətraflı göstərilmiş və “qara mühasibatlıq” sənədlərinə istinad edilməsi Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığından həmin məlumatlara əsasən hesablanan istənilən vergi öhdəlikləri mötəbər və əsaslı hesab edilə bilməz. Bundan əlavə iddiaçıya məxsus obyektdə olan bir ədəd noutbuk və bir ədəd stasionar tipli kompyuterdə olan məlumatların məhz iddiaçının fəaliyyəti ilə bağlı məlumatların olmasını təsdiq edək təkzib edilməzi sübutlar da cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -58.1.-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Belə olan halda məhkəmə kollegiyasıhesab edir ki, elektron daşıyıcılarında aşkar edilmiş, mənbəyi məlum olmayan məlumatlara istinad etməklə İddiaçı fəaliyyətinə dair 2016-2019-cu illər üzrə sadələşdirilmiş verginin, 2017-2018-ci illər üzrə gəlir vergisinin, 2017-ci ilin aprel ayından 2019-cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) hesablanması ilə bağlı cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı icarəyə götürdüyü ünvan 3 ünvanında yerləşən sahəsi 107,6 kvm. olan qeyri-yaşayış sahəsinə görə hər ay 400,00 manat icarə haqqı ödəyir. Lakin İddiaçı 2018-2019-cu illər üzrə ÖMV-nin bəyannamələrini təqdim etməmiş və nəticədə 840.0 manat ödəmə mənbəyində tutulan vergini dövlət büdcəsinə ödəməmişdir. Belə olan halda məhkəmə cavabdeh inzibati orqanın İddiaçı tərəfindən 20182019-cu illər üzrə ödəmə mənbəyindən tutulan verginin azaldılması hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. Beləliklə, məhkəmə kkollegiyası birinci instansiya məhkəməsinin mövqyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən İddiaçı vergi qanunvericiliyini pozmasına görə məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2020-ci il tarixli, **********140389 №-li qərar “2016- 2019-cu illər üzrə sadələşdirilmiş vergi, 2017-2018-ci illər üzrə gəlir vergisi, 2017-ci ilin aprel ayından 2019-cu il sentyabr ayınadək əlavə dəyər vergisinin (qeydiyyatsız) hesablanması” və həmin vergi məbləğlərinə müvafiq maliyyə sanksiyalarının tətbiq edilməsi hissələrində qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Ona görə də iddia tələbi qismən təmin edilərək mübahisələndirilən qərar qeyd olunan hissələrdə qanunsuz olduğundan ləğv edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır və mülahizə xarakteri daşıyır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın təmin olunmasına dair qərar qəbul etmişdir. Odur ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-430/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar